1905-1906-cı illərdə ermənilərin Cənubi Qafqazda törətdikləri terror və qırğınlar

Nazim Mustafa[*]

XX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində gündəliyə çıxarılan «Erməni məsələsi» sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin Şərqi Anadolu vilayətlərinin heç birində ermənilər say etibarı ilə üstünlük təşkil etmirdilər (14, c.96).

Həmin illərdə İngiltərə və Fransanın yardımı ilə Türkiyədə erməni üsyanı təbliğatı aparılırdı. Bu işə rəhbərliyi “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar törətmək məqsədilə türklərə və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin erməniləri qırğınlara məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər.

Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və iştirakçılarının əksəriyyəti Cənubi Qafqaza axışmışdı (12, c. 204; 4, s. 119-120). Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə Cənubi Qafqaza 400000 erməni gəlib yerləşmişdi (20, s. 64). Həmin dövrdə Cənubi Qafqazda törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin və muzdlu qatillərin payına düşürdü (14, c. 137).

XX əsrin əvvəllərində Qafqazda mövcud olan 54 qəzadan yalnız beşində ermənilər çoxluq təşkil edirdilər. İrəvan quberniyasındakı 7 qəzadan 3-də, Yelizavetpol quberniyasındakı 8 qəzadan yalnız 1-də ermənilər çoxluq təşkil edirdilər. 1905-1906-cı illər qırğınları ərəfəsində İrəvan quberniyasında mövcud olan 1301 yaşayış məntəqəsindən 959-da azərbaycanlılar, 342-də ermənilər məskunlaşmışdılar (2, s. 43). Yelizavetpol quberniyasında isə 1613 kənddən 390-da ermənilər yaşayırdılar (2, s. 143).

XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu əsasən erməni kilsələri oynayırdı. 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi partiyaların və onların terrorçu dəstələrinin maddi vəziyyətinə zərbə vurmuşdu. Həmin qanunun icrasının qarşısını almaq məqsədilə erməni siyasi partiyalarının terrorçu dəstələri hakimiyyət mənsublarına qarşı terror aktları həyata keçirməyə başlamışdılar. Eyni zamanda erməni siyasi partiyaları Cənubi Qafqazda anti-türk, anti-müsəlman kampaniyasını genişləndirməyə başlamışdılar. Erməni kilsəsi bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Ermənilər həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə iğtişaşlar törətmiş və terror aktları həyata keçirmişdilər (3, s. 47).

1905-ci ildə Rusiyada iğtişaşların baş verməsi, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Cənubi Qafqazda da güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə emişdirlər. Qafqaz Canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Cənubi Qafqazda azərbaycanlıların kompakt yaşadıqları ərazilərə silahlı hücumlar edib etnik təmizləmə həyata keçirməklə, həmin ərazilərdə Türkiyədən qaçıb gələn erməniləri məkunlaşdırmaqla özlərinin say üstünlüyünə nail olmaq, sonra isə yeni yaranan erməni anklavlarını birləşdirməklə, erməni dövlətinin əsasını qoymaq istəyirdilər. “Hnçak” partiyasının proqramına əsasən yaradılması nəzərdə tutulan erməni dövləti Cənubi Qafqazın, Şərqi Anadolunu və Cənubi Azərbaycanın bir hissəsini əhatə etməli idi (9, s. 50-51).

Erməni siyasi partiyaları özlərinin həyata keçirmək istədikləri planlara mane olan çar məmurlarına qarşı terror tətbiq edirdilər. Nəticədə bir çox rus məmurları və ayrı-ayrı şəxslər terror qurbanı oldular. General Maqsud Əlixanov-Avarski, Bakının qubernatoru Nakaşidze, Yelizavetpol (Gəncə) quberniyasının qubernatoru Andreyev, polkovniklər Bıkov, Saxarov və başqa dövlət məmurları və yüksək rütbəli zabitlər ermənilərin həyata keçirdikləri terror aktlarının qurbanı olmuşdular (16, c. 8).

Bəzi çar məmurları isə Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik toqquşmalara sərf edilməsinə səbəb olmuşdular.

1905-ci il fevralın 6-da Sabunçu qəsəbəsinin sakini Ağarza Babayevin Bakının mərkəzində öldürülməsi ilə şəhərdə və ətraf qəsəbələrdə ilk qırğınlar başlamışdır. Ermənilərin evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlılar gülləbaran edilirdi. Evlər, mağazalar qarət edilir və yandırılırdı. Bakıdakı bir çox fabriklər və müəssisələr yandırılıb dağıdıldı. Hakimiyyət orqanları qırğınların dayandırılmasında acizliyini göstərdi. Bakı qırğınlarının səbəb və nəticələrini araşdıran Senator Kuzminski 6-9 fevral tarixlərində baş vermiş birinci Bakı qırğınları zamanı 232 nəfərin qətlə yetirildiyini, onların da yarıdan çoxunu ermənilərin təşkil etdiyini yazır (7, c. 105). Hər iki tərəfdən yüzlərlə insanın ölməsi və yaralanması ilə nəticələnən qırğınlar fevralın 9-da dayandırılmışdı.

