Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir.
Terminologiya kimi “soyqırım”, yaxud “genosid” anlayışı BMT-nin Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində tətbiq olunmağa başlamış, həmin qurumun 1948-ci il 9 dekabr tarixli konvensiyasında isə genosid siyasətinin qarşısının alınması və ona görə cəza müəyyənləşdirilmişdir. 1905-1906-cı illər qırğınları planlı şəkildə, azərbaycanlıların milli və dini mənsubiyyətlərinə görə, etnik təmizləmə məqsədilə həyata keçirildiyi üçün soyqırım mahiyyəti daşıyır. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətlər də soyqırım kimi xarakterizə edilir. 1988-1993-cü illərdə ermənilər yenə də havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf rayonlarındakı ərazilərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirmişlər.
“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli fərmanında qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Məlumdur ki, sovet hakimiyyəti illərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, kütləvi qırğın və zorakılıqlar, repressiya və deportasiyalar saxta beynəlmiləlçilik pərdəsi altında ört-basdır edilmiş, sovet tarixşünaslığında bu tip mövzuların tədqiqinə yasaq qoyulmuşdu. Yalnız Azərbaycan XX əsrin sonunda yenidən müstəqillik əldə etdikdən sonra tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmiş, xalqımızın başına gətirilən faciələr ayrı-ayrı tədqiqatçılar tərəfindən elmi tədqiqat dövriyyəsinə daxil edilmişdir. Xalqımıza qarşı erməni təcavüzünün əsas məqsədi etnik təmizləmə siyasəti həyata keçirmək yolu ilə tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaqdan və sonradan müxtəlif yollarla onu genişləndirməkdən ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin reallaşması istiqamətində Rusiya və bəzi Qərb dövlətləri də mühüm rol oynamışlar.
1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində və Qazax-Gəncə istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Ərəş qəzalarında, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.
İndiyədək 1905-1906-cı illər qırğınları kifayət qədər tədqiq edilməmiş, heç də bütün mənbələr və dövri mətbuat materialları tədqiqata cəlb olunmamış, habelə bu mövzuda yazan erməni və xarici müəlliflərin tədqiqatlarına, demək olar ki, müraciət edilməmişdir.
Çar Rusiyası dövrünün arxiv sənədləri, Azərbaycan Respublikası Tarix Arxivinin fondlarında saxlanılan sənədlər, ayrı-ayrı müəlliflərin Azərbaycan, rus, erməni və ingilis dilində faktik materiallar əsasında yazdıqları əsərlər və dövri mətbuat materialları mövzunun mənbə və qaynaqlarını təşkil edir. Lakin təəssüf ki, mövcud olmuş arxiv sənədlərinin bir qismi vaxtilə Azərbaycan arxivlərində kök salmış qeyri-azərbaycanlılar tərəfindən məhv edilmişdir. Bir neçə il öncə mövzu ilə bağlı Tarix Arxivinin fondlarında araşdırma apararkən Yelizavetpol dairə məhkəməsinin prokurorunun dəftərxanasına aid siyahıda 1906-cı il yanvarın 2-də ermənilərin Haqqıxlı (o zaman Qazax qəzasının kəndi olmuşdur, hazırda İcevan rayonunun ərazisinədədir və ermənilər onun adını dəyişdirərək Hovk qoymuşlar- N.M.) kəndinə hücumları haqqında 12 vərəqlik işin olduğunu gördüm. Həmin sənədi sifariş etdim. Lakin cavab gəldi ki, həmin sənəd 25 dekabr 1959-cu ildə arxivin məsul işçisi Portnovanın imzası ilə maklatura kimi çıxdaş edilmişdir.
