Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi

XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi əsas problem qaçqınlarla bağlı idi.

Qaçqınlar problemi Azərbaycan Xalq Cümhuriyyətinə Birinci Dünya müharibəsindən və 1918-ci il mart-may aylarında Bakı, Gəncə (Yelizavetpol) və İrəvan quberniyalarında ermənilərin törətdikləri kütləvi qırğınlar və azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri etnik təmizləmə nəticəsində miras qalmışdı. Birinci Dünya müharibəsi dövründə Şərqi Anadolu, Balkanlar və s. yerlərdəki münaqişə və müharibə ocaqlarından Bakı və Gəncə quberniyalarına on minlərlə qaçqın pənah gətirmişdi. İlk dövrlərdə Şərqi Anadoludan Bakıya gələn qaçqınların əksəriyyətini qeyri-müsəlmanlar, əsasən də ermənilər təşkil edirdi.

Həmin dövrdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti ilə yanaşı, Erməni Qaçqınlarına Yardım Komitəsi, Latış Qaçqınlarına Yardım Komitəsi, Müharibə Nəticəsində Dağılmış Polyak əhaliyə Kömək Komitəsi, çar II Nikolayın qızı knyaginya Tatyana Nikolayevnanın müharibədən zərər çəkənlərə yardım məqsədilə təsis etdiyi komitənin Qaçqınların Qeydə Alınması üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qaçqınların Yerləşdirilməsi üzrə Baş Müvəkkilliyin Bakı şöbəsi və s. cəmiyyət və komitələr fəaliyyət göstərirdi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qaçqınlar probleminin həlli yeni qurulan hökumətin qarşısında bir nömrəli vəzifə kimi dururdu. Bu problem dəfələrlə Nazirlər Kabinetinin və Parlamentin iclaslarında müzakirə edilmişdi.

İyunun 16-da AXC hökuməti Gəncədə yerləşdikdən sonra Cənubi Qafqaz Seyminin Müsəlman Milli Şurasının nəzdindəki qaçqınlar şöbəsi əsasında Səhiyyə və Himayəçilik Nazirliyi yaradılmış, Xudadat bəy Rəfibəyov nazir təyin edilmişdi.

AXC hökuməti oktyabr ayında Bakıya köçdükdən sonra bu nazirlik iki yerə – Səhiyyə Nazirliyinə və Himayəçilik Nazirliyinə ayrılmışdı. Himayəçilik Nazirliyinə doktor Musa bəy Rəfiyev başçılıq edirdi. 1919-cu ilin aprel ayından etibarən isə əvvəllər Himayəçilik Nazirliyinin qaçqınlar şöbəsinin rəisi işləmiş, parlamentdəki rus-slavyan fraksiyasının üzvü Viktor Klenevski himayəçilik naziri təyin edilmişdi.

Himayəçilik Nazirliyinin qarşısında iki əsas vəzifə dururdu:

  1. Qaçqınlar məsələsi. Qonşu ölkələrdən – Ermənistan və Türkiyədən didərgin salınan qaçqınları qəbul etmək, onları ilkin zəruri ərzaq və qida məhsulları ilə təchiz etmək, əkin üçün toxum və işçi heyvanlarla təmin etmək, bəzi kənd icmalarında fərdi təsərrüfatları dirçəltmək üçün faizsiz kredit vermək və qaçqınları işlə təmin etmək.
  2. Himayəçilik məsələsi. Azyaşlı yetim uşaqların saxlanması üçün yetimxanalar və düşərgələr təşkil etmək, kasıblar üçün ucuz qiymətlə yeməkxanalar, qida məntəqələri açmaq, fərdi və ictimai xeyriyyəçilik fəaliyyətinə nəzarət etmək, onun inkişafına yardım göstərmək.

Yerlərdə məsələləri həll etmək üçün 6 dövlət himayəçiliyi dairəsi təşkil edilmişdi: 1) Bakı dairəsi (Bakı şəhəri, Bakı və Quba qəzaları), 2) Gəncə dairəsi (Gəncə şəhəri, Gəncə və Qazax qəzaları), 3) Şamaxı dairəsi (Şamaxı və Göyçay qəzaları), 4) Nuxa dairəsi (Nuxa və Ərəş qəzaları, Zaqatala quberniyası), 5) Qarabağ dairəsi (Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları), 6) Lənkəran dairəsi (Lənkəran və Cavad qəzaları). Bu dairələrdə işlərə himayəçilik müfəttişləri rəhbərlik edirdilər.

Qaçqınlara yardım məsələsi üç əsas istiqamətdə qurulmuşdu: 1) Bakıda və onun mədən rayonlarında, 2) Ölkənin digər yerlərində, 3) Xarici dövlətlərdə.