Terror aktları zamanı istifadə etmək üçün Bakıda ermənilərə məxsus zavod və fabriklərdə partlayıcı maddələr və bomba istehsal edilirdi. 11 may 1905-ci ildə Bakının qubernatoru knyaz Nakaşidzenin terror aktı nəticəsində öldürülməsindən sonra polis şəhərdə ermənilərə məxsus idarə-müəssisələrdə axtarışlar aparmışdı. Polis 19 may 1905-ci ildə Bakıdakı Telefonnaya küçəsibndəki Sarkis Poğosbekovun metaləritmə emalatxanasında partlayıcı mərmilər və 80  hazır bomba aşkar edilmişdi. Həmçinin həmin emalatxananın həyətində qazılmış xəndəkdə daha üç partladılmaya hazır bomba tapılmışdı (15, c. 35).

Ermənilər həmin il avqustun 20-də Bakıda ikinci dəfə qırğınlar törətmişdilər. İndi “Fəvvarələr bağı” adlanan ərazidə yerləşən erməni kilsəsinin zənginin çalınmasından bir neçə dəqiqə sonra ermənilərin evlərindən, onlara məxsus mağazalardan azərbaycanlıların üzərinə sel kimi atəş açılır. Qısa zamanda iğtişaşlar Bakı ətrafındakı qəsəbələri və neft mədənlərini də bürüyür. Hakimiyyət qüvvələrinin ələ aldığı ciddi tədbirlər sayəsində qırğınlara avqustun 30-da son qoyulur. İkinci qırğınlar zamanı  hər iki tərəfdən 500-ə yaxın insan tələf olmuşdu ki, onların da üçdə ikisini müsəlman-türk əhali təşkil edirdi. Bakıda üçüncü qırğınlar 1905-ci il 20-25 oktyabr tarixində baş vermişdir. 17 oktyabr Manifestinin imzalanmasından iki gün sonra, 1905-cil mayın 11-də Nakaşidzeni öldürən 5 erməni məhbusunun azadlığa buraxılması üçün “Daşnaksutyun” partiyasının təşkilatçılığı ilə oktyabrın 19-da Bakının mərkəzində mitinqlər keçirilir. İndiki Nizami (keçmiş Torqovaya) küçəsində ermənilərlə müsəlmanlar arşında yenidən silahlı toqquşma baş verir. Yenə də erməni evlərindən və mağazalarından azərbaycanlılar atəşə tutulur. Qəzəblənmiş müsəlmanlar əks hücuma keçir. Erməni terrorçularının cəbbəxanaya çevirdikləri 20-dən artıq erməni evi yandırılır. Sonrakı günlərdə iğtişaşlar Bayıl qəsəbəsində davam edir. Güc strukturlarının kəskin müdaxiləsi ilə qırğınlar dayandırılır. Bu zaman şəhərdə 60-dan artıq, Bayıl qəsəbəsində isə 35 nəfər qətlə yetirilir (2, s. 41).

Bakının qubernatoru yazırdı ki, öldürülən müsəlmanların sayı çox olsa da, onlar bunu demir, meyitlərini ortadan götürərək sakitcə basdırırdılar. Tiflis Məhkəmə Palatasının prokuroru Ədliyyə Nazirliyinin işlər müdirinə 1905-ci il 20 fevral tarixli tamamilə məxfi məktubunda yazırdı ki, azərbaycanlılar meyitlərini tez aradan götürdüklərindən öldürülənlərin sayını dəqiq müəyyənləşdirmək mümkün deyildir (6, s. 67). Bu, onunla bağlı idi ki, azərbaycanlılar ölülərinin xəstəxanalara aparılıb yarılmasını istəmədiklərindən onları götürüb tezcə dəfn edirdilər.

Bakıda baş verən erməni-müsəlman qırğınları bəzi müəlliflərin iddia etdikləri kimi, bir təsadüf nəticəsində deyil, məhz bütün Cənubi Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Cənubi Qafqazdan müsəlmanları silah gücünə qovub erməni dövləti yaradacaqlarına əmin idilər (10, s. 7). Lakin ermənilərin niyyətləri baş tutmamış və nəticədə məğlub olaraq qırğınları dayandırmıçdılar.

Bakıda baş verən ilk qırğınlardan sonra ermənilər qanlı əməllərini İrəvan qəzasında etdirmişdilər. Həmin dövrdə İrəvan qəzasında mövcud olan 221 kənddən yalnız 55-ində sırf ermənilər yaşayır, 15 kənddə isə hər iki millətin nümayəndələri qarışıq şəkildə yaşayırdılar (2, 122). Erməni siyasi partiyalarının əsas məqsədi 1905-1906-cı illərdə kütləvi qırğınlar törətmək yolu ilə əvvəlcə İrəvan quberniyasına yiyələnmək, sona isə Zəngəzur-Qarabağ və Qazax-Tovuz istiqamətlərindən hücum edərək bu iki istiqamət arasında qalan azərbaycanlı kəndlərini ələ keçirərək Gəncədə birləşməkdən ibarət idi.