XIX əsrin sonu, XX əsrin əvvəllərində keçirilən siyahıyaalmaların materialları, illik nəşr olunan “Kavkazskiy kalendar”lar tədqiqat dövründə regionda sosial-demoqrafik vəziyyətin mənzərəsini açmağa imkan verir. Bakıda dərc olunan “Kaspi” (rus dilində) və “Həyat” (Azərbaycan dilində) qəzetlərində, Tiflisdə rus dilində işıq üzü görən “Tiflisskiy Listok”, “Kavkaz”, “Novoe Obozrenie” qəzetlərinin səhifələrində XX əsrin əvvəlində Cənubi Qafqazda baş verən hadisələr öz əksini tapmışdır. “ Kaspi” və “Həyat” qəzetlərində dərc olunan yazıları həmin dövrün salnaməsi adlandırmaq olar. Həmin dövrdə rus dilində çap edilən qəzetlərin bir çoxunun redaksiyası ermənilərə məxsus idi və yaxud onların sifarişini yerinə yetirirdi. Erməni dilində çap olunan qəzetlərin əksəriyyəti milli ədavəti qızışdırır, erməniləri türklərə qarşı qanlı toqquşmalara təhrik edirdilər. “Mşak”(“Əməkçi”), “Ardzaqank” (“Əks-səda”), “Nor dar” (“Yeni əsr”), “Bakvi dzayn” (“Bakının səsi)”, “Kayç” (“Qığılcım)” qəzetləri, “Murç”(“Çəkic”), “Ararat”, “Taraz” jurnalları ermənilərin millətçilik əhval-ruhiyyəsini qızışdırmağa xidmət edirdilər. Bakıda bir üzü erməni, bir üzü türkcə çap olunan “Qoç dəvət ” qəzeti millətlərarası ədavəti söndürməyə, barışıq əldə olunmasına xidmət edirdi. Həmin dövrdə Rusiyada və xarici ölkələrdə çap olunan qəzetlərin və teleqraf agentliklərinin müxbirləri Cənubi Qafqaza gəlmiş, hadisə yerindən reportajlar hazırlayaraq dərc etdirmişlər. Onların yazılarında çox zaman xristian təəssübkeşliyi özünü göstərmiş, obyektiv mənzərənin yaradılmasına mane olmuş, hadisələrin mahiyyətinin təhrif olunmasına gətirib çıxarmışdır.
1905-1906-cı illərdə baş vermiş hadisələrin bilavasitə şahidi olmuş müəlliflərin əsərləri həmin dövr tarixşünaslığı üçün mühüm mənbə hesab olunur. Bu əsərlər istifadə olunmuş metod və prinsiplər nöqteyi-nəzərindən sırf elmi-tədqiqat xarakteri daşımasa da, hadisələrin mahiyyəti bəzən təhrif edilsə də, dövrün hadisələrinin xronoloji ardıcıllıqla işıqlandırılması və müəyyən ümumiləşdirmələr aparmağa imkan verdiyi üçün etibarlı mənbələr hesab oluna bilər. Məmməd Səid Ordubadinin “Qanlı illər” (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni -müsəlman davasının tarixi) və Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərləri tarixi gerçəkliyin düzgün dərk edilməsi və faktiki materialların zənginliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
M.S.Ordubadi 1911-ci ildə çap etdirdiyi “Qanlı illər” (“Qanlı sənələr”) kitabını o dövrün müxbirlərinin toplayaraq ona göndərdikləri 254 məktub əsasında yazdığını qeyd edir. İrəvan quberniyasında baş verən faciəli hadisələri isə müəllif məşhur İrəvan ziyalısı Mir Abbas Mirbağırzadənin topladığı jurnal və sair materiallar əsasında qələmə aldığını yazır. M.S.Ordubadi öncə 1905-ci ildə Naxçıvan qəzasında, sonra İrəvan şəhərində, daha sonra isə Qırxbulaq və Üçkilsə mahallarında erməni silahlı dəstələrinin törətdikləri qırğınların miqyasını oxuculara təqdim edir. Müəllif 1906-cı ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında ermənilərin törətdikləri kütləvi qırğınlar barəsində ətraflı məlumat vermişdir. Müəllif ermənilərin Yelizavetpol quberniyasının digər qəzalarında, habelə Bakıda və Tiflisdə törətdikləri qırğınlar və faciələr haqqında ətraflı bilgi verməklə yanaşı, “erməni-müsəlman davasının” baş verməsinin səbəblərini də göstərmişdir. M.S.Ordubadi səbəblərdən birincisi kimi “Daşnaksutyun” partiyasının qanlı əməllərini göstərir və Qafqazda oynadığı “qanlı teatrolara” dair 400-dən artıq yazılı məlumatın onun masası üzərində olduğunu qeyd edir. Lakin nədənsə M.S.Ordubadi 1905-1906-cı illər qırğınlarının digər baiskarı olan və heç də “Daşnaksutyun”dan az qanlı əməllər törətməyən “Hnçak” partiyasının silahlı dəstələrinin törətdikləri qırğınlara bir o qədər də yer ayırmamışdır. İkinci səbəb kimi M.S.Ordubadi məhəlli hökumət məmurlarının etinasızlığını göstərir və qeyd edir ki, Böyük