Azərbaycanlıların əzəli torpaqlarından sonuncu – 1988-1989-cu illər deportasiyası

Nazim Mustafa,

AMEA A. A. Bakıxanov adına Tarix İnstitutnun elmi işçisi,

Dövlət mükafatı laureatı. 

İndi Ermənistan adlanan dövlətin ərazisində yaşayan azərbaycanlıların əzəli torpaqlarından sonuncu deportasiyasından düz 25 il ötür. 1988-ci ilin fevralından başlanan bu proses həmin ilin noyabr-dekabr aylarında kulminasiya nöqtəsinə çatdı. Dekabrın 7-də baş verən Spitak (Hamamlı) zəlzələsindən sonra bir müddət ermənilərin başları dağıntıların nəticələrini aradan qaldırmağa qarışsa da, proses artıq geriyədönməz xarakter almışdı. Deportasiya aksiyası 1989-cu ilin yayında başa çatdırılmış hesab olundu.

Rəhbərliyində kimlərin olmasından asılı olmayaraq, Sovet Ermənistanının Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə iddiası və bu iddiaların fonunda Ermənistandan azərbaycanlıların sıxışdırılıb çıxarılması hər zaman gündəlikdə olmuşdur. Sadəcə olaraq, situasiyadan asılı bu iddialar gah aktuallaşmış, gah da arxa plana çəkilmişdir. SSRİ Konstitusiyasında müttəfiq respublikaların ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin təsbit edilməsi ermənilərin qarşısında bir maneə olsa da, onlar heç zaman bu iddiadan əl çəkməmişlər. Ermənistan rəhbərləri bəzən öz imzaları ilə, bəzən də Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni ziyalılarının imzaları ilə SSRİ rəhbərliyinə vaxtaşırı müraciətlər göndərirdilər. Rəsmi İrəvan və DQMV erməniləri 1945, 1964, 1975, 1977 və 1987-ci illərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Moskvaya müraciətlər etmişdilər.

İkinci Dünya müharibəsinin sonunda SSRİ-nin Türkiyənin Qars və Ərdahan vilayətlərinə ərazi iddiası irəli sürmüşdü. SSRİ-yə birləşdirildikdən sonra Qars vilayətində ermənilərin, Ərdahan vilayətində isə gürcülərin məskunlaşdırılması nəzərdə tutulmuşdu. Bu fürsətdən istifadə edən Ermənistan rəhbərləri xarici ölkələrdən 100 minə yaxın ermənini köçürüb gətirtdi ki, onları sonradan Qars vilayətində yerləşdirsin. Əvəzində, 100 min azərbaycanlının Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına “könüllü köçürülməsi” haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il qərarının qəbul edilməsinə və 1948-1953-cü illərdə təqribən o qədər azərbaycanlının tarix-etnik torpaqlarından deportasiyasına nail oldular.

Ermənistanda antitürk, antiazərbaycan təbliğatı 1960-cı illərin ortalarında var gücü ilə yenidən işə salındı. Moskvanın razılığı ilə 1965-cü ildə Ermənistanda uydurma “Erməni soyqırımı”nın 50 illiyi mərasimi keçirildi. Həmin dövrdə İrəvanda Ermənistanı Yenidənbirləşdirmə Komitəsi yaradılmışdı. Bu komitəyə gizli surətdə Ermənistanın o zamankı rəhbərləri və ziyalıları başçılıq edirdilər. Komitə “Türkiyə Ermənistanı”nı, Naxçıvan və Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoymuşdu. Həmin dövrdə Ermənistanda aparılan milli ayrıseçkilik və diskriminasiya siyasəti nəticəsində İrəvan və onun ətraf rayonlarından yüzlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu.

Ermənistanda yaşayan azərbaycanlılara qarşı açıq elan edilməmiş “səlib yürüşü”nün proqramı respublikanın ən yüksək dairələrində hazırlanır, gizli qərarlar və xüsusi göstərişlər vasitəsilə həyata keçirilirdi. 1983-cü il aprelin 24-də ermənilər “genosid” gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzi Uluxanlıda azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə ilə sərhəd zolağına sığınmağa məcbur olmuşdu.

