Sumqayıt hadisələri M.Qorbaçovun razılığı və DTK-nın nəzarəti altında törədilmişdi

unnamedErmənistan Milli istiqlaliyyət birliyinin nümayəndələri M.Yermakyan və M. Zurabyan qətiyyətlə bildirmişlər ki, 28-29 fevral 1988-ci il Sumqayıt hadisəsinin təşkilatçıları azərbaycanlılar deyil. Onlar demişlər: – Bizim əlimizdə faktlar və sübutlar var.

Aryel Kiru, Fransız jurnalisti

1988-ci il fevralın 20-də Azərbaycanda erməni separatizminin baş qaldırmasından sonra baş verən Sumqayıt hadisələrinin mahiyyəti hələ də tam çılpaqlığı ilə açılmayıb. Lakin bir həqiqət məlumdur ki, 1988-ci il fevralın 28-29-da Sumqayıtda törədilən iğtişaşların ssenari müəllifləri və istiqamət verici qüvvələri ermənilər, onun kortəbii iştirakçıları isə Azərbaycanlılar olmuşlar.

Ilk dəfə deyildir ki, öz çirkin niyyətlərinə çatmaq üçün iğtişaşlar və qırğınlar törədir, günahını isə başqa xalqların boynuna atmağa çalışırdılar. Ermənilər Sumqayıt iğtişaşlarına bənzər iğtişaşları zaman və məkana uyğun olaraq hələ XIX əsrin sonu XX əsrin əvvəllərində dəfələrlə Şərgi Anadoluda törətmişdilər. “Erməni məsələsi”nin mövcudluğuna diqqəti çəkmək, Şərgi Anadoluda muxtariyyət əldə etmək üçün erməni siyasi təşkilatlarının təhriki ilə silahlı dəstələr türklərin yaşadıqları kəndlərə basqınlar edib türkləri öldürürdülər ki, onlar da əks hücumlar edib erməniləri qırsınlar. Bundan sonra isə dünyaya car çəkirdilər ki, “ay aman, qoymayın vəhşi türklər məzlum xristian ermənilərin axırına çıxırlar”. Uydurma “Erməni soyqırımı” məsələsini bu minvalla gündəliyə gətirmiş, beynəlxalq aləmin diqqətinə çatdırmışdılar.

Sumqayıtda iğtişaşlar törətmək ermənilərə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünü dünyaya car çəkmək üçün lazım idi.

Hadisələrin xronologiyasına diqqət yetirək. 1987- ci ilin oktyabrında Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin I müavini vəzifəsindən azad edilməsi Azərbaycanda erməni separatizminin yenidən baş qaldırmasına rəvac verdi. 1988- ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin Sessiyası Muxtar Vilayətin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşməsi haqqında qərar çıxarır. Bir gün sonra Sov İKP MK-nin Siyasi Bürosu Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması barədə qərar qəbul etdi. Fevralın 22-də Sov. İKP MK-nin katibi Q. Razımovski Xankəndinə gəldi. Ertəsi gün vilayət partiya komitəsinin birinci katibi V. Gevorkov işdən azad edildi. Onun yerinə erməni separatizminə rəhbərlik edənlərdən biri H. Poqosyan seçildi. Həmin gün Mərkəzi Komitənin katibləri V. Dolgix və A. Lukyanov İrəvanda partiya fəallarının yığıncağını keçirdilər və erməni separatizminə dolayısıyla “yaşıl işıq” yandırdılar. Erməni separatizminin kökünü kəsmək üçün qanunların tələbi ilə tədbirlər görmək əvəzinə erməni və Azərbaycan xalqını ağıla, zəkaya dəvət edirdilər. Cəzasız qalacaqlarını görən ermənilər tələblərini daha da sərtləşdirdilər. M. Qorbaçovun ermənilərin təsiri dairəsində olması onları daha da azğınlaşdırdı.

