Azərbaycan Xalq Cümhuriyyəti dövrünün parlaq səhifələri

Ötən əsrin əvvəlində müsəlman Şərqində ilk parlamentli respublikanın –Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə dövlətçilik tariximizin yeni mərhələsinin əsası qoyuldu. Müstəqillik arzusu ilə yaşayan Azərbaycan ziyalıları tarixi şəraitin verdiyi fürsətdən məharətlə yararlandılar. Çünki 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində mərkəzdənqaçma meyilləri güclənmiş, Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə Xüsusi Komitə, noyabr ayında isə Zaqafqaziya Komissarlığı yaratmışdılar. Həmin ilin noyabrında Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə azərbaycanlılar 14 deputat yeri qazanmışdılar. 1918-ci il fevralın 22-də Cənubi Qafqazdan seçilmiş nümayəndələr Zaqafqaziya Seyminin yaradılması, hakimiyyətin onların idarəçiliyinə verilməsi haqqında qərar qəbul etmişdilər. Həmin il aprelin 22-də müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılması haqqında qərar qəbul edilmişdi. Azərbaycanlılar Zaqafqaziya Seymində 4 siyasi partiyanın timsalında 44 nümayəndə ilə təmsil olunurdular.

Zaqafqaziya Seymində gedən ziddiyyətli proseslər nəticəsində ümumi dil tapmaq çətinləşmişdi. Mayın 26-da Zaqafqaziya Seymi özünün axırıncı iclasını keçir­mişdi. Ertəsi gün Gürcüstanın müstəqilliyi bəyan edilmişdi. Mayın 27-də Seymin müsəlman fraksi­yası Məmmədəmin Rəsulzadənin sədrliyi ilə Azərbaycan Milli Şura­sını elan etdi.

1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dün­yaya bəyan etdi. Mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dünyanın əsas siyasi mərkəzlərinə radio-te­leqraflar göndərildi.

Xalq Cümhuriyyətinin süqutunadək konstitusiyanın qəbul edilməsi mümkün olmadı­ğı üçün İstiqlal Bəyannaməsinin müddəaları əsas qanunu əvəz etmişdir.

Xalq Cümhuriyyətinin yaradıl­ması ilə Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açıldı. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 Mayı hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü – Respublika Günü kimi qeyd edilir.

Cümhuriyyət qurucularının qısa müddətdə və mürəkkəb şəraitdə gördükləri mühüm işlərin xronikasına nəzər saldıqda dövlətçilik baxımından ən zəruri tədbirlərin həyata keçirildiyinin şahidi oluruq.

Hökumət. Hökumət Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. AXC hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdükdən sonra Gəncədə olan Qafqaz İslam Ordusunun koman­danı Nuru Paşa ilə Azərbaycan hökuməti arasında gərginlik yaran­mışdı. Belə mürəkkəb vəziyyətdə Milli Şura fəaliyyət göstərməyin mümkün olmadığını görüb, daha əlverişli vaxta qədər özünü buraxmağa məcbur olmuş və səlahiyyətlərini hökumətə həvalə etmişdi.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli olan bir sıra qərarların – erməni-bolşevik işğalına qarşı mübarizə aparmaq üçün hərbi vəziyyət elan edilməsi (19 iyun 1918-ci il), Azərbaycan Milli Ordusunun (Korpusunun) ya­radılması (26 iyun 1918-ci il), hərbi nazirliyin təsis edilməsi (1 noyabr 1918-ci il) haqqında qərarların qəbulu ilə tarixi yaddaşımıza daxil olmuşdur.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun köməyi ilə Bakının erməni-bolşevik işğalından azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə 5 dəfə hökumət kabineti qurulmuşdur. Bunun 2-si parlamentçilik tari­ximizin birinci dövrünə, 3-ü isə ikinci dövrünə təsadüf edir. Beş kabinədən 3-nə Fətəli xan Xoys­ki, 2-nə isə Nəsib bəy Yusifbəyli rəhbərlik etmişdir. Sonuncu üç kabinədə hökumətin tərkibi beynəlmiləl olmuşdur.

