Qaranlıqdan işığa: Nazim Mustafanın “İrəvan şəhəri” kitabı barədə düşüncələr

Bakı, 4 noyabr, AZƏRTAC

Nazim Mustafanın “İrəvan şəhəri” bu mövzuda yazılmış ilk sanballı tarixi-tədqiqat əsəridir. Tanınmış tarixçi alimlərin Nazim Mustafanı “bu sahənin (İrəvan şəhəri tarixinin tədqiqinin) avtoriteti” adlandırmaları da reallığın obrazlı ifadəsidir. Müasir innovativ texnologiyalar təsdiqləyir ki, kitab işıq üzü gördüyü təxminən on ay ərzində beynəlxalq aləmdə ona min dəfədən çox istinad edilib.

Bu fikirlər araşdırmaçı jurnalist Səyyad Ağbabalının “Qaranlıqdan işığa: Nazim Mustafanın “İrəvan şəhəri” kitabı barədə düşüncələr məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

2003-cü il oktyabrın 15-də xalqın böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Seçkidən dərhal sonra dövlət başçısının ünvanına dünyanın tanınmış siyasətçiləri, dövlət rəhbərləri, ünlü mədəniyyət və incəsənət xadimləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri təbrik teleqramları göndərirdilər. O vaxt mətni ilə tanış olduğum teleqramlardan biri xüsusilə diqqətimi çəkdi. Bu, Qazaxıstanın “Xabar” Agentliyi Səhmdar Cəmiyyəti Direktorlar Şurasının sədri, Qazaxıstan lideri Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevaya aid idi. Dariqa xanım teleqramda yazmışdı: “Əziz İlham Heydər oğlu! Adama yalnız ilk baxışdan elə gəlir ki, ölkənin liderini insanlar seçir və məsələ səslərin, sadəcə, hesablanması ilə həll edilir. Yox, hər şey heç də belə sadə deyildir. Səs verməyinə insanlar səs verirlər, amma seçimi Zaman edir. Odur ki, bu sərt seçimdən qaçıb heç yana gizlənə bilməzsən, bu ağır yükdən yaxa qurtara bilməzsən, çünki artıq püşk atılmış və Sizə bu tale qismət olmuşdur.

Əziz İlham Heydər oğlu, Zaman Sizi seçdi. O isə heç vaxt səhv etmir.

Siz güclü və cəsur insansınız. Siz atanızın, öz xalqınızın oğlusunuz. Siz bu sınaqdan mütləq çıxacaqsınız. Qoy, bu uğur Sizə yar olsun, qoy, Azərbaycan adlı gözəl məmləkətdə sülh və firavanlıq bərqərar olsun”.

Mən o vaxt Dariqa Nazarbayevanın təbrik teleqramını bir neçə konteksdən yanaşmaqla şərh etmiş, “Uğur olsun, cənab Prezident” adlı yazının baş redaktoru olduğum “Arena” jurnalının Ulu Öndərin anım gününə həsr olunmuş sayında çap etdirmişdim. Həmin yazıda bu fikirlər də var: “Böyük sınaq qarşısında və məsuliyyət altındasınız, cənab Prezident! İşğal olunmuş torpaqlarımızın Azadlıq gözləyən gözü yoldadır. Dağlıq Qarabağ problemi ilə bağlı ədalətin bərpasını gözləməkdən cana doymuş insanlar silaha sarılmaq istəyir. Müdrikliklə torpaqlarımızı işğaldan azad edin! Azərbaycan xalqı Sizə etibar və etimad göstərir. Tanrı özü Sizə güc və qüvvət versin!”.

On yeddi il əvvəl yazdıqlarımı oxuyanda içimdə bir rahatlıq tapır, milyonların biri kimi Tanrıya şükürlər edirəm.

Zaman xilaskar missiyalı böyük dövlət xadimini Azərbaycan və Azərbaycan xalqı naminə imtahana, çox çətin imtahana çəkdi. Möhtərəm dövlət başçısı İlham Əliyev ağır sınaqlardan, bəlkə də həlli mümkün görünməyən problemlərin həllindən alnıaçıq, üzüağ, qürur və şərəflə çıxdı. Azərbaycan xalqının Ümummilli Liderinin çatdırıb yerinə yetirə bilmədiyi vəzifələri, Ulu Öndərin vəsiyyətini ardıcıllıqla, əsas hədəfə doğru inamla addımlamaqla xalqın yekdil dəstəyini və sevgisini qazanaraq yerinə yetirdi. Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan titullarını əsgəri, zabiti, bütün Azərbaycan xalqı sevə-sevə ona verdi. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan yenilməz Azərbaycan əsgəri və zabitinin şücaətinə, arxa cəbhənin sarsılmaz birlıyinə və qüdrətinə söykənərək Azərbaycan tarixinə heç vaxt silinməyəcək parlaq səhifələr yazdı. İrəlidə daha geniş üfüqlər, eyni zamanda, daha çətin və mürəkkəb vəzifələr durur. Heç şübhəsiz, yenilməz Sərkərdə “mindiyi Qarabağın səkil atını Azərbaycan əngiliklərinin altında olan hər dağına, dərəsinə, düzünə səyirdəcək”, xoş müjdəli xəbərləri qürurla xalqına çatdıracaq.

