1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində azərbaycanlıların soyqırımı

sekErmənilərin və onların havadarlarının Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və rus qoşunlarının 1917-ci il çevrilişindən sonra Türkiyə torpaqlarından geri çəkilməsindən sonra Cənubi Qafqazda erməni dövləti yaratmaq ideyası gündəliyə gəlmişdi. Rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan 120 mindən artıq erməni əsgər və zabiti, habelə hər birində 10 min silahlını birləşdirən 4 erməni könüllü birlikləri (drujinaları) əllərində silah Cənubi Qafqaza qayıdırdılar. Üstəlik, ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları ərazilərdən 200 minə yaxın erməni qaçqınları da Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdılar. Bütün bunlar ermənilərin İrəvan quberniyasında silah gücünə azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini ələ keçirmək planlarını reallaşdırmağa şərait yaratmışdı.

Ermənilər azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirmək təcrübəsini hələ 1905-1906-cı illər qırğınları zamanı əldə etmişdilər. O dövrdə Şərqi Anadoluda erməni üsyanlarının yatırılmasından sonra əlində silah 400 min erməni Cənubi Qafqaza gəlmiş, özlərinə yeni yaşayış məskənləri əldə etmək üçün İrəvan quberniyasında, Zəngəzur qəzasında və Qarabağda kütləvi qırğınlar törədərək təqribən 200 azərbaycanlı yaşayış məntəqəsini viran qoymuşdular.

Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. 1918-ci il martın 9-da müvəqqəti hökumətin qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, fövqəladə Cənubi Qafqaz Komitəsi yaradılmışdı. Noyabrın 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə yığıncağı keçirilmiş və Cənubi Qafqaz Komissarlığı yaradılmışdı. Həmin ayda Azərbaycan fraksiyası təsis edilmişdi.

1917-ci il noyabrın 7-də Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən iki gün sonra Sovetlərin Ümumrusiya qurultayı sülh haqqında dekret qəbul edir. Millətlərin İşləri üzrə Xalq Komissarlığı və onun nəzdində erməni məsələsi üzrə komissarlıq yaradılır. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti S. Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Sovet hökumətinin sülh haqqında dekret qəbul etməsinə baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Bu dekret “Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin iştahasını artırmışdı. 1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni qaçqınlarına təcili kömək göstərilməsi haqqında” erməni məsələləri üzrə komissarlığın bəyanatını müzakirə edərək qərara almışdı ki, bu məqsədlə təmənnasız olaraq 6194784 rubl vəsait ayrılsın. Eyni zamanda, bütün inqilab komitələrinə, digər yerli orqanlara erməni könüllü dəstələri təşkil edərək, onları silahlandırıb maneəsiz surətdə Qafqaza göndərmək haqqında təlimat göndərmişdi. Göründüyü kimi, istər çar Rusiyası, istərsə də Sovet Rusiyası erməni könüllü dəstələrinin təşkilini və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. Məhz həmin təlimata əsasən əldə edilən silahlarla və Qafqaz cəbhəsindən qayıdan erməni silahlılarının iştirakı ilə sonralar Cənubi Qafqazın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırımlar törədildi.

1917-ci ilin dekabrın 5-də Ərzincanda Cənubi Qafqaz Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışıq sazişi imzalanmışdı. Dekabrın ortalarından etibarən rus qoşunlarının Şərqi Anadoludan özbaşına geri çəkilməsindən istifadə edən ermənilər komandanlığı və silah-sursatı ələ keçirməyə başlamışdılar. Geri çəkilən rus-erməni birlikləri müsəlman əhalisini vəhşicəsinə qırıb-çatır, kəndləri yandırırdı. Həmin dövrdə Tiflisdə çıxan qəzetlər tərxis edilmiş rus ordusunun “adamyeyənlər bandasına” çevrilərək Sarıqamışdan Gümrüyədək keçdikləri əraziləri dağıdıb, xaraba qoyduqlarını yazırdılar.

Fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək əks hücuma keçir. Andranikin, Hamazaspın, Dronun, Njedin qoşunları türk qoşunlarının önündən geri çəkildikcə müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırıma məruz qoyurdular. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoymuşdu.

1918-ci il aprelin əvvəlində Gümrü şəhərinə daxil olan Andranikin qoşunları ayın 18-də Axılkələk istiqamətində hərəkət etmiş, Ağbaba nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şiştəpə, İlanlı, Düzkənd, Qaranamaz, Təzəkənd kəndlərini viran etdikdən sonra qonşu Xocabəy (sonralar Boqdanovka) nahiyəsinin türk kəndlərini xaraba qoymuşdur. Axılkələkdə türk qoşunlarına məğlub olan Andranikin qoşunu may ayının 14-dən 18-dək İrəvan quberniyasına bitişik ərazilərdə Voronsovka (sonralar Kalinin) və Cəlaloğlu (sonralar Stepanavan) nahiyələrinin azərbaycanlı kəndlərini viran qoyur. Andranikin qoşunu həmin bölgənin Şabandilər, Qızılkilsə, Kəkliyən, Səfərli, Hamamlı, Yuxarı Azman, Aşağı Azman, Mamışlı, Əngirval, Qamışlı, Saatlı, Muğanlı, Sarıyar, Molla Eyyublu, Soyuqbulaq, Xocakənd, Yırğancaq, İlməzli, Qaraqala, Qara İsə kəndlərini talan etmiş, əhalisini kütləvi surətdə qırğınlara məruz qoymuşdu. Mayın 21-22-də Voronsovka və Cəlaloğluda türk qoşunlarına məğlub olan Andranikin qoşunu Loru bölgəsindən Dilicana keçir. Oradan Qaraqoyunlu dərəsi ilə irəliləyərək iyunun 12-də Göyçə gölünün sol sahilindəki Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmiş və sonra isə Novo-Bayazid (Kəvər) qəzasının kəndlərini viran qoymuşdur.

İyunun 20-də Şərur-Dərələyəz istiqamətindən Naxçıvana daxil olan Andranikin qoşunu orada da qırğınlar törədərək Culfa istiqamətindən Cənubi Azərbaycana daxil olmuşdur. İyunun 24-də Xoy şəhərində soyqırım törədən Andranikin qoşunu Urmiya üzərinə hücum etmiş və türk qoşunları ilə qarşılaşmaqdan qorxaraq yenidən Naxçıvana qayıtmış, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdur. 1919-cu ilin aprel ayınadək Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdur. Zəngəzuru ələ keçirməklə Andranik, Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əlaqəsini kəsmək niyyətlərini reallaşdırmış oldu. Sovet Rusiyası isə Zəngəzurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı.

Erməni silahlı dəstələri 1918-ci ilin Novruz bayramı günlərində İrəvan quberniyasının azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmiş, əhalini yer-yurdlarından didərgin salmışdılar. Pəmbək nahiyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qətlə yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkcə Arcut kəndində 60 nəfər qətlə yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi. Gözlədərə kəndi yandırıldıqdan və kişilər qətlə yetirildikdən sonra sağ qalan qadınlar meşəyə qaçmış, ermənilərə əsir düşməsinlər deyə özlərini öldürmüşdülər.

Türk qoşunlarının qarşısından çəkilən erməni qoşunlarının İrəvan quberniyasında törətdikləri qırğınlar haqqında Türkiyə arxivlərində də kifayət qədər sənədlər saxlanılır. Kazım Qarabəkir Paşanın “1917-20 arasında Ərzincandan İrəvana erməni zülmü” kitabında ermənilərin törətdikləri kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınmışdır. K. Qarabəkir Paşa yazır:

– 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə köçürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir;

– min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri qırmışlar;

– 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüşlər;

– 01.05.1918-ci ildə Axılkələk ətrafındakı kəndlərdə Acaraca, Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdir. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimali şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər tamamilə yandırılıb dağıdılmışdır.