Rusiya inqilabına görə mərkəzi hökumətin başı özünə qarışdığından xırda məmurlar özbaşınalığa üz qoydular və erməni-müsəlman iğtişaşlarının sakitləşməsi üçün bir tədbir görmədilər, ermənilərin terrorları qorxusundan bir tərəfi əldə saxlayıb, digər tərəfə növbəti vicdansızlıqlar etməkdə idilər. M.S.Ordubadi bu səbəbdən də Qafqazın gözəl şəhərlərinin dağıdılıb yandırıldığını, yurdlarımızın qan çalasına döndərildiyini qeyd edir. “Erməni-müsəlman davasının” üçüncü səbəbi kimi M.S.Ordubadi müsəlmanların elmsizliyini, silahsızlığını və müasir işlərdən xəbərsiz olmalarını göstərir. Qırğınların dördüncü səbəbi kimi ermənilərin muxtariyyət iddiasında olmaları göstərilir. Ermənilər İrəvan quberniyasını, Gəncə quberniyasının yaylaq və dağbasar bölgələrini və Qars sancağı (vilayəti) ilə birləşdirib “Erməni səltənəti” qurmaq istəyirlərmiş.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, M.S.Ordubadinin göstərilən əsərində heç də bütün hadisələrin xronologiyası öz əksini tapmamışdır. Müəllif 1905-ci ilin fevralında baş verən Bakı qırğınlarından sonra ermənilərin may ayında Naxçıvanda qırğınlar törətdiklərini, orada məğlub olduqlarını, bundan sonra qırğınların İrəvan şəhərinə sirayət etdiyini yazır. Lakin digər mənbələr göstərir ki, Bakı qırğınlarından heç iki həftə keçməmiş — fevralın 21-23-də ermənilər İrəvan şəhərində qırğınlar törətmişlər. M .S .Ordubadi “Qanlı illər”də Şərur-Dərələyəz və Sürməli qəzalarında ermənilərin törətdikləri qırğınlar barədə heç bir məlumat verməmişdir. Görünür, M .S .Ordubadiyə göndərilən müxbir məktubları içərisində həmin qəzalarda qırğınlar törədilməsinə aid materiallar olmamışdır. Bütün bunlara baxmayaraq, M .S .Ordubadinin “Qanlı illər”i 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar haqqında ən dolğun məlumat verən mənbə hesab olunur.
Mir Möhsün Nəvvabın “1905-1906- cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsəri həm XX əsrin birinci onilliyində xalqımızın başına gətirilən faciələrin miqyasını açıb göstərmək, həm də Dağlıq Qarabağ probleminin tarixi köklərinin mahiyyətini öyrənmək baxımından qiymətli mənbə hesab olunur. M.M.Nəvvab haqlı olaraq İrəvan quberniyasında qırğınların İrəvan şəhərindən başladığını, sonra Naxçıvana sirayət etdiyini yazır. Müəllif erməni qmdatxanalarının (terror təşkilatlarının) muzdlu qatillərinin neçə-neçə günahsız insanların, o cümlədən rusların və ermənilərin də ölümünə bais olduğunu yazır. Həmçinin M.M.Nəvvab dövlətin başının rus-yapon müharibəsinə qarışdığına görə baş verən iğtişaşlara məhəl qoymadığını qeyd edir. M.M.Nəvvab öz əsərində Bakı, İrəvan, Şuşa şəhərlərində, İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl, Zəngəzur qəzalarında erməni silahlı dəstələrinin törətdikləri qırğınlar və müsəlmanların gördükləri əks tədbirlər haqqında yığcam olsa da məlumat vermişdir.
1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin bir neçə əsəri mövcuddur. Erməni müəlliflərindən A-donun 1907-ci ildə İrəvanda çap edilən “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində, S. Zavaryanın 1907-ci ildə Sankt-Peterburqda rus dilində çap edilən “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”, İ. Alibekovun 1906-cı ildə Tiflisdə rus dilində çap olunan “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” əsərlərində 1905-1906-cı illər qırğınlarının mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verirlər.
A-do “Qafqazda erməni-türk toqquşmaları” əsərində 1905-1906-cı illərdə Cənubi Qafqazın 12 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 7 şəhərində ( Bakı, İrəvan, Naxçıvan, Şuşa, Gəncə, Qazax, Tiflis) baş verən qırğınlar barəsində xronoloji ardıcıllıqla məlumat verir. A-donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və həmin dövrün siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir. Müəllif bu əsərdə özünün subyektiv mülahizələri əsasında erməni-türk qırğınlarının baş verməsi səbəblərini və nəticələrini göstərir.