Nazim Mustafanın “İrəvan şəhəri” adlı kitabı ilə bağlı fikirlərimi bölüşmək üçün etdiyim qeydlərə belə bir girişlə başlamağım səbəbsiz deyil. Azərbaycan, dünya azərbaycanlıları, Azərbaycanı sevənlər Zəfər Bayramının ildönümünü iftixarla qeyd edəcək. Bu şanlı tariximizə, 44 günlük Vətən müharibəsindəki Qələbəmizə, məncə, bütün yazılarda, tarixi tədqiqat əsərlərində və digər qələm məhsullarında mütləq istinad edilməlidir. Bunu həm də qəhrəman şəhidlərimizin ruhuna bəslədiyimiz hörmət, qazilərimizin şücaətinə verdiyimiz qiymət, qalib Sərkərdənin, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğuna” sarsılmaz inamımız, vaxtilə itirilmiş torpaqlara qayıdacağımızla bağlı olan ümidlərimiz tələb edir. Azərbaycan xalqı yenilməz Sərkərdəsi, məğlubedilməz Ordusu ilə haqlı olaraq fəxr edir.

Ötən 18 il ərzində biz möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanın dünəni, bu günü və sabahı ilə bağlı, ilk baxışdan adi görünən, lakin böyük hədəflərə hesablanmış çoxsaylı çağırışlarını eşitmişik. O, praqmatik düşüncəsi, qətiyyətli mövqeyi, vəzifələrin vəzifəsini önə çıxarmağın ustadı və bilicisi olduğunu həmişə sübut edib.

Azərbaycan Prezidentinin ən böyük tarixi xidmətlərindən biri də tarixçi alimlər, araşdırmaçı jurnalistlər və yazarlar qarşısında ölkəmizin düşmənləri tərəfindən Azərbaycanın tarixi üzərinə salınmış qara, qapqara pərdəni yırtıb tullamaq, real həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq vəzifəsini hələ illər öncə müəyyənləşdirməsidir. Vətən müharibəsi dövründə Ali Baş Komandanın tarixi çıxışları erməni faşizminin iç üzünü açmaqla yanaşı, qondarma erməni tarixini də yerlə bir etdi.

Diqqət edin, Prezident İlham Əliyev 2015-ci il noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumundakı çıxışında qətiyyətlə deyirdi: “Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb”.

Yeni Azərbaycan Partiyasının 2018-ci ilin fevralında keçirilən VI qurultayında isə “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahalıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı – indi sanballı elmi əsərlər yazılır, filmlər çəkilir, sərgilər təşkil olunur. İrəvan bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdi, biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”, – fikrini söyləməklə erməni şovinizminin və onun ideoloji əsaslarının gözlərinə mili yavaş-yavaş yaxınlaşdırmış oldu.

Dövlət başçısı tarixin qaranlıq səhifələrini işıqlandırmağı aydınlar qarşısında ən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Vəzifə çox konkret və aydın idi: indi Ermənistan adlı qondarma dövlətin tərkibində qalan yurd yerlərimizin hər birinin tarixi əsaslı surətdə öyrənilməli, tədqiqi olunmalı və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır, xüsusilə də İrəvan şəhərinin tarixi. İrəvan xanlığı, İrəvan şəhəri haqqında zaman-zaman araşdırmalar aparılıb, məqalələr yazılıb, kitablar işıq üzü görüb. Mübaliğəsiz demək olar ki, Dövlət mükafatı laureatı Nazim Mustafanın “İrəvan şəhəri” bu mövzuda yazılmış ilk sanballı tarixi-tədqiqat əsəridir. Tanınmış tarixçi alimlərin Nazim Mustafanı “bu sahənin (İrəvan şəhəri tarixinin tədqiqini – S.A.) avtoriteti” adlandırmaları da reallığın obrazlı ifadəsidir. Müasir innovativ texnologiyalar təsdiqləyir ki, kitab işıq üzü gördüyü təxminən on ay ərzində beynəlxalq aləmdə ona min dəfədən çox istinad edilib.

Bəs səbəb? Nədir “İrəvan şəhəri”ni belə cəlbedici edən? Bu üzdəniraq məxluqların törətdikləri İrəvan qırğınları. İrəvan şəhərinin erməniləşdirilməsi.

HİBRİD MİLLƏT, HİBRİD DİL

“İrəvan şəhəri”nin tarixi baxımdan sanbalı həm də onunla şərtlənir ki, tədqiqatçı alim yalnız İrəvan şəhərinin tarixini, onun inzibati bölgüsünü, idarəçilik sistemini, əhalisinin sayını və tərkibini, eləcə də süqutunu tədqiq etməklə kifayətlənməyib. O, yüz illər ərzində formalaşan şəhərin ədəbi-bədii mühitinə, elm və incəsənətinin inkişafına, tarixi-dini məbədlərimizin tikilməsinə və xalqa xidmətinə, bu şəhərin yetişdirdiyi görkəmli şəxsiyyətlərin fəaliyyətlərinə işiq salmaqla, İrəvan xanlığı və onun mərkəzi haqqında tam və aydın bir mənzərə yarada bilib.

