İrəvan quberniyasında azərbaycanlıların müqavimət hərəkatı və AXC-nin xilaskarlıq missiyası

Ermənilərin 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı törətdikləri soyqırımı və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xilaskarlıq missiyası haqqında həmin dövrün arxiv sənədlərində, eləcə də, mətbuatda kifayət qədər materiallar öz əksini tapmışdır.

Ermənilərin I Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və Rusiyada 1917-ci il oktyabr çevrilişi nəticəsində rus qoşunlarının Türkiyə torpaqlarından geri çəkilməsindən sonra İrəvan quberniyası ərazisində erməni dövləti yaratmaq ideyası gündəliyə gəlmişdi.

1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək, əks-hücuma keçmişdi. Ermənilərin hazırda “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolu ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaçqınları Cənubi Qafqaza gəlmiş, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdılar. Bütün bunlar ermənilərin İrəvan quberniyasında azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini reallaşdırmağa şərait yaratmışdı.

Hələ 1917-ci ilin mayında erməni burjuaziyasının liderləri milli hərbi hissələrin yaradılmasına başlamışdılar. Bu məqsədlə Petroqrada xüsusi nümayəndələr göndərilmişdi ki, erməni əsgərlərinin digər cəbhələrdən geri çağırılıb, Qafqaz cəbhəsinə göndərilməsi üçün müvəqqəti hökumətdən razılıq alsınlar. 6 ay ərzində Qafqaza 35 min erməni əsgəri gəlmişdi və onlara çoxlu könüllülər də qoşulmuşdu. 1917-ci ilin noyabrında Qafqaz diviziyasının sabiq komandanı Tovmas Nazarbekyanın komandanlığında erməni korpusu formalaşdırılmışdı. Korpusun komissarı Dro (Drastamat Kanayan) təyin edilmişdi. Erməni korpusu üç diviziyadan ibarət idi və onlara general Mixail Areşov, polkovnik Movses Silikov və general Andranik Ozanyan komandanlıq edirdilər.

1917-ci ilin dekabrında erməni korpusunun tamamlanması və hərbi səfərbərlik həyata keçirilməsi haqqında qərar qəbul edilmişdi. İrəvan Erməni Milli Şurasının sədri Aram paşaya (Aram Manukyan) xüsusi səlahiyyət verilmişdi. Dekabrın 18-də Aram və Dro İrəvana gəlmiş, ayın 24-dən etibarən hərbi çağırış həyata keçirilmişdi.

Müqavimət hərəkatının yaranması

Erməni silahlı dəstələri ilk növbədə İrəvan ətrafında əlverişli ərazilərdə yerləşən azərbaycanlı kəndlərinə hücumlar edirdilər. Azərbaycanlı əhali isə ciddi şəkildə erməni silahlı dəstələrinə müqavimət göstərirdi. Ermənilərin hücumlarına son qoyulması üçün İrəvan-Culfa dəmiryol xəttinin üzərində yerləşən azərbaycanlı kəndlərinin əhalisi Reyhanlı, Qəmərli, Şirazlı, Dəvəli dəmiryol stansiyalarında özünümüdafiə dəstələri yaratmışdılar. Vedibasar nahiyəsində yaşayan kürdlər də azərbaycanlılarla birgə ermənilərə qarşı müqavimət göstərirdilər.

Erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası ciddi fəaliyyət göstərirdi. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi. İrəvan türklərini həmçinin Göy məscidin axundu Mirzə Hüseyn Ağa və mühəndis Xəlil bəy Qasımbəyov yönləndirilirdilər.

1918-ci il yanvarın 20-də İrəvan-Dəvəli-Şahtaxtı-Bəyazid istiqamətində hərəkət edən 4-cü erməni polku Dəvəlidə qırğınlar törətmiş, sağ qalan əhali qaçaraq qonşu Avşar kəndinə sığınmışdı. Yanvarın 23-də ermənilərin Qaralar kəndinə hücumu azərbaycanlıların ciddi müqaviməti ilə qarşılaşmış, batalyon komandiri və üç əsgər öldürülmüşdü. Quberniya komissarı Dronun başçılığı ilə erməni və müsəlmanlardan ibarət qarışıq komissiya hadisə yerinə gəlmişdi. Vedibasar Milli Şurasının başçıları ilə İrəvandan gələn nümayəndələr arasında dərhal danışıqlara başlanılmışdı. Vedibasar Milli Şurası aşağıdakı tələbləri irəli sürmüşdü: 1. Quberniyanın dövlət əmlakı ermənilər, tatarlar (türklər) və gürcülər arasında bərabər bölünməli; 2. Tatar (türk) korpusu formalaşdırılmalı; 3. İrəvanda tatar (türk) hərbi hissəsi formalaşdırmalı.