Türk ordusunun önündən qaçan erməni silahlı dəstələri ən böyük qətliamlardan birini 1918-ci ilin aprelində Gümrüdə törətmişdilər. Türklərin gəlişindən öncə ermənilər şəhərdə yaşayan azərbaycanlı ailələrinin təhlükəsiz şəkildə Qars vilayətinə keçməyə şərait yaradacaqları vədi ilə aldadıb onları gecə ikən yola düşməyə vadar etmiş və Arpaçayın sahilində 500-dən artıq azərbaycanlı ailəsini məhv etmişdilər. Həmin qətliamdan tək-tük azərbaycanlı gənc Arpaçayı keçərək salamat qalmışdı.

1918-ci il mayın 15-də Kazım Qarabəkir Paşanın komandanlığında türk qoşunları Gümrüyə daxil olmazdan əvvəl ermənilərə ultimatum vermişdi ki, şəhərdəki türkləri gətirib türk ordusuna təhvil verin və sonra da şəhəri təslim edin. Ermənilər qorxularından Gümrüdə yaşayan 250 türk ailəsini arabalara mindirib Arpaçay üzərindəki körpüdən keçirərək türklərə təslim etmişdilər. Kazım Qarabəkir Paşa Gümrüdə ancaq 8-10 imkansız türk ailəsinin qaldığını yazır.

Gümrüyə daxil olan türk ordusu iki istiqamətdə irəliləmişdi. Qoşunların bir qismi İrəvan istiqamətində, bir qismi də Qarakilsə (sonralar Kirovakan, hazırda Vanadzor şəhəri) istiqamətində hərəkət etmişdi. Mayın 21-də türk qoşunları Sərdarabadı və İrəvan yaxınlığındakı Qamışlı (sonralar Yeğeknut) dəmiryol stansiyasını ələ keçirir. Ayın 24-də türk qoşunları Hamamlını (sonralar Spitak) erməni silahlılarından təmizləyir. General T. Hazarbekovun komandanlığı altında geri çəkilən erməni korpusu Birinci Dünya müharibəsi gedişində rus qoşunlarının Anadoluda əsir aldığı və həmin vaxt Qarakilsədə saxlanılan 3 min türk hərbi əsirlərindən 2 minini diri-diri yandırır. Qalan əsirlər türk ordusu Qarakilsəni ələ keçirdikdən sonra xilas edilmişdi.

Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.

İrəvan quberniyasında yaşayan müsəlmanları ermənilərin törətdikləri qırğınlarından xilas etmək üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Osmanlı ordusunun 36-cı Qafqaz diviziyası komandanlığına etdiyi müraciətində deyilirdi: “İrəvan quberniyası ərazisindəki islamların qırılıb, yox edilməkdə olduqları, otuzdan çox müsəlman kəndinin yandırılıb, əhalisinin qırıldığı və İrəvandan qaçaraq gələn yaralı və xəstə köçkünlərin sayının gündən-günə çoxalmaqda və yoxsulluq ilə pərişanlıq içində üzülməkdə olduqlarından, bunlara sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır”.

Bütün bu qırğınları ermənilər Cənubi Qafqazda üç müstəqil dövlət yarananadək törətmişdilər. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Həmin gün Seymin erməni fraksiyası İrəvan şəhərinin ermənilərə paytaxt kimi verilməsi üçün Müsəlman fraksiyasına müraciət etmişdi. Çünki müstəqillik aktının elan olunması üçün Ermənistanın paytaxtı yox idi. Mayın 27-də keçirilən Müsəlman Milli Şurasının iclasında Nəsib bəy Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır. Mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir.

Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilir. İrəvan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirir. İyunun 1-də keçirilən Milli Şuranın iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də nəticəsi olmur. İrəvan quberniyasından alınan həyəcanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır.

İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv. km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Lakin erməni silahlı dəstələri ətraf bölgələrin azərbaycanlı yaşayış məntəqələrini silah gücünə ələ keçirməklə respublikanın ərazisini genişləndirmək yolunu tutmuşdular.

Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilir. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara alır. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yardımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin.

Türk qoşunlarının nəzarətindən xaric bölgələrdə ermənilər qırğınları bir gün də olsa dayandırmamışdılar. Azərbaycan hökumətinin başçısı F. Xoyski Gürcüstandakı daimi nümayəndəyə 1918-ci il avqustun 28-də göndərdiyi teleqramda Novo-Bəyazid qəzasının Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Nokit, Yuxarı Alçalı və Kərkibaş kəndlərinin nümayəndələrinin onun yanına şikayətə gəldiklərini və ermənilərin həmin kəndlərə hücum etdiklərini, kəndləri yandırdıqlarını, əhalinin dağlara çəkildiyini, əkin sahələrinin məhsulunu ermənilərin yığdıqlarını bildirmiş, Azərbaycan hökumətindən yardım istədiklərini bildirmişlər. F. Xoyski daimi nümayəndəyə Ermənistan hökumətinə etiraz verilməsini tapşırır. Avqustun 30-da Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistan nümayəndəsinə Azərbaycan hökumətinin sədrinin Novo-Bəyazid qəzasında müsəlmanlara qarşı zorakılıqlara qarşı etiraz məktubunu təqdim edir.

Andranikin qoşununun Zəngəzuru ələ keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı nümayəndəsinə məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi. Göründüyü kimi, Azərbaycan tərəfi diplomatik yazışmalara güc verdiyi vaxtda, ermənilər silaha güc verib, azərbaycanlı yaşayış məntəqələrini ələ keçirməkdə, xalqımıza qarşı soyqırım törətməkdə idilər.

Ermənilər 1918-ci ilin sentyabr-oktyabr aylarında Yelizavetpol (Gəncə) qəzasının Novo-Bəyazid qəzasına bitişik 9-cu sahəsini ələ keçirmək, orada Qarsdan və Gümrüdən olan qaçqınları məskunlaşdırmaq istəyirdilər. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı müvəqqəti işlər vəkilinə göndərdiyi məktubda bildirirdi ki, Gəncə qəzasının 9-cu sahəsinin pristavı Gəncə şəhərinə gələrək bildirmişdir ki, oktyabrın 12-də Novo-Bəyazid qəzasının komissarı Basarkeçər kəndinə gəlib, kənd starşinalarını və ruhaniləri toplayaraq bəyan edib ki, 9-cu sahə bundan sonra Ermənistana tabe olacaq. Özünü pristav elan edən Çayxorski tələb edib ki, bir həftə ərzində vergilər ödənilsin, silahlar təhvil verilsin, bu tələbləri yerinə yetirməyənlər ərazini tərk etsinlər.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. IX ordunun komandanı Yaqub Şevki Paşa İrəvan quberniyasının və Qars vilayətinin müsəlman əhalisinin özünümüdafiəsi üçün geri çəkilən türk ordusunun komandanlığına tapşırmışdı ki, yerli milli şuralara lazımi qədər silah versinlər və türk zabitlərindən bir qismi həmin ərazilərdə qalıb yerli əhalinin təlimləri ilə məşğul olsunlar. Həmin tapşırığa əsasən noyabrın 12-də 2000 ədəd iriçaplı rus tüfəngi Naxçıvan və İqdır əhalisinə, noyabrın 15-də isə 3000 rus tüfəngi Qəmərliyə göndərilmişdi. Həmin ərazilərin ermənilər tərəfindən işğal təhlükəsi yarandığından, Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli (indiki Artaşat) qəsəbəsinə toplaşaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar çıxarırlar. Hökumət rəisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərbi nazir isə sonralar Cənub-Qərbi Qafqaz hökumətinin (Qars hökuməti) başçısı olmuş İbrahim bəy Cahangirzadə seçilir. İbrahim bəy dərhal işə başlayıb özünümüdafiə üçün yerli əhalidən ibarət 20 tabur təşkil edir. Bu taburlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Vedibasar, Qəmərli və Zəngibasarda yerləşdirilir və həmin bölgələrin əhalisini erməni qırğınlarından müdafiə edir.

Ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınları türk qoşunlarının geri çəkilməsindən dərhal yenidən intensivləşmişdi. Azərbaycan hökuməti dekabrın sonlarında Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin edir. Ermənistan hökuməti 1919-cu il fevralın 1-də nümayəndəliyin fəaliyyətə başlamasına razılıq verir. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.

İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur bəy Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına – yəni türk qoşunlarının gəlişinədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşlar. Onun məlumatına görə erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz qəzalarının bir hissəsini ələ keçirərək Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsirsiz müsəlman əhalisi ya məhv edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları ilə İrana qaçırlar ki, bu da elə labüd ölüm deməkdir. Teymur bəy Makinski zorla boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını yazır.

Azərbaycan xarici işlər nazirinin müavini Adilxan Ziyadxanov İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar və zorakılıqlarla bağlı Ermənistan XİN-ə nota göndərmişdi. Notada deyilirdi: “İrəvan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksilah edilir, öldürülür və qarət edilir, zor gücünə onları özlərinə tabe etdirməyə çalışırlar… Alınan məlumatlara görə, təkcə ermənilərin təqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərkən boğulanların sayı 300 nəfərə çatır.” Həmçinin notada bildirilirdi ki, Azərbaycan hökuməti erməni qoşunlarının müsəlmanlara qarşı törətdikləri zorakılıqlara qarşı çıxır və erməni qoşunlarının ələ keçirdikləri İrəvan quberniyasının müsəlmanlar yaşayan ərazilərini özünün ayrılmaz tərkib hissəsi hesab edir.

İrəvan quberniyasından gələn xəbərlər o qədər ciddi və həyəcanlı idi ki, Azərbaycan parlamenti 8 yanvar 1919-cu ildə keçirdiyi 7-ci iclasında İrəvan quberniyası müsəlmanlarının əhvalı haqqında məsələ müzakirə etmişdir. “Azərbaycan” (rusca) qəzeti 10, 11, 12 yanvar 1919-cu il tarixli nömrələrində İrəvan müsəlmanlarının ağır vəziyyəti haqqında materiallar dərc etmişdir.

İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından 1919-cu ilin yanvar ayında Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində qeyd edilir ki, Ermənistan hökuməti silah gücünə erməni qaçqınlarını müsəlmanlara məxsus ərazilərdə məskunlaşdırır. Məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər.

12 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan XİN-ə göndərdiyi notada bildirdi ki, Ermənistan silahlı dəstələri başda erməni zabiti olmaqla Göyçə gölü ətrafında sərhədi keçərək Azərbaycan ərazisinə daxil olmuş, Qızılvəng, Subatan, Zağalı, Şahab və s. müsəlman kəndlərini viran etmişdir. Adları çəkilən kəndlərin kişilərinin bir hissəsini öldürmüşlər, bir hissəsi də qaçaraq canlarını qurtarmışlar.

Həmin günlərdə Vedibasara da ermənilərin hücumları genişlənmişdi. Azərbaycan XİN müavini (əvəzi) Ziyadxanov Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.Y. Cəfərova 21 fevral 1919-cu ildə göndərdiyi teleqramda bildirirdi ki, erməni dəstələrinin Qaraxaç, Qədili, Qarabağlar, Ağasıbəyli, Dəhnəz və Şahablı kəndlərini dağıdan zaman yüzlərlə müsəlman qadın və qızlarını əsir götürmüşlər. Onlar hazırda İrəvan qəzasının Vedibasar rayonunda erməni dəstələrinin əlindədirlər. Teleqramda müttəfiqlərin Ali Komandanlığının qarşısında əsirlərin azad olmaları üçün ciddi addımlar atılması tələb edilirdi.

Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinin martın 31-də Azərbaycan XİN-ə göndərdiyi cavab məktubunda bildirilirdi ki, o, martın 28-də general Biçlə görüşmüş, İrəvan quberniyasında bir neçə yüz müsəlman qadının əsir götürülməsi barədə teleqramı ona təqdim etmişdir. General onun verdiyi xəritədə hadisənin baş verdiyi yerlə tanış olmuş, kəndlərin adlarını yazıb götürmüş, teleqrafla ingilis komandanlığının İrəvandakı nümayəndəsinə tapşırıq vermişdir ki, qadınların azad olunması üçün tədbirlər görsün.

Novo-Bəyazid qəzasının 26 azərbaycanlı kəndinin sakinlərinin 1919-cu il martın 26-da keçirdikləri icma yığıncağında Azərbaycan hökumətinə və xalqına qəbul olunmuş müraciətdə qeyd edilirdi: “Ararat Respublikasının qoşunları, erməni şovinist və quldur dəstələri tərəfindən dəfələrlə dinc müsəlman kəndlərinə hücumlar edilərək kəndlər dağıdılır, sakinlərin başlarına görünməmiş müsibətlər açılır və qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox müsəlman kəndi dağıdılmışdır ki, bundan başlıca məqsəd İrəvan quberniyasında qalan müsəlman əhalisini sıxışdırıb tamamilə qovmaqdan ibarətdir. Müsəlman qardaşlar! Sonuncu dəfə sizə müraciət edirik. Ümidsiz vəziyyətimizi nəzərə alın, nə ilə kömək etmək mümkündürsə bizə kömək edin. İrəvan quberniyası ərazisində qalan 60 minlik bədbəxt müsəlman əhalisinin tiran, şovinist və daşnaksakanlar tərəfindən məhv edilməsinə yol verməyin” .

Gəncə qəzasının dağlıq hissəsinin 5-ci sahəsinin müsəlman əhalisinin müvəkkili İsmayıl Sultanov Gəncə qəza rəisinə ünvanladığı 1919-cu il 22 aprel tarixli məlumatında yazırdı: “Aprelin 13-dən etibarən Ararat Respublikasının qoşunları Novo-Bəyazid qəzasının Göyçə rayonunun şərq və şimal bölgəsinin müsəlman kəndlərini təmizləmək məqsədilə hücumlara başlamışdır. İndiyədək Göyçənin 60 minə yaxın əhalisi olan 22 kəndi dağıdılmış, yandırılmış və əhalisi təmizlənmişdir…Ermənistan Respublikası öz məqsədinə çatmışdır, artıq Göyçə rayonunda müsəlman qalmamışdır. Novo-Bəyazid qəzasının 84 müsəlman kəndi məhv edilmişdir ki, onlardan da 22-si aprelin 13-20-si arasında dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Ayaq Şorca, Söyünquluağalı, Ağkilsə, Zod, Quluağalı, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Zərzibil, Canəhməd, İnəkdaği, Qaraiman, Kəsəmən, Başkənd, Bala Məzrə, Böyük Məzrə, Şişqaya, Qayabaşı, Hacı Qərib kəndlərində 15 min evin əhalisinin mal-mülkü talan edilmiş və ermənilərə qismət olmuşdur.”

Erməni müəllifi A. Lalayan “Daşnaksutyun” partiyasının quldur dəstələrinin Basarkeçərdə törətdiklərini erməni zabiti Vahramın dili ilə belə təsvir etmişdir: “Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım – deyə, daşnak “başkəsəni” lovğalanırdı. – Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub, üstündən ağır daşları tökəsən ki, onlardan əsər-əlamət qalmasın. – Bandit sözünə davam edərək deyir: – Mən elə də etdim: bütün kişiləri, qadınları və uşaqları öldürüb doldurdum quyuya və üstünü də daşla doldurdum…” Beləliklə, A. Lalayan daşnak könüllülər hərəkatının nəticələrindən birinin on minlərlə türk zəhmətkeşinin qırılması ilə nəticələndiyi qənaətinə gəlir.

Lalayan daha sonra yazır: “Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamış, dövlət siyasəti səviyyəsinə qaldırılmış və Azərbaycanın hüdudlarından kənara çıxmışdır. Onda təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnak hökuməti ”özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 – noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır.” Q. Muradyan erməni hökumətinin Göyçə gölünün şimal sahilində olan azərbaycanlı kəndlərini dağıdan bandit dəstələrinin bədii təsvirini verərək yazmışdır: “…Bizim hökumətin gördüyü tədbirlər nəticəsində…bu kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əhalisi Ermənistanın sərhədlərini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orda bir neçə pişik, habelə sarsıdıcı sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək.”