Ermənilər guya onların Azərbaycanda hüquqlarının tapdanması barədə 70 səhifəlik material hazırlamışdılar. Fevralın 25-də S.Kaputikyan və Z.Balayan Moskvada Sov İKP MK-nin katibi A.Yakovlevlə 3 saata yaxın danışıq aparmışdılar. Ertəsi gün Kremldəki erməni lobbisinin müşaiyəti ilə M.Qorbaçov, S.Kaputikyan və Z.Balayanı qədul etmişdir. M.Qorbaçov onlardan təkliflərini vermələrini istəmişdir. Təqribən 1 saatdan artıq çəkən görüşdən belə qənaət hasil oimuşdu ki, Moskva erməni separatçılarına qarşı güc tətbiq etməyəcək. Fevralın 27-də Z.Balayan öz “təkliflərini” M.Qorbaçova təqdim etmişdi. Bundan bir gün sonra Sumqayıtda iğtişaşlar başlamışdı. Elə həmin gün Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini K.Brutens xüsusi tapşırıqla Xankəndinə gəlmiş və qapalı görüşlər keçirmişdi.

Sumqayıtda baş verən hadisələrdən M.Qorbaçov əvvəlcədən xəbərdar olmuşdur. Həmin iğtişaşlar bilavasitə SSRİ DTK–nın bilavasitə nəzarəti altında həyata keçirilmişdir. Bu barədə 1993-cü ilin sentyabrında Moskvada dərc edilən aylıq “Armyanskiy vestnik” (N 9, sentaybr) qəzeti Andrey Karaulovun “Moskovskiy komsomolets” qəzetində dərc etdirdiyi məqaləsindən sitat gətirmişdir. Sitat belədir: “Geniş yayılmış “Siyasət – çirkin işdir” ifadəsi düzgün deyil, konkret siyasətçilər onu çirkin edirlər. Sov İKP MK –nin xüsusi qovluğuna baxanda görürsən ki, M. S. Qorbaçov Sumqayıtda qırğınlar barədə əvvəlcədən xəbərdar olmuşdur, üstəlik, həmin əməliyyat Dövlət Təhlükəsizlik Komitəsinin bilavasitə nəzarəti altında həyata keçirilmişdir. Məhz həmin vaxt Mixaıl Sergeyeviçin ölkədə fövqalədə vəziyyət tətbiq etmək fikrinə düşməsini biləndə, fikirləşirsən ki, siyasət çirkin işdir, ona görə ki, onu çirkli əllərlə həyata keçirirlər”.

Görünür, M. Qorbaçov ermənilərin məsləhəti ilə ölkədə fövqəladə vəziyyət tətbiq etmək və bundan istifadə edərək Azərbaycan xalqının iradəsini qırmaq, nəticədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmaq istəyirmiş. Sonralar Ermənistan SSRİ Ali Sovetinin sədri və müstəqil Ermənistanın ilk prezidenti olmuş L.Ter-Petrosyan müsahibəsinin birində demişdi ki, Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətində idi, əgər SSRİ rəhbərliyi bu məqamdan istifadə edib, DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz edə bilməyəcəkdi. Lakin M.Qorbaçov Azərbaycan xalqının Dağlıq Qarabağı Ermənistana güzəştə getməyəcəyinə əmin olduqdan sonra, onun iradəsinə qarşı çıxa bilmədi. A.Volskinin rəhbərliyi altında Xüsusi İdarə yaratmaqla DQMV- nin iqtisadi cəhətdən Azərbaycanın tabeçiliyindən çıxarılmasına nail oldu.