A-do yazır ki, bəzi erməni ziyalıları erməni-türk toqquşmalarının səbəbini tarixin ötən əsrlərində axtararaq irqi düşmənçilikdə görsələr də, əslində, belə toqquşmalar keçmiş zamanlarda olmayıb. Digər bir qrup erməni ziyalılarının isə bu toqquşmaların türk millətinin yıxıb-dağıtmaq psixologiyasından qaynaqlandığını iddia etdiklərini qeyd edir. A-do türk ziyalılarının mövqeyini işıqlandıraraq yazır ki, onlar hesab edirlər ki, qırğınların bütün baiskarı erməni komitəçiləridir. Eyni zamanda, onlar bir qrup erməni və ermənipərəst yazarları təqsirləndirirlər ki, onlar erməni kütləsində türklərə qarşı nifrət aşılayırlar. Digər bir mülahizənin – iqtisadi bərabərsizlik üzündən qırğınların baş verməsi mülahizəsi üzərində dayanaraq A-do qeyd edir ki, belə mülahizənin əsası yoxdur. Çünki erməni burjuaziyası tərəfindən istismar olunan türklər, türk ağaları və bəyləri tərəfindən istismar olunan erməni kəndlisinin üzərinə hücum etməz. A-do iddia edir ki, guya qırğınların başlıca səbəbi türk əhalisinin mövcud üsul-idarədən, qayda-qanundan narazılığıdır ki, həmin problemlər Qafqazda baş qaldıran inqilabi hərəkatdan öncə yığılıb qalmışdır. Müəllif qırğınların digər səbəbini türklərin rus inqilabından faydalanmaq cəhdlərində görür. Onun yazdığına görə türklər ermənilər və gürcülərə nisbətən hüquqdan daha çox məhrum idilər və rus inqilabının nəticəsindən mənfəət götürmək istəyirdilər.
A-do qırğınların ermənilərin müsəlman yaşayış məntəqələrini ələ keçirmək, onların var-dövlətinə sahib çıxmaq məqsədilə törədildiyini yazmaqla, qırğınların əsl səbəbini ört-basdır etmək istəyir. Onun iddiasına görə erməni-türk qırğınlarının baş verməsində türk bəylərinin, ağalarının və sahibkarlarının da çox böyük rolu olmuşdur. O, Cənubi Qafqazın iqtisadiyyatının böyük bir hissəsinin türk sahibkarlarına məxsus olduğunu, İrəvan və Gəncə quberniyalarının bütün qəza və mahallarında kəndlərin böyük bir qisminin türk bəylərinin və ağalarının əlində cəmləşdiyini yazır. Müəllif əlavə edir ki, istismarçılara qarşı türk kəndlilərinin hərəkatı labüd idi və bunun qarşısının alınması üçün iki xalq arasında düşmənçiliyi qızışdırmaq lazım gəlirdi. A-do mənafelərin üst-üstə düşməsinin iki sinfin – rus burjuaziyasının və türk sahibkarlarının iş birliyinə gətirib çıxardığını iddia edir. Müəllif yazır ki, guya türk ağaları və bəyləri türk kütləsini inandırmışlar ki, onların bədbəxtliklərinin baiskarı ermənilərdir, onlar hərəkətə keçmişlər, ermənilər də əks reaksiya vermişlər. Guya müsəlmanlar öz avamlıqları ilə reaksion qüvvələrin əlində alətə və inqilabın önündə maneəyə çevrilmiş, Qafqazın salnaməsinə qanlı səhifələr yazmışlar.
A-do öz əsərinin sonunda 1905-1906-cı illərdə baş vermiş qırğınlar zamanı Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini göstərir.
S. Zavaryan “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”əsərində Qarabağ və Zəngəzurda müsəlmanların ermənilərə nisbətən böyük torpaq mülkiyyətçiləri olduqlarını qeyd edir . S. Zavaryanın verdiyi məlumata görə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır. O, bu əsərində 1905- 1906-cı illər qırğınlarının Qarabağ və Zəngəzurda törətdiyi fəsadları sosial-iqtisadi parametrlər baxımından təhlil edir. O, bu əsərin yazılmasında A-donun əlyazmalarından istifadə etdiyini qeyd edir. S.Zavaryan da qırğınların qarşısının alınmasında çar Rusiyasının hakim dairələrinin cinayətkar etinasızlığını vurğulayır və təxribatçı hərəkətlərə baş vurduğunu qeyd edir.