Erməni tarixçisi Hraçik Simonyan yazır ki, Bakıda fevral qırğınlarının yatırılmasından sonra “Daşnaksutyun” partiyasının Tiflisdəki Şərq bürosunun iclası keçirilmiş, “Voskanapat” (Bakı), “Aparaj” (Şuşa), “Mrkastan” (İrəvan) və “Meç Kağak” (Tiflis) komitələrində “özünümüdafiə” məsələləri müzakirə edilmişdi. Türk kəndlərinin əhatəsində olan erməni yaşayış məntəqələrini “təhlükədən xilas etmək üçün” “Daşnaksutyun” partiyasının silahlı dəstələrini yerlərə göndərmək qərara alınmışdı. Yelizavetpol və İrəvan quberniyasında “özünümüdafiə” dəstələrinin hərbi əməliyyatlarına başlamaq üçün təcili olaraq Nikol Duman (Nikol Ter-Hovannissyan) İrəvana, Xanasori Vardan (Sarkis Mehrabyan) isə Şuşaya ezam edilmişdilər. Tadevos Amiryan (“Gic Tatos”, yaxud “Dəli Taos”) da Nilol Dumana kömək üçün Bakıdan İrəvana göndərilmişdi (11, s. 162). Erməni silahlı dəstələrinə bir qığılcım lazım idi ki, bunu bəhanə edib qırğınlara başlasınlar. 1905-ci il fevralın 19-da İrəvan şəhərində daşnaklar azərbaycanlılara rəğbəti olan və eyni zamanda ermənilərə nifrət edən Urazov soyadlı rus millətindən olan quberniya həkimini axşam saatlarında qubernatorun dəftərxanasının yaxınlığında xəncərlə qətlə yetirmişdilər ki, azərbaycanlılar ayağa qalxsınlar və bununla da qırğınlara start verilmiş olsun. Fevralın 20-də səhər ermənilər şayiə yayırlar ki, guya Bazar meydanında azərbaycanlılar erməniləri doğrayırlar. Şəhərdə böyük çaxnaşma yaranır. Erməni tarixçisi Hraçik simonyan yazır ki, “Daşnaksutyun” partiyası öz gənc üzvlərinə 20 tüfəng və 10 tapança verərək tapşırır ki, digər erməni silahlıları ilə birgə küçələrdən keçən türklərin üzərinə atəş açsınlar ( 11 s. 159). İğtişaşlar iki gün davam edir. Qirğınlar hər iki tərəfdən 100-ə yaxın ölü və yaralının olması ilə nəticələnir (2, 48-51).

“Daşnaksutyun” partiyasının növbəti hədəfi Naxçıvan qəzası idi. Naxçıvan qəzasında mövcud olan 170 kənddən 110-da azərbaycanlılar, 40-da ermənilər, 20 kənddə isə türklərlə ermənilər qarışıq şəkildə yaşayırdılar (2, 64). 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tumbul kəndində öldürülməsi ilə milli zəmində yenidən qızışmışdı. Mayın 8-də İrəvan vitse-qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolov, Peterburqdan qayıdan Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski birlikdə Naxçıvana gəlirlər. Qırğınların yatırılması üçün Tiflisdən general Əlixanov-Avarski də Naxçıvana göndərilir. Ermənilər mayın 10-12-də Naxçıvan şəhərində iğtişaşlar törədirlər. Erməni silahlıları Naxçıvan bazarında müsəlmanları gülləbaran etməyə başlayırlar. Şəhərin bütün küçələrində tüfəng və tapançalardan atəş açılır. Öldürülən, yandırılan və yaralananların sayı 100-ü ötür. İğtişaşlar ətraf kəndlərə də yayılır. Lakin ermənilər Naxçıvanda məqsədlərinə çata bilmirlər. M.S.Ordubadi yazır ki, ermənilərin məqsədi İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb, Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri birləşdirməkdən, daha sonra isə Qarabağ erməniləri ilə əlaqə yaratmaqdan ibarət olmuşdur (10, s. 17).

Ermənilər Naxçıvan məğlubiyyətindən sonra iğtişaşları yenidən İrəvanda davam etdirmişdilər. Qubernator Tizenhauzen göstəriş verir ki, qayda-qanun yaradılması üçün şəhər ətrafındakı Kənəker qəsəbəsindən qoşun gətirilsin. Bundan xəbər tutan Nikol Duman “Daşnaksutyun” partiyasının möhürü ilə Tizenhauzenə xəbərdarlıq məktubu göndərərək yazır ki, əmrini geri götürsün, əks təqdirdə, onun silahlı dəstələri əsgər kazarmalarına hücum edib bütün əsgərləri öldürəcəklər. Tizenhauzen qoxusundan verdiyi əmri gerı götürmüşdü ( 11, s. 167). Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda növbəti qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər İrəvan qəzasının Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağıdılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır. Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. Nəhayət, ermənilər Gözəcik, Güllücə, Məngüs, Damagirməz, Tutiyə, Kamal və Məsimli kəndlərinı darmadağın edir, əmlaklarını talan edirlər ki, bir də azərbaycanlılar geri qayıda bilməsinlə (18;  2, 129).

İyunun 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropoldan gələn silahlı dəstələrin köməyi ilə ermənilər Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da ermənilər Eçmiədzində 10  kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə səciyyələndirmişdi: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi”( 10, 33-34).

Şərur-Dərələyəz qəzasında 163 kənd mövcud idi ki, onlardan 109-u Dərələyəz nahiyəsində, 54-ü isə Şərur nahiyəsində idi. Şərur nahiyəsində 6 erməni kəndi və 2 qarışıq kənd, Dərələyəz nahiyəsində isə 23 erməni kəndi və 2 qarışıq kənd mövcud idi. 1905-ci ilin oktyabr ayının sonlarında Dərələyəzin azərbaycanlılar yaşayan kəndləri ermənilər tərəfindən yandırılıb talan olunmuş. dinc əhalinin isə kütləvi şəkildə qətl edilmişdi. 1905-ci il oktyabrın 27-də Şərur-Dərələyəz qəzasının 6 erməni kəndindən 700-ə yaxın silahlı ermənilər Hors kəndinə hücum etmiş, 40 azərbaycanlını öldürmüş və 255 evi yandırmış, kəndin mal-qarasını oğurlanıb aparmışdılar. Oktyabrın 30-da həmin kəndə yenidən hücum etmiş, 53 azərbaycanlını öldürmüş. 27 nəfəri isə yaralamışdılar (7, s. 130).