Nazim Mustafa 1700-cü illərdən başlayaraq, ermənilərin şəhəri öz havadarlarının vasitəsilə ələ keçirənədək böyük bir tarixi dövrdə aparılan mübarizəni problem olaraq ortaya qoyur və məsələyə bir neçə istiqamətdən yanaşmaqla konkret nəticələr göstərir. Bununla da “qədim erməni etnosu”, “qədim erməni dili”, “qədim erməni dövləti”, “böyük Ermənistan” kimi uydurmaların iç üzü açılır, ermənilərin üzündəki qara pərdə yırtılaraq tarixi ədalətin ayaqları altına atılır. Müəllif ermənilərin necə bir soysuz olduqlarını, saxta köklərini və hibrid dillərini də qısa, lakin kəsərli formada araşdırmaqla bu millətin kimliyini göstərir.

Tədqiqatçı alim İrəvan şəhərinin tarixini çox mötəbər mənbələrə söykənərək tədqiq edib. Bütün tərəfsiz və obyektiv tədqiqatçılar və alimlər tərəfindən təsdiq olunan bu mövqeyi təsdiq edir ki, 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan da daxil olmaqla, ətraf əraziləri ələ keçirmişlər. Şah İsmayıl Hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermişdi. Yeddi ilə tikilən qala onu inşa etdirənin şərəfinə “Rəvan” adlandırılmışdı.

Erməni tarixçiləri İrəvan şəhərinin adının Urartu çarı I Argistinin dövründə (e.ə. 782-ci il) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Əsərin müəllifi isə sübut edir ki, ermənilərə heç bir aidiyyəti olmayan Erebuni qalası yalnız hərbi-istehkam məqsədi ilə inşa edilmiş və onun ətrafında şəhər infrastrukturu formalaşmamışdı. Hazırda şəhər ərazisinin on dəfədən çox genişlənməsinə baxmayaraq, bu gün də Erebuni qalasının yerləşdiyi Qanlı Təpə ilə İrəvan arasında xeyli məsafə var. Əsərin müəllifi İrəvan şəhərinin içərisində və onun ətrafında mövcud olan yüzlərlə hidronim, oronim və oykonimin tarixi adlarını göstərməklə, qondarma erməni adlarının onların üzərinə hansı tarixdə və hansı gündə yapışdırıldığını elə erməni mənbələrinin özünə əsaslanaraq təqdim edir. Zəngi çayı, Gedər çayı, Dəmirbulaq, Toxmaq gölü, Sərdar bağı, Zal xan məscidi, Qızılqala, Söyüdlü və yüzlərlə belə toponimləri öz doğma adları ilə qeyd edən müəllif haqlı olaraq soruşur: ermənilərin bu adlara nə aidiyyəti var? Müəllif sübut edir ki, İrəvanı dünyanın ən qədim şəhəri kimi (Romadan da 30 yaş böyük) təqdim etmək istəyən erməni saxtakarlar bu gün şəhərdə mövcud olan və yaşı 250-ni keçən bircə dənə də tarixi abidə göstərə bilmirlər.

Nazim Mustafa dünyanın ən məşhur tarixçilərinin, filosoflarının (yunan tarixçisi Herodot, avropalı alimlər La Kroza, S.Marten, A.Qutşmidt və başqalarının) əsərlərinə söykənərək, erməni tarixçiləri N.Emin, O.Xalatyans, A.Qaraqaşyanın və sairlərin erməni tarixi barədə yazdıqları kitablara əsaslanaraq mühüm nəticə çıxarır: “M.Xorenasinin “Erməni tarixi” kitabı tamamilə saxta və uydurmadır. Yuxarıda adlarını çəkdiyimiz avropalı alimlər də təsdiqləyirlər ki, həmin qondarma “tarixdə” əks olunmuş urartululara, assuriyalılara, midiyalılara, sasanilərə aid hadisələrin üzü köçürülərək bu xalqların sərkərdələri, tarixi şəxsiyyətləri haylar, həmin ərazilər isə Hayastan kimi təqdim edilib”.

Xanlıqlar dövründə ilk dəfə Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailəsinin İrəvanın qərbində yerləşən Təpəbaşı məhəlləsində məskunlaşdıqlarını qeyd edən Nazim Mustafa hibrid xalq, hibrid dil məsələsinin ermənilərin boyuna biçildiyini belə izah edir: “Mifoloji rəvayətə görə, Assuriya çarı Belin üzərində qələbə çalan Haykın törəmələri olan haylar, onların Van gölü hövzəsində məskunlaşdıqları ərazilər Hayasa (Hayastan) adlandırılıb. Haylar vaxtilə Anadolunun Ərməniyyə (Armenia) yaylası adlanan ərazilərində, Urmiya gölü hövzəsində, həmçinin bir qismi Qafqazda yaşamış və hürrilərlə qarışaraq tarix səhnəsindən silinmiş subar türklərinin erməni adlı boyunun irsinə və tarixinə sahib çıxmışlar. Məhz ona görədir ki, hazırda bu millətin özlərinin “hay”, digərlərinin isə “erməni” adlandırdığı iki adı var”. Nazim Mustafa əsər boyu tanınmış alimlərin elmi tədqiqatlarından faktlar və digər sübutlar gətirərək öz nəticələrini daha da əsaslandırmış olur. Məsələn, o, kitabda rus qafqazşünası İvan Şopenin qədim müəlliflərin əsərlərini araşdıraraq gəldiyi nəticəni bölüşür: “Hayları və erməniləri eyni mənşəli hesab etmək olmaz”.

