XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz)

Nazim MUSTAFA

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının şöbə müdiri,

tarix üzrə fəlsəfə doktoru

nazimmustafa@mail.ru

 

Açar sözlər: İrəvan, Ermənistan, Araqats, kürdlər, yezdilər, deportasiya, repressiya, diskriminasiya

Key words: Iravan, Armenia, Aragats, the Kurds, the Yezidis, deportation,  repressions, discrimination

Ключевые слова: Иреван, Армения, Арагац, курды, езиды, депортация, репрессия, дискриминация

 

Qərbi Azərbaycanda kürdlərə qarşı törədilən deportasiya, repressiya və terror aktlarından bəhs etməzdən öncə həmin regionda kürdlərin məskunlaşma arealı və demoqrafik vəziyyətləri barədə məlumat verməyə ehtiyac vardır.

Qərbi Azərbaycan ərazisində yaşayan əhalinin milli tərkibi haqqında ilk müfəssəl məlumatı İrəvan xanlığının rus qoşunları tərəfindən işğalından sonra rus tarixçi-statisti İvan Şopen tərəfindən 1829-1832-ci illərdə aparılan kameral siyahıyaalmanın nəticələrindən əldə etmək olar. İ.Şopenin verdiyi məlumata görə, işğaldan sonra keçmiş İrəvan xanlığının ərazisində 6435 nəfər şiə, 3.978 nəfər sünni, 324 nəfər yezdi kürd yaşamışdır [19, s.528-529].

İrəvan xanlığının işğalından sonra Alagöz (Ələyəz) dağının ətəyindəki bir sıra boşalmış türk kəndlərində də Türkiyədən gələn yezdi kürdlər məskunlaşmışdılar. Yezdi kürdlər 1839-cu ildə Mirək, Quruboğaz, Carcarçı, Çobangərəkməz kəndlərində, sonralar isə Pəmbək, Qundaxsaz, Böyük Camışlı, Kiçik Camışlı və Korbulaq kəndlərində yerləşmişdilər. Nəhayət, yezdi kürdləri 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyə ərazisindən gələrək Bağdad Dolu-Taxt və Kiçik Cəngi kəndlərində yerləşmişdilər [12, s. 4]. Sonralar Ermənistanın rəsmi dairələri tərəfindən adları dəyişdirilən, lakin əsasən yezdi kürdlərinin yaşadıqları kəndləri əhatə edən Araqats (Ələyəz) rayonu təşkil edilmişdi.

1886-cı ildə keçirilən ailəhesabı siyahıyaalmanın nəticələrinə görə, İrəvan quberniyasında 670.405 nəfər yaşamışdır ki, onlardan 251.327 nəfərini azərbaycanlılar, 36.478 nəfərini kürdlər təşkil etmişdir. Azərbaycanlılar ümumi əhalinin 37,5 faizini, kürdlər isə 5,44 faizini təşkil etmişdir [17, s. 87].

1890-cı illərdə Türkiyədə baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra təqribən 400 min erməni Rusiyaya köç etmiş, onların da xeyli hissəsi İrəvan quberniyasının ərazisində məskunlaşmış və nəticədə quberniya ərazisində ermənilərin xüsusi çəkisi süni surətdə yüksəlmişdi. 1897-ci il Ümumrusiya siyahıyaalmanın nəticələrinə görə, İrəvan quberniyasında yaşayan 829.556 nəfər əhalinin 313.176 nəfərini azərbaycanlılar, 49.389 nəfərini kürdlər təşkil edirdi. Kürdlərin də 35.675 nəfərini müsəlman kürdlər, 13.714 nəfərini isə yezdi və erməni-qriqorian dinini qəbul etmiş kürdlər təşkil edirdi [16, s. 145].

Ümumiyyətlə, XIX əsrin sonlarında müsəlman və yezdi kürdlər indiki Ermənistan ərazisinin 34 kəndində yaşayırdılar [4, s. 218].