Zəngəzur qəzasında mövcud olan 406 kənddən 314-də müsəlmanlar, yerdə qalan 92 kənddə ermənilər yaşayırdılar (2, s. 244). Zəngəzur qəzasında ilk qırğınları ermənilər 1905-ci ilin iyun ayında Naxçıvan qəzası ilə həmsərhəd olan iki kənddə törətmişdilər. Ermənilər 1905-ci il avqustun 16-da Gorusadan Qarakilsəyə qayıdan dörd ermənini Ağudi və Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azərbaycanlıların üzərinə yıxmışdılar (2, s. 251).

1905-ci il sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf kəndlərdən gələn silahlı dəstələrin köməyi ilə azərbaycanlı kəndlərinə hücum edərək Bayandur, Hələk, Kosalar, Malıbəyli, Cağacur, Çaylı, Kalavalax, Novruzlu kəndlərini dağırdılar. Birinci üç kənd isə tamamilə qarət edilir (2, s. 226).

1905-ci ilin oktyabrında Zəngəzur qəzasının 10 erməni kəndinin silahlıları qəzanın azərbaycanlılar yaşayan Sisyan kəndinə hücum etmiş, 75 nəfər öldürülmüş və yaralanmışdılar.

1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri Böyük Cicimli və Kiçik Cicimli kəndlərinə hücum etmiş, Kiçik Cicimli tamamilə darmadağın edilmiş, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət edilmişdi. Erməni müəllifi A-do ermənilərin bu hərəkətini vəhşilik adlandırır və acı olsa da bunu qeyd etməyə bilmədiyini yazır (2, s. 267).

1905-ci il dekabrın 29-da Tatev erməniləri azərbaycanlıların yaşadıqları Kürdlər adlanan kəndə hücum etmiş, lakin azərbaycanlılar müqavimət göstərə bilməmiş, çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi. A-Do ermənilərin bu hərəkətinə heç bir əsas tapa bilmədiyini, bu hücumu barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişdir (2, s. 274).

Erməni siyasi partiyalarının silahlı dəstələri Şuşa qəzasını azərbaycanlılardan təmizləmək üçün uzun müddət hazırlıq görmüş, müasir silahlarla təchiz olunmuşdular. Həmin vaxt Şuşa qəzasında mövcud olan 242 kənddən yalnız 91-də ermənilər, 3 kənddə isə etmənilərlə azərbaycanlılar qarışıq şəkildə yaşyırdılar (2, s. 169). “Daşnaksutyun” partiyası Şuşanı ələ keçirmək üçün bütün hazırlıq işlərini əvvəlcədən görmüşdü. Erməni silahlı dəstələrinə Hamazasp Srvandzyan komandanlıq edirdi. Ermənilər bəhanə axtarırdılar ki, qırğınlara başlasınlar. 1905-ci il avqustun 16-da kazaklar Şuşada bir ermənini tərksilah etmək istəyərkən o, müqavimət göstərmiş və öldürülmüşdü. Bu fürsətdən istifadə edən ermənilər qətlin günahını azərbaycanlıların üstünə ataraq qırğınlara başlamışdıar. Qırğınların 4-cü günü ermənilər məğlub olduqlarını görüb ağ bayraq qaldırmışdılar. Avqustun 21-də tərəflər arasında sülh imzalanmışdı. Hökumət qüvvələri iğtişaşlar davam etdiyi müddətdə hadisələrə seyrçi qalmışdı. Erməni müəllifi A-Donun verdiyi məlumata görə, Şuşadakı birinci qırğınlar zamanı ermənilər 100 nəfər, türklər isə bundan 2-3 dəfə çox itki vermişdilər (2, s. 156).

Ermənilər 12-22 iyul 1906-cı ildə Şuşa şəhərində ikinci dəfə qırğınlara başlamışdılar. Ermənilər bir neçə gün əvvəl ölmüş bir erməninin meyitini Şuşanın ermənipərəst general-qubernatoru Qolşşapova göstərərək guya onun azərbaycanlılar tərəfindən yenicə qətlə yetirildiyini söyləmişdilər. Qoloşşapovun əmri ilə hökumət Qumluq və Köçərli məhəllələrini top atəşinə tutur. Beş gün ərzində Şuşanın ermənilər yaşayan hissəsində bütün azərbaycanlı evləri yandırılır və top zərbələri ilə dağıdılır. A-Do yazır ki, Şuşada baş verən ikinci qırğınlar zamanı 24 erməni öldürülmüş, 102 nəfər yaralanmışdı, türklərinisə iltkiləri yenə də qat-qat çox olmuş, böyük əksəriyyəti türklərə məxsus olmaqla, 200-dən artıq ev yandırılmışdı (2, s. 167).

Əslən Şuşa ermənisi olan əsərlərini “Leo” imzası çap etdirən Arakel Babaxanyan yazır ki, “Daşnaksutyun”un Tiflisdə keçirilən yığıncağının sənədlərindən aydın olur ki, daşnaklar  Qarabağda “ermənistanlılar” yaratmaqala məşğul idilər və bunun üçün türklərə qarşı “sil-süpür” siyasəti həyata keçirirdilər ( 5, s. 157).

