14 il öncənin acı xatirəsi. Sumqayıt hadisəsinədək və sonra Ermənistanda baş verənlərə bir nəzər

Bu məqalə SSRİ DTK-sının xeyr-duası və ermənilərin ssenarisi əsasında törədilən Sumqayıt hadisələrinin 14-cü ildönümü ərəfəsində – 2002-ci ildə qələmə alınmışdır.

 

İndi Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarından soydaşlarımızın 1988-ci il sonuncu kütləvi deportasiyasına ciddi hazırlıq 1987-ci ilin noyabrından başlanmışdı. Həmin il oktyabrın 27-də Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən azad edilməsindən dərhal sonra Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və azərbaycanlıların Ermənistandan deportasiyası planı işə salınmışdır. İlk vaxtlar bağlı qapılar arxasında müzakirə edilən məsələlər sonradan küçə və meydanlarda ultimatum şəklində səslənməyə başladı.

1988-ci il fevralın 20-də Moskvanın razılığı və Ermənistan rəhbərlərinin rejissorluğu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxıb, Ermənistanın tərkibinə qatılması barədə qərar çıxardı. Bundan sonra vəziyyət ildırım sürətilə kəskinləşdi. Fevralın 28-29-da Sumqayıt hadisələri baş verənədək Ermənistanın hər yerində azərbaycanlılara divan tutulurdu. Bu yazıda həmin günlərdə Amasiya rayonunda və Gümrüdə (keçmiş Leninakan) baş verən hadisələr barədə söhbət açacağıq. Hesab edirik ki, Milli Məclis tərəfindən gec də olsa – 14 il keçdikdən sonra Sumqayıt hadisələrinə hüquqi-siyasi qiymət verilməsi ərəfəsində bəzi faktların açıqlanması yerinə düşər.

1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatçılarının yenidən baş qaldırılması dövründə Amasiya Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsində təlimatçı işləyirdim. Sumqayıt hadisəsi baş verənədək hər gün raykoma onlarla şikayət daxil olurdu. Şikayətlərin əksəriyyəti Gümrüdə azərbaycanlılara qarşı edilən erməni vəhşilikləri barədə idi. Belə ki, Gümru şəhərinə bazarlığa gedən, yaxud səhərdən tranzit kimi istifadə edən azərbaycanlılar kimliyindən asılı olmayaraq söyülüb-döyülür, təhqir edilirdilər. Şəhərin mərkəzi küçələrində, bazarlarında, vağzallarında azğınlaşmış dəstələr gəzişib, rastlarına çıxan soydaşlarımızı əzişdirib, qarət etdikdən sonra qeybə çəkilirdilər. Bütün bunlar milislərin gözləri qarşısında baş verirdi.

Vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Ermənistan KP MK-nın qərarı ilə respublika Aqrar-Sənaye Komitəsinin sədr müavini Kim Yeqanyan (Qarabağ ermənisi olduğu üçün azərbaycanca təmiz danışırdı), səhiyyə naziri Emil Qabrielyan və MK-nın kənd təsərrüfatı şöbəsi müdirinin müavini Samvel Stepanyan rayonda əmin-amanlığı təmin etmək adı altında rayonumuza təhkim edilmişdilər. Həmin dövrdə Amasiya rayonunda 21 min əhali yaşayırdı ki, onun da 18 min nəfərini Azərbaycanlılar təşkil edirdi.

Fevralın 26 -da yəni Sumqayıt hadisələrinə 2 gün qalmış raykomun ideoloji məsələlər üzrə katibi Hasmik Yeğiazaryan mənə zəng edib, rayonun aran kəndlərinə baş çəkmək istədiyini bildirdi. Günortadan sonra o, mən və erməni təlimatçı Samvel Qabrielyanla birlikdə raykomun UAZ maşınında kəndlərə yola düşdük. Mağaracıq azərbaycanlı kəndinə gedən yol ayrıcında Gümrüdən qayıdan bir qoca kişi ilə qadına rast gəldik. Vəziyyəti öyrənmək üçün onları da maşına mindirdik. Qadın əllərini göyə açıb, fəryad edərək, Allahdan imdad dilədi. Onları Gümrüdə necə vəhşicəsinə döydüklərini danışdı. Gümrü avtovağzalında azğınlaşmış ermənilərin bir azərbaycanlı gəncin başını vağzalın dəmir sütunlarına necə çırpdıqlarını titrəyə-titrəyə nəql etdi. Döşündə “Qırmızı ulduz” medalı olan kişi isə dişlərini bir-birinə sıxaraq susurdu. Onların mənliyini tapdayan, təhqir edən ermənilərə arvadının yanında cavab verə bilmədiyi üçün nitqi qurumuşdu.

