Ağbaba və Şörəyel milli şuraları erməni təcavüzünə qarşı qəti müqavimət təşkil etdi

Türkiyənin Birinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində bağlanan Mudros sazişinin (30 oktyabr 1918-ci il) şərtlərinə əsasən, Şərqi Anadoluda türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilməli olur və bölgə ingilis qoşunlarının nəzarəti altına keçir. Sovet Rusiyasının 29 dekabr 1917-ci il tarixli “Türkiyə Ermənistanı haqqında” dekretinə əsasən isə ermənilər həmin ərazilərə sahib çıxmaq istəyirdilər. Bunun qarşısını almaq üçün 1918-ci il noyabrın 5-də Qars İslam Şurası təşkil edilir. Noyabrın 15-də 1-ci Qars Konqresi keçirilir. Konqresdə Gümrü və Ağbabanı Qızıldaş kəndindən vəkil Topal Əli bəy Xəlilbəyoğlu təmsil edir. Konqresdə Fəxrəddin Ərdoğanın başçılığı ilə “Müvəqqəti heyət” seçilir. Ağbabanın Qaraçanta kəndindən Əhməd bəy Hacıyev heyətin tərkibinə daxil olur. Konqres geri çəkilən türk ordusundan silah əldə etmək və Üç Sancaq çevrəsində Qars İslam Şurasının şöbələrini açmağı qərara alır.

Noyabrın 30-da keçirilən 2-ci Qars Konqresinə qədər bölgələrin nüfuzlu şəxslərinin təmsilçilikləri ilə yerli milli şuralar təşkil edilir. O cümlədən Ağbaba və Şörəyel milli şuraları təşkil edilir. Ağbabanın Köhnə İbiş kəndindən olan Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağa şuranın sədri və konqresə nümayəndə seçilir. Şuranın tərkibi 7 nəfərdən – Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağa, qardaşları Mahmud və Əsəd ağalar, Babaş ağa Bayramoğlu, Haşım Ağbaba, Xəlil Vəli oğlu Budaq və Hamza ağadan ibarət idilər.

Üç gün davam edən 2-ci Qars Konqresində Batumdan Naxçıvanadək əraziləri birləşdirən Qars Milli İslam Şurası hökuməti qurulur. Hökumətin rəisi əslən gümrülü İbrahim bəy Cahangirov seçilir. Parlament funksiyasını icra edən 12 nəfərlik Mərkəz Müməssilləri heyətinin tərkibinə Ağbabadan Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağa və Əhməd bəy Hacıyev daxil olurlar.

Ağbaba Milli Şurası bölgə əhalisini erməni hücumlarından qorumaq üçün yerli səfərbərlik keçirir və Ağbaba süvari alayını təşkil edir. Belə qayda qoyulubmuş ki, əsgər verə bilməyən ailələr bir tüfəngin pulunu və bir at, yaxud bir inək verməli idilər. Bu qaydaya əməl etməyənlər ciddi cəzalandırılmışdılar.

Yaqub Şefkipaşanın komandanlığında geri çəkilən türk ordusunun zabiti yüzbaşı Xurşud bəy Ağbabada qalmış, könüllü dəstələrin təlimi vəzifəsini üzərinə götürmüşdü. Nəticədə Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağanın başçılığı altında Ağbaba süvari alayı ermənilərə qarşı mücadilə edəcək bir qüvvəyə sahib olmuşdu.

1919-cu il yanvarın 7-9-da 2-ci Ərdahan Konqresi keçirilir. Konqresdə erməni və gürcü hücumlarına qarşı səfərbərlik keçirilməsi, mövcud silahların ingilislərə təhvil verilməməsi qərara alınır. 1919-cu il yanvarın 13-də ingilis generalı Biç Qarsa gələrək Ermənistan hökumətinin Stepan Korqanovu Qars vilayətinin başçısı təyin etdiyini bildirir. Milli Şura hökumətinin başçısı İbrahim bəy Cahangirov ingilis generalına deyir ki, bölgə əhalisinin 85 faizi türklərdən ibarətdir və vilayətin rəhbərliyinə erməninin təyin edilməsi Vilson prinsiplərinə ziddir. Bundan sonra general Biç Milli Şura hökumətini tanıdığını bildirir və Gümrüyə qayıdır.

