“Erməni məsələsi”ndən “erməni soyqırımı”na aparan yol

Palais-Royal1863“Erməni məsələsi” Osmanlı imperiyasını bölüşdürmək məqsədilə Qərb dövlətləri tərəfindən gündəliyə gətirilən “Şərq məsələsi”nin tərkib hissəsi olaraq, XIX əsrin ikinci yarısında Avropa dövlətləri tərəfindən ortaya atılmış, 3 mart 1878-ci il tarixli San-Stefano müqaviləsində və 13 iyun 1878-ci il tarixli Berlin Konqresində rəsmiləşdirilmişdir.

“ Erməni məsələsi” Osmanlı imperiyasını bölüşdürmək məqsədilə Qərb dövlətləri tərəfindən gündəliyə gətirilən “Şərq məsələsi”nin tərkib hissəsi olaraq, XIX əsrin ikinci yarısında Avropa dövlətləri tərəfindən ortaya atılmış, 3 mart 1878-ci il tarixli San-Stefano müqaviləsində və 13 iyun 1878-ci il tarixli Berlin Konqresində rəsmiləşdirilmişdir. Türkiyədə ermənilərin yaşadıqları vilayətlərdə islahatlar aparılmasını təsbit edən bu qərarlar əslində maraqlı dövlətlərə Türkiyənin daxili işlərinə qarışmaq və erməniləri silahlı üsyanlara təhrik etmək üçün fürsət vermişdi. Bir-birinin ardınca erməni siyasi partiyaları yaranmış, silahlı dəstələr meydana çıxmışdı. XIX əsrin 90-cı illərindən etibarən ermənilərin kompakt yaşadıqları ərazilərdə aramsız silahlı üsyanlar baş qaldırmışdı.XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük dövlətlər arasında mübarizə kəskinləşmişdi. Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin vəziyyəti Birinci Dünya müharibəsinın əvvəllərindən etibarən ağırlaşmışdı. Rusiyanın boğazlara və İstanbula (Konstantinopola) yiyələnmək uğrunda mübarizəsi yenidən baş qaldırmışdı və “Şərq məsələsi”ni öz xeyrinə həll etmək istəyirdi. 1913-cü ildə Rusiya da “məzlum ermənilər”in müdafiəsi uğrunda açıq çıxış edərək, Türkiyənin şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdü. Türkiyə hökuməti 1914-cü il, yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa məcbur olmuşdu. Həmin sazişə görə, ermənilərə xarici dövlətlərin, birinci növbədə, Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və s. sahələrdə geniş muxtariyyət verilirdi. Rus-türk müharibəsindən faydalanaraq ermənilər Şərqi Anadolunun 6 vilayətində “Ermənistan” dövləti yaratmaq istəyirdilər.

Müharibə başlamazdan xeyli əvvəl çar Rusiyası özünün Yaxın Şərq siyasətində azsaylı xalqlar faktorundan məharətlə istifadə etmişdi. Türkiyədə yaşayan ermənilər, aysorlar, yunanlar Rusiyanın simasında Osmanlı imperiyasını diz çökdürəcək bir qüvvəni görürdülər. “Birinci Dünya müharibəsi ərəfəsində bu xalqların nümayəndələri rus hökumətindən onları silahlandırmağı xahiş edir və vəd edirdilər ki, ilk çağırışda türklərə qarşı könüllü dəstələr təşkil edəcəklər.

1914-cü ilin sonunda Qafqazda tərkibində 10 min silahlını birləşdirən dörd könüllü erməni drujinası yaradılmışdı və onların Şərqi Anadoluya hücumundan ruhlanan Türkiyə erməniləri “Qərbi Ermənistan”ı azad edib, müstəqil dövlət qurmaq fürsətini əldən verməmək üçün hər yerdə silahlı basqınlar edərək türkləri qırıb məhv etməyə başlamışdılar.

Türkiyə hökuməti ermənilərin türk ordusuna arxadan zərbəsinin qarşısını almaq məqsədilə məcburiyyət qarşısında qalıb, müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra mühafizə dəstələrinin müşayiəti ilə 1915-ci il, mayın 28-də köçürmə işlərinə başlanmışdı. Köçürmə şərtləri o dövrün imkanlarına görə ədalətli idi və hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi.