Sonra Güllubulaq kəndinə getdik. Kolxozun inzibati binasında bizə dedilər ki, rayon hərbi komissarlığının göndərişi ilə Gümrüdəki sürücülük kurslarında oxuyan çağırış yaşlı gənclər həmin gün şəhərə imtahan verməyə getmiş, lakin onları orada vəhşicəsinə döymüş və yaralamışlar. Çağırışçıların əksəriyyəti yaralı halda qayıtsa da, 5 nəfəri girov götürmüşdülər. Girov götürülən uşaqların valideynləri kömək üçün qonşu Meğraşad adlanan (əski Qaraməmməd) erməni kəndində yerləşən sərhəd zastavasına müraciət etmək məqsədilə oraya getmişdilər. Biz də ora getdik.

Katib H.Yeğiazaryan oradan rayon partiya komitəsinə zəng edib, MK-nın nümayəndəsi S.Stepanyanla danışdı və girovların azad edilməsi üçün Gümrü şəhər partiya komitəsinin birinci katibi ilə danışmağı xahiş etdi. S.Stepanyan kömək edəcəyinə söz versə də, sonradan bəlli oldu ki, heç yerə zəng etməyibmiş.

Daha sonra Oxçoğlu kəndinə getdik. Orada bizə dedilər ki, həmin gün Gümrüyə gedən oxçuoğlulu çağırışçılardan 3-nü yaralamış, 2-ni isə girov götürmüşlər. Kənddən çıxanda yolda daxili işlər şöbəsinin rəisi Karlen Harutunyan və DTK rayon şöbəsinin sədri R. Martirosyanla qarşılaşdıq. DTK-nın sədri dedi ki, o, Gümrüdəki sürücülük məktəbinin direktoru ilə telefonla danışıb, uşaqları özləri maşınla kəndə göndərəcəklər. Lakin sonradan aydın oldu ki, o da yalan danışırmış.

Biz rayon mərkəzinə qayıdarkən Güllübulaq-Oxçoğlu-Gümrü yolunda şəhərə tərəf gedən 50-60 nəfərə rast gəldik. Qadınlar ağlaşır, uşaqlar soyuqdan tir-tir əsirdilər. Artıq hava qaralırdı. Vəziyyətin gərginləşdiyini görən raykomun katibi H.Yeğiazaryan  camaatın geri qayıtması üçün onlara söz verdi ki, biz Gümrüyə gedib uşaqları gətirəcəyik.

Şəhərə çatanda artıq qaranlıq düşmüşdu. Sürücülük məktəbinin ətrafında azğınlaşmış dəstələr gəzişirdilər. Onlar bilmirdlər ki, biz uşaqların dalınca gəlmişik. Məktəbin direktorunu soruşduq. Dedilər ki, imtahanlar çoxdan qurtardığı üçün hamı evlərinə gedib. Bu vaxt bir erməni xəlvətcə bizə söylədi ki, o, azərbaycanlı çağırışçıların müəllimidir və uşaqları xəlvəti məktəbin arxasından yaxınlıqdakı hərbi hissəyə ötürmüşdür. Bayırda gəzişən ermənilər isə elə bilirmişlər ki, azərbaycanlı uşaqlar məktəbin binasındadırlar və bayıra çıxanda onları öldürmək istəyirlərmiş.

Yaxınlıqdakı hərbi hissəyə getdik. Uşaqları gətirdilər. Onlar 9 nəfər idilər. 9-u da arıq, çəlimsiz, əyinləri də yuxa. Gənclərdən 5-i Güllübulaqdan, 2-si Oxçoğludan, 2-si Güllücə kəndindən idi. Şagirdlərin sürücülük müəllimi əslən Qarabağ ermənisi idi və azərbaycanca təmiz danışırdı. O, şəxsi “Jiquli” maşını ilə uşaqları öz kəndlərinə aparmaqda bizə yardımçı oldu. Oxçoğlu və Güllübulaq kəndləri rayon mərkəzi ilə Gümrü arasında yerləşdiyi üçün həmin kəndlərdən olan uşaqları gətirib valideynlərinə təhvil verdik. Yenidən öz ailələrinə qovuşan uşaqların valideynlərinin sevincinin həddini sözlə ifadə etmək çətindir… Güllücəli uşaqları isə rayon daxili işlər şöbəsinə təhvil verib onları xüsusi maşınla rayon mərkəzindən 30-35 km aralıda yerləşən kəndlərinə göndərməyi xahiş etdik. Raykoma təxminən axşam saat səkkizin yarısında qayıtdıq.