Qaçqınlar problemi Xalq Cümhuriyyəti hökumətinin rəsmi orqanı olan, Azərbaycan türkcəsində və rus dilində işıq üzü görən “Azərbaycan” qəzetinin hər iki versiyasında əsas mövzulardan biri idi. Dövrün salnaməsi hesab olunan həmin qəzetlərdə parlamentin stenoqramları, hökumətin qərarları dərc edilir, əlaqədar nazirliklərin qaçqınlar problemi ilə bağlı fəaliyyətləri işıqlandırılır, müxbir məqalələri dərc edilirdi. Oxuculara təqdim edilən bu məqalədə qaçqınlar problemi “Azərbaycan” qəzetinin rus dili versiyasının materialları əsasında işıqlandırılır.

O dövrün mətbuat və arxiv materiallarının təhlili göstərir ki, qaçqınlar probleminin həlli üçün hökumət və parlament mümkün olan işləri görmüşdür. Azərbaycan ərazisinə daxil olan və qaçqın kimi qeydə alınan hər bir ailəyə qaçqın kitabçası təqdim edilirdi. Həmin kitabçada qaçqın ailəsinin yerləşdiyi ünvan, ailə tərkibi, onun maddi vəziyyəti, nə kimi ev əşyalarına malik olduğu, aldığı yardımların növü və miqdarı ayrıca qeyd olunurdu. Xüsusi komissiya vasitəsilə həmin qeydlər aparılır, bununla da imkanlı və imkansız qaçqın ailələri bir-birindən fərqləndirilirdi. Yardımlar ucdantutma deyil, imkansız ailələrə və kimsəsizlərə verilirdi. Şübhəsiz ki, nöqsanlar da mövcud idi. Mövcud nöqsanlar parlamentin iclaslarında müzakirə edilir, onların aradan qaldırılması yolları göstərilirdi. Azərbaycan hökumətinin demokratikliyi və humanizmi onda özünü bariz şəkildə göstərirdi ki, problemə insanlıq nöqteyi-nəzərindən yanaşılır, milli ayrı-seçkiliyə yol verilmirdi.

“Azərbaycan” qəzeti (rusca) 25 sentyabr 1918-ci il tarixli nömrəsində yazırdı ki, aprel ayının sonlarınadək İrəvan quberniyasında 199 kənd dağıdılmış, bu kəndlərin 135 min nəfər əhalisinin bir qismini ermənilər öldürmüş, bir qismi aclıqdan tələf olmuş, bir qismi də yer-yurdlarından didərgin düşmüşdür.

Qəzetin müxbiri Xəlil İbrahimin 1918-ci il sentyabr-oktyabr aylarında “Azərbaycan” (rusca) qəzetində dərc edilən “Qarışıqlıq günlərində Qarabağda vəziyyət” başlıqlı silsilə məqalələrində ermənilərin Qarabağda törətdikləri qırğınlardan, “Qarabağ Respublikası” elan etmək cəhdlərindən, Andranikin qoşununun Zəngəzur istiqamətindən Şuşanı ələ keçirmək niyyətindən, Xalq Cümhuriyyətinin qurulmasından sonra komendantlıq üsul-idarəsinin tətbiq edilməsindən, erməni komitələrinin Azərbaycan hökumətinə tabe olmalarından, Şuşadan didərgin salınan azərbaycanlı qaçqınların bir qisminin şəhərə qayıtmalarından, bir qisminin də ətraf kəndlərə paylaşdırılmalarından ətraflı bəhs edirdi.

“Azərbaycan” qəzeti 7 oktyabr 1918-ci il tarixli nömrəsində yazırdı ki, hökumətin qəbul etdiyi qərara əsasən Himayəçilik Nazirliyinin qaçqınlar məsələsi üzrə müvəkkillərinin hər dəfə təqdim etdikləri siyahı əsasında qaçqınlara Azərbaycan dəmiryolundan pulsuz gedişə icazə verilmişdir.

“Azərbaycan” qəzeti 27 fevral 1919-cu il tarixli nömrəsində (№ 44) yazırdı ki, fevralın 7-də Azərbaycan hökuməti Ermənistanda yaşayan müsəlman əhaliyə yardım edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarla Ticarət və Sənaye Nazirliyinə tapşırılırdı ki, Ermənistanda yaşayan müsəlman əhalinin ehtiyacları üçün Azərbaycanın İrəvandakı Diplomatik Nümayəndəliyinə 20 min pud kerosin buraxsın. Qərarda həmçinin göstərilirdi ki, İrəvan Müsəlman Milli Komitəsinin vasitəsi ilə satılan kerosindən əldə edilən 500 min rubl vəsait müsəlman qaçqınlar arasında bölüşdürülsün. Ayrılan kerosinin İrəvana çatdırılması üçün bütün xərclərin ödənilməsi isə himayəçilik nazirinə həvalə edilirdi. Qəzet həmin sayında Şamaxı qəzasında qaçqınların yerləşdirilməsi və məskunlaşdırılması məsələlərinin həlli məqsədilə Əkinçilik, Daxili İşlər və Himayəçilik nazirliklərinin nümayəndələrindən ibarət komissiyanın ezam edilməsi haqqında Azərbaycan hökumətinin qərar qəbul etdiyini yazırdı.