“Horizon” qəzeti 1 fevral 1918-ci il tarixli sayında yazırdı ki, İrəvandan hadisə yerinə gələn erməni-müsəlman barışdırıcı komissiyası vəziyyəti öyrəndikdən sonra müsəlman nümayəndələr vedibasarlıların tərəfinə keçmişdilər.

Erməni tarixçisi Edik Zohrabyan bu məsələyə münasibət bildirərək yazır ki, Vedibasar müsəlmanlarının İrəvanda tatar korpusu və hərbi hissəsinin yaradılması tələbi onların İrəvanı türk şəhəri hesab etmələrindən qaynaqlanırdı.

“Horizon” qəzeti 4 fevral tarixli sayında yazırdı ki, türklərlə ermənilər arasında müharibə şiddətlə davam edir, hərbi əməliyyatlar Uluxanlı stansiyasına yaxınlaşır, türklər stansiyanı qanlı meydana çevirmək istəyirlər.

Erməni mətbuatı bu cür xəbərlər yaymaqla quberniyada milli zəmində gərginliyə müsəlmanların bais olduqları fikrini formalaşdırmaq və özünümüdafiə tədbirləri adı altında silahlı hücumlara zəmin yaradırdılar.

5-8 fevral 1918-ci il tarixində İrəvan şəhər Dumasının binasında erməni-müsəlman qurultayı keçirilmişdi. Qurultaya rusların və kürdlərin təmsilçiləri də dəvət edilmişdilər. Ümumiyyətlə, qurultayın 7 iclası keçirilmişdi. Qurultayın sonunda Millətlərarası Şura yaradılmış, həmin şuraya anarxiyaya son qoyması üçün erməni-tatar (türk) hərbi hissəsinin formalaşdırılması vəzifəsi həvalə edilmişdi.

1918-ci il fevralın 12-də Cənubi Qafqaz Komissarlığının nümayəndə heyəti İrəvana gəlmiş, Millətlərarası Şuranın bir neçə iclasında iştirak etmişdi. Müsəlman təmsilçilər ərzaqla təminat məsələsində ciddi problemlər yaradıldığını bildirmişlər. İrəvan quberniyasının ərzaq komitəsinin sədri Zülfüqar xan Makinskiyə müəyyən səlahiyyətlər verilmişdi.

Erməni tarixçisi Edik Zohrabyan iddia edir ki, guya türk ordusunun Ərzuruma yaxınlaşması xəbərini alan müsəlmanlar Osmanlı ordusunun önünü açmaq üçün üsyan qaldırmışlar.  Əslində isə erməni silahlı qüvvələri Osmanlı ordusunun əks-hücuma keçməsini bəhanə edərək iğtişaşlar törətmək yolu ilə İrəvan quberniyasını türk-müsəlman əhalidən təmizləmək istəyirdi.

Erməni silahlı dəstələri bölgənin ən böyük kəndi olan Uluxanlını ələ keçirmək üçün hazırlıq görməyə başlamışdılar. Uluxanlılılar isə qəsəbənin ətrafında səngərlər qazaraq ermənilərin hücumuna qarşı güclərini səfərbər etmişdilər. Fevralın 22-də Dronun komandanlığında erməni silahlıları Uluxanlını mühasirəyə almışdı. Ermənilər kəndin könüllü təslim olması üçün vəkil Q.Yengibaryanı və məşhur tacir Hacı Rzanı Uluxanlıya göndərsələr də, uluxanlılılar rədd cavabı vermişdilər. Bundan sonra Dronun əmri ilə toplar Uluxanlını bombardman etməyə başlamışdı. Uluxanlılılar axşam saat 5-ə qədər mərdliklə vuruşmuşdular. Lakin onların silah-sursatı tükənmiş və çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Ermənilər əvvəlcə evləri talan etmiş, sonra isə kəndi tamamilə yandırmışdılar ki, bir daha əhali öz evlərinə qayıda bilməsin. Dro bununla bağlı Tbilisiyə göndərdiyi teleqramda yazırdı ki, Uluxanlıya hücum zamanı 9 erməni öldürülmüş, 32 erməni yaralanmışdır.