Raykomun təşkilat şöbəsinin müdiri Vardges Avdalyan məni yanına çağırıb, əvvəlcə gündüz Güllübulaqda mitinqi kimlərin təşkil etdiyini soruşdu. Mən ona Güllubulaqda heç kimin mitinq təşkil etmədiyini söylədim və uşaqları Gümrüdən neçə gətirdiyimizi nəql etdim. O isə cavabında dedi ki, raykoma verilən məlumata görə Güllübulaqda kimlərsə aranı qızışdırmaq üçün mitinq təşkil ediblərmiş. Sonra əlavə etdi ki, vəziyyətə nəzarət etmək üçün rayonun aktivi kəndlərə təhkim edilib. Güllübulaqlı olduğum üçün məni də öz kəndimizə təhkim etdiklərini və dərhal kəndə qayıtmağımın vacibliyini bildirdi.

Mən axşam saat 8-də kəndə qayıtdım. Kənd mədəniyyət evinə toplaşanlar gündüz baş verənləri müzakirə edirdilər. Söhbət əsnasında Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu və ermənilərin həmin ərazini Ermənistana birləşdirmək iddialarının əsassız olduğunu söylədim. Təxminən gecə saat 10-da xəbər gətirdilər ki, Əzizbəyov kəndinin (keçmiş Qaraçanta) 40-50 nəfər sakini əllərində məşəl və dəyənəklərlə Türkiyə sərhədlərinə doğru gedirlər. Tələbləri ondan ibarət idi ki, fevralın 20-dən başlayaraq azərbaycanlılara qarşı edilən vəhşiliklərə son qoyulsun. Türkiyə sərhədinə getməkdə onların məqsədi vəziyyətin gərginliyini hərbiçilər vasitəsi ilə Moskvanın nəzərinə çstdırmaqdan ibarət idi. Çünki Ermənistanın hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı edilən zorakılıqları ört-basdır edirdilər. İş o həddə çatmışdı ki, ağır xəstələri Gümrüdəki xəstəxanalara aparmaqdan belə imtina edirdilər. Ertəsi gün səhər – yəni fevralın 27-də təhkim olunduğum kənddəki vəziyyət barədə raykomun katibinə məlumat verdim.

Ermənistan KP MK-nın rayonumuza təhkim olunmuş nümayəndələrinin iştirakı ilə birinci katib İldırım Bağırovun otağında keçirilən müşavirədən sonra mənə dedilər ki, sən otaqda qalmalısan. MK-nın şöbə müdirinin müavini S. Stepanyan dedi ki, guya mən Güllübulaqda 50-60 nəfərin yanında demişəm ki, Dağlıq Qarabağda ermənilər ayağa qalxıblarsa, siz də burada ayağa qalxmalısınız. O, məni milli ədavəti qızışdırmaqda suçladı. Mən isə baş verənləri bir daha nəql etdim və xahiş etdim ki, ünvanıma deyilənləri araşdırmaq üçün komissiya yaradılsın. Əmin idim ki, həmkəndlilərimdən kimsə mənim əleyhimə yalan ifadə verməyəcək. Raykomun birinci katibi İldırım Bağırov məsələni qəlizləşdirməmək üçün üstümə çımxıraraq, məni otağından çıxartdı.

Martın 5-də axşam raykomda növbətçi idim. Birinci katib İ. Bağırov da öz iş otağında idi. Qəbul otağının telefonuna zəngi gəldi, kimliyimi soruşdu. Sonra dedi ki, zəng edən MK-nın nümayəndəsi Samvel Stepanyandır. Səsindən tanıdım. S.Stepanyan DTK-nın rayon şöbəsindən zəng etdiyini söylədi və əvvəlcə İ.Bağırovun yerində olub-olmadığını soruşdu. Dedim yerindədir. Sonra əlavə etdi:

-Mustafayev, bilirsən də, sənin adın “qara siyahıdadır”.