Nazim Mustafa erməni dilinin yoxsulluğunu, hibrid dil olduğunu elə onların öz alimlərinin yazdıqları ilə diqqətə çatdırır. Sübut edir ki, “qədim erməni xalqı”nın bu gün özünü ifadə etdiyi dilin, yəni aşxarhabarın təxminən iki yüz əlli illik tarixi var. Çünki onun əsasını XIX əsrin əvvəllərində əsərlərini Kənəker ləhcəsində yazan Xaçatur Abovyan qoyubdur. Bax, bu da Nazim Mustafanın incəliklə seçdiyi erməni alimlərinin öz dilləri haqqında dedikləri:

Mikael Nalbandyan: “Bu gün dünyada erməni havaları kimi təqdim edilən havaların və nəğmələrin əksəriyyəti türklərdən götürülüb. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə nə isə eşidim, lakin həmin şeyi dinləmək mənə nəsib olmayıb”.

Erməni tədqiqatçısı S.Palasanyan: “Bizim mahnıların havası müxtəlifdir. Türkiyədə türkün, Gürcüstanda gürcünün, İrəvan, Ağkilsə və İranda farsın, ümumiyyətlə hansı xalqın təsiri altına olmuşuqsa, həmin xalqın mahnılarının havalarını götürmüşük”.

Professor A.Arşaruni: “Demək olar ki, Azərbaycan dili erməni aşıqlarının və erməni xalqının doğma dili olub. Əks-təqdirdə onların dili dinləyicilər üçün anlaşılmaz olardı”.

Müəllif erməni alimi Q.Kapansyanın “Qədim erməni dilindən fars, Suriya, assurbabil, yunan, gürcü və Hind-Avropa dillərindən alınan sözləri çıxardıqdan sonra erməni dilində cəmisi beş minə qədər söz və otuza yaxın sözdüzəldici forma qalar” fikrini qeyd etməklə, hibrid dilin kimliyini gözlər önündə sərgiləyir.

Tədqiqatçı “İrəvan şəhəri”ndə İrəvan xanlığının tarixinə, Qala Şəhərin salınmasını labüd edən səbəblərə, habelə ermənilərin bu şəhərə və ətraf ərazilərə köçürülüb gətirilməsinə, ermənilərin bu ərazilərdə dəfələrlə yerli xalqa qarşı törətdikləri qırğınların tarixinə, elmi nöqteyi-nəzərdən yanaşmaqla Qafqazın incisi hesab edilən qədim yurd yerimiz olan İrəvanın faciəvi taleyinə aydınlıq gətirir. Ermənilərin öz havadarlarına arxalanaraq Azərbaycan türklərinə qarşı törətdikləri ağlagəlməz vəhşilikləri faktlarla sübut etməklə “məzlum erməni” mifini darmadağın edir. Tədqiqatçı-alim “Ermənilərin İrəvan şəhərini gələcəkdə quracaqları dövlətin paytaxtı seçmələrinə səbəb nə idi?” sualına da tutarlı dəlillərlə cavab verir. Qeyd edir ki, İrəvanı ermənilər üçün son dərəcə cəlbedici edən birinci növbədə onun coğrafi baxımdan strateji əhəmiyyət kəsb etməsi idi. Şəhərin quru subtropik iqlim zonasında yerləşməsi, əkinə yararlı suvarılan çox münbit ərazilərin olması, orta çağ dövründə sosial-iqtisadi cəhətdən sanballı formada inkişaf etməsi, şəhərin həm daxildə, həm də qala kənarında səyyahların “Cənnət bağları” kimi xarakterizə etdikləri 1473 üzüm və meyvə bağlarının, 45 dəyirmanın, 7 karvansaranın, zəngin su ehtiyatlarının olması da əsas səbəblərdən idi. Müəllif İrəvanda qədim şərq incilərini özündə əks etdirən çoxsaylı memarlıq abidələrinin ermənilər tərəfindən nə yolla olur-olsun əldə edilməsinə xüsusi diqqət çəkir. Belə qənaətə gəlmək olar ki, planları baş tutacağı halda ermənilər həmin abidələri özününküləşdirməyi əvvəlcədən qət ediblərmiş. Çünki bununla onlar özlərinə “qədim xalq”, “yaradıcı millət” kimi adları pərçimləyəcəkdilər. Nazim Mustafa pərçimləməkdə sərvaxt olan ermənilərin İrəvandan azərbaycanlıların izini silmək üçün bütün dağıdıcı fəaliyyətlərini geniş şəkildə təhlil edərək belə qənaətə gəlir: “1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələri bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər”.