İ.Alibekov “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” əsərini Gəncədə baş verən hadisələrin Qafqaz mətbuatında birtərəfli işıqlandırılmasına cavab olaraq yazdığını bildirir. Qərəzli mətbuat dedikdə, İ.Alibekov “Vozrojdenie”, “Kavkaz”,”Kaspi” qəzetlərini və Yelizavetpolda (Gəncədə) baş vermiş qırğınlara dair həmin qəzetlərdə dərc edilmiş yazıları nəzərdə tutur.
İ.Alibekov Əhməd bəy Ağayevi “yalançı publisist”, S .Çrelayevi və Ə.Xasməmmədovu isə onun davamçıları adlandırır. Ona görə də İ. Alibekov ikinci ad kimi öz kitabını “Yalançı publisist və onun ictimai davamçıları” adlandırır. S.Çrelayev Tiflis şəhər dumasının katibi və qlasnısı olmuşdur. O, Tiflis şəhər qlasnısı A. Xatisov və şəhər idarəsinin üzvü N. Kokçaevlə birlikdə Gəncəyə ezam edilmişdilər ki, düşmənçilik edən tərəfləri barışdırsınlar. S. Çrelayev Gəncədən qayıtdıqdan sonra “Vozrojdenie” qəzetinin 36-39-cu saylarında (1905-ci il) “Yelizavetpol qırğınları” başlıqlı silsilə məqalələrlə çıxış etmiş və qırğınların səbəbkarı kimi erməniləri günahlandırmışdı.
Əhməd bəy Ağayevin “Peterburqskie Vedemosti” (№98, 1905-ci il) qəzetində dərc olunmuş “Bakı hadisələri haqqında həqiqət” məqaləsinə cavab olaraq B. Doluxanov və S. Taqianosov həmin qəzetdə (№126, 1905-ci il) və “Bakı” qəzetində (№51, 1905-ci il) məqalə dərc etdirmişdilər. İ. Alibekov Əhməd bəy Ağayevi Veliçko və Kruşevanovun formalaşdırdıqları “insana nifrət, yalan və böhtan məktəbinin yetirməsi olan məşhur tip” adlandırır.
İ. Alibekov heç bir istinad göstərmədən iddia edir ki, guya müxtəlif emissarlar İrəvan quberniyasında müsəlman əhalinin milli hissləri ilə oynadıqdan və vəhşi dəstələr Türkiyədən bu tərəfə keçdikdən sonra erməni kəndləri atəşə tutulmuşdur. Guya hakimiyyətin müsəlman casusları Bakıdan və Naxçıvandan Cənubi Qafqazın və İranın müxtəlif yerlərinə gedərək ermənilərin yeni qırğınlarını hazırlamaq üçün fəaliyyət göstərmişlər. İ Alibekov ermənilərin təsir dairəsində olan “Novoe Obozrenie” qəzetinə istinad edərək Bakıda, İrəvanda, Naxçıvanda, Gəncədə baş verən qırğınların təqsirini türklərin üzərinə yıxmağa çalışır.
O.A.Arutyunyanın 1956-cı ildə rus dilində İrəvanda dərc olunmuş “Xatirələr” kitabında daşnakların “mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə” şüarı altında 1905-ci ildə Qəmərlidə törətdikləri vəhşiliklərdən bəhs edir. O, daşnakların erməni kəndlərini gəzərək əhalini silahlandırdıqlarını, dinc müsəlman əhalisini qırdıqlarını, kəndləri yandırdıqlarını yazır. O.Arutyunyan daşnakların silah sarıdan korluq çəkmədiklərini, canişin Vorontsov-Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Suren tərəfindən müvəkkil edilmiş şəxslər vasitəsilə təmin edildiklərini qeyd edir.