1919-cu il yanvarın 17-18-də keçirilən 3-cü Qars Konqresi hökumətin adını dəyişdirərək Cənub-Qərbi Qafqaz hökuməti Müvakkata-i Milliyyəsi adlandırır. 18 maddədən ibarət anayasa qəbul olunur. Cümhuriyyətin 40 min kv.km ərazisi, 1,7 milyon nəfər (1,5 milyonu türk-müsəlman) əhalisi var idi. Dövlət dili kimi türk dili, üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzlu bayrağı qəbul olunmuşdu. Batumda həftədə üç dəfə çıxan “Sədayi-millət” qəzeti hökumətin rəsmi orqanı idi. Beləliklə, Rusiya imperiyasının dağılması ilə əlaqədar olaraq Qars, Batum, Axıska, Axılkələk, Şərur, Naxçıvan, Sürməli və İrəvan qəzasının cənub-şərq hissəsinin əhalisi Cənub-Qərbi Qafqaz hökuməti simasında öz müstəqilliyini elan edir.

Yeni təşkil edilmiş hökumətin başçısı yenə də İbrahim bəy Cahangirov seçilir. Bu arada, yəni 1919-cu il martın 25-də Cənub-Qərbi Qafqaz hökuməti öz müstəqilliyini elan etmiş və özünü Cənub-Qərbi Qafqaz Demokratik Respublikası və yaxud Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (CQQC) adlandırmışdı.

Həmin dövrdə siyasi partiyalar fəaliyyət göstərmədiyindən 65 bitərəf deputatdan ibarət parlament yaradılmışdı. Axıskalı doktor Əsəd bəy Oktay (Əsəd bəy Hacıyev) parlamentin sədri seçilmişdi. Parlament respublikanın xarici və daxili siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmişdi.

Cənub-Qərbi Qafqaz hökuməti 1919-cu il yanvarın 27-də Azərbaycan hökumətinə müraciət etmiş, ondan zabitlər, məmurlar və pul istəmişdi.

Aprelin 12-də ingilislər erməni daşnak hökumətinin arzusunu yerinə yetirərək CQQC-nin parlament binasını mühasirəyə alaraq 30 nəfər parlament üzvünü və hökumət nümayəndəsini həbs etmiş, baş nazir İbrahim bəy Cahangirov başda olmaqla 11 nəfər Malta adasına sürgünə göndərilmişdi. Bundan sonra CQQC-nin 12 bölgəsində milli şuralar yerli hökumətlər şəklində müstəqil fəaliyyət göstərmişdi. Ağbaba Milli Şurası Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağanın, Şörəyel Milli Şurası isə İsgəndər bəy Ağüzümün sədrliyi ilə öz işini davam etdirmişdi.

Şörəyel nahiyəsinin kəndləri ermənilər tərəfindən işğal olunduğu üçün Şörəyel Milli Şurası öz işini dayandırmaq məcburiyyətində qalmışdı. Milli Şuranın sədri Əsədulla Ağüzüm Şörəyel faciəsinin miqyasını dünyaya çatdırmaq üçün Tiflisə getmiş, Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyi vasitəsilə müttəfiq dövlətlərin Tiflisdəki missiyalarının başçılarına müraciətlər etmiş, orada dərc olunan qəzetlər vasitəsilə ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışdı. Xarici dövlətlərin diqqətini Qars vilayətində törədilən erməni vəhşiliklərinə cəlb etmək, qaçqınların problemlərini yüngülləşdirmək üçün 10 oktyabr 1919-cu ildə Tiflisdə Qarslı Həmyerlilər Cəmiyyəti yaradılmışdı. Tiflisdə dərc olunan “Obnovlenie” qəzetinin noyabr ayındakı saylarında Qars vilayətində ermənilərin törətdikləri vəhşiliklər haqqında silsilə məqalələr dərc edilmişdi.

İngilislərin CQQC-ni süquta yetirməsindən dərhal sonra Ermənistan ordusunun 1-ci və 4-cü piyada polkları general Osipyanın komandanlığı altında daşnak hökumətinin Qars vilayətinə qubernator təyin etdiyi Stepan Korqanovla birlikdə Qarsa daxil olurlar. Aprelin 30-da daşnak hökuməti Qarsda öz fəaliyyətinə başlayır və bölgələrdə qəza təşkilatlarını qurmaq üçün öz nümayəndələrini yerlərə göndərir.