Müəllif öz əsərində İrəvanın bütün özəlliklərini o dərəcədə dəqiq və incəliklə, həm də fotoşəkillərin müşayiəti ilə şərh edir ki, həssas və bələd oxucunun gözləri önündə məşhur irəvanlı rəssam Mirzə Qədir İrəvaninin “İrəvan tablosu” canlanır. Nazim Mustafa fransız səyyahı Jan Şardənin, türk coğrafiyaşünası Evliya Çələbinin, Avropa və Rusiya səyyahları Henri Linçin, Ceyms Morierin və onlarla başqalarının İrəvan haqqında fikirlərini təhlil etməklə, tərtəmiz Azərbaycan-Türk şəhəri olan İrəvanın canlı obrazını tarixi, elmi-bədii dillə oxuculara çatdırır. İstər-istəməz İrəvanla ilk tanışlıqdan sonra onun üç qapısından (Təbriz qapısı, Yayla qapısı, Körpü qapısı – S.A.) birindən keçərək Bazar meydanına, oradan da Sərdar sarayına xəyalən də olsa, getmək istəyirsən. Reallıqda isə tarixi İrəvan şəhərindən bir şey qalmayıb. Ermənilər aborigen milləti qırıb-çatmaq, soyqırımına məruz qoymaqla doğma şəhərlərində yaşamaqdan məhrum edə biliblər. Elə buradaca Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə söylədiyi “Bizim tarixi torpaqlarımız Göyçədir, Zəngəzurdur, İrəvandır. O torpaqlar ki, bizim tarixi torpaqlarımızdır, biz o yerlərə qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!” kimi kəskin mövqeyi ürəklərə bir sərinlik gətirir. Düşünürsən ki, şəhid şəhərimizi – İrəvanı onun əsl sahibləri bağrına basmaqda tam haqlıdırlar. Bu, həm də Böyük Ədalətin böyük ölçüdə təntənəsi olar. Qurani-Kərimdə də buyurulub ki, Allah-Təala haqq işi uğrunda mübarizə aparanların yanında olur. Azərbaycan xalqının mübarizəsi isə haqlı mübarizədir, ədalət uğrunda mübarizədir.

Nazim Mustafa ermənilərin İrəvan Qalasını ələ keçirmək planlarının tarixini, onlara bu işdə dəstək olan güclərin “erməni vilayəti” yaradılmasına qollarını çırmayıb girişmələrini tarixi faktlarla göstərərək İrəvanın süqut etməsinin qaçılmaz olduğunu ürəkağrısı ilə oxucuya təqdim edir.

Rus qoşunlarını Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirmək üçün I Pyotrun sarayına yol tapan erməni İsrael Ori 1701-ci il iyulun 25-də çara təqdim edilməsi üçün tərcüməçiyə yazdırdığı yaddaş qeydlərinin 7-ci bəndində İrəvan qalasını ələ keçirmək yollarını göstərir. O qeyd edirdi ki, şəhərdəki barıt və digər hərbi sursat anbarları ermənilərin əlindədir. Şəhərdə 300 nəfərdən artıq erməninin yaşadığını və həmin ermənilərlə sövdələşməklə, onların qalanın qapısını rus qoşunlarının üzünə aça biləcəklərini, bununla da qəfil hücumla şəhərin ələ keçirilə biləcəyini göstərir.

Tədqiqatçı daha sonra ürəkağrıdıcı faktlar üzərində dayanır. Qeyd edir ki, 1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək mərhəmətə və himayəyə layiq görülməsi haqqında fərman imzalayıb. Eyni məzmunlu fərmanla (ermənilərin İrəvan qalası ətrafında və şəhərin özündə məskunlaşdırılması ilə bağlı- S.A.) çar I Nikolay çıxış edib. Müəllif ermənilərin də şirnikləndirici vədlərini nəzərə alaraq çar Rusiyasının Cənubi Qafqaz planlarını ətraflı şərh edir. Çox maraqlı məqamlara diqqət çəkir və qeyd edir: “Bir müddət sonra Rusiya Qafqaza hərbi yürüş etməyi planlaşdırır. Erməni dövlətinin yaradılması məqsədilə II Yekaterina ilə müzakirə aparmaq üçün vasitəçi kimi danışıqlara qraf Qriqori Potyomkin və anasının erməni olduğu iddia edilən rus sərkərdəsi Aleksandr Suvorov cəlb edilir. Ermənilər Suvorovu əmin edirlər ki, Cənubi Qafqaza yürüş zamanı yerli ermənilər rus qoşunlarına fəal köməklik göstərəcəklər.

Valentin Pikulun “Favorit” roman-xronikasında Qriqori Potyomkinlə II Yekaterinanın bir dialoqu diqqəti çəkir. O, imperatriçaya keçirəcəyi müşavirədə Suvorov, Lazarev (Hovhanes Lazaryan – S.A.) və Arqutinski (Hovsep Arqutyan – S.A.) ilə birlikdə ermənilərin məsələsini müzakirə edəcəklərini söyləyir. Potyomkin əlavə edir ki, ermənilər diribaşdırlar, artıq özlərinə paytaxt kimi İrəvanı bəyəniblər. II Yekaterinanın “Ermənilərin ölkəsi yoxdur. Təkcə paytaxtla nə olar?” – sualına Potyomkin belə cavab verir: “İndi yoxdur, bizdən sonra olacaq”.

Kitabı diqqətlə oxuyan canıyanan oxucu İrəvan qalasının süqutu bölməsini, qaladakı Sərdar məscidi, Rəcəb Paşa məscidi, Göy məscid, Zal xan məscidi, Dəmirbulaq məscidi, Çətirli məscidi və digər tarixi dini-memarlıq abidələrimizin erməni vandalları tərəfindən necə dağıdıldığını qələmə alarkən Nazim Mustafanın necə böyük daxili sarsıntı keçirdiyini duya bilir. O yazır: “İrəvan qalası rus ordusunun fasilələrlə 23 il ərzində apardıqları müharibələr nəticəsində işğal olundu. Bu məsələdə yenə də erməni xəyanəti və satqınlığı mühüm rol oynadı. Tiflisdə təşkil olunan erməni könüllü dəstələri rus qoşunlarının tərkibində İrəvan xanlığının qoşunlarına qarşı vuruşurdular. Qalanın içərisində olan ermənilər hər vasitə ilə onun süqutuna çalışırdılar. Elələrindən biri – soysuz Astvasaturyan soyadlı bir ermənini etdiyi xəyanətə görə sərdarın əmri ilə topun lüləsinə bağlayaraq atəş açmışdılar ki, digər satqın ermənilərə dərs olsun.