1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni Zori Balayanın “Ocaq” kitabının çap edilməsi azərbaycanlılara qarşı düşmənçilik hisslərinin açıq-aşkar qızışmasına səbəb oldu. Ermənistanda azərbaycanlılara qarşı aparılan milli ayrıseçkilik siyasətinə, onların müxtəlif bəhanələrlə sıxışdırılmasına nəhayət ki, Sov.İKP MK reaksiya verməyə məcbur olmuşdu. “Ermənistan partiya təşkilatında Sov.İKP MK-nın 1983-cü il iyun plenumunun qərarının yerinə yetirilməsi haqqında” Sov.İKP MK-nın 17 oktyabr 1984-cü il tarixli qərarında deyilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif edilir, azlıqda qalan millətlərin dilinin və mədəniyyətinin inkişafına imkan yaradılmır, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və s.

1985-ci ildə Mixail Qorbaçovun SSRi-nin rəhbərliyinə gəlməsindən sonra “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında Ermənistanda və DQMV-də millətçilik ab-havası gündən-günə qızışırdı. Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə pərdəsi altında Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinin qarşısını ala biləcək şəxs – Heydər Əliyev 1987-ci il oktyabrın 19-da erməni lobbisinin təzyiqi ilə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı. Bundan az sonra noyabrın 18-də Sov.İKP MK-nın baş katibi M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etdi.

Həmin ilin noyabrında M. Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa Qorbaçova erməni diasporunun nümayəndələri ilə görüşmüşdü. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Raisa Qorbaçovanın tamahına bələd olan ermənilər ona qiymətli hədiyyələr bağışlamış, M. Qorbaçovdan Dağlıq Qarabağ ermənilərinin tələblərini yerinə yetirməyi xahiş etmişdilər.

1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər. Dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etmişdilər. Dağlıq Qarabağın erməni icmasının daha bir müraciəti və toplanmış imzaları 8 yanvar 1988-ci ildə SSRİ Ali Soveti sədrinin birinci müavini Pyotr  Demiçevə təqdim etmişdi.

Fevralın 13-də DQMV-də gizli fəaliyyət göstərən separatçı “Krunk” (“Durna”) təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdir. Fevralın 18-də Kremldəki erməni lobbisinin “kuyratoru” Georgi Şahnazarovun M. Qorbaçovun köməkçisi təyin edilməsindən sonra erməni separatçıları daha da fəallaşmışdılar. Həmin günlərdə İrəvanda keçirilən mitinqlərdə “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır!” kimi millətçi şüarlar irəli sürülmüşdü.

DEQMV Xalq Deputatlar Sovetinin növbədənkənar sessiyasının çağırılacağı xəbərini alan Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov 1988-ci il fevralın 20-də səhər-səhər təyyarə ilə Xankəndinə gəlmiş, Vilayət Partiya Komitəsinin büro iclasını keçirmiş, erməni separatizminin qarşısını almağa çalışmışdı. Lakin elə həmin gün axşam Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qəbul edilmiş və qərara anlayışlı yanaşılması üçün Azərbaycan və Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş, bu məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdı.

Elə həmin gün Qafan rayonundan qovulan azərbaycanlı qaçqınların ilk dəstəsinin nümayəndələri Azərbaycan KP MK-da qəbul edilmişdi.

Fevralın 21-də səhər-səhər əllərində Ermənistan SSR-in bayrağı və M. Qorbaçovun portretləri olan nümayişçilər Vilayət Partiya Komitəsinin binasının qabağına toplaşaraq “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir!”, “Qarabağ – yox, Arçax – hə!”, “Yaşasın milli siyasətdə yenidənqurma!” şüarlarını səsləndirmişdilər. Həmin gün axşam Sov.İKP MK-nın Siyasi Bürosu DQMV-də baş verən hadisəni müzakirə etmiş, ermənilərin iddiasının dövlətin mövcud milli-ərazi quruluşunun dəyişdiriləməsinə cəhd və yolverilməz olduğu mövqeyi bildirilmiş, vəziyyəti nəzarətdə saxlamaq üçün Sov.İKP MK-nın katibi Georgi Razumovski, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini Pyotr  Demiçev və SSRİ DTK-sı sədrinin birinci müavini Flipp Bobkov Bakıya gəlmiş, oradan da Xankəndinə getmişdilər.

Kremlin ilk rəsmi açıqlamasından narazı qalan ermənilər İrəvanda və Xankəndində etiraz mitinqlərinə başlamışdılar. Fevralın 21-də İrəvanda fəaliyyət göstərən yeganə Dəmirbulaq məscidi (XX əsrin əvvəllərində şəhərdə 8 məscid var idi) və M. F. Axundov adına azərbaycanlı orta məktəbin binası, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.