Bu zaman Qarsda Məşədi Səməd ağanın başçılığı ilə S.Korqanovun hakimiyyətini qəbul edən oyuncaq Müsəlman Milli Şurası qurulur. Həmin şuranın üzvləri Qarsın nahiyələrini gəzərək yerli əhali arasında təbliğat aparırdılar ki, silahları təhvil versinlər və qırğınların olmaması üçün Ermənistanın hakimiyyətini qəbul etsinlər.

Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökuməti üzvlərinin Malta adasına sürgün edilmələrindən uzun müddət sonra belə qubernator S.Korqanov hər yerdə idarəçiliyi öz əlinə ala bilməmişdi. Yerli müsəlman əhali onun təyin etdiyi nahiyə rəislərini yaxına buraxmır, erməni idarəçiliyini tanımaq istəmirdi. Çünki ermənilər verdikləri vədlərə əməl etmir, əhalisi tərksilah olunan müsəlman kəndlərində yaşayanları ucdantutma məhv edir və onların mal-mülkünə sahib çıxırdılar. 1919-cu il oktyabrın 1-də S.Korqanov Ermənistan hökumətinin sədrinə ünvanladığı “Tam məxfi” qrifli məktubunda “quldurbaşı” adlandırdığı Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağanın erməni idarəçiliyinə tabe olmamasından şikayətlənmişdi.

31 yanvar 1920-ci ildə Ağbaba Milli Şurasının Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyinə göndərdiyi müraciətində deyilirdi ki, Qars vilayətinin Ərdahan qəzasında erməni əsgəri qüvvələri islamlar üzərinə hücum edərək şiddətli surətdə hərb açmış, Ağbaba, Zərşad və Şörəyel nahiyələrini mühasirəyə almışlar. Milli Şura “İslamların əhvalı qayət pərişan və təhlükəli olduğundan tez bir zamanda müavinətinizi istirham edəriz” yazaraq Azərbaycandan yardım istəyirdi.

Ağbaba Milli Şurasının sədri Kərbəlayı Məhəmməd ağa gürcü zabitləri ilə sıx əlaqə qura bilmişdi. O, gürcü generallarına qızıl pul verərək onlardan silah-sursat alırdı. Ermənilərin aramsız hücumları o həddə çatmışdı ki, Ağbaba Milli Şurasının 20 fevral 1920-ci il tarixdə 35 kəndin nümayəndələrinin iştirakı ilə Təpəköy kəndində keçirilən iclasında qərara alınmışdı ki, Ağbaba nahiyəsinin Gürcüstana birləşdirilməsi üçün Gürcüstan hökumətinin nümayəndələri ilə əlaqə qurulsun və bunun üçün iki nəfər səlahiyyətli nümayəndə seçilmişdi. Rus dilində tərtib edilən və hazırda əsli Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyinin arxiv sənədləri içərisində saxlanılan “İcma qərarı”nın mətni belə dedi:

“20 fevral 1920-ci il. Təpəköy kəndi.

Biz, Ağbaba sahəsinin Amasiya, Daşkörpü, Mumuxan, Sınıx, Mağaracıq, Çaxmaq, Güllübulaq, Dələver, Cəbəçi, Qızıldaş, Düzkənd, İlanlı, Qaranamaz, Təzəkənd, Balıqlı, Göllü, Öksüz, Sultanabad, Təpəköy (böyük), Təpəköy (kiçik), Xançarlı, Güllücə, Elləroyuğu, Qarabulaq, Qızılkilsə, Söyüdlü, Xozukənd, Baxçalı, Ördəkli, İbiş, Mustuxlu və Seldağılan kəndlərinin aşağıda imza edən sakinləri, səsvermə hüququna malik olan min dörd yüz əlli dörd (1454) ev sahibləri, bu gün tamamilə toplaşaraq Ağbaba Müsəlman Milli Şurasının sədri Mahmud Hacı Abbas oğlunun iştirakı ilə ermənilərlə bir arada və Ermənistan Respublikası hökumətinin tabeliyində yaşamağın mümkün olub-olmaması müzakirə edildi və nəzərə alındı ki, qonşu Şörəyel nahiyəsinin müsəlman kəndləri Ermənistan Respublikasının tabeliyini qəbul etmələrinə baxmayaraq, artilleriya bombardmanına, həm Ermənistan ordusu və administrasiyası, həm də erməni əhalinin hər cür qeyri-qanuni zorakılıqlarına məruz qalmışlar. Ona görə belə qənaətə gəlmişik ki, Ağbaba nahiyəsi yalnız Gürcüstan ərazisinə birləşməklə müsəlman əhalinin həyatını və əmlakını istənilən tərəfin qəsdindən qoruya bilər və buna görə də bir səslə qərara aldılar: öz aramızdan Xozukənd sakini Məşədi Rüstəm oğlunu və Qızıldaş kəndinin sakini Niftalı İbrahim Xəlil oğlunu seçərək onları vəkil edir və onlara ixtiyar veririk ki, bizim Ağbaba nahiyəsinin Gürcüstanla birləşdirilməsi üçün Gürcüstan Respublikasının nümayəndələri ilə əlaqəyə girsinlər. Bir sözlə, adları çəkilən şəxsləri vəkil edirik ki, bizim ərazinin taleyini həll etmək üçün istənilən şəxslə əlaqəyə girsinlər”.