Türkiyədən gələn yüz minlərlə erməniləri daimi məskunlaşdırmaq üçün 1905-1906-cı illərdə erməni silahlı dəstələri kütləvi qırğınlar törətmişdilər. Təkcə həmin illərdə İrəvan quberniyası ərazisində 150-yə yaxın türk-müsəlman yaşayış məntəqəsi viran edilmiş, əhalisi qırğınlara məruz qoyulmuş və evlərindən didərgin salınmış, həmin kəndlərin əksəriyyətində Türkiyədən gələn ermənilər məskunlaşdırılmışdı.

1915-1916-cı illərdə Türkiyə ərazisin-dən 300 minə yaxın erməni gələrək Cənubi Qafqazda məskunlaşmışdı. Həmin ermənilərin böyük bir qismi İrəvan quberniyasının ərazisində cəmləşmişdi. 1917-ci il “Qafqaz təqvimi”nə görə, 1916-cı ildə İrəvan quberniyasında yaşayan 1.120.242 nəfər əhalinin 373.582 nəfərini azərbaycanlılar, 59.132 nəfərini kürdlər, onlardan 36.508 nəfərini müsəlman kürdlər, 12.624 nəfərini isə yezdi kürdlər təşkil etmişdir [11, s. 218].

1919-cu ilin iyun-avqust aylarında Ermənistan daşnak hökuməti Daxili İşlər Nazirliyinin qərarı ilə siyahıyaalma keçirilmişdir. Respublika ərazisində qeydə alınan 917.297 nəfər əhalidən 122.185 nəfərini müsəlmanlar, 48.672 nəfərini isə qeyri-müsəlmanlar təşkil etmişdi [5, s. 178]. Erməni müəllifi Zaven Qorqodyan yazır ki, daşnakların “təmizləmə” siyasəti nəticəsində 1919-cu ildə 200 min nəfərdən artıq türk və kürd Ermənistandan qovulmuşdur [20, s. 184].

1922-ci ildə Sovet Ermənistanında keçirilən siyahıyaalmanın nəticələri daşnakların hakimiyyəti dövründə həmin ərazidə türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımın miqyasını əyani şəkildə nümayiş etdirir. Belə ki, Ermənistanda yaşayan 781.011 nəfər əhalinin 76.555 nəfərini Azərbaycan türkləri (9,8 faiz), 705 nəfərini (0,1 faiz) kürdlər təşkil etmişdir [8, s.151].

1926-cı ildə keçirilən ikinci Ümumittifaq siyahıyaalmanın nəticələrinə görə, Sovet Ermənistanında 880.464 nəfər əhali yaşamışdır ki, onlardan 85.554 nəfəri azərbaycanlılar, 3.025 nəfəri müsəlman kürdlər, 12.237 nəfəri isə yezdi kürdlər olmuşdur [13, s. 4-8]. Faiz etibarilə azərbaycanlılar ümumi əhalinin 9,76 faizini, müsəlman kürdlər 0,4 faizini, yezdi kürdlər isə 1,4 faizini təşkil etmişdir.

1931-ci il siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda yaşayan 1.050.633 nəfər əhalinin 106.768 nəfəri azərbaycanlılardan (10,1 faiz), 19.268 nəfəri (1,9 faiz) kürdlərdən ibarət olmuşdur [14, s.11].