Sumqayıt hadisələri ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün həyata keçirdikləri tədbirlərin tərkib hissəsi idi. Sonralar aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, Sumqayıtda yaşayan ermənilər həmin hadisədən bir neçə ay öncə kütləvi sürətdə şəhərin əmanət kassalarından öz əmanətlərini götürmüşlər. Ümumiyyətlə, Sumqayıtda iğtişaşlar baş verənədək (son üç ay ərzində) Sumqayıt şəhər Əmanət Bankından 1206 erməni 1220.000 manat götürmüşdür. Təxribatların izini itirmək üçün Sumqayıta Azərbaycan dilinin mükəmməl bilən ermənilər göndərilmişdir. Onlara Sumqayıtda gizli fəaliyyət göstərən “Krunk” (“Durna”) separatçı təşkilatına üzv olmaq istəməyən və xüsusi fonda pul köçürməyən ermənilərin ünvanları verilmişdi ki, ehtiraslar qızışdıqdan sonra kütləni həmin ünvanlara yönəltsinlər. Təxribatçılar şəhərin müxtəlif yerlərində səsucaldanlar vasitəsilə qışqırırdılar ki, Stepanakertdə (Xankəndində) azərbaycanlıları öldürür, azərbaycanlı qadın və qızların namusuna təcavüz edirlər. Hətta bəziləri söyləyirdilər ki, Biləcəri dəmir yol stansiyasına bir vaqon azərbaycanlı meyiti gətirilmişdir. Sumqayıtdakı gizli erməni təşkilatlarınınüzvlərinə əvvəlcədən xəbərdarlıq edilmişdir ki, qohum-əqrabalarını xəstəxanalardan çıxartsınlar və şəhəri tərk etsinlər. İğtişaşların törədiləcəyi əvvəlcədən müəyyənləşdirilən yerlərə yaxın evlərin damında gizli kameralar quraşdırılmışdır. Həmin lentlərə ermənilər vaxtilə “türklərin vəhşilikləri” barədə çəkdikləri kinofilmlərdən fraqmentlər əlavə edərək dərhal xarici ölkələrdə nümayiş etdirmişdilər. Həmin faktla bağlı Maqsud İbrahimbəyov 1988- ci ildə “Drujba narodov” jurnalının redaksiyasında çıxış edərkən demişdir: Sumqayıt hadisələrinə bir gün qalmış kino və videokameralı adamlar gəlmişlər. Çəkiliş tam vaxtında başlamış və həmin dəhşətli gün Sumqayıtda çəkilmişdir. Bir qədər sonra həmin film İsveçrədə göstərilmişdir. Filmin ağlasığmaz təsviri hissəsinin insan təxəyyülünü dəhşətə salan səslər tamamlayır. Məsələn, filmin qəhrəmanlarından biri ekrandan matı-qutu qurumuş İsveçrəlilərə öz dostu Mişanın və onun arvadının qətl səhnəsini nəql edirdi: “Guya Mişa dostuna söyləyibmiş ki, sumqayıtlılar onun arvadının başını kəsdikdən sonra, 30 nəfər azərbaycanlı onun gənc qızının üstünə cummuş, növbə ilə zorlamışlar”.

Sumqayıt hadisələrini tədqiq edən azərbaycanlı jurnalistlər Eyruz Məmmədov və Davud İmanov M. İbrahimbəyovun “Drujba narodov” jurnalında etdiyi çıxışının “Odlar yurdu” qəzetində (16avqust 1989-cu il) dərc edilən mətnini Moskvada SSRİ Baş Prokurorluğunun Sumqayıt hadisələri üzrə istintaq qrupunun rəhbəri V.Qalkinə oxuyanda o demişdi:

– Bu iftiradır! Düzdür, Sumqayıtda adam öldürülmüşdür, qan tökülmüşdür, lakin belə vəhşiliklər törədilməmişdir. Bu ağ yalandır!

Fevralın 28-29-da Sumqayıtda baş verən iğtişaşlar zamanı 32 nəfər qətlə yetirilənlərdən 6-sı azərbaycanlı olmuşdur ki, onlardan 4-nü sovet tankı ortadan biçmişdi. Öldürülən 26 ermənidən 6-sı 1959-cu ildə Sumqayıtda anadan olan Qriqoryan Eduard Robertoviçin payına düşürdü. Baş verən iğtişaşlarda ermənilərin fitnə-felinə uyan digər millətlərin nümayəndələri də iştirak etmişdi. Əvvəllər dəfələrlə məhkum olunan “Hitler” ləqəbli Aleksandr Draç, Samoylov, Pavlovski kimi kriminal ünsürlər Sumqayıtda iğtişaşları daha da qızışdırmışdılar. Lakin erməni mətbuatı nə E. Qriqoryanın, nə də qeyri-azərbaycanlı digər cinayətkarların adlarını çəkir.