Fevralın 22-də ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci qətlə yetirdikdən sonra Xankəndi-Ağdam yolunda Ağdam rayonunu sakinləri ilə Əsgəran sakinləri arasında qarşıdurma olmuş, 19 nəfər yaralanmışdı. Fevralın 25-də Azərbaycanın öz ərazisindən azərbaycanlıların ilk qaçqınlıq dalğası başladı. DQMV-nin ərazisində ermənilərin təzyiq və təhqirlərinə tab gətirməyən 540 ailə (təqribən 2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə (təqribən 500-600 nəfər) Ağcabədi rayonuna pənah gətirmişdi.

Ermənistan ərazisindən isə azərbaycanlıların deportasiyası günü-gündən intensivləşirdi. Fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan rayonundan qonşu Zəngilan rayonuna təqribən 2 min nəfər azərbaycanlı qaçqın kimi gəlmişdi. Həmin günlərdə İmişli və Qubadlı rayonlarına da Ermənistandan yüzlərlə qaçqın ailəsi pənah gətirmişdi. Abşeron rayonuna Ermənistandan canını qurtarıb gələn 200 nəfər qaçqını Mərkəzi Komitənin birinci katibi K. Bağırov və Moskvadan gələn yüksək vəzifəli şəxslər qəbul etmişdilər. Gəncədə və Naxçıvanda Ermənistandan azərbaycanlıların təqib edilmələrinə etiraz əlaməti olaraq aksiyalar keçirilmişdi.

İrəvanda fəaliyyət göstərən “Qarabağ” komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan fevralın 24-də Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq aparmışdılar. Fevralın 26-da isə M. Qorbaçovun köməkçisi Georgi Şahnazarovun və A. Yakovlevin («Latinskaya Amerika» jurnalının redaktoru Serqo Mikoyanın qayını AYakovlevin köməkçisi idi) müşayiəti ilə Sov. İKP MK-nın baş katibi M. Qorbaçov S. Kaputikyanı və Z. Balayanı qəbul etmişdi. Saatyarım müddətdə onlar M. Qorbaçova türk dünyasının xəritəsini və saxta tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışdılar. Lakin Qorbaçov onlara Dağlıq Qarabağın Ermənistana veriləcəyini vəd etməmişdi. Əvəzində, DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük bir məbləğ olan 400 milyon rubl ayırılacağına söz vermişdi. Çünki Qorbaçov bilirdi ki, SSRİ ərazisində 19 potensial milli münaqişə ocağı mövcuddur və sərhədlərin dəyişdirilməsi yolu ilə Dağlıq Qarabağın Ermənistana verilməsi SSRİ-nin süqutuna gətirib çıxara bilərdi. Həmin görüşdə G. Şahnazarov S. Kaputikyan və Z. Balayana deyir ki, gedin İrəvanda deyin ki, tezliklə milli məsələyə həsr olunacaq Ümumittifaq konfransı keçiriləcək və o zaman qərar qəbul ediləcək. Bundan sonra İrəvanda və Xankəndində yeni mitinqlər dalğası başlamışdı.

Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirmiş, onlara təzyiqləri artırmağı və tələblərindən geri çəkilməməyi məsləhət görmüşdü.

Ermənistandan azərbaycanlıların deportasiyasının qarşısını almağın mümkünsüzlüyünü görən Azərbaycan KP MK martın 1-də Həsən Həsənovun başçılığı ilə Ermənistandan gələn azərbaycanlılarla iş aparmaq məqsədilə respublika komissiyası yaratmışdı.

Fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi. Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı. Moskvanın, onun Azərbaycana və Ermənistana göndərilmiş emissarlarının ikiüzlü mövqeləri (Yeqor Liqaçov Azərbaycanda, Aleksandr Yakovlev Ermənistanda) erməni millətçilərinin öz bədnam niyyətlərini həyata keçirmək ümidlərini artırırdı.

Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlını deportasiya etmək, Dağlıq Qarabağ problemini həll etmək qədər vacib idi. Azərbaycan hökuməti isə Ermənistandan gələn qaçqınları yük maşınlarına dolduraraq geri qaytarmaqla öz işini bitmiş hesab edirdi. 1988-ci il martın 21-nə olan rəsmi məlumata görə, fevralın 28-dən həmin günədək Ermənistandan 16900 nəfər qaçqın gəlmiş, onlardan 8600 nəfəri geri qaytarılmışdı. Buna baxmayaraq, dağ yolları ilə Ermənistanın Vardenis (Basarkeçər), Masis (Zəngibasar), Razdan (Axta), Krasneselo, Yeğeqnadzor, Ararat (Vedi) rayonlarından qaçqın axını gəlir və əsasən Gəncə, Mingəçevir, Naxçıvan şəhərlərində, Şərur, Zəngilan, Qazax, Səlyan, Xanlar (Göygöl), Jdanov (Beyləqan) rayonlarında özlərinə sığınacaq tapırdılar. Naxçıvanda vəziyyət o həddə çatmışdı ki, Bakıdan oraya əlavə ərzaq göndərilməsinə başlanılmışdı.

11 may 1988-ci ildə ermənilər Ararat (Vedi) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, onlarla nəfər yaralanmış, evlər yandırılmışdı. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək uzun müddət çadırlarda yaşamaq məcburiyyətində qalmışdı.

Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək, onların problemlərini həll etmək məqsədilə Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyevin başçılığı ilə İrəvana nümayəndə heyəti göndərilmişdi. 13-15 aprel 1988-ci il tarixində Ermənistanda olmuş nümayəndə heyəti iki dəfə Ermənistan KP MK-nın birinci katibi Karen Demirçyanla görüşmüşdü. Lakin verilən vədlərə baxmayaraq, azərbaycanlılara qarşı edilən zorakılıqlara və onların deportasiyasına son qoyulmamışdı. Ermənistandan qovulan azərbaycanlılar Azərbaycan KP MK-ya gələrək, onların Dağlıq Qarabağda məskunlaşdırılmalarını xahiş edirdilər. Azərbaycan rəhbərləri isə nəinki onlara bu şəraiti yaradır, əksinə, onları DQMV-nin ərazisinə buraxmamaq haqqında hüquq-mühafizə orqanlarına möhkəm-möhkəm tapşırıqlar verirdilər.

1988-ci il mayın 15-də ilk dəfə keçmiş Lenin – indiki Azadlıq meydanında əsasən tələbələrin və ziyalıların iştirakı ilə azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq izdihamlı mitinq keçirildi. Mitinqdə “Erməni təhrikçiliyinə son qoyulsun!”, “Ermənistanda yaşayan azərbaycanlılar üçün muxtariyyət!”, “Daşnaklara ölüm!” və s. şüarlar səsləndirilmişdi.

1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı. İyunun 17-20-də İrəvanda teatr meydanında mitinqə tpolaşan qeyzlənmiş erməni dəstələri avtobuslarla azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə sərhədinə toplaşmış, günlərlə orada gecələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Uluxanlı qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar.

1988-ci il iyulun 9-da Azərbaycan KP MK-nın yeni birinci katibi Əbdürrəhman Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər məntəqələrində özbaşına və yaxud qohumlarının yanında məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərildilər.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul etdikdən sonra erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.

İyulun 21-də ermənilərin Kalinino rayon mərkəzində yaşayan azərbaycanlılara silahlı hücumu nəticəsində 86 yaşlı Məhəmməd Sadıqov qətlə yetirilmiş, onlarla adam yaralanmışdı.

Avqustun 20-də Xankəndi şəhər meydanında keçirilən mitinqdə Ermənistandan gələn azərbaycanlı qaçqınların muxtar vilayətin ərazisindən çıxarılmaları tələbi irəli sürülmüşdü.

Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən olan akademik Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı türklərdən təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm”.

1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası həmin gün Bakıda keçirilən mitinqdən reportajlar göstərərək, həmin qətnamənin tələblərini dəfələrlə efirdə səsləndirmişdi. Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştiraki olmadan növbədənkənar sessiyası çağırılmışdı. Sessiyanın keçirildiyi Opera teatrının binasının qarşısına toplaşan mitinq iştirakçılarının hücumundan sonra Ermənistan rəhbərliyi mitinqçilərin tələbi ilə sessiyasının gedişini dayandırmış, deputatları və rayon rəhbərlərini “qayda-qanunu bərpa etmək” adı altında yerlərdə göndərmişdi. Rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar.