Müəllif zaman-zaman yandırılan, dağıdılan, sakinləri ucdantutma qətlə yetirilən kəndlərin, qəsəbələrin və İrəvanın faciəsini içindən keçirə-keçirə həm də bədii dillə təsvir edib. Bu mənada Nazim Mustafa oxucunun təsəvvüründə bir alim olmaqla yanaşı, ədəbi dilin norma və qanunlarını yaxşı bilən, bədii təsvir vasitələrindən yetərincə istifadə edən bir yazıçı kimi də canlanır. O, erməni kimliyini, erməni riyakarlığını, erməni buqələmun obrazını elə canlandırıb ki, kənardan baxan hər kəs onlara obyektiv qiymət verə bilər.

Nazim Mustafa Eçmiədzin kilsəsinin, əslində, bir şeytan yuvası olduğunu faktlarla sübut edə bilib. Bu dediyimi təsdiqləmək üçün əsərdə kilsənin fəaliyyəti ilə bağlı onlarla fakt var. Onlardan tək birini bu qeydlərə daxil edirəm.

“Eçmiədzin kilsəsi Səfəvi hökmdarlarının ermənilərə olan xeyirxah münasibətlərindən ustalıqla faydalanırdı. Katolikos I Filippos 1650-ci ildə II Şah Abbasa müraciətində yazırdı: “İtaətkarcasına ərz edirəm ki, hazırda yerli ermənilərdən bir çoxu paytaxt İsfahanda, bir çoxu da bizim vilayətdə yaşayırlar ki, onlar buraya Siz Əlahəzrətin tükənməz qayğı və məhəbbəti sayəsində müxtəlif vilayətlərdən gəlib məskunlaşıblar. Əlahəzrət hökmdar, üç yüz min mömin, qoy buna bənzər yüz min mömin sizin müqəddəs atınızın dırnaqlarının qurbanı olsun. Üçkilsədə gecə və gündüzlərini sizə dua etməklə keçirirlər ki, onlar yaşamaları üçün tamamilə Əlahəzrət hökmdarın mərhəmətinə borcludurlar”. Bu müraciətdəki riyakarlığın şərhə ehtiyacı yoxdur. Belə bir məktubu ancaq erməni katolikosu yaza bilər. O məktub Eçmiədzindən çıxa bilər.

Müəllif ciddi faktlara, təkzibolunmaz dəlillərə söykənərək sovetlər dönəmində də Azərbaycana və Türkiyəyə qarşı qatı düşmənçiliyin zəncirvari həlqələrini bir-bir açır. Belə bir faktın üzərində xüsusi dayanır ki, müharibə bitəndən sonra Stalin Eçmiədzin kilsəsinin baş keşişini qəbul edərək Türkiyənin Qars və Ərdahan vilayətlərini geri qaytaracağını söyləyir. Keşiş də fürsətdən istifadə edərək “ədalətin bərpa olunmasını” – Naxçıvan və Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsinin məqsədəuyğun olduğunu söyləyir. Diktator əlavə edir ki, 100 min erməninin immiqrasiyasını təşkil etmək üçün tezliklə hökumətin qərarı olacaq. Eçmiədzin kilsəsi isə 200 min erməninin o torpaqlara köçürülməsində fəal iştirak etməlidir. Stalin və Eçmiədzin kilsəsinin bu planı baş tutmasa da, qondarma Ermənistan ərazisində yaşayan təqribən 150 minə yaxın Azərbaycan türkü 1948-53-cü illər deportasiyasına məruz qalır.

Müəllif bu və digər faktları geniş təhlil etməklə Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan dövlətinin anatomiyasını bütün incəliklərinə qədər üzə çıxarıb. O, bu murdar canlının iç orqanlarının başdan-başa Azərbaycan və Anadolu türklərinə qarşı işlədiləcək zəhərlə dolu olduğunu tarixi faktlarla, sistemli şəkildə araşdıraraq təhlil edir, ümumiləşdirmələr aparır. Həmin faktlarla tanış olan məntiqli oxucu 30 il ərzində torpaqlarımızın erməni şovinist-daşnakların tapdağı altında nə üçün qaldığını dərk edir. Nazim Mustafa Ermənistanda sovet hakimiyyəti qurulmazdan əvvəl və sonra azərbaycanlıların necə yoxa çıxdıqlarını statistik rəqəmlərlə göstərir. O, quru statistik rəqəmlərin arxasında yüz minlərlə soydaşımızın fəryadını içindən keçirərək oxuculara təqdim edə bilib. Kitabda həmin hissələri həyəcansız oxumaq mümkün deyil. Nazim Mustafa itirilmiş torpaqlarımız, viran qoyulmuş yaşayış məntəqələrimiz, qəddarlıqla qətlə yetirilmiş qardaş və bacılarımız üçün təkcə haray çəkmir. O, həm də haçansa intiqamın ağır olacağı qənaətini bölüşür. (Bu intiqamın bir hissəsi 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində alındı – S.A.).