Sumqayıt hadisələrinin istintaqı ilk gündən birtərəfli və Moskvanın istəyinə uyğun şəkildə aparılmışdı. İstintaqa SSRİ-nin müxtəlif yerlərindən 100-dən artıq müstəntiq cəlb edilmişdi. Martın 1-dən istintaq işini SSRİ Prokurorluğu öz icraatına götürmüşdü. O zamankı respublika prokuroru İlyas İsmayılov öz vəzifəsini qoruyub saxlamaq naminə istintaqın və məhkəmənin gedişinə tamamilə laqeyd münasibət bəsləyərək, yüzlərlə azərbaycanlı gəncin əsassız yerə istintaqa cəlb edilmələrinə və zorakılığa məruz qalmalarına şərait yaratmışdı. Həmin dövrdə o öz vəzifəsini SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi V.Qalkinin rəhbərlik etdiyi qrupun hazırladığı cinayət işlərini ucdantutma imzalamaqda görür, qeyri-qanuni və zorakılıqla aparılan istintaqdan zərər çəkənlərin və onların qohum- əqrəbalarının şikayət məktublarına bir qayda olaraq “işi Moskva müstəntiqləri aparır, biz bu işə qarışmırıq” cavabını verməklə bitmiş hesab edirdi. Ermənistan prokurorluğu və erməni hüquqşünasları istər Sumqayıtda, istər Bakıda, istərsə də Moskvada keçirilən məhkəmə işlərinə təsir göstərməyə çalışır, günahının azlığından, çoxluğundan asılı olmayaraq, istintaqa cəlb edilən azərbaycanlılara ağır cəza verməyi tələb edirdilər.

Sumqayıtda öldürülən ermənilərin 6-sının E.Qriqoryanın payına düşdüyünü yuxarıda qeyd etmişdik. Onunla bərabər 6 azərbaycanlı gəncin məhkəmə prosesi Azərbaycan SSR Ali Məhkəməsində keçirilmişdi. E.Qriqoryanın iğtişaşların təhrikçisi və qətllərin içraçısı olması məhkəmədə tamamilə sübuta yetirilmişdi. 1989-cu il dekabrın 22-də Ali Məhkəmə (məhkəməyə M.İbayev sədrlik etmişdir) E.Qriqoryanı 12 il azadlıqdan məhrum etmişdi.

1988-ci ilin oktyabrında isə SSRİ Ali Məhkəməsində Sumqayıt hadisərinin fəal iştirakçıları kimi cinayət məsuliyyətinə cəlb edilən Əhməd Əhmədovun, İlham İsmayılovun və Yavər Cəfərovun məhkəmə prosesi keçirilmişdi. Onların hər üçünə ən ağır ittiham irəli sürülmüşdü. Noyabrın 14-də SSRİ Ali Məhkəməsinin Məhkəmə Kollegiyası Ə.Əhmədovun cinayətlərini sübuta yetmiş hesab edərək onun işini ayırmışdı. Noyabrın 18-də Ali Mənkəmənin kollegiyası tələm-tələsik Ə.Əhmədova ən ağır cəza –ölüm hökmü kəsmişdi. Hökmdən kassasiya qaydasında şikayət verilə bilməzdi. Hökm oxunanda zalda iştirak edən ermənilərin hamısı əl çalmışdı. Məhkəmə binasının çölündə isə yüzlərlə erməni əllərində plakat tutaraq, Ə.Əhmədova ən ağır cəza verməyi tələb edirdilər. Hökm dərhal icra olunmuşdu. Ə.Əhmədov güllələnməyə aparılanda da qürurunu sındırmamış, cəzasının şişirdildiyini bildirmiş və erməniləri söymüşdü. Bunu ona görə xatirladırıq ki, təxminən eyni maddələrlə ittiham olunanlardan E. Qriqoryana Bakıda 12 il, Ə.Əhmədova isə Moskvada ermənilərin təzyiqi ilə güllələnmə kəsilmişdi. Yenə də ermənilərin vasitəçiliyi ilə E.Qriqoryan cəzasını çəkmək üçün Rusiyaya aparılmışdı.