Ermənistan KP MK, Ali Sovet və Nazirlər Sovetinin orqanı olan “Kommunist” (rusca) qəzeti 13 dekabr 1988-ci il tarixli sayında dərc edilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində həmin günlərdə törədilən qırğınlardan bəhs edərək yazırdı: “Noyabrın 26-da “Qarabağ” hərəkatı fəallarının təhrikçi çıxışlarından qızışmış 500 nəfər Kirovakan (indiki Vanadzor) sakini Şaumyan (əvvəlki adı Vartanlı olmuşdur) kəndinə doğru hərəkət etdi. Vuruşma iki gün davam etdi, silahlı atışma oldu. Ölənlər var. Kuybışev kəndində də qırğınlar törədildi, orada da tələfat var. Hərəkatın fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə dəstələri” yollarda qoyduqları postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı kəndlərinə ərzaq köməyi göstərən ermənilər döyülürdülər.”

Vartanlı və Kuybışev kəndlərində ermənilərin törətdikləri qırğınları ört-basdır edən rəsmi orqanlar yalnız “atışma olmuşdur, tələfat var” ifadələri işlətməklə kifayətlənmişdilər. Vartanlı kəndi Kirovakan şəhərinə bitişik olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna daxil idi. XX əsrin əvvəllərində tamamilə azərbaycanlılar yaşayan Vartanlı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Ermənilər noyabrın 25-dən 26-na keçən gecə kəndə silahlı hücum etmişdilər. Həmin gün güclü qar yağır, boran əsirdi. Azərbaycanlılar əsasən kəndi tərk edib ətraf meşələrə çəkilməyə məcbur olmuşdular.

Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar. Onlarla vartanlılar dağlarda itkin düşdülər. Toqquşma zamanı aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarla vartanlılı vəfat etmiş, bir çoxları ömürlük şikəst olmuşdular. Ümumiyyətlə, həmin dövrdə Quqark rayonunda ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq azərbaycanlı qətlə yetirilmişdir. Quqark faciəsi Ermənistan rəhbərliyi tərəfindən ört-basdır edildi. Sonralar, yəni 1989-cu ildə Ermənistan KP MK bürosu Quqark rayon partiya komitəsinin birinci katibi L. Bağdasaryanı və RİK-nin sədri S. Kazaryanı işdən azad etməklə kifayətləndi.

Vartanlı faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi. Erməni tarixçisi Leo (əsl adı Arakel Babaxanyandır) 1925-ci ildə Tiflisdə ermənicə çap olunan “Ançyaliç” (“Keçmişdən”) əsərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edərək yazır: “Daşnaksakanlar “silip-süpürməklə” (yəni azərbaycanlı kəndlərində etnik təmizləmə aparmaqla) məşğul idilər. Sürməli qəzasının türk (azərbaycanlı) əhalisinin xeyli hissəsi öz yaşayış yerlərindən qaçmışdılar. İrəvan və digər qəzalarda bir çox kəndləri dağıdılmış və yandırılmışdı. Erməni fidailəri heç bir faydası və zəruriyyət olmadan hətta elə kəndlərdə vəhşiliklər törədirdilər ki, həmin kəndlərdə türk əhalisi çox az olduğu üçün ermənilərə heç bir ziyan verə bilməzdi. Xüsusən Böyük Qarakilsə şəhərinin yanındakı Vartanlı kiçik türk kəndində törədilən qırğınlar həyəcanlandırıcı idi”. 1918-ci ildə Vartanlıda törədilən qırğınlar düz 70 ildən sonra bir də təkrarlanmışdı. 1918-ci ilin Novruz bayramı günlərində ermənilər Vartanlı kəndinin kişi cinsindən olan bütün sakinlərini qoyun tövlələrinə toplayaraq hamısını yandırmışdılar. Qadınlar , körpələr meşələrə qaçaraq dağlarda tələf olmuşdular. Deməli, ermənilər təkcə XX əsrdə Vartanlı kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırım törətmişlər. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-cu illər qırğınları haqqında xəbər tutmamışdır.