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A. Ziyadxanov Ermənistandakı diplomatik nümayəndəsinin M. Təkinskiyə göndərdiyi məktubda Fövqəladə Parlament Komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə məlumat toplamağı tapşırır. İyunun 23-də Azərbaycan XİN əvəzi A. Ziyadxanov Ermənistan XİN-ə göndərdiyi teleqramda qaçqınlar probleminin həlli üçün və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üçün hər iki respublikanın nümayəndələrindən ibarət qarışıq parlament-hökumət komissiyasının yaradılmasını təklif edir. 25 iyun 1919-cu ildə Ermənistan XİN Azərbaycan hökumətinə göndərdiyi cavab məktubunda bildirir ki, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurulması üçün Azərbaycan hökumətinin təklifini qəbul edir və hökumətlərarası qarışıq parlament komissiyasının yaradılmasına razıdır. Hər iki tərəfdən 2 nəfər və müttəfiq dövlətlərin nümayəndəsinin iştirakı ilə yaradılacaq komissiya Azərbaycanda ermənilərin və Ermənistanda müsəlmanların vəziyyətini yoxlamaq məqsədilə təşkil edilir.

Lakin Ermənistan hökumətinin bu cavabı Azərbaycan hökumətinin başını diplomatik yazışmalarla qatmağa xidmət edirdi. Arxiv sənədləri sübut edir ki, ermənilər bircə gün də olsun işğalçılıq hərəkətlərindən qalmamışdılar. “Azərbaycan” (rusca) qəzetində 29 iyun – 1 iyul 1919-cu il tarixlərində dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində deyilir: “Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına , mülkünə Türkiyədən olan qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər…Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar…Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir…

Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar…Müsəlmanların evlərini zəbt edən ermənilər onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər.

Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır…

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Zəngibasar və Gərnibasar rayonlarının kəndləri Ermənistan hakimiyyətini qəbul etdikdən sonra belə, erməni qaçqınlarını qəbul etmək məcburiyyətində qalıblar. Onların ərzağı insafsızcasına müsadirə edilir, mal-qarası, müxtəlif bəhanələrlə pulları əllərindən alınır. Müsəlman əhli ucdantutma acından ölür və təxirə salınmadan kömək diləyir. Göyçə və Dərəçiçək rayonlarının əhalisinin vəziyyəti daha ağlamalıdır. Bu rayonların əhalisi Ermənistanın indiki hərbi naziri “general Silikovun hərbi dəstələrinin basqınlarına tab gətirməyərək öz ocaqlarını tərk etmişlər.

Azərbaycanın Gürcüstandakı nümayəndəsinin müavini 12 iyul 1919-cu ildə Britaniya qoşunlarının Cənubi Qafqazdakı Komandanına göndərdiyi məktubda bildirir ki, onun hökuməti İrəvan quberniyasında müsəlmanlara zülm edilməsi barədə hər gün məlumatlar alır. Ermənistan nizami ordusu müsəlman kəndlərinə hücumlar edir, qadınlar və uşaqlara belə rəhm etmir. Hər gün yüzlərlə qaçqın Tiflisdən keçərək Azərbaycanda sığınacaq axtarırlar. İrəvan quberniyasının müsəlmanları onların iradəsinin ziddinə olaraq, böyük dövlətlərin sayəsində müvəqqəti olaraq Ermənistan hökumətinin idarəçiliyinə verilmişlər. Bu aktın dərc edilməsindən sonra ingilis komandanlığı bir sıra ictimai təşkilatlardan məsələnin bu cür həllinə qarşı etiraz almışdır. Bu etirazlarda bildirilirdi ki, onlar Ermənistan hökumətinin düşmənçilik münasibətindən çox qorxurlar. Bu narahatçılığın əsaslı olduğu son hadisələrdə özünü göstərdi. Azərbaycan hökuməti adından Ermənistan hökumətinin dinc müsəlman əhalisinə qarşı zorakılıqlarına və repressiyasına son qoyulmasını tələb edir.

“Azərbaycan” qəzeti (rusca) etibarlı mənbələrə istinadən yazırdı ki, iyulun 4-də gecə erməni qoşunları Böyük Vedi, Çimənkənd, Daştıgoravan, Yengicğə və Vedi-Avşar kəndlərini ağır artilleriyadan atəşə tutmuşdur. Böyük Vedi, Çimənkənd və Goravan sakinləri ağır artilleriyanın və iki zirehli qatarın köməyi ilə məhv edilir. Döyüşlər davam edir. Əhali ingilis missiyasının vasitəsilə Ermənistan hökumətinə təsir göstərməyi xahiş edir. Daha sonra qəzet yazırdı: “Erməni quldur birləşmələri Böyük Vedi kəndinə yaxınlaşmışlar. Müsəlman ağsaqqalları ilə ”görüş” üçün rəsmi danışıqlar aparılmalı idi. Gözlənilmədən ermənilər tərəfindən atəşlər açılmışdır. Böyük Vedi kəndinin iki nümayəndəsi – Zeynalabdin Şıxəli oğlu və Nəsulla bəy Bəşirbəy oğlu öldürülmüşdür…

Silahsız azərbaycanlı kəndlilər dinc əhaliyə qarşı hətta artilleriyadan istifadə edən saqqallılara qarşı qəhrəmancasına müqavimət göstərmişlər. 1919-cu ilin yayı ərzində erməni quldur birləşmələri 300 Azərbaycan kəndini yağmalamış və yandırmışlar. On minlərlə adam – kişilər, qadınlar və uşaqlar həlak olmuşdur.

“Azərbaycan” qəzeti (rusca) 9 iyul 1919-cu ildə “İrəvan və Qarabağ” məqaləsində yazırdı: “Daşnakların İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törətdiyi cinayətlər cəzasız qalıb və nə ictimaiyyətə, nə də mətbuata bəllidir. 1918-ci ilin martında ”Bütün müsəlmanlara ölüm” məqsədini elan edən daşnaklar tərəfindən İrəvan quberniyasının Sürməli qəzasının bütün müsəlman kəndləri məhv edilmiş və yandırılmışdır. Qəzanın sakinləri ucdantutma məhv edilmişdir. Quluna, Yaycı, Oba, Qazıqışlaq, Amarat kəndlərinin demək olar ki, bütün əhalisi doğranmışdır. Möcüzə nəticəsində qurtulan 6000 nəfər Dizə kəndinə toplaşırlar ki, Araz çayından keçib İrəvan quberniyasına gəlsinlər. Erməni qoşunları bu kəndi mühasirəyə alıb, əhalini qırırlar. Bədbəxt qurbanların qanını məscidin hovuzuna axıtmışlar…Sürməli qəzasında daş-daş üstə qalmayıb…

Digər qəzaların – Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının vəziyyəti daha acınacaqlıdır. Bu qəzalarda qırğınlar daha dəhşətli həyata keçirilmişdir. Burada süngülərlə hücum və bombardman edilməklə əsl müharibə gedib. Qəhrəman oğulların sayəsində ermənilərin hücumlarının qarşısının “Qurd qapısı”nda alınması sayəsində yalnız Şərur və Naxçıvan salamat qalmışdır…İrəvanın və qəzaların kütləvi surətdə Qarsa köçən müsəlman əhalisinin vəziyyəti ermənilərin ora gəlməsindən sonra daha da ağırlaşıb. Onlar Anadolu dağlarında sığınacaq axtarmağa məcburdurlar. Görünür, azsaylı erməni xalqına İrəvan quberniyasında müsəlman əhaliyə törətdiyi dəhşətlərin miqyası kiçik gəlir. Xaricdən aldıqları köməklə daşnaklar İrəvan faciəsini Qarabağda da törətməyə çalışırlar.