1930-cu illərdə Ermənistanda həyata keçirilən repressiyaların dalğasının fonunda azərbaycanlılar və müsəlman kürdlər  daha ağır zərbə almışdılar. Xalq düşmənlərini, trotskiçi-buxarinçi casusları ifşa etmək məqsədilə A.Mikoyan, N.Yejov və L.Beriya Ermənistana gəlmişdilər. Moskvaya belə məlumat verilmişdi ki, Ermənistanda Araz və Yuxarı Arpaçay çayları boylarında yaşayan müsəlmanlar casusluq edir və guya elliklə Türkiyəyə keçmək fikrindədirlər. Ona görə də 1937-ci ilin payızında və 1938-ci ilin yazında Ağbaba, Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Hoktemberyan, Meğri rayonlarının Türkiyə və İranla həmsərhəd kəndlərində yaşayan azərbaycanlı və müsəlman kürd ailələri kütləvi surətdə repressiyaya məruz qalmışdılar. Minlərlə ailə Orta Asiyaya və Qazaxıstana sürgün edilmişdir. Ümumiyyətlə, XX əsrin 30-cu illərində Ermənistandan 50 mindən artıq azərbaycanlı və müsəlman kürd repressiyaya məruz qalmışdır [1, s. 111].

1939-cu ildə keçirilən üçüncü ümumittifaq siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda yaşayan 1.282.330 nəfər əhalinin 130.997 nəfərini azərbaycanlılar (10,2 faiz), 20.481 nəfərini kürdlər (1,6 faiz) təşkil etmişdir.

1947-ci il dekabrın 27-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qəbul etdiyi qərara əsasən, 100 min kolxozçu və digər azərbaycanlı əhalinin üç il ərzində Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi qərarlaşdırılmışdı. Lakin 1948-1953-cü illərdə azərbaycanlı əhali ilə bərabər, müsəlman kürdlər də Ermənistandan deportasiya edilmişdilər. Ona görə də 1939-cu ildən1959-cu ilədək keçən 20 il müddətində Ermənistanda yaşayan azərbaycanlı əhalinin və müsəlman kürdlərin sayı kəskin şəkildə azalmışdı. 1959-cu ildə keçirilən dördüncü ümumittifaq siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda yaşayan 1.763.048 nəfər əhalinin 107.748 nəfərini azərbaycanlılar (6,1 faiz), 25.627 nəfərini kürdlər (1,5 faiz) təşkil etmişdir [9, с. 102].

1970-ci ildə keçirilən beşinci ümumittifaq siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda yaşayan 2.491.873 nəfər əhalinin 148.189 nəfəri azərbaycanlılardan (5,9 faiz), 37.486 nəfəri kürdlərdən (1,5 faiz) ibarət olmuşdur [10].

1979-cu ildə keçirilən altıncı ümumittifaq siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda yaşayan 3.037.259 nəfər əhalinin 160.841 nəfərini azərbaycanlılar (5,3 faiz), 50.822 nəfərini kürdlər (1,7 faiz) təşkil etmişdir.

Sovet hakimiyyəti illərində Ermənistanda müsəlman kürdlər əsasən Vedi (Ararat), Zəngibasar (Masis), Basarkeçər (Vardenis) rayonlarında və İrəvan şəhərində yaşayırdılar. Ermənistanda ayrıca müsəlman kürd kəndi yox idi. Azərbaycanlı kəndlərində yaşayan kürdlər əhalinin 10-15 faizindən çoxunu təşkil etmirdilər. Yezdi kürdlər isə əsasən Ələyəz (Araqats), Talin, Abaran, Hoktemberyan (Armavir), Artaşat, Dilican rayonlarında və İrəvan şəhərində yaşayırdılar.

1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ  Muxtar Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək olan müddət ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və ermənilərlə qarışıq 94 yaşayış məskənləri boşaldılmış, nəticədə 200 mindən çox azərbaycanlı, 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana qovulmuşdur [1, s. 173].

Ermənistanın Ələyəz rayonunda doğulub böyüyən, İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirən, sonralar İrəvan radiosunun kürdcə verilişlər redaksiyasında və Ələyəz rayon komsomol komitəsinin katibi işləyən İşxan Aslanoviç Ankosi Ermənistanın müstəqilliyə qovuşmasından sonra təzyiqlərə tab gətirməyərək Ermənistanı tərk etmək məcburiyyətində qalmış və 1993-cü ildən Krasnodarda yaşayır, “Midiya” Kürd Milli-Mədəni Muxtariyyətinin sədri, Kürdüstan Milli Konqresinin üzvü kimi yezdi kürdlərin hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətini davam etdirir. Onun atası Aslan Xudoyan uzun müddət yezdi kürdlərin yaşadığı rayonlarda rəhbər vəzifələrdə işləmiş, ermənilərin kürdlərə qarşı diskriminasiyasının canlı şahidi olmuşdu.