Erməni tarixçisi Edik Zohrabyan yazır ki, Uluxanlı rayonundakı 18-20 türk kəndini cəzlandırmaqla, ermənilər İrəvan şəhərində yaşayan türkləri bir növ “ayıltmaq” istəyirdilər ki, ermənilərlə dinc şəraitdə yaşasınlar. İrəvan quberniyasının komissarı S.Torosyan Cənubi Qafqaz Komissarlığına göndərdiyi teleqramda yazırdı ki, fevralın 20-də günorta İrəvan şəhərində başlayan atışma çoxsaylı ölüm və yaralanma ilə nəticələnərək axşam saat 7-dək davam etmişdir. S.Torosyan qırğınların İrəvan şəhərində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsinin əsl səbəbini ört-basdır edərək yazırdı ki, guya qırğınlara səbəb üç versiya vardır: Birinci versiyaya görə, guya şəhərin türklər yaşayan hissəsində iki türk arasında dalaşma olmuş, bir türk digərini öldürmüş və bu da iğtişaşların başlaması üçün qığılcım olmuşdur. Digər versiyaya görə, atışma silahlı türklərlə dəmiryol vağzalında keşik çəkən erməni dəstəsi arasında baş verən toqquşmadan sonra başlanmışdır. Üçüncü versiyaya görə isə guya iğtişaşlar bazarda türk satıcı ilə erməni alıcı arasında baş verən toqquşmadan sonra bütün şəhərə yayılmışdır.  Göründüyü kimi, S.Torosyan hər üç halda İrəvan şəhərində qırğınların başlanmasında təqsiri türklərin üzərinə atmağa çalışmışdır.

Qırğınların ertəsi günü hələ ara-sıra atışmaların davam etdiyi vaxtda İrəvan quberniyası qoşunlarının komandiri, polkovnik Pirumyan şəhər rəhbərliyinin, din xadimlərinin, erməni, müsəlman və rus milli şuralarının təmsilçilərinin iştirakı ilə müşavirə keçirmişdi. Müşavirədə şəhərdə hərbi vəziyyət elan edilməsi, hərbçilər və mülki şəxslər üçün ayrı-ayrılıqda hərbi-inqilabi məhkəmələr yaradılması qərara alınmışdı. Mülki hərbi-inqilabi məhkəmənin tərkibi 7 nəfərdən – üç erməni, üç müsəlman və bir nəfər rus millətinin nümayəndələrindən ibarət təşkil edilmişdi.

İrəvan quberniyasında baş verən hadisələri araşdırmaq üçün Tiflisdən gələn nümayəndə heyəti geri qayıtdıqdan sonra Cənubi Qafqaz Seyminin martın 2-də keçirilən iclasında məruzə etmişdi. Nümayəndə heyətinin başçısı Georqadze öz məruzəsində konkret faktlar gətirərək, İrəvan quberniyasında yalnız türk kəndlərinin dağıdıldığını qeyd etmişdi. Həmin iclasda müsəlman nümayəndələr İrəvan quberniyasında milli ədavətin və millətçiliyin qızışmasında “Daşnaksutyun” partiyasını ittiham etmişdilər. Daşnak Xaçaturyan etiraf etmişdi ki, İrəvan quberniyasında dövlət mexanizmi məhv edildiyinə görə təqribən 18 müsəlman kəndi yandırılmışdır. Müzakirələr nəticəsində qərara alınmışdı ki, türklərin öz kəndlərinə qayıtmalarına köməklik göstərilsin, onlara hər cür yardım edilsin və istintaq komissiyası yaradılsın.

“Horizon” qəzeti erməni silahlı dəstələrinin azərbaycanlı yaşayış məntəqələrinə hücumlarına bəraət qazandırmaq üçün uydurulmuş məlumatlar dərc edirdi. Həmin qəzet İrəvandan Tiflisə göndərilən teleqrama əsasən yazırdı ki, fevralın 27-də Dəvəlidən Qəmərli istiqamətində gedən 70 erməni əsgəri yolda türklər tərəfindən atəşə tutulub, 10 əsgər yaralı qayıdıb, qalan 60 əsgərdən xəbər yoxdur, güman edilir ki, onları öldürüblər. Qəzet bundan sonra hadisə yerinə İrəvandan türklərin və ermənilərin təmsilçilərindən ibarət nümayəndə heyətinin göndərldiyini, lakin Avşar kəndinin girəcəyində türklərin onları tərksilah edərək Qəmərliyə buraxmadıqlarını və geri göndərdiklərini yazırdı.