Parlament. 1918-ci il noyabrın 16-da Bakıda yenidən fəaliyyətə başlamış Azərbaycan Milli Şurası həmin il noyabrın 19-da respub­likada ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yarat­maq haqqında qanun qəbul edir. 1918-ci il dekabrın 7-də gündüz saat 1-də Hacı Zeynalabdin Tağı­yevin keçmiş qız məktəbinin bina­sında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli şəkildə açılır. Azərbaycan əhalisinin ümumi sayına müvafıq olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışın­da iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralın­dan Parlamentin işinə qatılmışdı­lar. 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 de­putat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: “Müsavat” və bitərəflər fraksiya­sı – 38 nəfər, “İttihad” – 13 nəfər, “Əhrar” – 6 nəfər, “Sosialistlər” bloku – 13 nəfər, partiyasızlar – 4 nəfər, müstəqillər – 3 nəfər, “Rus-slavyan cəmiyyəti” fraksiyası – 5 nəfər, erməni fraksiyası – 5 nəfər, “Daşnaksutyun” fraksiyası – 6 nəfər, “Azlıqda qalan millətlər” fraksiyası – 4 nəfər.

Cəmi 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. Yetərsay olma­dığı üçün iclaslardan 15-i baş tut­mamışdır. Öz fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parla­mentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını qəbul olunmuşdur. Parlamentin 1920-ci il aprelin 27-də keçirilən son iclasında hakimiyyətin dinc yolla bolşeviklərə təhvil verilməsi haq­qında qərar qəbul edilmişdir.

Qanunverici orqanın ilk icla­sında Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilmişdilər. Əlimərdan bəy Topçubaşov bu vaxt İstan­bulda olduğu üçün parlamentə əvvəlcə Həsən bəy Ağayev, sonra isə Məmməd Yusif Cəfərov sədrlik etmişlər.

Ərazi. Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97 297 67 kv. km (Bakı quberniyasında 39 075 15 kv. km, Gəncə quberniyasında 44 371 29 kv. km, Zaqatala quberniyasında 3 992 54 kv. km, İrəvan quberni­yasında 9 858 69 kv. km) təşkil et­mişdir. Azərbaycanın Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi 16 598 30 kv. km (İrəvan quberniyasında 7 913 17 kv. km, Tiflis quberniyasında 8 685 30 kv. km) olmuşdur. AXC dövründə mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113 895 97 kv. km olmuş­dur.

Yeni yaranmış dövlətlər arasında sərhədlərin müəyyən edilməsi üçün aparılan da­nışıqlarda Azərbaycan tərəfi “millətlərin öz müqəddəratını təyinetmə prinsipi”ni əsas götürürdüsə, Ermənistan tərəfi uydurma “tarixi prinsiplərə” əsaslanır, guya, qədimdə həmin mübahisəli ərazilərin uydurma “böyük Ermənistan” ərazisinə daxil olduğunu iddia edirdi. Üstəlik, Azərbaycan Milli Şurasının 29 may tarixli iclasının qərarı ilə İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi erməniləri yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməyə şirnikləndirmişdi. 1919-cu il mayın 28-də Ermənistan parlamenti “Birləşmiş Ermənistan haqqında akt” qəbul etmiş, Azərbaycanın Naxçıvan, Qarabağ və Zəngəzur ərazilərini “Birləşmiş Ermənistan” ərazisinə daxil etdiyini bəyan etmişdi.

Əhali. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövrdə Rusiya imperiyasının Cənubi Qafqazın aborigen türk-müsəlman əhalisinə qarşı yeritdiyi ayrıseçkilik siyasəti, ermənilərin kütləvi surətdə Azərbaycan ərazilərində məskunlaşdırılması, həyata keçirilən deportasiya­lar və soyqırımları nəticəsində Şimali Azərbaycan əhalisinin etnik tərkibi məqsədyönlü şəkildə dəyişdirilmişdi. Lakin azərbaycanlılar yenə də Cənubi Qafqazda çoxluq təşkil edirdilər. 1918-ci ilin noyabr ayında Əlimərdan bəy Topçubaşovun Antanta dövlətlərinin İstanbul­dakı nümayəndələrinə təqdim etdiyi memorandumda Cənubi Qafqazın 237055 kv. km-lik ərazisində 7667370 nəfərin ya­şadığı qeyd olunurdu ki, onların da etnik tərkibi belə idi: 3306000 (43,1%) müsəlman, 1786000 (23,3%) erməni, 1641000 (21,4%) gürcü. Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Cənubi Qafqaz ərazisinin 38%-ni, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7%-ni əhatə etdiyi göstərilirdi.

Rəmzlər. Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət bayrağı kimi qəbul edilmişdi. Bu bayraq üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli idi.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

Bu gün Azərbaycan Res­publikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şu­rasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır.

Azərbaycan Xalq Cümhuriy-yətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Res­publikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respubli­kasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Res­publikasının Dövlət bayrağı kimi təsdiq olundu.

Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respubli­kasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublika­sının gerb və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqın­da” qərar qəbul etmişdi. Lakin milli dövlətin süqut etməsi bu dövlət əhəmiyyətli məsələləri həll etməyə imkan vermədi. Azərbaycan Res­publikasının Milli Məclisi 1993-cü il yanvarın 19-da qəbul etdiyi Kons­titusiya Qanunu ilə 1919–1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Res­publikasının Dövlət gerbi kimi təsdiq etmişdir.

Müstəqil Azərbaycan Respub­likasının dövlət himninin layihəsi 1919–1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. 1992-ci il mayın 27-də Milli Məclis “Azərbaycan Respubli­kasının Dövlət himni haqqında” Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavadın müəllifi olduqları “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdir.

Diplomatik əlaqələr. Azərbaycan Xalq Çümhuriyyəti dövründə xarici siyasət və dip­lomatik əlaqələr Xarici İşlər Nazirliyi, Azərbaycanın xarici dövlətlərdəki səfirlikləri, diplo­matik nümayəndəlikləri, konsul­luqları, habelə, xarici dövlətlərin Azərbaycandakı diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə həyata keçirilmişdir.

Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanın­ması üçün Əlimərdan bəy Topçu­başovun rəhbərliyi altında Paris sülh konfransında Azərbaycan nümayəndə heyəti fəaliyyət göstərmişdir.

AXC dövründə Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçuba­şov, Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov xarici işlər naziri olmuşlar.

Məhəmməd xan Təkinski, Əbdürrəhim bəy Haqverdiyev, Tey­mur bəy Makinski Ermənistanda, Məmmədyusif Cəfərov və Fa­ris bəy Vəkilov Gürcüstanda, Əlimərdan bəy Topçubaşov və Yusif bəy Vəzirov (Çəmənzəminli) əvvəlcə Ukraynada, sonra isə Osmanlı Türkiyəsində, Əkbər ağa Sadıqov Türküstanda (Zakaspidə) diplomatik nümayəndə olmuşlar. Adil xan Ziyadxanov İranda səfir olmuşdur.

1919–1920-ci illərdə Azərbaycanın Təbrizdə və Ba­tumda baş konsulluğu, Krımda, Rəştdə konsulluğu, Məşhəddə vitse-konsullu, Xoy və Əhərdə konsul agentlikləri, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi fəaliyyət göstərmişdir.

Eyni zamanda, Bakıda Ermənistan və Gürcüstanın dip­lomatik nümayəndəlikləri, Böyük Britaniyanın, ABŞ-ın, İtaliyanın, Fransanın, İsveçrənin, İsveçin, Belçikanın, Finlandiyanın, Yuna­nıstanın, Danimarkanın, Litvanın, Polşanın və İranın konsulluq­ları, konsul agentləri fəaliyyət göstərmişdir

1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyi Antanta Ali Şurası tərəfindən tanındıq­dan sonra hökumətin hazırladığı “Qərbi Avropa və Amerikada Azərbaycan Cümhuriyyətinin diplomatik missiyalarının yaradıl­ması və Paris sülh konfransındakı Azərbaycan nümayəndəliyinin ləğv edilməsi haqqında” qanun layihəsi Parlamentdə müzakirə olundu və qəbul edildi. Həmin qanuna görə, 1920 il aprelin 1-dən etibarən Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, ABŞ, Almani­ya, Rusiya və Polşada (Latvi­ya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya) Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri təsis olunmalı idi.

Lakin sovet-bölşevik reji­minin beynəlxalq hüquq nor­malarım kobudcasına pozaraq Şimali Azərbaycanı işğal etməsi və de-fakto tanınmış müstəqil Azərbaycan Xalq Cümhuriyyətini aradan götürməsi nəticəsində Azərbaycanın xarici ölkələrlə dip­lomatik əlaqələrinə və beynəlxalq münasibətlər sistemində təmsil olunmasına son qoyuldu.

İqtisadiyyat. Mövcud olduğu dövrdə Cümhuriyyət hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qa­zanmışdır. Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, Bakı – Culfa dəmiryolunun inşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Azərbaycan Dövlət Ban­kı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.

Azərbaycan hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırma­ğa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaq­dan ibarət olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də neft sənayesi iqtisadiyyatın öncül sahəsi sayılırdı. Çünki bu zaman neft dünyanın ən önəmli hərəkətverici qüvvəsi idi. Odur ki, parlament və hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını öyrənirdi.

Hökumətin ciddi səyləri nəticəsində 1919-cu ildə Bakı – Batum neft kəməri də bərpa edilərək istifadəyə verilmiş­di. 1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycanı tərk etdikdən sonra Bakı limanı və ticarət donanması da Cümhuriyyət hökumətinin sərəncamına keç­mişdi.