Nazim Mustafa çar Rusiyası tərəfindən işğalına qədər və ondan sonrakı dövrdə həm şəhərdə, həm də bütövlükdə mahalda əhalinin say tərkibinin terror, deportasiya və soyqırımları hesabına ermənilərin xeyrinə necə dəyişdirildiyini çoxsaylı və təkzibolunmaz faktlarla diqqətə çatdırır. Ermənilərin nə vaxt, hansı ölkədən, hansı sayda Azərbaycan ərazilərinə köç etdikləri xüsusi araşdırılıb. Əvvəlcə bir ovuc olanlar sonradan yüz minlərlə Azərbaycan türkünə qənim kəsilib, onların malına-mülkünə, Vətəninə sahib çıxıblar. Müəllif o mahalın və qədim İrəvan şəhərinin azərbaycanlılardan necə təmizləndiyinin aydın mənzərəsini göstərir. O, tarixi faktları həm də riyazi təhlilə söykənərək aparır. Bununla da erməni diasporu və erməni kilsəsinin ətəyində namaz qılanların, haqq-ədaləti görməzdən gələnlərin xəbis niyyətlərini üzə çıxarır.

Müəllif müxtəlif tarixi dövrlərdə İrəvan şəhəri və mahalında yaşayan Azərbaycan türklərinin vəziyyətini Azərbaycanda yaşayan ermənilərin durumu ilə müqayisə edir və acı bir həqiqəti dilə gətirərək yazır ki, tarixi torpaqlarımızda azərbaycanlılara divan tutulduğu halda, Azərbaycanda ermənilər sərbəst yaşamış, böyük mal-mülk sahibləri olmuş, yüksək vəzifələr tutmuş, demək olar ki, yağ-bal işində üzmüşlər. Bəs nə üçün Azərbaycan xalqının başına zaman-zaman faciələr gəlir? Elə buradaca Əlimərdan bəy Topçubaşovun azərbaycanlılar haqqında söylədiyi bu fikri xatırladım. O yazıb: “Azərbaycanlıların səciyyəvi xüsusiyyəti bu millətin hədsiz təvazökarlığıdır ki, bu da onların özlərini reklama doğru atıla biləcək hər bir addımının qarşısını alır. Azərbaycanlılar özlərini gözə soxmağı, başqalarına nisbətən onların payına daha çox düşən dərd və fəlakətləri uca səslə elan etməyi, hamıya çatdırmağı öyrənməlidirlər. Bütün bu dərd və fəlakətləri onlar səslərini çıxarmadan, mətbuat vasitəsilə dünyaya car çəkmədən, millətlərə və dövlətlərə ağlayıb sıqqamadan öz içlərində çəkirlər”.

Tədqiqatçı-alim İrəvan şəhərinin ədəbi mühiti, incəsənəti, mədəniyyəti, qalanın tarixi, memarlıq və dini abidələri, sənətkarlığı haqqında olduqca tutarlı faktlara söykənərək sanballı bir elmi-tədqiqat əsəri ortaya qoyub. O, həm də İrəvan şəhərinin yetişdirdiyi Əziz Əliyev, Məmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər ağa Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov kimi görkəmli dövlət xadimlərinin, Miryusif Mirbabayev, Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov kimi elm və maarif xadimlərinin, Həbib bəy Səlimov, Qambay Vəzirov kimi generalların həyat və fəaliyyətinə qısa da olsa, nəzər salmaqla İrəvanı dünyaya tanıdanları unutmayıb. Müəllif bu şəhərin böyük bir elmi mərkəz olduğunu onun tarixi ilə bərabər araşdırıb. Böyük mütəfəkkirlər və tanınmış din xadimləri yetişdirən İrəvan şəhəri bütün sıxıntılara baxmayaraq, sovetlər dönəmində elmin müxtəlif sahələrini əhatə edən 6 akademik, akademiyanın 3 müxbir üzvü, 27 elmlər doktoru və 73 elmlər namizədi yetişdirib.

Müəllif “İrəvan şəhəri” kitabında xanlığın ərazisində elm və təhsilə, teatr və mətbuata, rəngkarlığa və digər sahələrə necə böyük diqqət göstərildiyini müfəssəl şəkildə təhlil edib. O, İrəvanda yaşayıb-yaradan böyük alim və üləmaların, görkəmli mütəfəkkirlərin bizlərə yadigar qoyduqları əsərlərin bir çoxunu işıq üzünə çıxarıb. Bu dediklərim də kitabın bütün məziyyətlərini əhatə etmir. Bu əsər haqqında bir məqalədə təbii ki, tam və ətraflı məlumat vermək bir qədər çətindir. Çünki onun hər fəsli ayrıca tədqiqat obyektidir və yəqin ki, tarixçilər və araşdırmaçılar məhz bu mənbəyə söykənərək yeni-yeni əsərlər yazacaqlar.

Əsərin dili sadədir, anlaşılandır. Belə yanaşmada faktların zənginliyi oxucunu yormur. Kitabı oxuyarkən Nazim Mustafanın istinad etdiyi mənbələrin müəlliflərinə necə böyük hörmətlə yanaşdığının şahidi olmaq mümkündür. Məsələn, o, İrəvan Teatrının tarixi və yaradıcılığı ilə bağlı sənətşünaslıq elmləri doktoru İlham Rəhimlinin, İrəvanda işıq üzü görən mətbuat orqanlarının tarixi və fəaliyyəti ilə bağlı əsər yazan tarix elmləri doktoru İsrafil Məmmədovun və başqalarının adlarını çox hörmətlə çəkir. Onlardan gətirdiyi sitatları olduğu kimi kitaba daxil etməklə, müəlliflərə istinad etdiyini xüsusi vurğulayır. Görünən odur ki, Nazim Mustafa hansısa alimin İrəvan haqqında yazdıqlarını, söylədiklərini, hansısa tədqiqatçının gəldiyi nəticələri özününküləşdirmək anlayışını yaxına belə buraxmır.