Erməni silahlı qüvvələri Uluxanlını ələ keçirdikdən sonra İrəvan-Gümrü və İrəvan-Qəmərli dəmiryol xəttində hərəkət bərpa edilmişdi. Qəmərli-Noraşen-Naxçıvan-Culfa dəmiryol xəttini öz nəzarətləri altına almaq üçün hər iki istiqamətdən – yəni həm Qəmərli, həm də Culfa istiqamətindən erməni silahlı dəstələri hücuma keçmişdi. Azərbaycanlılar erməni silahlı qüvvələrinin Naxçıvanı ələ keçirmələrinə imkan verməmək üçün Noraşen stansiyası yaxınlarında dəmiryol relslərini sökmüş, nəticədə qatarın lokomotivi və 6 vaqon relsdən çıxaraq darmadağın olmuşdu. Ölən və azərbaycanlılara əsir düşən ermənilərin sayı 5-6 yüz nəfərə çatırdı.

1918-ci il martın sonlarında Sarıqamışın türk qoşunları tərəfindən azad edilməsi xəbərinin yayılmasından sonra İrəvan şəhərində mitinqlər keçirilmiş, Aram paşa şəhərin və quberniyanın diktatoru elan edilmişdi. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənəddə qeyd edilir ki, erməni silahlı dəstələri 1918-ci ilin mart ayınadək təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırımına və deportasiyaya məruz qalmışdır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən ermənilərin məqsədi İrəvan quberniyası ərazisində “türksüz Ermənistan” dövləti yaratmaqdan ibarət idi.

1918-cil mayın 28-də keçmiş İrəvan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistan (Ararat) Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətini davam etdirmişdir. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İrəvan şəhəri o şərtlə Ermənistan Respublikasına paytaxt kimi güzəştə gedilmişdi ki, Azərbaycana qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistan hökuməti nəinki vədinə əməl etdi, əksinə, həm Azərbaycan Respublikasının ərazilərinin işğalını, həm də İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirdi.

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistan arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən  9 min kvadratkilometr, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Basarkeçər bölgəsi istisna olmaqla, Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi.

Batum müqaviləsinin 6-cı maddəsində Ermənistan Respublikasında yaşayan müsəlmanların dininə və adət-ənənələrinə hörmət etməyi, müsəlmanların və digər dinlərə mənsub olanların mülki və siyasi hüquqlarına sahib olmasını öz öhdəsinə götürmüşdü.

Bundan sonra İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin düşən müsəlman qaçqınlar, o cümlədən Uluxanlının və ətraf kəndlərin əhalisi tədricən öz yer-yurdlarına qayıtmağa başlamışdılar.

Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilirdi. Milli Şura İrəvan quberniyasında qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yardımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən İkinci Dünya müharibəsində məğlub tərəf kimi, türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. Hərb naziri Ənvər paşanın göstərişi ilə IX ordunun komandanı Yaqub Şevki paşa İrəvan quberniyasının və Qars vilayətinin müsəlman əhalisinin özünümüdafiəsi üçün geri çəkilən türk ordusunun komandanlığına tapşırmışdı ki, yerli milli şuralara lazımi qədər silah versinlər və türk zabitlərindən bir qismi həmin ərazilərdə qalıb yerli əhalinin təlimləri ilə məşğul olsun. Həmin tapşırığa əsasən noyabrın 12-də 2000 ədəd iriçaplı rus tüfəngi Naxçıvan və İqdır (Sürməli) əhalisinə, noyabrın 15-də isə 3000 rus tüfəngi Qəmərliyə göndərilmişdi.