Azərbaycandakı ermənilərin vəziyyəti ilə İrəvandakı müsəlmanların vəziyyətini müqayisə etmək maraqlı olardı. Ermənilər bizim respublikamızda tamhüquqlu vətəndaşdırlar. Onlar bütün vətəndaş azadlıqlarından istifadə ediblər, parlamentdə və hökumətdə təmsil olunublar, övladlarının təhsili üçün dövlət külli miqdarda vəsait xərcləyir, heç kim onlara toxunmur və digər quberniyalarda özlərinə sığınacaq axtarmırlar. İrəvan müsəlmanlarının isə bir hissəsi məhv edilmiş, bir hissəsi səpələnmişlər və özlərinə heç yerdə sığınacaq tapa bilmirlər.” Bu məqalə Azərbaycanda yaşayan ermənilərlə İrəvan quberniyasında yaşayan ermənilərin fərqini əyani şəkildə ifadə edirdi.

Məqalədə adıçəkilən Vedibasarla Şərurun sərhədindəki “Qurd qapısı”nda Araz-Türk hökumətinin özünümüdafiə dəstələri ilə polkovnik Doluxanovun komandanlığında erməni hərbi hissələri qarşılaşmış və ermənilər böyük itki verərək məğlub olmuşdular. Bundan sonra erməni hissələri Dəvəli istiqamətindən Böyük Vedi üzərinə hücuma keçirlər. Döyüşlər Qaralar, Cadqıran, Şirazlı, Reyhanlı və Avşar kəndləri ətrafında gedir. Ermənilər yenə böyük itki verərək geri çəkilirlər. Bir müddət sakitlik olur. İyulun 4-də ermənilər polkovnik Aprosimovun komandanlığında üçüncü dəfə Böyük Vedi üzərinə hücuma keçirlər. Erməni komandanlığı vedililərlə danışıq aparmaq üçün nümayəndə göndərir. Danışıqlar gedən zaman ermənilər fürsətdən istifadə edib irəliləyirlər. Vedililər ermənilərdən geri çəkilməyi tələb edirlər. Lakin ermənilər Böyük Vediyə doğru irəlilədikdə vedililər əks-hücuma keçirlər. Ermənilər bir zabit və 42 süvari itki verərək meydandan qaçırlar. Vedililər 4 pulemyot, 400 tüfəng, xeyli miqdarda sursat ələ keçirirlər. Bundan sonra Ermənistan müdafiə nazirinin müavini Dronun komandanlığında nizami ordu 4-cü dəfə Vediyə hücum edir. Vedi qoşununun komandanı Abbasqulu bəy Şadlinski döyüşə əlverişli mövqeyə malik olan Vedinin özündə başlamağı qərara alır. Ermənilər elə güman edirlər ki, kənd boşalıb, sürətlə irəliləyirlər. Bu zaman vedililər ermənilərin özlərindən ələ keçirdikləri pulemyotlarla atəş açırlar. Bir saata yaxın əlbəyaxa döyüş davam edir. Ermənilər 1000 döyüşçüdən artıq (təqribən əsgərlərinin yarısını) itirərək Yuva kəndinə geri çəkilirlər. Bu zaman ingilis komandanlığı atəşkəs təklif edir və yenidən sakitlik başlayır.

İngilis qoşunlarının Qafqazdan çəkilməsindən bir müddət sonra erməni silahlı qüvvələri quldurbaşı Yaponun komandanlığında Naxçıvan və Şərur-Dərələyəz qəzalarında kütləvi qırğınlar törədirlər. İyulun sonu, avqustun əvvəlində erməni silahlı qüvvələri Dəvəli istiqamətindən yenidən hücuma keçərək əvvəlcə Şirazlını, sonra isə qonşu Şidli, Xalisa, Avşar, Cadqıran, Qaralar, Kiçik Vedi, Şıxlar kəndlərini və Əliməmməd kəndinin bir hissəsini ələ keçirərək artilleriya vasitəsilə evləri darmadağın edirlər. Öz qüvvələrini cəmləşdirdikdən sonra erməni ordusu Milli Dərəsi istiqamətindən hücuma keçərək Çimənkəndi ələ keçirmiş, oradan 5-ci dəfə Böyük Vedi üzərinə hərəkətə keçmişdi. Erməni ordusu 4000 döyüşçü itkisi verərək Araz çayı xətti boyunca mövqe tutmuşdu. Avqustun əvvəlindən etibarən İqdır və Eçmiədzin qəzaları müsəlman kəndlərinin qırğınları başlanmışdı. Həmin bölgələrdə ermənilər 60 kəndi darmadağın etmişdilər. Erməni silahlı qüvvələrinin Vedibasarda törətdiyi qırğınlara etiraz əlaməti olaraq 12 iyul 1919-cu ildə Azərbaycan XİN Ermənistanın Bakıdakı diplomatik nümayəndəsinə etiraz notası göndərmişdi. Notada Ermənistan qoşunlarının Böyük Vedi, Çimənkənd, Gelevan, Paşalı və digər müsəlmanların kəndlərini mühasirəyə alaraq artilleriyadan atəşə tutduğunu və bunun məsuliyyətinin Ermənistan hökumətinin üzərinə düşdüyünü bildirirdi.

Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi T. Bekzadyan Azərbaycanın XİN-ə cavab notasında bildirir ki, iyulun 12-də Azərbaycan hökumətinin Böyük Vedi rayonunda baş verən hadisələrlə bağlı etiraz məktubunu almışdır. O, Azərbaycan tərəfinin yanlış informasiyaya malik olduğunu və hadisənin Ermənistanın mübahisəsiz ərazisində baş verdiyini bildirir. T. Bekzadyan guya iyulun 1-də Böyük Vedi və Dəvəli kəndləri arasında 9 erməni əsgərinin və 12 erməni kəndlisinin yerli müsəlmanlar tərəfindən qətlə yetirildiyini qeyd etməklə, ermənilərin törətdiyi Vedibasar qətliamına haqq qazandırmağa çalışır.

Azərbaycanın Gürcüstandakı diplomatik missiyası avqustun 12-də Azərbaycan hökumətinin Böyük Vedi hadisələri ilə bağlı notasının surətini İtaliyanın hərbi missiyasına, Amerikanın Cənubi Qafqazdakı missiyasına, Fransanın hərbi missiyasına, Britaniya qoşunlarının Cənubi Qafqazdakı missiyasına göndərmişdi. Lakin ermənilər İrəvan quberniyasında törətdikləri qırğınlara son qoymamışdılar. Əksinə, qırğınlar Eçmiədzin qəzasında daha sistematik xarakter almışdı.

Azərbaycan hökumətinin Eçmiədzin qəzasında avqust-sentyabr aylarında baş vermiş hadisələrin istintaq edilməsi ilə bağlı tələbinə əsasən Ermənistan hökumətinin 16 oktyabr 1919-cu ildə Ali Komissar polkovnik Haskelə göndərdiyi məktubunda İrəvan quberniyasında erməni ordusunun törətdiyi qırğınlara dolayısı ilə haqq qazandırılırdı. Məktubda deyilirdi: “Avqustun əvvəllərində Naxçıvanda və Şərurda müsəlmanların əhalinin üsyanın baş qaldırmasından sonra Eçmiədzin qəzasında da Ermənistan hökuməti əleyhinə üsyanlara hazırlıq barədə məlumat daxil olub. Yerlərdən alınan məlumatlarda bildirilir ki, bölgəyə çoxlu sayda Türkiyə və Azərbaycan agentləri gəliblər və ayrı-ayrı türk zabitləri müsəlman kəndlərinə toplaşaraq əhaliyə Naxçıvan və Şərur üsyanlarına qoşulmaq üçün hədə-qorxu gəlirlər.” Daha sonra məktubda qeyd edilirdi ki, çobankərəlilər avqustun 19-da 4 erməni polisini öldürüblər. Avqustun 20-də üsyançı qarxınlılar körpünü yandırıblar. Avqustun 23-də üsyançıların Qamışlı kəndindən Qarxına axışdıqları, müsəlmanların Uluxanlıda toplaşdıqları, avqustun 26-da Kərimarx kəndinin tatarlarının da üsyançılara qoşulduğu qeyd edilirdi. Guya Qurduqlu (sonralar Hoktemberyan) rayonunda iğtişaşların baiskarı Canfida və İydəli kəndlərinin tatarları olublarmış. Canfida kəndinin müsəlmanlarını Ermənistan hökumətinə tabe olmağı tələb etdikdə atışma baş verdiyi, bir neçə erməni milisionerinin yaralandığı, 16 tatarın öldürüldüyü, Kərimax kəndinin əli silah tutan kişilərinin kəndi tərk edərək üsyançılara qoşulduqlarından 480 qadın, qoca və uşaq kənddən sürüldüyü (əslində girov götürüldüyü-N.M) həmin məktubda etiraf edilmişdi.

Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu ildə Himayəçilik Nazirliyinə məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhli hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir.

İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir.”

1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə sülh konfransı keçirilmişdi. Ermənistanla Azərbaycan arasında bağlanan sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N. Yusifbəyli və A. Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən C. Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalamışdılar. Sazişdə Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər. Lakin əvvəllər olduğu kimi, bu dəfə də ermənilər yaranmış fürsətdən istifadə edərək yeni-yeni Azərbaycan ərazilərini işğal etdilər.

Xarici işlər naziri M.Y. Cəfərov dekabrın 3-də Ermənistan XİN-nə göndərdiyi teleqramda bildirir ki, noyabrın 23-də Azərbaycan hökuməti ilə Ermənistan hökuməti arasında razılaşma əldə edilib ki, hərbi toqquşmalar dərhal dayandırılsın və bütün mübahisəli məsələlər Ermənistan – Azərbaycan sülh konfransının sərəncamına verilsin. Buna baxmayaraq, indicə məlumat alınıb ki, sizin hökumətin qoşunları Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərini dağıdıb kütləvi qırğınlar törədib. Girətag və onun ətraf kəndləri mühasirəyə alınıb və ətrafla əlaqələri kəsilib. Dərələyəz qəzasında isə Köçbəy, Qısır, Martiros, Qayalı, Leyliqaçan, Vəlyalar, Göyərçin, Çimkənd və İtdil kəndlərinə hücum zamanı 300 kişi öldürülüb və 30 qadın əsir götürülüb. Həmin istiqamətdə nizami qoşunların göndərilməsi davam edir. Azərbaycan hökuməti adından tələb edir ki, qoşunların göndərilməsini dərhal dayandırsın və müsəlman kəndlərinin dağıdılmasına son qoysun. Lakin erməni tərəfi Azərbaycan tərəfinin tələblərinə məhəl qoymadan işğalı davam etdirmiş və 1920-ci ilin yanvarında Zəngəzurun bütün kəndlərinin işğalını başa çatdırmışdı.

Himayəçilik Nazirliyinin müvəkkili Makinskinin və doktor Qənizadənin 21 dekabr 1919-cu ildə nazirliyə göndərdikləri hesabatlar əsasında hazırlanan məruzədə bildirilirdi ki, 1919-cu ilin payızına qədər İrəvan quberniyasında və Cənub-Qərbi Azərbaycanda qaçqınların sayı 150 minə çatır. İrəvan qəzasında 25 mindən artıq, Eçmiədzin qəzasında da bir o qədər, İrəvan şəhərində 13 min qaçqın və yerli əhali toplanıb. Novo-Bəyazid qəzasında Göyçə gölünün şərq sahili istisna olmaqla müsəlman qalmayıb. Hazırda bütün qaçqınların sayı 70-80 min arasındadır və onlar əsasən Böyük Vedi, Aralıq, Başkənd, Yengicə və Naxçıvanda cəmləşiblər. Makinski qaçqınların vəziyyətinin həddindən artıq ağır olduğunu, çörək tapılmadığını, müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını, ev sahiblərinin isə evsiz-eşiksiz, ac-yalavac qaldıqlarını bildirir.

Məruzədə həmçinin təkcə 1919-cu ilin avqustun 2-ci yarısında Eçmiədzin, Novo-Bəyazid və Sürməli qəzalarında 50-dən artıq müsəlman kəndinin dağıdıldığı öz əksini tapmışdı.

Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinin himayəçilik nazirinə göndərdiyi məktubda dekabrın 20-də Tiflisdə İrəvan quberniyası və Qars vilayətindən gələn qaçqınların söylədiklərinə əsasən tərtib edilmiş protokolun mətni əks olunub. Protokolda qeyd olunur ki, qaçqınlara yardım göstərilməsi üçün Himayəçilik Nazirliyinin Sənaində, Aleksandropolda (Gümrü), Qars vilayətində və Uluxanlı stansiyasında qaçqınların qəbulu və göndərilməsi üçün məntəqələr açılmalıdır. Əbdürrəhim bəy Haqverdiyevin, nümayəndəliyin əməkdaşları Teymur bəy Makinskinin və Nəsrulla Şeyxovun verdikləri məlumata görə, Araz və Tarasum çaylarının o biri sahilində, Uluxanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamilə yandırılmış 50 min qaçqın toplaşmışdır. Nümayəndəliyin sərəncamında 14 nəfər əməkdaş var ki, onların da vəzifəsi İrəvandakı qaçqınları himayə edərək, onları göndərməkdən ibarətdir. İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaçqınların isə taleyin hökmünə buraxıldıqları protokolda qeyd edilirdi.

Ermənistan ordusunun növbəti hədəfi özünümüdafiə dəstələrinin güclü olduğu Zəngibasar bölgəsi idi. Azərbaycan XİN-in dekabrın 27-də Ermənistan XİN-nə göndərdiyi teleqramda deyilirdi: “Bu gün aldığımız məlumata görə dekabrın 21-də Ermənistan hökuməti Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayıb. Həmin gün Qarğabazar kəndi talan edilib və dağıdılıb. Ayın 22-də həmin aqibəti Uluxanlı kəndi yaşayıb. İndi döyüşlər Çobankərə və Qaraqışlaq kəndlərində gedir. Əgər bunlar doğrudursa, deməli Ermənistan hökuməti danışıqları pozub.” Azərbaycan XİN Ermənistan XİN-ə Zəngibasarın müsəlman kəndlərinə erməni hücumlarını dayandırmaq haqqında teleqramın surətini Fransanın və İtaliyanın hərbi missiyalarına və müttəfiq dövlətlərin Qafqazdakı Ali Komissarına və Britaniyanın Ali Komissarına da göndərmişdi.

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, “erməni silahlı birləşmələri Zəngəzuru müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. Zəngəzurda Oxçu, Şabadin və Gığı dərəsindəki kəndləri viran qoyan ermənilərin məqsədi Ordubad istiqamətində irəliləyib Əylisdəki qüvvələrlə birləşdikdən sonra Naxçıvanı ələ keçirməkdir.

Vedibasar hadisələrindən sonra general Dro (Drastamat Kananyan) Eçmiədzin və Sürməli qəzalarının rəisi təyin edilmişdir. Çox keçmədi ki, 60-dan artıq müsəlman kəndi tar-mar edildi və əhalisi qətlə yetirildi. Oradan o, Zəngəzura yollanır.

İran tərəfi ingilislər və ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə naxçıvanlıları İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləsin və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-Türk hökuməti nəzərdə tutulur-N.M.) Böyük Vedi və Aralıq rayonlarını əhatə edir, Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində törədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalmış və hərbi təlimlər keçirmək üçün təlimatçılar dəvət etmişdir.

Zəngibasarda 12 kənddə tamamilə müsəlmanlar yaşayırlar və İrəvandan 8-12 verst məsafədə yerləşirlər və bir ucu Araz çayına çatır.

Təqribən, dekabrın 20-də ermənilər Kolanı kəndinə hücum edib, əhalini kənddən çıxarmaq istəmişlər. Bu kənddə 800 müsəlman qaçqın üçün Amerikanın qida məntəqəsi fəaliyyət göstərir. Sonra ermənilər Qarğabazar kəndinə hücum etmişlər.