İtalyan diplomatı, yazıçısı, səyyahı və tarixçisi Luici Villari 1906-cı ildə Londonda çap etdirdiyi “Qafqazda alov və qılınc” (“Fire and Sword in the Caucasus”) əsərini Qafqaza etdiyi səyahətin nəticəsi olaraq yazmışdır. 1905-ci ilin yay və payız aylarında Qafqazın qaynar nöqtələrində, milli münaqişələrin törədildiyi yerlərdə olan müəllif əsərinin IX və X fəsillərini Bakıda gördüklərinə, XI fəslini İrəvanda baş verən hadisələrə, XIV fəslini isə Naxçıvandakı hadisələrə həsr etmişdir. L. Villarinin yazdığına görə, onu İrəvanda əvvəlcədən ünvanı ona bəlli olan yerli erməni müşayiət etmişdir. Onun tərcüməçisinin erməni olması, İrəvanda və Naxçıvanda olduğu müddətdə erməni ziyalılarının və din xadimlərinin əhatəsində olması əsərin məzmununa öz təsirini göstərmişdir.
L. Villari İrəvanda və Naxçıvanda qırğınların baş verməsinin təqsirinin tatarlarda olduğunu yazır. Onun iddiasına görə, Vorontsov-Daşkovun Qafqazın canişini təyin edilməsinədək və prins Lui Napoleon Bonapartın 1905-ci ilin iyununda İrəvanın general-qubernatoru təyin edilməsinədək İrəvanın sabiq qubernatorları ənənəvi rus bürokratiyasına sadiq olaraq canişin Qolitsının siyasətini davam etdirir, faktiki olaraq ermənilərə qarşı müharibə aparır, tatarları hücuma təhrik edirlər.
L. Villari Naxçıvan qəzasında baş verən iğtişaşlar zamanı 47 kənddə toqquşmaların olduğunu, 12 kəndin viran edildiyini və boşaldıldığını, 10 kəndin qismən dağıdıldığını, hər iki tərəfdən 239 nəfərin qətlə yetirildiyini yazır.
L. Villari Naxçıvanda olarkən şəhərin başçısı Cəfərqulu xan Naxçıvanski və onun qardaşı, ehtiyatda olan rus zabiti Rəhim xanla görüşlərinə xüsusi yer ayırmışdır. O, Naxçıvanskilərin kürəkəni, general Maqsud Əlixanov-Avarskinin İrəvan qubernatoru olarkən tatarların tərəfini saxladığını, təqsirkarların cəzalandırılmadığını iddia edir.
L. Villari bu əsərində İrəvan şəhərinin 28 min nəfər əhalisindən yarısının, Naxçıvanın isə əhalisinin dörddə üçünün türklərdən ibarət olduğunu yazır. Müəllifin həmçinin o dövrdə İrəvanda mövcud olmuş, lakin sonralar yer üzündən silinmiş böyük Göy məscid, Sərdar sarayı və digər tarixi-memarlıq abidələri, İrəvan bağları haqqında geniş təsviri məlumatlar verməsi İrəvanın tipik Azərbaycan şəhəri olması haqqında dolğun təəssürat yaradır.
“Qafqazda alov və qılınc” əsəri Azərbaycan tədqiqatçıları tərəfindən indiyədək tədqiq edilməmişdir.
Sovet hakimiyyəti illərində yazılan əsərlərdə 1905-1906-cı illər qırğınlarının səbəbkarı kimi, birtərəfli olaraq çar Rusiyası hökuməti göstərilmiş, ermənilərin Azərbaycan torpaqlarına silah gücünə, kütləvi qırğınlar və soyqırım törətməklə yiyələnmək sahəsindəki fəaliyyətləri ört-basdır edilmişdir. Həmin dövrdə Azərbaycan mühacirətinin ayrı-ayrı nümayəndələrinin yazdıqları əsərlərdə qırğınlar haqqında daha obyektiv məlumat verilmişdir. Cahangir Zeynaloğlu 1924-cü ildə İstanbulda çap edilən (1992-ci ildə Bakıda təkrar çap edilmişdir) kitabında çar hökumətinin müsəlmanların qəflətindən istifadə etdiyini, Peterburqdan 130 xəfiyyə məmuru göndərərək ermənilərlə müsəlmanları bir-birlərinə silah işlətməyə təşviq etməklə, iki milləti biri digərinə qırdırdığını yazır. C.Zeynaloğlu 1905-1906-cı illər qırğınlarının millətin gözünün açılmasında, dost və düşməni tanımasında, Rusiya siyasətini anlamasında mühüm rol oynadığını qeyd etməklə bərabər, maarif və tərəqqiyə əhəmiyyət verməyə başladığını göstərir.