Müəllif haqqında

Nazim Mustafanın “İrəvan şəhəri”ni ərsəyə gətirmək üçün istifadə etdiyi mənbə və ədəbiyyatlar necə böyük bir işin görüldüyünü, müəllifin çəkdiyi zəhmətin miqyasını aydın surətdə ortaya qoyur. O, Azərbaycan dilində 73, türk dilində 6, rus dilində 79, erməni dilində 8, digər dillərdə 7 kitaba, mətbuat orqanlarında dərc olunan 55 məqaləyə, 9 internet resursuna, Azərbaycan Respublikasının və Ermənistanın arxiv materiallarına istinad edib. Bu sətirlərin müəllifi 40 ildən çox bir zaman kəsiyində Nazim müəllimlə tanışdır. Etiraf edim ki, onun “İrəvan şəhəri” kimi sanballı bir monumental əsər ortaya qoymasını təəccüblə qarşıladım. Kitabı oxuyandan sonra davamlı fikirləşirəm, görəsən “polad biləkləri” bükən, “dizi aynalı” pəhləvanları zaman-zaman çökdürən, “Səraslan” (Aslanbaşı) ləqəbli Həsən xan kimi sərkərdələr yetişdirən “İrəvanın ağırlığı”na Nazim Mustafanın çiyinləri necə dözüb? Qənaətim belədir: Vətən, torpaq, məmləkət sevgisi, Azərbaycan sevgisi, ziyalı-alim mənəviyyatı və məsuliyyəti müəllifə əlavə güc verir. O, bu gücü İrəvanda gizlədilmiş həqiqətlərin ortaya çıxarılması üçün qədərincə sərf edib. Gözümün qarşısına Nazim müəllimin eynək arxasından parıldayan gözləri, klaviaturanın düymələrini vurmaqdan qabarmış barmaqlarının ucu, ağarmış saçları gəlir. 40 il əvvəl tanıdığım Nazim Mustafayevi irəvanşünas Nazim Mustafa ilə müqayisə edirəm. Dağ boyda fərqin olduğunu kəsdirirəm. Özümü naqolay hiss edirəm. Həm də ona görə ki, ana babam İrəvanın Dəlmə Bağlarında doğulub, yaşayıb, qlavalığa qədər yüksəlib və ermənilər tərəfindən qətlə yetirilib. Mənsə nəinki İrəvanın, heç onun bir parçası olan Dəlmə Bağların belə faciəli tarixini öyrənməyə girişməmiş, başına gətirilənləri ictimailəşdirməmişəm. Nazim Mustafa isə “İrəvan şəhəri”ni 9 aya yox, neçə illərə öz kişi bətnində dünyaya gətirib. Onun bu övladı yüz illərlə yaşayacaq. İrəvanın əsl sahibləri yadlaşdırılmış şəhərimizə dönəndə yeni nəslin nümayəndələrinə bələdçilik edəcək.

Bir jurnalist olaraq bu qeydləri belə təkliflə yekunlaşdırmaq istəyirəm: “Gəlin, bundan sonra İrəvana şəhid şəhərimiz, Göyçə, Zəngəzur, Dərəçiçək, Ağbaba, Vedibasar, Zəngibasar və digər itirilmiş mahallarımıza isə şəhid mahallarımız kimi müraciət edək”. Yaralarımıza duz səpək ki, daim yandırsın. Həsrət vüsala qovuşanadək mübarizədən əl çəkməyək.

P.S. Tarix boyu ermənilər öz məqsədlərinə çatmaq üçün heç bir millətin özünə rəva görmədiyi üsullardan istifadə etməklə, heç bir millətin getmək istəmədiyi yollarla getməklə Azərbaycan torpaqları hesabına özlərinə qondarma bir dövlət qurdular. Onların gözləri həmişə özgələrinin torpağında, əlləri qan çanağında olub. Bu xalqın nümayəndələri beynəlxalq terror təşkilatlarının üzvləridir. Türk qanına susamış “ASALA” da onlara məxsusdur. Ermənilər dünyanın dördbir guşəsində bu gün də qan tökməkdə davam edirlər. Yüz il bundan əvvəl Əhməd bəy Ağayev belə deyirdi: “Biz müsəlmanlar aşkar deyirik ki, nə qədər Qafqazda erməni terror dəstələri olacaq və hökm edəcəksə, asayiş bərpa olunmayacaq”. Böyük mütəfəkkirin bu fikirləri bu gün də öz aktuallığını itirməyib.

Sonda hər kəsin bildiyi bir həqiqəti təkrarlayım: Erməni soysuz məxluqların sifətlərində də kaftar dişləri var. Hər an o kaftar dişləri Azərbaycandan nəsə qoparmaq üçün sancıla bilər. On görə də “Dəmir yumruq” kaftarın başı üstündə domokl qılıncı kimi daim dayanmalıdır.

   Məqaləni PDF formatına çevir