1905-cil avqustun 23-də erməni silahlı dəstələri Xocalıya hücum edirlər. Kənd əhalisinin bir qismi qaçaraq canlarını qurtarmış, bir qismini də ermənilər öldürmüşdülər. A-Do yazır ki, kəndi ələ keçirən ermənilər əvvəlcə evləri talamış, sonra isə od vurub yandırmışdılar ki, bir də əhali geri qayıda bilməsin (2, s. 169).

Ümumiyyətlə, Şuşa qəzasının 12 kəndi – Quşçular, Xankəndi, Xocalı, Qacar, Qaradağlı, Vərəndəli, Hacuğ, Divanallar, Veysəlli, Ağbaş, Avdal, Gülablı kəndlərinin azərbaycanlı əhalisi erməni silahlı dəstələri tərəfindən qırğınları məruz qoyulmuşdu ( 2, 156)

Azərbaycanlı kəndlərinin gülləbaran edilməsində, dinc əhalinin məhv edilməsində təqsirkar bilinən Şuşa qəzasının 15 erməni kəndinə qarşı hakimiyyət orqanları ekzekusiya (cərimə) tətbiq etmişdi (2, s. 404).

Erməni silahlı dəstələri 1905-ci ilin avqust ayından 1906-cı ilin iyun ayınadək müəyyən fasilələrlə Cavanşir qəzasının Xaçın və Tərtər çayları hövzəsində, habelə Ağdərə bölgəsində kütləvi qırğınlar törətmişlər. Həmin dövrdə Cavanşır qəzasındakı 227 kənddən yalnız 39-da ermənilər yaşayırdılar (2, s. 209). Cavanşir qəzasındakı azərbaycanlı kəndlərini aradan götürməklə, ermənilər İrəvan, Zəngəzur, Şuşa və Gəncə ermənilərinin birbaşa əlaqəsinə nail olmaq istəyirdilıər. Həmin dövrdə Cavanşir qəzasında mövcud olan 227 kənddən yalnız 39-da ermənilər yaşayırdılar. Erməni kəndlərindəki silahlı dəstələr bütün Cavanşir qəzasını azərbaycanlılardan təmizləmək üçün Hamazaspın komandanlığı altında hərbi əməliyyatlar həyata keçirmişdilər. 1905-ci il oktyabrı 3-də erməni silahlıları Sırxavənd və Əliağalı kəndlərini darmadağın edirlər. M.S.Ordubadi bu iki kənddə ermənilərin törətrdikləri qırğınları belə təsvir edir: “Vəhşi yırtıcılar südəmər körpələri beşiyi ilə odlayıb, bəzən də anasının qucağından alıb divarlara vurmaqla para-para edir, süngülərə keçirirdilər” (10, s. 81).

Erməni quldurları 27-31 noyabr tarixlərində Dəmirli, Çıraqlı, Hacıqərvənd və Pürxud kəndlərini işğal etdikdən sonra talamış və yandırmışdılar. Tərtər dərəsində salamat qalan yeganə azərbaycanlı kəndi Umudlu kəndi idi ki, orada da müasir ermənilərin 1992-ci ildə Xocalıda törətdikləri soyqırımına bənzər qırğınlar törədilmişdi. Erməni müəllifi A-Do yazır: “Dekabrın 23-də ermənilər Umudlu və İmarət Qərvənd kəndlərinin üzərinə hücuma keçdilər. Bir neçə saatlıq müqavimət türkləri qırğınlardan qurtarmadı. Ermənilər bu iki kəndə daxil olub barbarlıqlar törətdilər…Umudluda heç kimə aman vermədən qarşılarına çıxanı öldürdülər.  Burada bir türk qadını qəhrəmanlıq nümunəsi göstərdiyi söylənir. Onlardan biri odur ki, bir qadın ərini öldürən erməninin qılıncını əlindən alıb, öz sinəsinə soxmuşdu. Bu iki kənddən onlarla qadın və kişi öldürüldü. Lakin bu qırğınlardan sonra daha dəhşətli hadisələr baş verdi. Şahidlərin söylədiklərinə görə, sağ qalanlardan bəziləri uzun yol gedə bilməyib, meşələrdə qalmış və donmuşdular…”(2, s 227-228).

Deməli, 1992-ci ildə Xocalıda törədilən soyqırımın analoqunu ermənilər hələ 1905-ci ilin dekabrında Umudluda törətmişdilər. Ermənilər 1906-cı ilin yanvarında Papravənd kəndinə hücum etmiş, lakin Ağdam tərəfdən azərbaycanlıların köməyə gəlməsindən sonra daha çox itki verərək məğlub olmuşdular. Erməni qaniçənləri 1905-1906-cı illərdə Cavanşir qəzasının Sırxavənd, Yeddi Qışlaqlar, Çıraqlı, Hacı Qərvənd, Məmərzalar, Arpatala, Buruz, Dəmirli, Güney Pəyələr, Manikli, Süleymanbəyli, Əliqağalı, Kəngərli, Papravənd, Qarapirim, Umudlu, İmarət Qərvənd, Çobansu, Şəxavənd və Pürxud kənlərində kütləvi qırğınlar törətmiş və əhalini yer-yurdlarından didərgin salmşdılar ( 2, s. 228-229).