Türkiyədəki Azərbaycan mühacirlərinin digər bir nümayəndəsi Hüseyn Baykara “Azərbaycan istiqlal mücadiləsi tarixi” (İstanbul-1975, Bakı-1992) əsərində çar Rusiyasının rus-yapon müharibəsində məğlubiyyətindən və 1905-ci il yanvarın 9-da Qış sarayının önündə üsyançıların güllələnməsindən sonra Rusiyanı bürüyən üsyanların Qafqaza da yayıldığını qeyd edir. H. Baykara da C. Zeynaloğlu kimi, 1905-1906-cı illər erməni-müsəlman qırğınlarının təqsirini çar hökumətində görür. H. Baykara yazır ki, imperiyanın zəiflədiyi bir vaxtda Qafqaz xalqlarını inqilabdan uzaqlaşdırmaq üçün çar bu regionda olan yüksək məmurlarına gizli göstəriş vermiş, erməniləri müsəlmanlara qarşı qırğına sövq etmişdir. “Daşnaksutyun” partiyasının yarandığı gündən Türkiyə torpaqlarında Ermənistan dövləti yaratmaq proqramını hazırladığını qeyd edən müəllif, bu partiyanın 1904-cü ildə “Qafqaz Ermənistanı”nı da öz proqramına daxil etdiyini, Qafqazda olan yüksək vəzifəli rus məmurları tərəfindən silahlandırılan və gizli tapşırıq alan ermənilərin Bakı, İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə və Şirvanda yaşayan silahsız türklərə qarşı hücumlar edib, onları öldürməyə, qılıncdan keçirməyə başladıqlarını, öldürə bilmədikləri türkləri öz torpaqlarından qovaraq həmin ərazilərdə çoxluq təşkil etmək istədiklərini qeyd edir.
Rus müəllifi N. Şavrovun 1911-ci ildə Sankt-Peterburqda çap edilən “Novoya uqroza russkomu delu v Zakavkazye: predistoriya i rasprodajı Muqani inorodtsami” əsərində göstərdiyinə görə, 1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə Cənubi Qafqaza 400000 erməni gəlib yerləşmişdi. 1908-ci ildə Rusiya Daxili İşlər Nazirliyi polis departamentinin sənədlərində (bu sənəd 1990-cı ildə Bakıda “Daşnaki (iz materialov departamenta politsii)” adı ilə çap edilmişdir) göstərilirdi ki, “Türkiyədəki məlum hadisələrdən sonra Cənubi Qafqaza yarım milyon erməni gəlmişdir. Bu ermənilər dərhal öz qara əməllərini göstərdilər”. Bundan sonra indiki Ermənistan ərazisində ”Daşnaksutyun” partiyasının sıraları daha da artmış, Qafqazda anti-türk təbliğatı xeyli güclənmişdi. “Novoya vremya” qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə, törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına düşürdü. 1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında polis departamentinin həmin sənədində deyilir: ”Daşnaksutyun” öz qüdrətini göstərdi, müsəlmanlar cəfasını çəkdilər. Burada ikili oyun oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus hökumətinin üzərinə yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın digər sakinlərini də inqilabiləşdirmək üçün güclü təbliğat materialı əldə edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular: general Əlixanov (Maqsud Əlixanov-Avarski – müəllif), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakının qubernatoru, ikincisi Yelizavetpolun (Gəncə) vitse- qubernatoru – müəllif), polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın hesabatından). Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət idi ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları ərazilər bir-birindən ayrıldı, Türkiyədən və qismən İrandan köçən ermənilərin məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə təbəəlik əldə etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində ərazilərin qismən ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışdılar”.
Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi soyqırıma məruz qoyulmuşdur.
Erməni müəllifi A-donun verdiyi statistik məlumatlar göstərir ki, 1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olmuş 1301 kəndin 959-da, Zəngəzur qəzasında mövcud olmuş 406 kəndin isə 314-də türklər yaşamışlar. O dövrdə təkcə İrəvan quberniyası və Zəngəzurda mövcud olmuş 1273 türk kəndindən bu gün, Naxçıvan qəzası istisna olmaqla bütün kəndlər azərbaycanlılardan təmizlənmişdir. Deməli, həmin ərazilərdə 1905-1906-cı illərdən başlayaraq silah gücünə etnik təmizləmə siyasəti həyata keçirilmişdir ki, bu da mahiyyətcə soyqırım deməkdir.
Nazim MUSTAFA,
Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi
“Xalq qəzeti”, 31.03.2009