Dekabrın 28-də ermənilər Eçmiədzin qəzasının Əkərək kəndini dağıtmışlar. Mən amerikalılarla oraya getdim. Əhalinin əmlakını və zərərçəkənləri aparmışlar. 8 ölü və 5 yaralı aşkar etdik, bir çoxlarının aqibəti isə hələ də məlum deyil. 10 gün keçməmiş ermənilər Haxıs kəndinə hücum etmişlər. Toxanşalı kəndi ikinci dəfə hücuma məruz qalıb. İrəvan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır: müsəlman mağazaları yoxdur, evlər dağıdılıb, təhlükəsiz yaşayış üçün heç bir zəmanət yoxdur.”

Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur.

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinin Ermənistan XİN nazirinə göndərdiyi 12 fevral 1920-ci il tarixli müraciətdə deyilirdi ki, fevralın 6-dan 7-nə keçən gecə ermənilər Uluxanlı stansiyasından 5-6 verst məsafədə yerləşən Qarğabazar kəndinə hücum etmişlər. Əhali vahimə içərisində müxtəlif səmtə üz tutmuşdur. 7-si səhər ermənilər kəndi ələ keçirmiş, onu talamış, müxtəlif tərəflərdən kəndi yandırmış və çəkilmişlər. Kənddən 13 kişini, 34 qadını, 26 uşağı öldürmüşlər. 38 kişini və 15 uşağı özləri ilə aparmışlar. Kəndə vurulan ziyanın miqyası təqribən 15 milyondur. Ermənilərin geri çəkilməsindən sonra sağ qalanlar kəndə qayıtmışlar ki, meyitləri dəfn etsinlər. Ermənilər müxtəlif mövqelərdən kəndi atəşə tutur və imkan vermirlər ki, çöllərə səpələnmiş meyitləri yığsınlar.

İrəvan qrupunun rəhbəri Şelkovnikovun 8 mart 1920-ci ildə Ermənistan qoşunlarının komandanına göndərdiyi məktubunda bildirilirdi ki, Zəngibasar müsəlmanlarının tutduqları mövqenin təhdidedici və İrəvan şəhərinə yaxın olmasını nəzərə alaraq tərksilah əməliyyatının keçirilməsi və onların diz çökdürülməsi zəruridir. Əgər diplomatik təsirlər nəticəsiz qalsa, onda hərbi gücə əl atmaq və həmin ərazinin əhalisini zor gücünə köçürmək və Zəngibasar rayonunu müsəlman elementlərindən tamamilə təmizləmək lazım gələcək.

O bildirirdi: “Bunun üçün 2 min süngü (əsgər), 2 batalyon və 100 atlı lazımdır. Əsas zərbə (1 süngü və 1 batalyon) İrəvan-Parakər tərəfdən cənub və cənub-qərb istiqamətdən endirilməlidir. Bu əməliyyata yardım üçün qısa cinah zərbələri Qarxın tərəfdən və Ağhəmzəli tərəfdən (1 batalyon, 300 süngü və 1 artilleriya taboru) endirilməlidir.

Zəngibasarı bu yolla Süleyman-Dizə-Ramazan xətti boyunca sıxışdırıb çıxarmaq lazımdır.

Bu əməliyyatı keçirmək üçün 600 süngü 2-ci piyada polkunda, 150 süngü isə xüsusi sərhəd briqadasında vardır. Çatışmayan 1250 süngünü isə təcili olaraq Nuxalılardan və Ərəşlilərdən ayrıca nizami batalyonlar da köməyə gələ bilər…

Dəstə kifayət qədər texniki vasitələrlə, rabitə vasitələri ilə yük maşınları və ərzaqla təchiz edilməlidir. Bütün sadalananlarla təmin edildikdən sonra yalnız Daşburun-Həsən xan-Ramazan istiqamətində əməliyyatlara başlayıb Qəmərli və İqdır dəstələri ilə möhkəm əlaqə qurmaq, bununla da müsəlmanların şimal xətti boyunca əlaqələrini kəsmək olar. Hesab edirəm ki, süngülərin sayını 3000-ə çatdırmaq lazımdır.”

Ermənistan qoşunlarının komandanı Nazarbekov müdafiə nazirinə göndərdiyi 10 mart tarixli cavab məktubunda general Şelkovnikovun Zəngibasar tatarlarının tərksilah edilməsi planı ilə tamamilə razı olduğunu bildirir. Əməliyyatın uğurunu təmin etmək üçün süngülərin (əsgərlərin) sayının 3000-ə çatdırılmasının zəruriliyi vurğulanır. O, bu ərazidə yaşayan və silah daşıya bilənlərin sayı 3000 nəfərdən artıq olduğunu və sayıqlıqla qorunduqlarını bildirir: “Əməliyyat sürətlə həyata keçirilməlidir, əks-təqdirdə mənfi psixoloji təsiri ola bilər. Əməliyyatın əsas vəzifəsi Haçaparax, Hacı Elyas, Şorlu Dəmirçi, Şorlu Mehmandar və Təzə Qarxın (Şərifabad) kəndlərini tutmaqdır.”

Dekabrın 16-da Ermənistan Nazirlər Soveti Zəngibasara hücum məsələsini müzakirə etmişdi.

1918-ci ildə ermənilər İrəvan quberniyasında kütləvi qırğınlar törədən zaman 82 kəndin azərbaycanlıları Qars vilayətinə qaçaraq orada özlərinə sığınacaq tapmışdılar. 1918-ci ilin noyabrında Qarsda Milli Şura, sonra isə Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti qurulduqdan sonra İrəvan quberniyasından olan qaçqınlar bir neçə ay dinclik tapmışdılar. Lakin 1919-cu il aprelin 12-də ingilislərin köməyi ilə Cənubi-Qərbi Qafqaz hökuməti devrildikdən və vilayətdə Stepan Korqanovun başçılığı ilə erməni hakimiyyəti qurulduqdan sonra qaçqınların vəziyyəti daha da ağırlaşmışdı. Ermənilərin yeni qırğınlarından qurtulmaq üçün azərbaycanlı qaçqınların bir qismi Türkiyənin içərilərinə doğru hərəkət etmiş, bir qismi də Gürcüstandan keçməklə Azərbaycanda özlərinə sığınacaq tapmışdılar.

Borçalı qəzasının Qaçağan kəndində sığınacaq tapan İrəvan quberniyasının Qarakilsə qəzasının Xancığaz, Saral və Arcut kəndlərinin 60 sakininin imzası ilə 1920-ci il martın 15-də Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə təqdim edilən müraciətdə deyilirdi ki, türk qoşunlarının 1918-ci ilin payızında Qafqazdan geri çəkilməsindən sonra adları çəkilən kəndlərin sakinləri Qars vilayətinin Şörəyel məntəqəsinin Qaraxan kəndində məskunlaşmışdılar. 1920-ci ilin fevralında erməni silahlı qüvvələri həmin kəndə hücum edib onu darmadağın etmiş və əmlaklarını qarət etmişlər. Qaçqınlar ermənilərin onlara vurduqları ziyanın məbləğinin 17,9 milyon rubl olduğunu göstərən siyahını diplomatik nümayəndəyə təqdim etmişdilər.

Gəncənin qubernatoru X. Rəfibəyovun Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M. Vəkilova aprelin 27-də göndərdiyi teleqramda bildirirdi ki, “Gəncə qəzasının 2-ci sahəsinin pristavının verdiyi məlumata görə, Novo-Bəyazid erməniləri Şişqaya kəndinin üzərinə hücuma keçmiş və bütün əhalini ucdantutma məhv etmişlər. Gədəbəyə və Qabaxatana yaralılar gəlmişlər. Hazırda Cil kəndində döyüşlər gedir. Müsəlmanların vəziyyəti ciddidir. Kömək gözləyirlər.”