Bir anlıq duruxdum.

-Yox, bilmirəm- dedim.

-İndi bildin – deyərək, dəstəyi asdı. Məni tər basdı.

İçəri girib S.Stepanyanın mənə DTK-nın rayon şöbəsindən etdiyi telefon zəngi barədə birinci katib İ. Bağırova məlumat verdim. Susdu, heç nə demədi. Bundan sonra onun da acizliyini dərk etdim.

Hər ehtimala qarşı martın 10-da birinci katibin adına erməni dilində geniş məlumat yazdım və S. Stepanyanın azərbaycanlılarının “qara siyahısını” tutmasına qarşı tədbir görülməsini xahiş etdim. Məlumatı raykomun ümumi şöbəsində qeydiyyatdan keçirtdim və surətini özümdə saxladım. (İndi də saxlayıram) Bundan sonra təqiblərin daha da gücləndiyini hiss etdim. Sonradan hamıya bəlli oldu ki, qatı daşnak olan S. Stepanyan əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edən Amasiya rayonuna məhz azərbaycanlı kadrların “qara siyahısını” tərtib etmək və bir-bir onları ləkələyərək sıradan çıxartmaq üçün göndərilibmiş. DTK-nın rayon şöbəsi isə həmin “qara siyahı”ların tutulması üçün qərargaha çevrilmişdi.

Məhz həmin S. Stepanyanın rejissorluğu ilə İ.Bağırova tələ quruldu və 1988-ci il iyunun 9-da o, vəhşicəsinə döyülərək vəzifəsindən uzaqlaşdırıldı.

Haşiyə. 1998-ci ilin sentyabrın 19-dan 24-dək mənə keçmiş SSRİ məkanı jurnalistlərinin tərkibində İrəvanda keçirilən tədbirlərdə “Xalq qəzeti”nin əməkdaşı kimi iştirak etmək qismət oldu. Həmin S.Stepanyan “Zvartnos” aeroportunda nümayəndə heyətini qarşılayanlar arasında idi. Sonra Kotayk vilayətin qubernatoru kimi nümayəndə heyətinə ziyafət verdi. Mən rayon komsomol komitəsinin II katibi işləyəndə S. Stepanyan komsomolun Mərkəzi komitəsində təşkilat şöbəsinin müdiri işləyirdi. Onu hələ o vaxtdan tanıyırdım. Məclis sakitləşəndə mən S. Stepanyana yaxınlaşıb, ondan soruşdum ki, xatırlayırsanmı, 1988-ci ilin fevralında Amasiya rayonunda təlimatçı işləyən vaxt mənim adımı “qara siyahıya” salmışdın? Əlavə etdim ki, sən o zaman mənə qarşı haqsız hərəkət etmişdin. Cavab verdi ki, oxşadırdım, lakin indi yadıma düşdün. Etiraf etdi ki, o vaxt haqsız hərəkət edibmiş. Əlavə etdi ki, mənim haqqımda ona verilən məlumatlar əsasında adımı “qara siyahıya” salıbmış.

Bəziləri yazır ki, guya Ermənistanda azərbaycanlıların diskriminasiyası Sumqayıt hadisələrindən sonra başlayıb. Əslində isə göründüyü kimi, Ermənistanda azərbaycanlıların vəhşicəsinə döyülmələri, girov götürmələri Sumqayıt hadisələrinə qədər mütəşəkkil hal almışdı. Sumqayıt hadisələrindən sonra isə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın məşəqqəti dəfələrlə artmışdı. Azərbaycanlıları istədikləri qədər döyür, söyür, sonra isə deyirdilər ki, şükür edin ki, öldürmürlər, sağ buraxırlar. Ona görə də azərbaycanlıların şikayətinə heç yerdə baxılmırdı. O dövr idi ki, Azərbaycan iqtidarı, nəinki Ermənistanda yaşayan azərbaycanlıların, heç Dağlıq Qarabağda yaşayan soydaşlarımızın hüquqlarını belə müdafiə etmək iqtidarında deyildi.

 

Nazim Mustafa,
“Xalq qəzeti”,
27 fevral 2002-ci il.

   Məqaləni PDF formatına çevir