İrəvan quberniyasının müsəlman kəndlərinin ermənilər tərəfindən bir daha işğal tәhlükәsi yarandığından, Ordubaddan Sürmәliyәdәk әrazinin nümayәndәlәri noyabrın 3-dә Qәmәrli (indiki Artaşat) qәsәbәsinә toplaşaraq Araz-Türk Hökumәti qurmaq haqqında qәrar qəbul etmişdilər.  Hökumәt rәisi naxçıvanlı Әmir bәy Әkbәrzadә, hәrb naziri isә sonralar Cənub-Qərbi Qafqaz Hökumətinin (Qars hökuməti) başçısı olmuş İbrahim bәy Cahangirov seçilmişdi. İbrahim bәy dәrhal işә başlayıb özünümüdafiə üçün yerli əhalidən ibarət 20 tabor tәşkil etmişdi. Taborlar hər birində 250-500 nəfərdən ibarət silahlı könüllülərdən təşkil edilirdi. Bu taborlardan 4-ü Naxçıvanda, 3-ü Şәrur-Dәrәlәyәzdә, qalanları isә Vedibasar, Zәngibasar, Qәmәrli vә Baş Noraşendə yerlәşdirilmişdi. İqdır (Sürməli) tərəfdə isə bir alay 5 süvari birliyi təşkil edilmişdi. Həmin taborların bir qismi türk ordusu İrəvan quberniyasında olarkən 9-cu firqə komandanı, miralay Rüşdü bəyin yardımı və silah-sursatla təmin etməsi ilə qurulmuşdu.

1918-ci ilin dekabrında türk qoşunlarının sonuncu hissələrinin İrəvan quberniyasını tərk etməsindən sonra yerli müsəlman milli şuralarına tabe olan özünümüdafiə dəstələri (taborlar) əhalini erməni təcavüzündən qorumaq missiyasını yerinə yetirirdi.

Erməni silahlı qüvvələrinin hücumlarının qarşısının alınması üçün Göyçə mahalında da özünümüdafiə dəstələri təşkil edilmişdi. 1919-cu il martın 2-də Göyçə mahalının 26 kəndinin təmsilçilərinin 60 min nəfər əhali adından imzaladıqları icma hökmündə Oğruca kəndinin sakini Məşədi İsa Kərbəlayi Musa oğlunun mahalın hərb naziri, Zod kəndinin sakini Ağalar bəy Kəsəmənskinin isə bütün müsəlman dəstələrinin baş komandanı seçildikləri, mahalın ərazisində səfərbərlik həyata keçirilməsinin onlara həvalə edildiyi qeyd edilmişdir. İcma hökmündə həmçinin Göyçə mahalının əhalisinin özlərini Azərbaycan Respublikasının təbəələri hesab etdikləri bildirilirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin xilaskarlıq missiyası

Azərbaycanın Ermənistan hökuməti yanında diplomatik nümayəndəliyinin açılması məsələsini Ermənistan hökuməti müxtəlif bəhanələrlə yubatmağa çalışırdı. Nəhayət, Azərbaycan hökuməti 1919-cu il yanvarın sonlarında Məhəmməd xan Təkinskini, Ermənistanda diplomatik nümayəndə təyin edilməsi üçün Ermənistan hökumətinin razılığını ala bilmişdi. Azərbaycanın diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.

1919-cu ilin yanvarında Vedibasar bölgəsinə polkovnik Doluxanovun komandanlığı altında erməni ordusu göndərilmişdi. Doluxanov müsəlman əhaliyə müraciət edərək onları itaətə çağırmış, orada qayda-qanun yaradacağını və müsəlmanlarla dostluq münasibətləri quracağını vəd etmişdi. Polkovnikin dediklərinə inanan Vedibasar rayonunun əhalisi onun dəstəsini Dəvəli kəndinə buraxmışdı. Lakin erməni silahlı qüvvələri hücum edərək Seyid-Kotanlı, Xaraba Kotanlı və Şahab kəndlərinin müsəlman əhalisini doğramış, qocaların, qadınların və uşaqların meyitlərini təhqir etmiş, qarınlarını yırtmış, gözlərini çıxartmış, bir neçəsini yandırmışdılar. Müsəlmanların nümayəndələri Doluxanovun yanına gedərək ondan qətliamlara son qoymağı tələb etmişdilər. Lakin Doluxanov onlara verdiyi vədin üstündə durmamışdı. Şərur istiqamətində irəliləyən Doluxanovun qoşunu müsəlmanların güclü müqavimətinə rast gəlmiş və qoşun ağır itki verərək yenidən Dəvəliyə çəkilmişdi. Özlərini “Vanlılar” və “Sasunlular” adlandıran erməni silahlı dəstələri yenidən hücum edərək Qaraarxac, Qədili, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhnəz və Şahablı kəndlərinə daxil olmuş, əhalisini doğramış, yüzlərlə əsir götürmüşdülər. Əsirlərin azad edilmələri üçün Vedibasardan İrəvana nümayəndə heyəti getmiş, Ermənistan parlamentinə müraciət etmişdi. Parlamentdə onlara əsirlərin azad ediləcəyi barədə vəd verilsə də, həmin vədə əməl edilməmişdi. Əsirlərin  azad edilmələri üçün ingilis komandanlığına müraciət edilsə də, heç bir nəticə verməmişdi.