1905-ci ilin əvvəllərində Cəbrayıl qəzasındakı 171 kənddən 32-də ermənilər yaşayırdılar (2, s. 231). 1905-ci il avqust və 1906-cı ilin avqust aylarında erməni silahlı dəstələrinin hücumları nəticəsində Cəbrayıl-Qaryagin qəzasında Qaradağlı, Divanallar, Aşıq Məlikli, Veysəlli, Qacar, Çəmənli, Arış, Qışlaq, Qüzlək, Məzrə kəndləri darmadağın edilmişdi. Azərbaycanlıların əks həmləsindən sonra ermənilər qırğınları dayandırmaq məcburiyyətində qalmışdılar (10, s. 42; 2, s. 243).

Gəncə şəhərində qırğınlar törətmək üçün ermənilər yenə də təxribata əl atmışdılar. Belə ki, ermənilər 1905-ci il noyabr ayının 18-də Gəncənin ermənilər yaşayan Dik küçə adlanan məhəlləsində bir erməninin bağının önündən keçən Togana kəndindən olan iki azərbaycanlını ermənilər güllə ilə qətlə yetirirlər. Bu hadisə şəhərdə qırğınların başlaması üçün qığılcım rolunu oynamışdı. Kamsakaran soyadlı erməni Gəncənin pristavı idi və erməni silahlı dəstələrinə himayədarlıq edirdi. Yaranmış gərgin vəziyyətdən istifadə edən ermənilər noyabrın 18-dən etibarən Gəncə şəhərində kütləvi qırğınlar törətmişdilər. Noyabrın 22-dən 23-nə keçən gecə qaçaq Dəli Alının dəstəsinin köməyə gəlməsi xəbərini eşidən ermənilər qırğınları dayandırırlar.  Qafqaz canişininin köməkçisi general Malamanın başçılığı ilə Gəncəyə gələn komissiya qırğınların törədilməsində ermənilərin təqsirkar olmaları barədə canişinə hesabat təqdim etmişdi. Həmin dövrdə Gəncə qəzasındakı 171 kənddən 38-də ermənilər yaşayırdılar (2, 325). Ermənilər Gəncə qəzasının Mollavələd, Çaylılar, Dardərə, Sarısu, Dazılar, Abbasdərə, Pənahlar, Ağyoxuş, Axırca, Topalhəsənli, Dərəbəyli, Qarayataq, Məlikli və Söyüdlü kəndlərini dağıtmış, əhalisini yer-yurdlarından didərgin salmışdılar (2, s. 356).

Erməni silahlı dəstələri Qazax qəzasında 1905-ci ilin noyabrından 1906-cı ilin fevral ayınadək müəyyən fasilələrlə qırğınlar törətmişlər. Həmin dövrdə Qazax qəzasındakı 131 kənddən 48-də ermənilər yaşayırdılar (2, s. 357). Novo-Bəyazid qəzasındakı erməni silahlı dəstələrindən kömək alan ermənilər əvvəlcə Qazax şəhərində, sonra isə Tovuz, Tatlı və Ağstafa dəmiryol stansiyalarında iğtişaşlar törədilməsinə bais olmuşdular. Üç aydan artıq davam edən iğtişaşlar zamanı Qazax qəzasının Əlibəyli, Mülkülü, Hacalı, Köhnəqışlaq, Yaradulla, Hətəmağalı, Alatala, Safulu, Barxudarlı, Cəfərli, Çaxmaqlı, Polad Ayrım, Göyərçin, Mürteyil, Alaçıqqaya, Ağkilsə, Haqqıxlı, Qızılhacılı, Bağanis Ayrım, Xeyrimli, Məzəmli, Quşçu Ayrım, Aşağı Əskipara və Yuxarı Əskipara kəndləri erməni silahlı dəstələrinin hücumuna məruz qalmış, kəndlər dağıdılmış və əhalisi müəyyən müddət evlərindən qaçqın düşmüşdü (2, s. 379).

1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər (13).

Lakin sülh konfransının keçirilməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Zəngəzur qəza rəisinin tapşırığı ilə yerlərdə barışıq komissiyaları yaradılsa da bu, “Daşnaksutyun” partiyasının məramına zidd idi. Ona görə də barışıq komissiyasının üzvlərinə qarşı terror aksiyaları həyata keçirirdilər. Yelizavetpol quberniyasının qubernatoru A.Kalaçovun 24 aprel 1906-cı ildə Qafqazın canişininə göndərdiyi raportda “Daşnaksutyun” partiyasının Bığ kəndindəki muzdlu qatili Peto adlı erməninin üç naməlum ermənilərlə birlikdə barışıq komissiyasının üzvləri Hacı bəy Məlik Şəfiyevi və Molla Hacı Mir Əbdüləzim oğlunu qətlə yetirdikdən sonra həmin kənddə gizləndikləri qeyd edilmişdi (1, vərəq 70).