1988-ci ilin noyabrında Spitak (Hamamlı) rayonunda da azərbaycanlılara qarşı qırğınlar törədilmişdi. Noyabrın 28-də Spitak rayon İcraiyyə Komitəsinin sədri V. Haycyan, daxili işlər şöbəsinin rəisi rəisi V. Sarkisyan, DTK rayon şöbəsinin sədr müavini Mehrabyan rayonun azərbaycanlılar yaşayan Saral və Qusarlı kəndlərinə gəlib bildirmişdilər ki, onların təhlükəsizliyinə təminat vermirlər, ona görə də əgər iki saat ərzində kəndi tərk etməsələr, silahlı dəstələr kəndə hücum edəcəklər. Camaat onların təklifini rədd edir. Lakin Spitak və Quqark rayon rəhbərləri yenə gəlib təkidlə tələb edirlər ki, kənd camaatı tezliklə çıxmalıdırlar. Onlar özləri ilə 34 avtobus və 40 yükünü özüboşaldan maşın gətirmişdilər. Onların göstərişi ilə bir dəstə erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə çıxarıb, od vururlar. Əhalini zorla avtobuslara mindirərək kəndlərdən çıxarırlar. Həmin avtobusları Spitak rayonun ərazisindən kənarda – Quqark rayonunun Mrqahovit (Həmzəçimən) kəndi yaxınlığında axşamdan xeyli keçmiş silahlı dəstələr gözləyirdilər. Spitak rayonunun rəhbərləri işi elə qurmuşdular ki, qan qonşu rayonun ərazisində tökülməli idi, bununla da onlar məsuliyyətdən kənarda qalacaqdılar. Gecənin qaranlığında yolun kənarında pusquda durmuş quldurların avtobusları atəşə tutması nəticəsində 3 nəfər (Balacayev Şahin Səyyad oğlu, Balacayev Teymur Məsim oğlu və Balacayeva Sürəyya Hüseyn qızı) həlak olmuş, 7 nəfər ağır yaralanmışdı.

Ermənistanda azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədilən rayonlardan biri də Stepanavan (Cəlaloğlu) rayonudur. Kuybışev kəndinin sakinləri Təmraz Yusif oğlu İsgəndərov, Gilas Rüstəm qızı Xəlilova, Şərif Cabbar oğlu Xəlilov vəhşicəsinə döyülmüş və soyuq silahla qətlə yetirilmişlər. Gərgər kənd sakini, Puşkino kolxozunun sağıcısı Bəsti İsrafil qızı Mustafayeva isə Ermənistanda baş vermiş dəhşətli zəlzələdən sonra, yəni bütün dünyanın Ermənistanın halına ağladığı bir vaxtda, 30 dekabr 1988-ci ildə diri-diri yandırılmış və meyiti zibillikdə gizlədilmişdi. Xeyli müddətdən sonra onun meyiti hərbçilərin köməyi ilə tapılmışdı.

Yuxarıda adı çəkilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində azərbaycanlıların hansı şəraitdə və necə deportasiya edilmələrinə qismən də olsa aydınlıq gətirilimişdi: “Qarabağ” komitəsi avantüristlərinin çağırışına millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar adamların (yəni azərbaycınlıların) kütləvi surətdə çıxarılmasına “fətva” verdilər. Bu cür “missiya” ilə bəzi “xadimlər” Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər.” Əlbəttə, azərbaycanlılar yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər.

“Fəlakət anı, məsuliyyət anı” məqaləsinin bir yerində yazılırdı: “Komitənin (yəni “Qarabağ” komitəsinin) yerli özəklərinin təşəbbüsü ilə rayon və kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk etmələri tələbləri irəli sürülürdü. Ən həyəcanlandırıcı hal odur ki, “Qarabağ” komitəsinin hazırladığı siyasi münaqişələrə hətta uşaqları da cəlb edirdilər. Təsəvvür edin ki, Amasiya rayonunun mərkəzində rayon Xalq Nəzarəti Komitəsi sədrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş keçirir və azərbaycanlıların işdən qovulmasını tələb edirdilər”. Amasiyanın beynəlmiləl məktəbinin erməni şagirdlərinin tələbi ilə dərhal məktəbin Azərbaycan bölməsi bağlanmışdı. Bir həftə ərzində, 1988-ci il dekabrın 1-dək rəhbər vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilmişdilər.

1988-ci il dekabrın 7-də Spitak zəlzələsinin baş verməsinədək Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törətmişdilər.

1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların əksəriyyəti milis forması geyərək özbaşına yoxlama-buraxılış məntəqələri yaratmışdılar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər.

Ermənistanı 1988-ci ildə tərk edərək və Xanlar (Göygöl) rayonunun Quşqara kəndinə pənah gətirmiş, milliyyətcə rus olan L.V.Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətində yazdığı izahatında göstərmişdi ki, noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) Vladimir Movsesyan Basarkeçər rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan etdi və əlavə etdi ki, bu müddətdə kəndi tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcək.