Tiflis-İrəvan qatarında İrəvana gedərkən martın 7-də Əbdürrəhim bəy Haqverdiyev yolda erməni quldurları tərəfindən qarət edilmiş, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini silahlı təzyiqlə əlindən almışdılar. Ə. Haqverdiyev bu hadisədən bir müddət sonra Ermənistanda daimi nümayəndə vəzifəsindən istefa vermişdi. Onun yerinə Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi. Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən ermənilər azərbaycanlıların yaşayış məntəqələrinə hərbi təcavüzü daha da genişləndirmişdilər.

T. Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına gəlib ermənilərin onları məruz qoyduqları vəhşiliklərdən şikayətləndiklərini qeyd edir. O yazırdı: “Ermənilər dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək zorakılığa görə kimsə cəzalandırılmayıb. Martın 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermənistan XİN-ə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Təkiyə, Üşü, Nəzravan və digər kəndlərin darmadağın edilməsi barədə məlumat aldım… Martın 19-da erməni silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Əksinə, yenidən başladı. Bütün bunlar onu göstərir ki, Ermənistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil.” T. Makinski həmçinin hesabatında diplomatik nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bəhs edir.

Mayın 28-də T. Makinski İrəvanı qəfildən tərk edir və diplomatik nümayəndə vəzifəsini Qiyasbəyov icra etməyə başlayır. İyunun 15-də Ermənistan XİN Azərbaycanda yeni hökumət qurulmasını səbəb göstərərək diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin Ermənistanın XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleqramda bildirilirdi ki, Ermənistanın hərbi hissələri Zəngibasarı darmadağın etdikdən və bölgəni müsəlman kəndlilərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna hücuma keçib. Həmçinin bildirilirdi ki, iyulun 5-də səhər saat 4-də Ermənistan hərbi hissələri Qazax qəzasına hücuma keçmişdir. Azərbaycan hökuməti bunu iyulun 2-də əldə edilmiş razılığın pozulması və Sovet Azərbaycanına qarşı açıq hücum kimi qiymətləndirmişdir.

Ermənistan ordusunun Vedibasara 1919-cu ilin iyulunda ikinci hücumundan sonra Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi “Qırmızı tabor” döyüşə-döyüşə İran sərhədinə çəkilmişdi. Bundan sonra Vedibasarın qalan əhalisi də İrana keçmişdi. 28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra Hərbi İnqilab Komitəsinin dəvəti ilə A. Şadlinskinin başçılıq etdiyi tabor noyabr ayında Naxçıvana gəlmişdi. “Qırmızı tabor” 1921-ci ilin fevralında Ermənistanda daşnak qiyamının yatırılmasında iştirak etmişdi. Bundan sonra Vedibasarın İranda qaçqın kimi yaşayan əhalisinin bir qismi tədricən öz yer-yurdlarına qayıtmış, çoxları da erməni qaçqınlarının məskunlaşdırıldıqları kəndlərdə onlarla birgə yaşamağa məhkum olmuşdular.

Ermənilərin Zəngibasarda törətdikləri qırğınlar Türkiyə Böyük Millət Məclisinin də müzakirəsinə çıxarılmışdı. 1920-ci il avqustun 14-də Ərzurumdan olan millət vəkillərinin sorğusuna cavab olaraq Mustafa Kamal Atatürkün verdiyi izahatdan aydın olur ki, onun Ermənistanda soydaşlarımıza qarşı törədilən qırğınlar haqqında müfəssəl məlumatı var imiş. Atatürk deyir ki, Gəncədə bolşeviklərə qarşı Nuru paşanın komandanlığı altında üsyanın baş verməsindən istifadə edən erməni qoşunları iki istiqamətdə – 19 iyun tarixində Oltu Milli Şurası üzərinə, digər qismi də Zəngibasar Milli Şurası üzərinə hücuma keçdilər. Onun sözlərinə görə, həm Zəngibasar Şurası, həm də Oltu Şurası gerçəkdən Ermənistan Cümhuriyyətini təhdid etmək durumunda idilər. Atatürk ermənilərin hücumuna qarşı türk ordusunun bəzi önləmlər almaq məcburiyyətində qaldığını söyləyir və əlavə edir ki, Bəyazid istiqamətindən gərəkli qədər qüvvəni Zəngibasar Milli Şurasının silahlı qüvvələri daxilinə keçirmişlər. Arazın güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra həm Zəngibasara, həm də Oltuya qarşı hücuma keçən erməni qüvvələrinin qarşısı alınmışdı. Bundan sonra erməni silahlı qüvvələri zirehli qatardan istifadə edərək iyulun 10-dan etibarən İrəvan-Culfa dəmiryolu boyunca güneyə doğru irəliləyir.

Məhz türk ordusunun hərbi yardımı sayəsində Zəngibasar Milli Şurasının silahlı dəstələri bölgə əhalisinin bir qismini erməni qırğınlarından xilas edə bilmişdi.

Bəzi erməni müəlliflərinin özləri də “Daşnaksutyun” partiyasının 1918-1920-ci illərdə qanlı əməllərini etiraf etmişlər. Ermənistan daşnak hökumətinin baş naziri olmuş Ovanes (Ruben) Kaçaznuni 1923-cü ildə “Daşnaksutyun” partiyasının qurultayında etdiyi hesabat məruzəsində (bu məruzə rus dilində kitab halında çap olunmuşdur) partiyadaşlarının hakimiyyəti illərində daşnakların Zəngəzurda, Ağbabada, Vedibasarda, Naxçıvanda, Şərurda kütləvi surətdə müsəlman əhalisini qırdıqlarını, yaşayış məntəqələrini darmadağın etdiklərini etiraf etmişdi.

Bakıda rus dilində nəşr olunan “Kommunist” qəzetində Avis adlı müəllif “Ermənistan üsyana qədər” məqaləsində yazırdı: “Zəngəzur, Qarabağ, Əylis, Ağbaba, Zəngibasar imperialist ”Daşnaksutyun” partiyasının və onun hökumətinin qanlı əməllərinin nəticələrinin canlı şahidləridirlər…Ermənistanda müsəlman kəndləri və yaşayış məntəqələri yandırılaraq və qılıncdan keçirilərək müsəlmanlardan təmizlənmişdir.”

Təkcə 1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər aclıqdan həlak olmuşdu. Təbii ki, aclıqdan həlak olanların hamısı azərbaycanlılar olmuşdu. Çünki həmin dövrdə azərbaycanlılar evlərindən çıxa bilmədiklərindən ölümə məhkum idilər. Halbuki, həmin dövrdə Ermənistanda doktor Yarrounun sədrliyi ilə Amerikanın Ermənistana Yardımı Komitəsi fəaliyyət göstərirdi.

1918-1920-ci illərdə Ermənistanda azərbaycanlıların soyqırıma məruz qalmalarını sovet hakimiyyətinin ilk illərində Ermənistan KP Mərkəzi Komitəsinin nəzdində fəaliyyət göstərən azlıqda qalan millətlərlə iş şöbəsinin türk bölməsinin hesabatlarından aydın görmək olar. Bölmənin müdiri Bala Əfəndiyevin Ermənistan KP MK-ya təqdim etdiyi hesabatında göstərilir ki, daşnakların hakimiyyəti dövründə, yəni 1920-ci ilin iyulunda İrəvan quberniyası ərazisində əvvəllər mövcud olmuş 300-dən artıq türk kəndindən yalnız biri – Uluxanlı kəndi salamat qalmışdı. Onun yazdığına görə daşnak Ermənistanında müsəlman “koloniyasını” bircə kənd və İrəvanda qalan bir neçə ailə təmsil edirdi.

1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşadığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı.

Ümumiyyətlə, 1918-1920-ci illərdə Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır.

Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılmış, yarım milyon əhali soyqırıma məruz qalmışdır.

Nazim MUSTAFA,

AMEA A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi

 

 Xalq qəzeti”.-2010.-31 mart.-N 66.-S.4., 1 aprel.-N 67.-S.4., 3 aprel.-N 69.-S.4., 4 aprel.-N 70.-S.4.

   Məqaləni PDF formatına çevir