İrəvandan Zəngəzura, Zəngəzurdan Qarabağa qədər ərazidə erməni əhalisinin sayı olduqca az olduğu üçün erməni silahlı dəstələrinə yol üstündə yerləşən müsəlman kəndlərinə hücum etmək əmri verilmişdi. 1906-cı il iyulun 29-da “Daşnaksutyun” partiyasının göstərişi ilə ermənilər Zəngəzur qəzasının Mədən bazarında Səfyar bəyi qətlə yetirir, sonra isə Karxana kəndinə hücum edirlər. Ermənilər bu kənddə heç kəsə aman vermir, kəndin bütün əhalisini öldürür və ya əsir götürürlər. Elə həmin gün ermənilər Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərini viran qoyurlar. Avqustun 1-də ermənilər Qatar kəndinə hücum edirlər. 9 gün qatarlılar kəndi müdafiə edirlər.1906-cı ilin avqust-sentyabr aylarında erməni silahlı dəstələri qırğınların ağırlıq mərkəzini Zəngəzurun Oxçu-Şəbədək bölgəsinə keçirirlər. Ermənilər qırğınlardan canını qurtaran azərbaycanlıların cəmləşdiyi Saqqarsu kəndində əsl soyqırım törədirlər. Zəngəzurda ermənilərin törətdikləri qırğınlara son qoyulması üçün Ordubad nahiyəsində yaradılan könüllü dəstələr hərəkətə keçirlər. 800 nəfərə yaxın Ordubadlı könüllülərin də köməyi və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilir (10, s. 138-140). Bundan sonra sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Erməni müəllifi A-Do dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndlərinin adlarını aşağıdakı kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, Kürdlər, Ağvani, Danzaver (Armuldlu), Sisyan, Ağudi, Dərəbas, Pul, Ərikli, Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cıbıllı, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq, Mtnadzor, Sanalı (2, s. 305-306)

Erməni müəllifi Stepan Zavaryanın verdiyi məlumata görə, həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi, ümumilikdə isə həmin bölgələrdə 75 kənd dağıdılmışdır (17, s. 61).

Ermənilər 20-29 noyabr 1905-ci ildə Tiflis şəhərində azərbaycanlıların yaşadıqları məhəllələrdə kütləvi qırğınlar və terror aktları törətmişdilər. Borçalı qəzasında yaşayan azərbaycanlılardan ibarət silahlı dəstələrin köməyə gəlməsindən sonra Tiflisdə qırğınlar dayandırılmışdı.

Azərbaycanlıların təşkilatlanması, 1906-cı ilin payızında “Difai” partiyasının formalaşaraq ermənilərin terroruna terrorla cavab verməsi erməniləri qırğınlar törətməkdən əl çəkməyə məcbur etmişdi.

Ümumiyyətlə, ermənilər 1905-1906-cı illərdə Cənubi Qafqazın 14 qəzasında – İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı qəzalarında və 8 şəhərində – Bakı, İrəvan, Naxçıvan, Gümrü, Gəncə, Şuşa, Qazax və Tiflis şəhərlərində qırğınlar törətmişlər.

1897-ci ildə İrəvan quberniyasında 313176 nəfər azərbaycanlı əhali qeydə alındığı halda,  1907-ci ildə bundan xeyli az – 302965 nəfər qeydə alınmışdı. Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik təbii artımı nəzərə alınmasa belə, 10 min nəfərdən artıq azərbaycanlı ya qətlə yetirilmiş, ya da İrəvan quberniyasından didərgin salınmışdı.

Qafqazın canişini İ.Vorontsov-Daşkov milli-münaqişələr nəticəsində meydana çıxan dağıntıların və əhaliyə dəyən ziyanın aradan qaldırılması, İrəvan və Yelizavetpol quberniyalarının zərər çəkmiş əhalisinə borc verilməsi üçün daxili işlər və maliyyə nazirləri qarşısında dəfələrlə vəsatət qaldırmışdı. Rusiya imperiyasının Maliyyə Nazirliyi uzun müddət müxtəlif bəhanələrlə İrəvan və Yelizavetpol quberniyalarının fəlakət qarşısında qalan əhalisinə yardım göstərməkdən imtina etmişdi (5a, s. 27).

İrəvan qubernatoru qraf V.Tizenhauzenin 1905-ci ilə dair hesabatında quberniya ərazisində baş vermiş iğtişaşlar zamanı təkcə həmin ildə quberniya ərazisində 125 kəndin dağıntılara məruz qaldığı qeyd edilmişdir (19, vərəq 3).

Erməni müəllifi A-Do 1905-1906-cı illərdə 133 azərbaycanlı kəndinin dağıdıldığı, 24 azərbaycanlı kəndi isə tamamilə darmadağın edildiyindən və xarabazarlığa çevrildiyindən məlumat almaq üçün bir nəfər belə canlı şahid tapılmadığını yazır (2, s. 402). Həmin 24 kəndin adları kompensasiya ödənilməsi üçün tərtib edilən siyahılara daxil edilməmişdi.

Polyak əsilli Amerika tədqiqatçısı Tadeuş Svyatoxovski çar Rusiyasının rəsmi dairələrinin verdikləri məlumatlara əsaslanaraq 1905-1906-cı illərdə Cənubi Qafqazda 158 müsəlman, 128 erməni kəndinin dağıdıldığını və yaxud yandırıldığını, 10 minədək insan tələfatı  olduğunu qeyd etmişdir ( 8, s. 152).

Ümumiyyətlə, 1905-1906-cı illərdə Cənubi Qafqazda 1,5 milyon əhalinin yaşadığı ərazini əhatə edən milli münaqişələr zonasında təqribən 100 min nəfər qəzalardakı, bir neçə min nəfər şəhərlərdəki ev-eşiklərindən didərgin düşmüş, insan itkisi 10 min nəfərdən artıq olmuşdu. Ümumiyyətlə, İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi dağıntılara məruz qoyulmuş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qoyulmuşdur.