1920-ci il fevralın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinə erməni silahlı birləşmələrinin Şörəyelin 12 kəndini darmadağın etməsi ilə əlaqədar etiraz teleqramı, fevralın 28-də Azərbaycan XİN Ermənistan qoşunlarının Şörəyel, Ağbaba, Çıldlr və Zərşad nahiyələrinə hücumu ilə bağlı etiraz notası göndərmiş Azərbaycan XİN Fransa və İtaliyanın Cənubi Qafqazdakı hərbi nümayəndəliyinə müraciət edərək Qarsda ermənilərin törətdikləri qırğınların qarşısının alınması üçün kömək göstərmələrini istəmişdi.

Azərbaycan parlamentinin 1920-ci il martın 9-da keçirilən fövqəladə iclasında İrəvan quberniyasında və Qars vilayətində ermənilərin törətdikləri qırğınlar müzakirə edilmiş və bəyanat qəbul olunmuşdu. Azərbaycan hökumətinə tapşırılmışdı ki, qırğınların qarşısının alınması və qaçqınların vəziyyətinin yüngülləşdirilməsi üçün lazım olan tədbirləri görsün.

Yanvar-fevral aylarında erməni silahlı qüvvələri Ağbabanı tam mühasirədə saxlmışdılar. Qarsdakı oyuncaq Milli Şuranın adından İsmayıl Əzizov adlı şəxsi S.Korqanov Ağbabaya göndərmişdi ki, əhalini tərksilah olmağa və Ermənistan hökumətinin tabeliyini qəbul etməyə razı salsın. Lakin Ağbaba Milli Şurası bu təklifi qəbul etməmişdi. 29 fevral 1920-ci ildə Ermənistan hökuməti adından Arpaçay xətti üzrə özünümüdafiə qüvvələri komandanı Saruxanovun imzası ilə Ağbaba nahiyəsinin əhalisinə ultimatum göndərilmişdi. Ultimatumda deyilirdi: “Sizin nahiyənin əhalisinin tərksilah olunması və bütün məsələlərin sülh yolu ilə həll edilməsi məqsədilə İsmayıl Əzizov vasitəsilə danışıqlar aparılması üçün Ermənistan hökuməti tərəfindən nümayəndələr göndərilməsi barədə istəyinizlə bağlı ərz edirəm ki, Aleksandropol qrup qoşunlarının rəisi general Pirimovun, ikinci xüsusi briqadanın rəisi general Osepyanın və əlahiddə atlı briqadasının rəisi general Xaçaturovun əmri ilə mən bu gün yuxarıda ərz edilən məqsədlə erməni Şiştəpəsi kəndinə gəldim və ona görə də təklif edirəm ki, martın 1-də saat 12-də bütün kəndlərdən sizin nümayəndələri danışıqlar aparmaq üçün Şiştəpə kəndinə göndərəsiniz”.

Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayəndəliyinin arxiv sənədlərinin içərisində Kərbəlayı Məhəmməd ağaya, Məhəmməd bəy Qocayevə və Əsəd bəy Hacıyevə 13 fevral 1920-ci ildə verilən vəsiqənin surəti saxlanılır. Həmin sənəddə qeyd edilir ki, adları çəkilən şəxslər təcili olaraq Diplomatik Nümayəndəlik tərəfindən Bakıya ezam olunurlar ki, qaçqınlara yardım edilməsi məsələsini Himayədarlıq Nazirliyi ilə müzakirə etsinlər. Sənəddə həmçinin dövlət orqanlarının nümayəndələrindən xahiş edilirdi ki, onların Bakıya çatmaları üçün yolda hər hansı maneçilik törədilməsin.