İşxan Ankosi yazır ki, hələ ötən əsrdə 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Ermənistanda millətçilik əhval-ruhiyyəsi ən yüksək həddə çatmışdı. Millətçilik daha çox Yakov Zarobyanın Ermənistan KP MK-nın birinci katibi olduğu dövrdə özünü büruzə vermişdir. Məhz Y.Zarobyanın açıq şəkildə dəstəyi sayəsində Ermənistanda antikürd siyasəti yeridilmişdir. İşxan Ankosi yazır: “Biz kürdlər praktik olaraq hər gün, hər saat hakimiyyət dairələri tərəfindən xalqımıza qarşı yeridilən diskriminasiya siyasətini hiss edirdik”. O, daha sonra qeyd edir ki, hələ XX əsrin 80-ci illərində Ermənistan rəhbərliyi kürdlərlə azərbaycanlılar arasında qarşıdurma yaratmaq siyasəti yeritmişdir. Belə ki, kürdlərin kəndlərindən olan təmsilçiləri Ermənistan KP MK-ya dəvət edilərək onlara “respublika ərazisində yaşayan bütün kürdlərin kompakt ərazidə yaşamaları və heyvandarlıqla məşğul olmaları üçün” onların Amasiya rayonuna köçmələri təklif edilmişdi. Həmin vaxt Amasiya rayonunda yaşayan əhalinin 85 faizindən çoxunu azərbaycanlılar təşkil edirdi. İşxan Ankosi yazır ki, bununla Ermənistan rəhbərliyi kürdlərin əli ilə azərbaycanlıların Amasiya rayonundan sıxışdırılıb çıxarılmasına nail olmaq və gələcəkdə müsəlman kürdlər ilə azərbaycanlılar arasında yaratdıqları düşmənçilikdən istifadə etmək məqsədi güdürdü [15]. Məhz müsəlman kürdlərin Amasiya rayonuna köçməkdən imtina etmələrindən sonra onları cəzalandırmaq üçün 1983-cü ildə Ermənistan hökuməti Ararat vadisində qoyunçuluğun qadağan edilməsi barədə qərar qəbul etmişdi.

Ermənistan hökuməti yezdi kürdlərinin əli ilə Amasiya rayonunda yaşayan azərbaycanlıları deportasiya etmək istəmişdi. Belə ki, Amasiya rayonu ərazisində Ələyəz rayonunun kürd kəndləri üçün yaylaq yerlərinin ayrılmasını istəmişdilər. Bu məqsədlə yezdi kürd kəndlərinin təmsilçilərinin iştirakı ilə Amasiya rayonunun dağ kəndlərinə baxış keçirilmişdi. Əslində, Ələyəz rayonunun özü yaylaq rayonu olub, dəniz səviyyəsinə görə Amasiya rayonu ilə eyni səviyyədə idi. Digər tərəfdən, onsuz da otlaq sahəsinin qıtlığından əziyyət çəkən Amasiya rayonunun ərazisindən Axuryan və Ani rayonlarının erməni kəndləri üçün çox-çox əvvəl yaylaq yerləri ayrılmışdı. Onu da qeyd etmək lazımdır ki, Amasiya rayonunda yaşayan azərbaycanlı əhalinin böyük əksəriyyəti mal-qarasını uzun sürən qış aylarından salamat çıxarmaq üçün qonşu erməni rayonlarının kəndlərindən ot almaq məcburiyyətində qalırdılar. Yezdi kürdləri Ermənistan hökumətinin əsl niyyətini başa düşüb, bu təklifdən imtina etmiş və əhalisinin sıxlığına görə Amasiya rayonundan qat-qat seyrək olan və geniş otlaq sahələrinə malik qonşu Qukasyan rayonundan yaylaq yerlərinin ayrılmasını istəmişdilər. Lakin Ermənistan rəhbərliyi buna razı olmamış və bu məsələ beləcə gündəlikdən çıxarılmışdı.

