Otağında lal sükut,
Başın yaman qarışıq.
Arayıb axtarırsan
Arzu, güman qarışıq.
Hər sənəd bir tarixdir,
Hər sözün mənası var.
Qardaşım, hər alimin
Özünün dünyası var.
Otağın sükutundan,
Divarlara pay düşüb.
Sənə yazıb yaratmaq,
Çoxuna saray düşüb.
Tarixlərə tanıkdı
Hər ilmə bir xalıda
Cismin harda olsa da
Ruhun Anadoluda.
Gecə yarıdan keçib
Yatmamısan sən hələ .
Əlində Misri qılınc
Gedirsən Çənlibelə
Düşmən səfi pozursan
Qaraca Çoban kimi
Xəyanətlər göynədir
Sinəni çiban kimi.
Dədəm Qorqud sazını
Ürəyində çalırsan.
Tarixi varaqlayıb
Özün tarix olursan
Günəş səni səsləyir
Hər açılan sabaha:
Salam, sabahın xeyir,
Salam, Nazim Mustafa!