Sosial siyasət. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində sosial problemlər də xüsusi diqqət mərkəzində idi. Bu, təsdiq olunan qanunlarda, həyata keçirilən konk­ret tədbirlərdə özünü göstərirdi. Hökumət yoxsulluğu minimum həddə endirməyə və cəmiyyət üzvlərinə elə bir gəlir əldə etməyə təminat yaratmağa çalışırdı ki, onlar bu gəlirlə özlərinin zəruri ehtiyaclarını ödəyə bilsinlər. Qaçqınların maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, onlara tibbi xidmət göstərilməsinin təşkili və bununla bağlı baş­qa məsələlərə xüsusi diqqət göstərilirdi. Yeni xəstəxanaların açılması, tibb kadrlarının hazırlan­ması, yoluxucu xəstəliklərin qar­şısının alınması, əhalinin dərman vasitələri ilə təminatı üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılırdı.

Təhsil. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Hökumətin 1918-ci il 27 iyun tarixli qərarına əsasən, türk dili dövlət dili elan edilmişdi. Təhsil sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi ol­muşdu. Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan ana dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir.

Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki və Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edilmişdi. Azərbaycan hökuməti 22 iyun 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Qazax şəhərinə köçürülməsi haqqında qərar qəbul etmişdir.

1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 müəllim dəvət edilmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamış­dılar.

1919-cu ilin əvvəllərində ölkədə 637 ibtidai məktəb, 23 orta-ixtisas təhsili məktəblər var idi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminari­yası (Bakı, Gəncə və Qazax), 3 Müqəddəs Nina (Bakı, Gəncə və Şəki) qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi mövcud idi.

Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərs vəsaitləri və dərsliklər alınmışdı.

Ali təhsilli milli kadrların hazır­lanmasına prioritet məsələ kimi baxılırdı. Bakı Dövlət Universiteti 1919-cu il sentyabrın 1-də parla­mentin qərarı ilə təsis edilmişdir. Universiteti professor-müəllim heyəti ilə təmin etmək üçün tanın­mış alimlər dəvət olunmuşdular. Avadanlıq, kitablar alınması üçün 1 milyon manat vəsait ayrılmışdı.

Ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent parlamen­tin qərarı ilə xarici ölkələrə – Alma­niya, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı. Bir neçə tələbənin Rusiyanın təhsil müəssisələrinə göndərilməsi də qərara alınmışdı.

Mədəniyyət. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına və tərəqqisinə böyük töhfələr vermişdir.

Bakıda 1918-ci il mart soyqı­rımı törədildikdən sonra teatr və aktyor fəaliyyətlərini dayandırmış­dılar. Yalnız Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdükdən sonra teatr truppala­rının yenidən təşkil olunmasına şərait yaranmışdı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa “Hacıbəyli qardaşları” truppası olmuşdur. Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppa­ları təşkil olunmuşdu. Şuşada Hacıbəyli qardaşlarının teatr müdiriyyətinin filialı yaradılmışdı. Hökumətin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən teatr işi Maarif Nazirliyinin sərəncamına verilmişdi. Nazirlər Şurası 17 noyabr 1919-cu ildə keçirilən icla­sında Dövlət Türk Opera – Dram Teatrının yaradılması haqqında qanunu təsdiq etmişdi.

Xalq Cümhuriyyəti dövründə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xalq xanəndələri və el aşıqları müstəsna rol oynayırdılar.

Memarlıq və heykəltəraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Xalq Maarifi Nazirliyi tərəfindən Gəncədə Nizaminin məqbərəsinin tikintisinə 500 min manat vəsait ayrılmışdı.

Xalq Cümhuriyyəti hökuməti ölkəmizdə muzeylərin yaradılması istiqamətində də mühüm işlər gör­müşdü. “İstiqlal” muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parla­mentinin fəaliyyət göstərməsinin ildönümü münasibətilə onun bi­nasında açılmışdı və parlamentin nəzdində fəaliyyət göstərirdi.

Hökumət ölkədə kinematoqra­fiyanın inkişafına da xüsusi diqqət yetirmişdir. 1919-cu ildə Bakıda 16 kinematoqraf fəaliyyət göstərirdi. Həmin ildə ilk rəssamlıq studiyası yaradılmışdı.

Mətbuat. Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif dillərdə çoxsaylı qəzet və jurnallar işıq üzü görmüşdür. 30 oktyabr 1919-cu ildə “Mətbuat haqqında Nizamnamə” təsdiq edilmişdi. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti (yəni senzura) ləğv olunmuşdu.