Bundan sonra ermənilər zirehli maşınların və artilleriya taqımının hücumu ilə dəmiryol xəttinə bitişik Xalisa, Çadqıran, Şirazlı, Qaralar kəndlərini bombardman etmişdilər. Bir gün sonra ermənilər yenidən hərbi əməliyyatlara başlayaraq Böyük Vedi kəndini bombardman etmişdilər. Ermənilərin Böyük Vediyə hücumu ilə bağlı dərhal Naxçıvandakı müsəlman qoşununun komandanı Kalbalı xana müraciət edilmiş, o da öz növbəsində ermənilərə ultimatum göndərmiş və hücumları dayandırmağa vadar etmişdi. Atəşkəsədək  Avşar, Xalisa və başqa kəndlər talan edilmiş və yandırılmışdı.

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi teleqramda Fövqəladə Parlament istintaq komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu.

1919-cu il iyulun 11-də M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə göndərdiyi şifrəli teleqramda bildirildi ki, Böyük Vedidə erməni qoşunlarının hücumlarının qarşısı alınıb, erməni ordusu artilleriyası ilə birlikdə dəmiryol xəttinə çəkilib. İrəvana çoxlu erməni yaralılarının daşındığı, öldürülən erməni əsgərlərinin sayının 200-dən artıq olduğu, yaralanan və öldürülən erməni zabitlərinin sayının 10 nəfərdən çox olması teleqramda ifadə edilmişdi.

M. Təkinski Ermənistan hökumətinin daxili işlərinə müdaxilə bəhanəsilə “persona non qrata” – yəni “arzuolunmaz şəxs” elan edilmiş, sonra bu vəzifəyə görkəmli Azərbaycan yazıçısı və ictimai-siyasi xadimi Əbdürrəhim bəy Haqverdiyev təyin olunmuşdu.

Ə.Haqverdiyev İrəvan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən törədilən soyqırımı faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılır.

Ermənistan ordusunun əsas hədəfi İrəvanın 7 kilometrliyində yerləşən və güclü özünümüdafiə dəstələrinin cəmləşdiyi Zəngibasar bölgəsi idi.

İrəvan qrupunun rəhbəri, general-mayor Şelkovnikovun 8 mart 1920-ci ildə Ermənistan qoşunlarının komandanına göndərdiyi məktubda bildirilirdi ki, Zəngibasar müsəlmanlarının tutduqları mövqenin təhdidedici və İrəvan şəhərinə yaxın olmasını nəzərə alaraq, tərksilah əməliyyatının keçirilməsi və onların diz çökdürülməsi zəruridir. Əgər diplomatik təsirlər nəticəsiz qalsa, onda hərbi gücə əl atmaq və həmin ərazinin əhalisini zor gücünə köçürmək və Zəngibasar rayonunu müsəlman elementlərindən tamamilə təmizləmək lazım gələcək.

Ermənistan qoşunlarının komandanı T.Nazarbekov müdafiə nazirinə göndərdiyi 10 mart 1920-ci il tarixli cavab məktubunda general Şelkovnikovun Zəngibasar tatarlarının tərksilah edilməsi planı ilə tamamilə razı olduğunu bildirir. Əməliyyatın uğurunu təmin etmək üçün əsgərlərin sayının 3000-ə çatdırılmasının zəruriliyi vurğulanırdı. O, bu ərazidə yaşayan və silah daşıya bilənlərin sayının 3000 nəfərdən artıq olduğunu və sayıqlıqla qorunduqlarını bildirir: “Əməliyyat sürətlə həyata keçirilməlidir, əks təqdirdə mənfi psixoloji təsiri ola bilər. Əməliyyatın əsas vəzifəsi Haçaparax, Hacı Elyas, Şorlu Dəmirçi, Şorlu Mehmandar və Təzə Qarxın (Şərifabad) kəndlərini tutmaqdır”.