İşxan Ankosi yazır ki, hələ 1987-ci ildən Ermənistan KP MK-nın, Nazirlər Sovetinin, Ali Sovetin  və güc strukturlarının bilavasitə örtüyü altında “Antikürd komitəsi” fəaliyyət göstərirdi. Bu qrupa İrəvanda yezdi kürdlərinin daha çox yaşadığı Myasnikyan rayon Partiya Komitəsinin birinci katibi Muradyan rəhbərlik edirdi. 1990-cı ildə ermənilərin antikürd kampaniyası apogey həddinə çatmış, kürdlər əleyhinə vərəqələr yayılmış, onların evləri yandırılmışdı. Bundan sonra İşxan Ankosinin iştirakı ilə 9 nəfərdən ibarət kürdlərin nümayəndələrini uzun təkidlərdən sonra Ermənistan KP MK-nın birinci katibi Vladimir Movsesyan qəbul etmişdi. Nümayəndə heyəti bir daha əmin olmuşdu ki, müəyyən antikürd qüvvələri mövcuddur və onların qarşısında konkret vəzifələr qoyulmuşdur. Elə həmin görüşdən ayrılan nümayəndə heyətini ermənilər Mərkəzi Komitənin qarşısındaca döymüşdülər. İşxan Ankosi yazır: “Hər şey aydın idi: əgər sağ qalmaq istəyirsənsə, çamadanını götür, haydı vağzala doğru”.

O, daha sonra qeyd edir ki, 1988-ci ildə Spitakda baş verən zəlzələdən iki gün sonra Araqats (Ələyəz) rayon partiya komitəsinin üçüncü katibi Valeri Tonoyan Camışlı kəndində yaşayan yezdi kürdlərinə demişdi ki, dekabrın 11-də erməni millətçiləri kürdlərə qarşı qırğınlar törədəcəkdilər. Təkcə Ələyəz rayonunda 11 yezdi kürd kəndi darmadağın ediləcəkdi. Bunun üçün yezdi və müsəlman kürdlərin yaşadıqları evlər və cinayətin konkret icraçıları əvvəlcədən müəyyən edilmiş, benzindaşıyan maşınlar hazır vəziyyətə gətirilmişdi. Sadəcə olaraq, dekabrın 7-də baş verən zəlzələ nəticəsində ermənilərin növbəti cinayətlərinin qarşısı alınmışdı [15].

1991-ci ildə kürd ziyalılarından ibarət bir qrup müsəlman və yezdi kürdü arasında Ermənistan rəhbərliyinin apardığı təfriqəçilik siyasətinə qarşı etirazlarını bildirmək üçün prezident Levon Ter-Petrosyanın qəbulunda olmuşdu. Kürd ziyalısı Çərkəze Raş  demişdi: “Məgər siz bir şərqşünas kimi bilmirsiniz ki, yezdilər digər kürdlərdən yalnız dini inanclarına görə fərqlənir və kürd xalqının bir parçasıdır? Sizin siyasətiniz kürdlərin müxtəlif konfessiyaları arasında nifaq yaratmağa yönəlib”. Levon Ter-Petrosyan cavab vermişdi:  “Biz erməni xalqının maraqlarından çıxış edirik” [6, s. 70-71].