“Daşnaksutyun” partiyasının Cənubi Qafqazda törətdiyi terror və kütləvi qırğınlar uzun müddət cəzasız qalmışdır. “Daşnaksutyunun işi” adlanan cinayət işinə nəhayət, 1912-ci il yanvarın 17-də Peterburq məhkəməsində baxılmışdır. Məhkəmədə partiyanın 159 üzvünə ittiham irəli sürülmüş, 350 şahid dindirilmişdir ( 19, vərəq 17).. 72 gün davam edən məhkəmə prosesindən sonra “Daşnaksutyun”un üzvlərinə hökm oxundu. 21 nəfərə 4-6 il müddətində iş kəsildi, 4 nəfər katorqa işlərinə cəlb edildi, 26 nəfər sürgün edildi, 95 nəfərə bəraət verildi (19, vərəq 44). Məşhur erməni yazıçıları Hovanes Tumanyan və Avetik İsahakyan da bəraət alanlar içərisində idilər.

Ermənilərin 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XX əsrdə soydaşlarımızın məruz qoyulduqları soyqırımı və deportasiyalar silsiləsinin ilk mərhələsi və ən qanlı səhifəsidir.

 

Ədəbiyyat:

  1. Azərbaycan Respublikası Dövlət Arxivi, F. 62, siy.1, iş.41.
  2. A-Do. Hay-turkakan ındharumı Kovkasum. (1905-1906. Pastakan, vicaqakrakan, değagidakan lusabanutyunnerov). (A-Do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla). İrəvan: Ayvazyanlar və Nazaryanlar mətbəəsi, 1907, 535 s.
  3. Arzumanlı V. M., Mustafa N.Y. Tarixin qara səhifələri. Bakı: Qartal, 1998, 279 s. Baykara H. Azərbaycan istiqlal mücadiləsi tarixi. Bakı: Azərnəşr, 1992, 276 s.
  4. Leo. Ançyaliç. Tifıis, 1925. (“Keçmişdən”, ermənicə). 477 s.

5a. Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə. Üç cilddə. İkinci cild. 1905-1906. Bakı: Elm, 2010, VIII+616 s.

  1. Qasımlı M. C. Qasımlı M.  C. Bakı qırğınları (fevral, 1905-ci il) // Milli Məclisin analitik-informasiya jurnalı, 2012, sentyabr-oktyabr, s. 62-69.
  2. Qasımlı M. C. “Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920). Bakı: Mürtəcim, 2014, 464 s.
  3. Quliyev V. M. Azərbaycanda erməni zülmü. Bakı, 1999, 227 s.
  4. Nəcəfov B. İ. Düşmənin iç üzü: XIX-əsrin sonu XX-əsrin əvvəllərində Türkiyə və Cənubi Qafqazda erməni terrorizminin tarixi. I hissə. Bakı: Çaşıoğlu, 2007, 440 s.

10 Ordubadi M. S. Qanlı illər. (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi). Bakı: Qarabağa Xalq Yardımı, 1991, 144 s.

  1. Simonyan Hraçik. Azataqrakan paykari uğinerum. (ermənicə) I kitab, Yerevan: Hayagitak, 2003, 818 s.
  2. «Армянский геноцид». Миф и реальность справочник фактов и документов. Пер. с английского, Баку: Азернешр, 1992, 340 c.
  3. Армяно-мусульманский съезд. Газ. “Каспий”, Баку, 1906, 4 марта, № 50.
  4. Величко В. Л. Кавказ. Русское дело и междуплеменные вопросы. С. Петербург: Типог. Печать дела, 1904, 220 с.
  5. Всеподданнейший отчет о произведенной в 1905 году, по высочайшему повелению сенатором Кузьминским ревизии города Баку и Бакинской губернии. С.-Петербург: 1906, 686 с.
  6. Дашнаки (из материалов департамента полиции). Баку: Коммунист, 1990, 39 с.
  7. Заварян С. Экономические условия Карабаха и голод 1906-1907 г.. Перевод с армянского. С.Петербург, 1907, 87 c.
  8. К событиям в Эриванской губернии. Газ. «Каспий», 5 июня 1905 г., № 105.
  9. Российский Государственный Исторический Архив: Ф. 396, оп. 5, д. 116.
  10. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. С.Петербург, 1911, 82 c.

 

Abstract

Massacres and terror perpetrated by Armenians in South Caucasus in 1905-1906 years

The mass slaughters of 1905-1906 years are just the first link in the chain of genocides and deportations committed by Armenians against Azerbaijanis in the 20th century. Mass slaughters and terrorist acts committed in 1905-1906 years by Armenian armed groups formed as structural divisions of the Armenian political parties are represented in chronological sequence in the article. Also, the articles of Armenian authors concerning the above mentioned events were for the first time referred simultaneously with the articles of Azerbaijani authors. So a general picture of 1905-1906 years events was formed by means of comparative analysis in the article.

Key words: Dashnaksutyun, Hnchak, Caucasus, Turk, Muslim, Armenian, massacres, terror, 1905-1906.

Резюме

Массовая резня и террор, совершенная армянами в 1905-1906 гг. на Южном Кавказе

Массовая резня 1905-1906-х годов является всего лишь одним звеном цепи геноцидов и депортаций, учиненных в ХХ веке армянами против азербайджанцев. В статье в хронологической последовательности отражаются акты массовой резни и терроризма, совершенные армянскими вооруженными отрядами, сформированными в качестве структурных подразделений армянских политических партий. Наряду с азербайджанскими авторами, впервые дается ссылка на произведения армянских авторов, посвященные этим событиям. В статье с применением метода сравнительного анализа отражается общая картина событий 1905-1906 гг.

Ключевые слова: «Дашнакцутюн», «Гнчак», Кавказ,  тюрк, мусульмане, армяне, резня, террор, 1905-1906.

 

[*] AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi

   Məqaləni PDF formatına çevir