Ermənilərin məkrli planlarına həmçinin Sumqayıtdakı iğtişaşlar zamanı qətlə yetirilən ermənilərə abidə qoymaq məsələsi də daxil idi. İrəvanda çıxan ”Kommunist” qəzetində dərc edilən “Suayrıcı”

(2 noyabr 1988) məqaləsinin müəllifi A.Hovanesyan yazırdı ki, Sumqayıt hadısələrindən 6 gün sonra Stepanakertdə “Qardaşlıq məzarı” yanında “Yeni qırğının qurbanlarının xatirəsinə” abidə ucaldılmışdır. Aprelin 24-də isə İrəvanda “Qaranquş qalası” təpəsində Sumqayıtda qətlə yetirilənlərin xatirəsinə xaçdaş ucaldılmışdır.

1988-ci ilin payızında Voronej Vilayət Məhkəməsi Sumqayıtda iğtişaşlarda iştirak edən bir qrup azərbaycanlının məhkəmə prosesini keçirmişdir. Məhkəmə zamanı zərərçəkən ermənilər onlara dəyən maddi ziyanın əvəzində ödənilən vəsaiti “Sumqayıt qurbanlarının xatirəsinə” abidə ucaltmaq üçün yaradılmış xüsusi fonda köçürməyi tələb edirdilər. Yuxarıda adı çəkilən məqalədə yazıldığına görə, zərərçəkənlər Rimma Avetisyan və Vladimir Babayev maddi ziyan kimi 65 min 500 manat, Nina və Xaçatur Babayevlər isə 29 min 800 manat ödəməyi tələb etmiş və həmin vəsaitı “Sumqayıt qurbanlarının” fonduna köçürməyi tələb etmişdilər.

Ermənilər özlərinin Sumqayıtda törətdikləri qırğınları azərbaycanlıların ayağına yazmağa çalışır, bunun üçün Azərbaycan ziyalılarından bu hadısəni pisləməyi tələb edirdilər. Hələ 1988-ci ilin payızında ermənipərəst Qalina Starovoytova Moskvada “Demokratik yenidənqurma” klubunun iclaslarının birində demişdi ki, onda olan məlumata görə, Azərbaycan ziyalılarından 5 nəfəri Sumqayıt hadisələrini pisləmişdir. 1988-ci il avqustun 8-də Mockvada “Dağlıq Qarabağ və aşkarlıq” mövzusunda keçirilən brifinqdə yazıçı, filologiya elmləri doktoru Çingiz Hüseynovun söylədikləri ermənilər üçün göydəndüşmə olmuşdu. ”Əlbəttə, bu Azərbaycan xalqının tarixinin üzqaraldıcı səhifəsidir. Bunu etiraf etmək lazımdır…Mən deməliyəm ki, həqiqətən də xuliqanlıq edən adamlar, bir neçə dəfə həbsdə olanlar kimlərinsə iradəsini yerinə yetirmişlər… Sumqayıtda erməni talanlarını təşkil edənlərə qarşı qurulan məhkəmə proseslərinə gəldikdə isə bizim hüquq-mühafizə orqanları bir qədər tərəddüd etmişlər, özlərini itirmişlər. Dərhal hərəkətə keçmək lazım idi… Sumqayıt faciəsi… təkrar edirəm, Azərbaycan xalqının vicdanındadır… (“Komunist”, İrəvan, 2 noyabr 1988-ci il).

Ermənilər bu kimi sözləri müxtəlif şəkillərə salaraq, dünyaya car çəkirlər ki, görürsünüz, Azərbaycan ziyalıları özləri etiraf edirlər ki, Sumqayıtda erməniləri qırıblar. Hətta bəzi yazılarda bu hadisələrə “soyqırım” donu geyindirmək istəyirlər.

Sumqayıt hadisələri barədə isə əsl həqiqət Sov. İKP MK-nın və SSRİ Prokurorluğunun arxivləri azərbaycanlı tədqiqatçıların üzünə açıldıqdan sonra bəlli olacaq.

Nazim Mustafa,

“Xalq qəzeti” 28 fevral 2003

   Məqaləni PDF formatına çevir