Kürdlərə qarşı törədilən qətl və qırğınların cəzasız qalması erməni millətçilərini yeni-yeni qırğınlara həvəsləndirirdi. 2006-cı il avqustun 17-də Kotayk vilayətinin Zovuni kəndində yaşayan yezdi kürdlərlə ermənilər arasında kütləvi dava baş vermişdi. Həmin vaxt 42 yaşında yezdi kürd Kərəm Avdalyan qətlə yetirilmişdi. Hadisə yerinə gələn Ermənistan Yezdiləri İttifaqının sədri Aziz Tamoyanın başına odlu silahı dayayaraq demişdilər ki, kürdlər rədd olub öz ölkələrinə getsinlər. Bu cinayəti Ermənistanın hüquq-mühafizə orqanları ört-basdır etmişdilər. 2006-ci il dekabrın 7-də K.Avdalyanın anası, arvadı və iki oğlu Ermənistan Prezidentinin iqamətgahı qarşısında özlərini yandırmışdılar [7].

2009-cu il iyun ayının 3-də Abovyan rayonunda Məcid Hasoyan adında yezdi kürdün 6 nəfərlik ailə üzvünün hamısını erməni qonşuları qətlə yetirmişdilər. Hansı ki, həmin ailənin qətlə yetirilən ən kiçik üzvü Tengizin 13 yaşı var idi və ona daha çox işgəncə vermiş, venalarını doğramışdılar. Üst-üstə Hasonan ailəsinin üzvlərinə 80 bıçaq zərbəsi vurmuşdular. Bundan sonra erməni qonşuları yezdilərin saxladıqları pulları və qızılları oğurlamışdılar.

Ararat (Vedi) rayonunun Qaralar kəndində 1988-ci ilədək azərbaycanlı-larla yanaşı, ermənilər, müsəlman və yezdi kürdləri birgə yaşayırdılar. Azərbaycanlılarla müsəlman kürdlər 1988-ci ildə Qaralardan deportasiya edilmişdilər. 1994-cü ilin iyul ayında ermənilər Qaralar kəndində yaşayan yezdi kürdlərə qarşı qırğınlar törətmişdilər. Bununla bağlı Azərbaycan Kürd Mədəniyyət Mərkəzi dünya xalqlarına müraciət edərək qeyd edirdi ki, “qaniçən erməni hərbçiləri Vedi (Ararat) rayonunun yezdi kürdlər yaşayan Qaralar kəndində 50-dən çox dinc sakini qətlə yetirmişlər”. Azərbaycan Kürd Mədəniyyət Mərkəzi ermənilərin təcavüzünə son qoymaq və yezdi kürdlərini məhv olmaqdan xilas etmək üçün dünya xalqlarını səslərini ucaltmağa çağırmışdı [20].

Ermənistanda daşnakların hakimiyyəti dövründən aparılan etnik təmizləmə siyasəti nəhayət, müasir Ermənistan hakimiyyəti tərəfindən başa çatdırıldı. Erməni ümummilli hərəkatının 1994-cü ildə İrəvanda keçirilən mitinqlərindən birində Levon Ter-Petrosyan demişdi: “O şeyi ki biz 2-3 il ərzində etdik, digərləri bunu 600-700 il ərzində edə bilməyiblər. Biz Ermənistanı digər xalqlardan təmizlədik” [6, c. 71].

Erməni eksperti Karine Ter-Saakyanın verdiyi məlumata görə, 2002-ci ildə Ermənistan parlamenti yezdilərin kürd olmaması barədə qətnamə qəbul etmişdir. Ermənistan hökumətindən dəstək alan həftəlik “Yezdixana” qəzeti kürdlərə qarşı yazılar dərc edir. İrəvan radiosunda bir saatlıq kürdcə verilişlərdə yezdilərin kürd olmadığı təbliğatı aparılır. 1992-2012-ci illərdə Ermənistanda yaşayan yezdilərin 30 faizi ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. Məsələn, əgər 1990-cı illərin əvvəllərində Ələyəzin Hakko kəndində 100-dən çox yezdi ailəsi yaşayırdısa, 2012-ci ildə burada 16 yezdi ailəsi qalmışdı. Bir çox yezdilər iqtisadi vəziyyətin ağırlığına tab gətirməyərək ərzaq və digər yardımlar almaq üçün xristianlığı qəbul etmək məcburiyyətində qalırlar. Məsələn, Ələyəz rayonunun Amre-Taza (keçmiş Karvansara, hazırda Saduns kəndi – N.M.) kəndində yaşayan yezdilərin təqribən 35 faizi xristian protestanta çevrilmək məcburiyyətində qalmışlar [18].