Ermənilər hər il aprelin 24-nü “soyqırımı günü” kimi qeyd edərək iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon ermənini qırmışlar. Əslində isə həmin gün, sadəcə olaraq, İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, bu əmrin veriləcəyindən əvvəlcə xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də ABŞ Prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin”. Həmin teleqram aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ Prezidentinə çatdırılmışdı.

Əslində ermənilər aprelin 24-nü ona görə “soyqırımı günü” kimi qeyd edirlər ki, yuxarıda qeyd etdiyimiz köç haqqında qərardan sonra onların “Ermənistan” dövlətini yaratmaq istədikləri 6 vilayətdə (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirilmişdi. Yəni onların “Böyük Ermənistan” dövləti yaratmaq iddiaları puça çıxmışdı.

Əgər 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı soyqırımı törədilmiş olsaydı, məntiqlə həmin ərazilərdə ermənilərin kökü kəsilmiş olmalıydı. Lakin istər I Dünya müharibəsi dövründə Şərqi Anadolunun işğalı zamanı, istərsə də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsindən istifadə edən ermənilər türklərə qarşı əsl soyqırım törətmişlər. Avstriya tədqiqatçısı professor Erix Fayql türk-müsəlman dünyasının geniş bir bölgəsini Balkanlardan tutmuş, Qafqaz və Şərqi Anadolu daxil olmaqla, böyük bir coğrafi məkanda 1915-1918-ci illərdə erməni yaraqlılarının 2,5 milyon müsəlmanı qətlə yetirdiyini göstərir.

Bu yaxınlarda Bakıda rus dilində nəşr edilmiş “Birinci Dünya müharibəsi dövründə erməni silahlı dəstələrinin Türkiyədə və Cənubi Qafqazda fəaliyyəti haqqında general-mayor Bolxovitinovun raportu” (“Ğàïîğò ãåíåğàë-ìàéîğà Âîëõîâèòèíîâà î əåéòåëüíîñòè àğìÿíñêèõ âîîğóæ¸ííûõ îòğÿəîâ â  Òóğöèè è Çàêàâêàçüå â Ïåğâóş ìèğîâóş âîéíó”, Bakı, “Azərnəşr”, 2011) adlı kitab XIX əsrin 80-ci illərinin axırlarında və Birinci Dünya müharibəsi illərində erməni millətçilərin Türkiyədə və Qafqazda törətdikləri əməllərin həqiqi mahiyyətini tam əks etdirir. Kitabda Rus Qafqaz Ordusunun Baş Qərargah rəisi, çar general-mayoru Leonid Bolxovitinovun 1915-ci il, dekabr ayında yazdığı 65 səhifəlik məruzəsi təqdim edilir. Bu materiallar XX əsrin əvvəlində və Birinci Dünya müharibəsi illərində ermənilərin Türkiyədə, Şərqi Anadoluda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri açıb göstərir. General Bolxovitinov kəşfiyyat məlumatlarına, sənədlərə əsaslanaraq qondarma “erməni məsələsi”nin yaranması səbəblərini, erməni millətçilərinin Türkiyə şəhərlərinin dinc sakinlərinin qanını tökmək, onları qətlə yetirmək bahasına müstəqil Ermənistan yaratmaq məqsədlərini açıb göstərir.

Məlumdur ki, Sovet hökuməti 1917-ci il, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdir. Əgər ermənilər Türkiyədə “soyqırım”a məruz qalmış olsaydılar və yaxud həmin ərazilərdən təmizlənmiş olsaydılar onda belə fərman verməyə heç ehtiyac belə qalmazdı. Bu dekret Türkiyə ərazisində erməni dövləti yaratmaq üçün ermənilərin iştahasını daha da artırmışdı. Ermənilər 1918-20-ci illərdə fasilələrlə Ərzurumdan tutmuş, Qars vilayətinədək böyük bir ərazidə türklərə qarşı soyqırım həyata keçirmişdilər. Məcburiyyət qarşısında qalan türk ordusu iki ildə – 1918-ci və 1920-ci illərdə həmin əraziləri erməni silahlı qüvvələrindən təmizləmişdi.

1921-ci ildə Qars müqaviləsinin imzalanmasından sonra Türkiyə ilə Ermənistan arasında mehriban qonşuluq münasibətləri yaranmışdı. Həmin vaxtlarda rəsmi İrəvan Türkiyəyə qarşı hər hansı iddia irəli sürməmişdi. 1965-ci ildən etibarən “soyqırım” iddiası erməni lobbisinin və Türkiyəyə qarşı təzyiq göstərmək, onu nədəsə güzəştə getməyə vadar etmək istəyən dövlətlər tərəfindən vaxtaşırı olaraq qabardılır.