Ə.Haqverdiyevin diplomatik nümayəndə kimi fəaliyyəti, onun erməni işğalına qarşı kəskin mübarizəsi yenə də Ermənistan hökumətini ciddi narahat edir, nümayəndəliyin fəaliyyətini hər vəchlə iflic etməyə çalışırdı. Ermənistanın xüsusi xidmət orqanları diplomatik nümayəndəliyimizin xətti ilə qaçqınlara göndərilən yardımların qarşısını almağa çalışırdı.

Erməni kəşfiyyatı əvvəlcədən xəbər tutmuşdu ki, diplomatik missiya üçün hökumətin ayırdığı vəsaiti qatarla Bakıdan İrəvana Ə.Haqverdiyev özü ilə aparacaq. Ə.Haqverdiyev 1920-ci il martın 8-də Bakı-Tiflis-İrəvan qatarında İrəvana gedərkən erməni quldurları onu Gürcüstanla Ermənistan arasındakı neytral zonada silahla hədələyərək, diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şəxsi vəsaitini əlindən alıb aparmışdılar.

Ə.Haqverdiyev ermənilərin quldurluğu barədə Ermənistan prokurorluğuna şikayət etsə də, bir nəticə hasil olmamışdı. Bu hadisədən bir müddət sonra Ə.Haqverdiyev daimi nümayəndə vəzifəsindən istefa verərək Bakıya qayıtmışdı.

Ə.Haqverdiyevdən sonra 1920-ci il martın 16-da Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Onun da hər addımını izləyir və bir bəhanə tapıb həbs etmək istəyirdilər. Azərbaycan hökuməti Zəngibasardakı azərbaycanlı əhalinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün gizli yolla 600.000 rubl göndərmişdi. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibasara apardıqları pulları Ermənistan kəşfiyyatı ələ keçirmişdi. Ermənistanın baş naziri A.Xatisovun xarici işlər naziri A.Ohancanyana 26 may 1920-ci ildə yazdığı məktubda T.Makinskinin həbsinə hazırlıq görüldüyü haqda məlumat verərək yazırdı ki, T.Makinskinin öz maşınında üç nəfərlə Zəngibasara göndərdiyi 600.000 rubl yolda qoyulan postda ələ keçirilmişdir və həmin şəxslər həbs edilmişlər. Hay-küylü məhkəmə olacağını yazan baş nazir A. Xatisov, hələlik Makinskinin tutulanların verdikləri ifadədən xəbərsiz olduğunu qeyd edirdi. A.Xatisov daha sonra yazır ki, müstəntiq Makinskini dindirən zaman o, bildirmişdir ki, F.Xoyski ilə görüşmək üçün ertəsi gün Tiflisə getməlidir.

Artıq həbs ediləcəyini yəqin edən T. Makinski mayın 28-də İrəvanı qəfildən tərk etmiş və ondan sonra qısa müddətdə diplomatik nümayəndə vəzifəsini Adil Qiyasbəyov icra etmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra İrəvan quberniyasının və Qars vilayətinin türk-müsəlman əhalisinə edilən hər cür yardımlar kəsilmişdi. Zəngibasarı və Vedibasarı ələ keçirmək üçün daşnak ordusunun müəyyən fasilələrlə iki illik hücumları 1920-ci ilin iyun-iyul aylarında qələbə ilə nəticələnmişdi. Bununla da İrəvan quberniyasında erməni işğalına qarşı azərbaycanlıların müqavimət hərəkatı acı sonluqla yekunlaşmışdı.

1916-cı ildə İrəvan quberniyasında 373.582 nəfər azərbaycanlının yaşadığı qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmi 12 min azərbaycanlı qeydə alınmışdı. Faktiki olaraq daşnak hökumətinin “türksüz Ermənistan” siyasəti həyata keçirilmişdi.

1918-1920-ci illərdə soydaşlarımızın apardıqları müqavimət hərəkatı və Xalq Cümhuriyyətinin xilaskarlıq missiyası Azərbaycan tarixşünaslığında öz geniş tədqiqini gözləyir.

Nazim MUSTAFA,
tarix üzrə fəlsəfə doktoru,
Dövlət mükafatı laureatı

http://www.xalqqazeti.com/az/news/politics/105519
“Xalq qəzeti” , 25 may 2018-ci il

 

PDF Printer    Send article as PDF   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*