Rəsmi Ermənistan dairələrinin azərbay-canlılara və müsəlman kürdlərə qarşı apardıqları etnik təmizləmə siyasəti hazırda yezdi kürdlərə qarşı davam etdirilir. Bir zamanlar kürdlərin ermənilərlə birlikdə türklərə qarşı vuruşduqlarını yazan erməni tarixçiləri və siyasətçiləri bu gün kürdlərin ermənilərin soyqırımında iştirakçı olmaları barədə iddialarla çıxış edirlər.

Etnik azlıqlara qarşı Ermənistanda həyata keçirilən diskriminasiya siyasəti Avropa Şurasının İrqçilik və irqi dözümsüzlüyə qarşı mübarizə komissiyasının hesabatlarında da öz əksini tapmışdır. Komissiyanın 13 fevral 2011-ci ildə dərc edilən hesabatında qeyd edilir ki, etnik azlıqlar olan yezdilərin torpağa mülkiyyət sənədi almaq, suvarma və otlaqlar problemləri mövcuddur. Habelə, yerli hakimiyyət, polis və ordu tərəfindən yezdi icmalarının hüquqlarının pozulması faktları aşkar edilmişdir [3].

Müsəlman kürdlərin Ermənistandan deportasiyası zamanı yezdi kürdlər, çox təəssüf ki, erməni millətçi dairələrinin yanında yer almışdılar. Lakin çox keçmədi ki, yezdi kürdləri də eyni aqibəti yaşadılar. Bu gün diskriminasiyaya və kütləvi qırğınlara məruz qoyulan yezdi kürdlər Rusiyaya, Ukraynaya, Belorusa, Qərbi Avropa ölkələrinə, ABŞ-a, hətta Avstraliyaya üz tuturlar. Erməni vandalları kürdlərin qəbiristanlıqlarını buldozerlərlə yerlə yeksan edirlər.

2011-ci ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə, Ermənistanda yaşayan 3.018.854 nəfər əhalinin 35.308 nəfərini yezdilər, 11.911 nəfərini ruslar, 2.162 nəfərini kürdlər təşkil etmişdir [21]. 1979-cu ildə keçirilən siyahıyaalmanın nəticələri ilə müqayisədə kürdlər artmaq əvəzinə 13.352 nəfər azalmışdır. Əslində, kürd ailələrində çoxuşaqlılığın normal həyat tərzi olması nəzərə alınsa, 1979-cu ildən keçən 32 il ərzində, yəni 2011-ci ildə Ermənistanda yaşayan kürdlərin sayı azı iki dəfə artmalı idi.

Ermənistanın şəhərlərində yaşayan yezdi kürdləri əsasən şəhərin kommunal xidmət və yaşıllaşdırma sahələrində çalışırlar. Ermənilərin özlərinə rəva görmədikləri işlərdə çalışdırılan yezdilər diskriminasiyaya məruz qalırlar. Əgər 1989-cu ildə İrəvanda 7086 yezdi kürdün yaşadığı qeydə alınmışdısa, 2011-ci ildə onların sayı 3268 nəfər idi. Şəhərlərdə yaşayan yezdilər öz evlərini dəyər-dəyməzinə satıb Rusiyanın şəhərlərinə köçmək məcburiyyətində qalırlar. Təkcə bu faktlar kürdlərin Ermənistanda nə dərəcədə diskriminasiyaya, deportasiyaya və terrora məruz qalmalarının əyani göstəricisidir.