Hərbçilərin və “BTR”-lərin müşayiəti ilə Amasiya rayonunun Oxçoğlu kəndindən yola salınan 15 ailənin ev əşyalarını qonşu Axuryan rayonunun Kaps (keçmiş Qanlıca) kəndində ermənilər maşınları boşatmış, talan etmiş, sonra isə od vurub yandırmış və yük sahiblərini ölümcül döymüşdülər. Bu cinayət işi ilə SSRİ Prokurorluğunun əməkdaşları məşğul olmalarına baxmayaraq, heç kəs məsuliyyətə cəlb edilməmişdi.

Həmişə milli ayrıseçkilik siyasəti yürüdən Ermənistan rəhbərliyi zəlzələdən sonra da öz çirkin əməllərini davam etdirmişdi. Zəlzələ zamanı həlak olmuş, ağır yaralanmış, evləri dağılmış azərbaycanlıların taleyinə biganə qalmışdılr. Spitak və Quqark rayonlarının rəhbərləri həmin rayonların hərbi komendantlarına təqdim etdikləri siyahıda azərbaycanlı kəndlərinin adlarını siyahıdan çıxarmışdılar ki, guya artıq orda əhali yaşamır. Bununla da onları ərzaq və digər zəruri şeylərlə təmin etməkdən, tibbi yardımdan məhrum etmişdilər.

Bir qəzet səhifəsində Ermənistan ərazisində 1988-1989-cu illərdə azərbaycanlıların başlarına gətirilən faciələrin hamısını əhatə etmək mümkün olmadığı üçün bəzi faktları sadalamaqla kifayətləndik.

Müvafiq sənədlər və şahidlərin verdikləri ifadələr əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar.

1990-cı ilin avqustun 9-da Azərbaycan Respublikasının Ali Soveti Qaçqınlar cəmiyyətində tərtib edilən siyahını və digər faktları məktubla SSRİ Prokurorluğuna göndərmiş və Ermənistanda milli münaqişələr zəminində qətlə yetirilmiş azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini V. İ. Kvartsovun 4 oktyabr 1990-cı il tarixli cavab məktubunda deyilirdi: “Sizin məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyyati üzrə Azərbaycana göndərilmişdir. Eyni zamanda Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdır.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan ərazisində milli münasibətlərin kəskinləşməsi üzündən bir sıra rayonlarda qarət, yanğın və ictimai qayda-qanununa zidd olan digər hallarla müşayiət olunan kütləvi iğtişaşlar baş vermişdir… Bu hərəkətlər nəticəsində 21 nəfər öldürülmüş (20 azərbaycanlı və bir erməni), 4 nəfər sonradan ölümlə nəticələnmiş ağır bədən xəsarəti almışdır. Qətl hadisəsi üzrə 8 cinayət işi və zərərçəkənlərin ölümü ilə nəticələnmiş ağır bədən xəsarəti üzrə dörd işin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilmişdir. Əliyevlər barəsindəki cinayət işinə bəraət qazandırıcı əsaslar üzrə xitam verilmişdir, belə ki, istintaq bu qənaətə gəlmişdir ki, onun Mirzoyanı öldürməsi son zəruri müdafiə həddindən baş vermişdir.

Bu qəbildən məhkəməyə göndərilən üç qətl və ağır bədən xəsarəti yetirilməsi üzrə iki cinayət işi üzrə günahkarlar müxtəlif müddətlərdə azadlıqdan məhrum edilmişlər. Bir neçə cinayət işi əlavə istintaqa qaytarılmışdır.

Ermənistan Prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan istintaqın tamlığını və obyektivliyini yoxlasın, onun başa çatdırılması üçün tədbirlər görsün. Günahkarların müəyyənləşdirilməməsi üzündən istintaqın xitam verilmiş işləri araşdırmaq və istintaqı təzələmək məsələsinin mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. Ermənistan məhkəmələrinə milli nifaq zəminində baş vermiş 91 müttəhim barəsində cəmisi 53 cinayət işi göndərilmişdir. 48 iş üzrə 82 nəfər mühakimə olunmuş, onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum edilmişdir.

SSRİ Prokurorluğu cinayətlərin açılmasına nəzarət edir və zəruri kömək göstərir.” Əslində, SSRİ Prokurorluğu bununla öz işini bitmiş hesab etmişdi.