1918-1920-ci illərdə ölkədə milli mətbuat, bolşevik mətbuatı, eser-menşevik mətbuatı, erməni-daşnak mətbuatı, heç bir siyasi partiyaya mənsub olmayan qəzetlər, jurnallar mövcud idi. Xalq Cümhuriyyəti dövründə “İstiqlal” (1918-20), “Azərbaycan” (1918-20), “Övraqi-nəfisə” (1919), “Müsəlmanlıq” (1917-19), “Qurtu­luş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu” (1918), “Şeypur” (1918-19), “Zənbur” (1919) kimi milli istiqlal ideyalı mətbuat orqan­ları nəşr olunmuşdur. “Müsavat” partiyasının orqanları “İstiqlal”, “Açıq söz”, rus dilində “Naş put” qəzetləri idi. “Əhrar” partiyası “El”, hümmətçi menşeviklər “Doğru yol”, eserlər “Xalqçı”, “Fəhlə və əkinçi” qəzetlərini nəşr edirdilər. İttihadçılar “Müsəlmanlıq” qəzeti ilə təmsil olunmuşdu. Yaradıcı ziyalılar “Məktəb” və “Bəsirət” məcmuələrini, bolşeviklər “Füqəra sədası”, “Haqq sədası”, “Yoldaş”, “Məşəl”, “Gənc işçi” qəzetlərini nəşr edirdilər. İranlı ziyalıların “Bayrağı-ədalət”, “Hürriyyət”, “Sədayi-İran” qəzetləri çap olunur­du. 1918–20-ci illərdə Bakıda yerli bolşeviklərlə eyni mövqedə daya­nan və milli hökumətlə müxalifətdə olan “Bakinets”, “Bakinskaya jizn”, “Bakinski raboçi”, “Bakinskoye slovo”, “Bakinskoye utro”, “İskra”, “Nabat”, “Naşa jizn”, “Proletari” və s. rusdilli qəzet və jurnallar da çıxırdı. 1918–20-ci illərdə Azərbaycanda erməni dilində çıxan qəzet və jurnallar içərisində qatı düşmənçilik mövqeyindən çıxış edən “Artsax”, “Aparaj” və s. qəzet və jurnallar xüsusilə fəallıq göstərirdi.

1919-cu ilin martında Teleqraf Agentliyinin yaradılması haq­qında Nazirlər Şurasının qərarı Azərbaycan həqiqətlərinin dünya­ya çatdırılması işinə xidmət edirdi.

Cümhuriyyətin süqutu

1920-ci ilin əvvəlinədək Azərbaycanın daxili siyasi həyatında mövcud olan nisbi sabitlik uzun sürmədi. Ölkənin başının üstünü Rusiyadan gələn bolşevik təhlükəsi aldı. Mart ayında Ermənistanın təhriki ilə Qa­rabağda başlanan erməni iğtişaş­larını yatırmaq üçün Azərbaycanın ordu hissələrinin Bakıdan Qaraba­ğa göndərilməsi Qırmızı Orduya qarşı ciddi müqavimət göstərməyi mümkünsüz etdi. Parlament 1920-ci il aprelin 27-də keçirilən sonuncu iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində fakt qarşısında qalaraq, hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxarmağa məcbur edildi.

Şimali Azərbaycan yenidən Rusiyanın caynağına keçsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz buraxdı. Xal­qımızın müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğu sübut edildi. Yuxarıda sadaladığımız faktlar göstərir ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti əsrə bərabər işlərə imza atmışdır.

* * *

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün başlıca problemləri Qarabağda erməni separatizmi­nin güclənməsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və qaçqınlar problemi olmuşdur. 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edən zaman yenidən həmin problemlərlə üzləşdi. 1991–1994-cü illərdə Ermənistan havadarlarının hərbi-siyasi dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Bir milyona yaxın qaç­qın və məcburi köçkün problemi ölkənin əsas probleminə çevrildi. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi nəticəsində torpaqla­rımız işğaldan azad edildi, işğalçı Ermənistan kapitulyasiya aktını imzaladı. Məcburi köçkünlərin Böyük qayıdış prosesinə başla­nıldı. Qondarma “Dağlıq Qara­bağ münaqişəsi” tarixin arxivinə gömüldü.

Özünü Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan Respublikası nəhayət ki, ərazi bütövlüyünü bərpa edərək dünyaya öz qüdrətini nümayiş etdirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi tarixdən ibrət götürülməsi və dövlətçilik ənənələrinin öyrənilməsi baxımın­dan hər zaman aktualdır.

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru,

 Prezident Kitabxanasının şöbə müdiri

https://xalqqazeti.com/az/news/77123

   Məqaləni PDF formatına çevir