 

İstifadə edilmiş ədəbiyyat:

 

Azərbaycan dilində

  1. Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri: Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1988.
  2. “Azərbaycan” qəzeti, 8 iyul 1994-cü il.

 

Rus dilində

  1. Акопян Т. У езидов есть проблема земли, воды и пастбищ, – отмечено в отчете Евросовета. – http://archive.hetq.am/rus/society/0702-yezidi.html
  2. Аристова Т. Курды Закавказья. (Историко-этнографический очерк). Москва, 1966
  3. Вестник архивов Армении. № 1 (105), 2005
  4. Журнал “Дружба” (Dostani). Москва, 2003, №22, c. 70-71. – http://ezid.ru/articles/old_article/09-04-2005_11-18-33.html
  5. Жена убитого езида подожгла себя и детей перед зданием резиденции президента Армении. – https://www.newsru.com/arch/world/07dec2006/fakel.html
  6. 3акавказье. Статистико-экономический сборник. Тифлис, 1925
  7. Итоги Всесоюзной переписи населении 1959 года. Армянской ССР. Москва, 1963
  8. Итоги Всесоюзной переписи населении 1970 года. Москва, 1973
  9. Кавказский календарь на 1917 г. Тифлись, 1916
  10. Материалы для изучения экономического быта государственных крестьян Закавказского края. Тифлись, 1885, Том, I выпуск
  11. Население Закавказье. Всесоюзная перепись населения 1926 г.Тифлись, 1928
  12. Населенные пункты и народонаселение Армянской ССР. Ереван, 1936
  13. Обращение к Армянскому народу. http://www.kurdist.ru/index.php?option=com_content&task=view&id=324
  14. Первая всеобщая перепись населения Российской империи 1897 года, LXXI, Эриванская губерния.
  15. Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г. Тифлись, 1893.
  16. Тер-Саакян К. Курдский сепаратизм – поддержат ли его из Армении? – http://www.iran.ru/news/analytics/80795/Kurdskiy_separatizm_podderzhat_li_ego_iz_Armenii.
  17. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи. СПб, 1852

 

Erməni dilində

  1. Korkotyan Z. Sovet Ermənistanının sonuncu yüzillikdə əhalisi (1831-1931). İrəvan, 1932

 

İnternet mənbələri

  1. http://armstat.am/file/doc/99484883.pdf – Таблица 5.1 Население (гордоское, сельское) по национальности, полу и возрасту

 

Nazim Mustafa

About deportations, repressions and terrorist acts committed by Armenian official circles against the Kurds in the 20thcentury

(ethno-political analysis)

 

This article describes the ethnic composition of the territory named the Republic of Armenia starting from the early 19th century, which has now become a mono-ethnic state. The process of settlement of the Muslims and Yezidi Kurds in the territory of the Iravan province is investigated based on the official statistical data. The policy of discrimination carried out against the Kurds during Soviet Armenia is analysed. The article also clarifies the terrorist acts, the policy of deportation and repression carried out by official Iravan against the Yezidi Kurds after Armenia gained its independence in 1991, with reference to the Kurdish authors.

 

Назим Мустафа

О депортациях, репрессиях и террористических актах, учиненных в XX в. армянскими официальными кругами

против курдов (этно-политический анализ)

 

В статье описывается этническая картина, начиная с начала XIX в., территории Республики Армения, которая в настоящее время превратилась в моноэтническое государство

На основе статистических данных прослеживается процесс заселения на территорию Иреванской губернии мусульман и курдов-езидов.

Анализируется дискриминационная политика, осуществленная против курдов в период советской Армении. В статье, ссылаясь на курдских авторов, также освещаются террористические акты, политика депортаций и репрессий, осуществленных официальным Иреваном против курдов, после того как Армения обрела независимость в 1991 г.

 

“Strateji təhlil” jurnalı, № 1-2 (23-24), 2018, s. 125-134

   Məqaləni PDF formatına çevir