Bu məktubla əlaqədar Ermənistan SSR Prokurorluğundan SSRİ Prokurorluğuna göndərilən cavab məktubunda azərbaycanlılara qarşı törədilən bir çox qətllər etiraf edilsə də, əksər cinayətlər ört-basdır edilmiş, onların üstü açılmadan aşağıdakı kimi şablon cavablar verilmişdi: “Göstərilən məlumatlara uyğun şəxs pasport qeydiyyatı stolundan və kənd sovetinin təsərrüfat kitabından keçməmişdir,” “Ünvanından qeydiyyatdan çıxmışdır”, “Ölümü haqqında qeydiyyat rayon VVAQ şöbəsində yoxdur,” “1988-ci ildə ünvanından çıxıb Azərbaycan SSR-ə getmişdir” və s.

Məhz hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni millətçilərinin separatçı hərəkətlərinə vaxtında və qanuni qiymət vermədiklərinin nəticəsində azərbaycanlılar əsrlər boyu yaşadıqları əzəli torpaqlarından iki həftə ərzində vəhşicəsinə qovuldular. Keçmiş İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına seyrçi münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerləri məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi.

SSRİ Nazirlər Soveti sədrinin o zamankı müavini B. Şerbinanın rəhbərliyi ilə hər üç Zaqafqaziya respublikalarının nazirlər sovetlərinin sədrləri və İttifaqın müvafiq nazirliklərinin rəhbər işçiləri da daxil olmaqla xüsusi komissiya yaradılmışdı. Bu komissiya qaçqınların təhlükəsiz köçürülməsi və yerləşdirilməsi məsələləri ilə məşğul olmalı idi. Əslində isə Ermənistandan azərbaycanlılar faktiki olaraq təmizləndikdən və dekabrın 7-də orada baş verən zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz işini başa vurmuşdu.

Zəlzələnin vurduğu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı bərpa etmək üçün Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu məqsədlə də 1989-cu il yanvarın 4-də Ermənistan rəhbərliyinin “xahişi” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-larının, Ali Soveti Rəyasət Heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə qayıtmaları üçün qaçqınlara müraciət etmişdi.

Ermənistan rəhbərliyi azərbaycanlıların Ermənistana qayıtmasına təminat verilməsi illüziyası yaratmaq məqsədilə 15 dekabr 1988-ci ildə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 6 dekabr tarixli yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini müzakirə edərək 13 nəfər rəhbər işçini partiya sıralarından xaric etmiş, 68 nəfərə partiya tənbehi vermişdi. Büro həmçinin Quqark rayon Partiya Komitəsinin birinci katibini və İcraiyyə Komitəsinin sədrini işdən azad etməklə kifayətlənmiş, Stepanavan və İcevan rayonlarının birinci katiblərinə ciddi töhmət vermiş, adları çəkilən rayonlardan əlavə Yeğeqnadzor, Krasnoselo, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında vətəndaşların hüquqlarının pozulması, şantaj və kütləvi iğtişaşlara yol verildiyini qeyd etmişdi. Ermənistan Prokurorluğu isə Sevan, Kalinino və Abovyan rayonlarının prokurorlarını işdən azad etmişdi.

Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi – Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı.

Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.

1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv. km təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv. km) təqribən 3 min kv. km artıqdır.

Ermənistan rəhbərliyi azərbaycanlıların etnik təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarının dəyişdirməyə başlamışdır. İndyədək Ermənistanda 702 azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilərək ermənicələşdirilmişdir.

Təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırım törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.

Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının imzalanmasından sonra 31 mart 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş, azərbaycanlılara qarşı soyqırım cinayətlərinin cəzasız qalmasını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın olmamasını nəzərə alaraq, beynəlxalq təşkilatlara müraciət etmişdir ki, XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətini tanısın.

Bu istiqamətdə artıq müəyyən nəticələr əldə edilmişdir. Analoji addımın azərbaycanlıların Ermənistan ərazisindən 1988-1989-cu illər deportasiyası və etnik təmizlənməsi ilə bağlı atılması da zəruridir.

18 sentyabr 2013-cü ildə Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında sözlərini hər bir azərbaycanlıya, hər bir ziyalıya ünvanlayaraq demişdir: “Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.”

 

“Xalq qəzeti”, 8-10 dekabr 2013-cü il, №. 271-272. 

   Məqaləni PDF formatına çevir