Bununla bağlı Fəxrəddin Ərdoğan xatirələrində yazır ki, “ermənilərin alayları və topları ilə türk köyləri üzərinə yürüdüklərini görən Qocaoğlu Məhəmməd bəy, doktor Əsəd bəy və Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd bəy Axılkələyə gələrək Borçalı yolu ilə Bakıya gedirlər. Yardım üçün Azərbaycan hökumətindən əsgəri qüvvə istədilər. Azərbaycan hökuməti bir tümən əsgəri qüvvətinin Gürcüstan ərazisindən keçməsini tələb etdikdə gürcülər müsaidə etmədilər. Bərabərlərində Bakıdan, albay (polkovnik) İsmayıl bəy Yadigarov, Yusif Kənan bəy, İsmayıl bəy Nəzərəliyevlə birlikdə xeyli Azərbaycan parası götürərək Ağbabaya gəldilər, oradan da Çıldıra keçdilər”.

F.Ərdoğan xatirələrində daha sonra yazır: “Çıldırda doktor Əsəd bəy, Ağbabada Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd bəy əllərindəki qüvvələrini gecə-gündüz çalışıb yerləşdirdikdən sonra bura ermənilərin girməsinə mane oldular. Ermənilər də buralarda qəza təşkilatlarını qurmaq üçün alay komandanı Marzmanovun idarəsində iki top, səkkiz ağır makinalı tüfənglə (pulemyot) bu qüvvələr üzərinə hücuma başladı. Bu milli qüvvələrimiz birləşərək Marzmanova qarşı çıxdılar. Marzmanov 50 ölü və bir ağır makinalı tüfəng buraxaraq çəkilməyə məcbur oldu”.

Daha sonra F.Ərdoğan yazır ki, milli təşkilatlarımız erməniləri elə sıxışdırmışdılar ki, onlar “böyük Ermənistan” xülyasından əl çəkib, kiçik qəzalarımızla barışıq əldə etmək məcburiyyətində qalmışdılar.

Ağbaba nahiyəsinin dağlıq hissəsi yeganə bölgə idi ki, axıradək ermənilər ora girə bilməmişdilər. Ona görə də İrəvan quberniyasından 25 mindən artıq qaçqın Ağbaba və ona qonşu Zərşad nahiyələrinə sığınmışdı.

Beləliklə, Ağbaba Milli Şurasının gecəli-gündüzlü gərgin əməyi nəticəsində bu bölgənin dağ kəndləri ermənilərin törətdikləri qırğınlardan xilas ola bilmişdi. Türk qoşunları 1920-ci ilin oktyabrında Qarsı azad etdikdən sonra Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağanın 700 nəfərlik silahlı dəstəsi 9-cu diviziyanın tərkibinə qatılaraq Azərbaycan süvari alayı ilə birlikdə Gümrünü azad etmiş və hərbin sonunadək cəbhədə vuruşmuşdu.

1921-ci il Moskva və Qars müqavilələrinə əsasən, Türkiyə tərəfi Arpaçay rayonundan blokhauzları (çöldə tikilən hərbi hissə istehkamları) Gümrü-İrəvan dəmiryol xəttindən 8 verst məsafədə geri çəkmişdi. Sərhəd xətti Ağbaba dağlarından müəyyən edildiyindən Ağbabanın Köhnə İbiş, Bəzirgan, Dələver, Köhnə Qızıldaş, Cəbəci kəndləri Türkiyə tərəfdə qalmış, yerdə qalan 26 kənd Ermənistana qatılmışdı.

Şörəyel Milli Şurasının sədri Əsədulla Ağüzüm 1945-ci ildə vəfat etmiş, Qarsdakı Ortaqapı məhəlləsi qəbiristanlığında dəfn edilmişdir. Ağbaba Milli Şurasının sədri Kərbəlayı Məhəmməd ağa 1952-ci ildə vəfat etmiş, əsgəri törənlə Köhnə İbiş qəbiristanlığında dəfn edilmişdir.

Ümumiyyətlə, milli mücadilə illərində Cənub-Qərbi Qafqazda 12 milli şura mövcud olmuşdur ki, onların hər birinin fəaliyyəti müştərək tariximizin parlaq səhifələrindəndir.

Nazim MUSTAFA,

AMEA Tarix İnstitutunun böyük elmi işçisi, Dövlət mükafatı laureatı

Mənbə: http://www.azerbaijan-news.az/index.php?mod=3&id=93539

   Məqaləni PDF formatına çevir