Türkiyədə cəmi nə qədər erməni yaşamışdır?

1915-ci ildə Türkiyədə yaşayan ermənilərin kütləvi surətdə qırılması iddiasının əsl müəllifləri ermənilər deyillər. Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasını parçalamaq istəyən xristian dövlətlərin missionerləri ilk dəfə belə bir iddia ilə çıxış etmişlər. Bəs həmin dövrdə erməni tədqiqatçıları Türkiyədə nə qədər erməninin qırıldığını iddia etmişlər? Bu suala cavab vermək üçün öncə Birinci Dünya müharibəsi ərəfəsində Türkiyədə nə qədər erməninin yaşadığını müəyyən etmək lazımdır.

1844-cü ildə keçirilən siyahıyaalma zamanı Osmanlı hökuməti 14 yaşdan yuxarı, 70 yaşdan aşağı 600 min erməninin yaşadığını müəyyən etmişdi. Ubicini  1854-cü ildə Parisdə dərc etdirdiyi kitabında vergi verən ermənilərin sayını mexaniki olaraq 4-ə vurmaqla, Türkiyədə 2,4 milyon erməninin yaşadığını iddia etmişdi. Bu rəqəmi erməni patriarxlığı əsas götürmüş, sadəcə olaraq, aradan keçən 25 ildə ermənilərin 360 min nəfər artmasını ehtimal edərək, Berlin konqresində 2,76 milyon erməninin yaşadığını iddia etmişdi.

Tarixçi A. Arakelyan yazır ki, alman missioneri İohann Lepsiusun 1913-cü ildə “Der Christliche Orient” jurnalında dərc etdirdiyi məqaləsində isə Asiya Türkiyəsində yaşayan ermənilərin sayı 1 milyon 181 min 066 nəfər göstərilmişdir.

Məqalə müəllifi qeyd edir ki, 6 vilayətdə yaşayan ermənilərin sayının üzərinə Kilikiyada (yəni Adana və Hələb vilayətlərində), habelə İstanbulda və digər yerlərdə yaşayan ermənilərin sayı gəlinərsə, onda Türkiyə imperiyasında ermənilərin sayı böyük ehtimalla 1,5 milyona çata bilər.

Deməli, 1,5 milyon erməninin Türkiyədə “soyqırım”a məruz qoyulması iddiası cəfəngiyyatdan başqa bir şey deyil.

“Erməni soyqırımı”nın

ideya müəllifləri kimlərdir?

Qərb dövlətləri və Rusiya Osmanlı İmperiyasını parçalamaq üçün XIX əsrin əvvəllərindən etibarən müxtəlif planlar cızır, həmin planları həyata keçirmək üçün yollar axtarırdılar. Osmanlı hökumətinin daxili işlərinə müdaxilə etmək üçün ən tutarlı vasitə kimi Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “müdafiəsi” məsələsi qabardılırdı. İmperiya ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən – satqınlığından, şəraitə uyğun olaraq din və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi.

Anadoluya yeridilmiş xristian missionerləri ermənilərin bu xüsusiyyətlərindən istifadə edərək, onları himayə etmək adı altında Osmanlı hökumətinə qarşı silahlı mübarizəyə hazırlayırdılar.

1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra “erməni məsələsi”nin gündəliyə gəlməsi və Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi barədə Berlin müqaviləsinin imzalanmasından sonra erməni silahlı dəstələrinin təşkil edilməsi, onların üsyana hazırlanması üçün Rusiya və Avropa dövlətləri ciddi səy göstərirdilər. “Daşnaksütyun” və “Hnçak” partiyaları da Anadoluda gizli silahlı dəstələr təşkil edirdilər.

XIX əsrin sonlarından etibarən Anadoluda bir-birinin ardınca baş qaldıran erməni üsyanları xarici ölkələr tərəfindən qızışdırılır, ermənilər silahla və pulla təchiz edilirdilər. Belə bir şəraitdə ermənilərin Anadoluda müstəqil dövlət yaratmaq niyyətləri ilə Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin məqsədləri üst-üstə düşürdü. Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başçılarına göstəriş verilmişdi ki, türklərin “qaniçən”, “cəllad” obrazının yaradılması üçün bütün mümkün vasitələrdən istifadə etsinlər. Ardı növbəti sayımızda.

   Məqaləni PDF formatına çevir