1918-ci ilin aprel ayında erməni-rus birlikləri Şamaxı qəzasında törətdikləri qırğınlardan sonra Nikolayevka, Maryevka, Astraxanka və Çuxuryurd kəndlərində yaşayan rus icması (malakanlar) Stavropol quberniyasına köçmüşdü. 1919-cu ilin iyun ayında rus icmasının üzvləri Azərbaycanın Tiflisdəki Diplomatik Nümayəndəliyinə müraciət etmiş, Şamaxıya qayıtmaq üçün Tiflisdən Bakıyadək pulsuz dəmiryol bileti verilməsini xahiş etmişdilər. AXC hökuməti rus qaçqınlarının maneəsiz olaraq Şamaxıya qayıtmalarını təmin etmişdi. “Azərbaycan” qəzetinin 19 iyul 1919-cu il tarixli nömrəsində “Qaçınların qayıtması” başlıqlı yazısında qeyd edilirdi ki, Stavropol quberniyasından gələn, Tiflisin Navtluq stansiyasında gözləyən 36 ailəyə (189 nəfər) Şamaxı qəzasındakı yerlərinə qayıtmağa icazə verilmişdir.

Qəzetin 6 iyul 1919-cu il tarixli nömrəsində “Həkim Vladimirov” imzası ilə dərc edilən “Qarabağda” başlıqlı məqalədə qeyd edilirdi: “Rəsmi məlumata əsasən Qarabağ General Qubernatorluğunun ərazisində İrəvan quberniyasından 50 min qaçqın cəmləşmişdir. Onların böyük əksəriyyəti qəti surətdə öz doğma yuvalarına geri qayıtmaqdan imtina edirlər, çünki evlərin bir qismi dağıdılıb, bir qismində isə ermənilər məskunlaşıb. Bu vəziyyət Himayəçilik Nazirliyində diqqətlə öyrənilmiş və Mil düzənliyində yarım milyon desyatin torpağın suvarılması məsələsi qaldırılmışdır… Mil düzünün suvarılması məsələsinin həlli üçün 15 mindən artıq əmək qabiliyyətli qaçqının bu işə cəlb edilməsi lazımdır”. Daha sonra qəzet yazır ki, bu işin həllinə iki ictimai xadim – Həmidə xanım Cavanşir və Cəlil Məmmədquluzadə qoşulmuşlar. Onlar iyun ayının 18-də Ağdamdan aşağıdakı məzmunda teleqram göndərmişlər: “Bakıya. Ministr-sədr Usubbəyova. Surəti parlamentin üzvləri Məmməd Əmin Rəsulzadəyə və Əhməd bəy Pepinova. 50 min qaçqının ağır maddi vəziyyəti bizi vadar etdi ki, Mil düzündə 50 milyon desyatin torpağın suvarılması üçün Araz və Kür çaylarının köhnə “Gavur arxı” kanalı ilə birləşdirilməsi məsələsini qaldıraq…” Teleqramın sonunda qeyd edirlər ki, onlar bu məsələ ilə bağlı Əhməd bəy Cavanşirin XIX əsrin 60-70-ci illərində başlatdığı, lakin çəkişmələr üzündən yarımçıq qalan vacib işin tamamlanmasını istəyirlər və kanalın plan və layihəsini hökumətin sərəncamına təqdim etməyə hazırdırlar. Həmidə xanımın və Mirzə Cəlilin bu məsələni qaldırmalarından sonra Himayəçilik Nazirliyinin Qarabağ General Qubernatorluğundakı müfəttiş təlimatçısı Ryumin və müvəkkili Behbudov “Gavur arxı”nı tədqiq etmişlər. Nəticədə məsələ Himayəçilik və Əkinçilik və Dövlət Əmlakı nazirliklərində müzakirə edilmiş, həmin ərazinin suvarılması üçün qısa müddətdə Nazirlər Kabinetinə qanun layihəsi qəbul etmək qərarlaşdırılmışdı. Məqalənin sonunda bu məsələnin müsbət həllini tapacağına və Mil düzünün 1920-ci ilin yazında məskunlaşdırılacağına inam ifadə edilirdi. Lakin Xalq Cümhuriyyətinin süqutu nəticəsində qaçqınların Mil düzündə məskunlaşdırılması layihəsini həyata keçirmək mümkün olmadı.

Qəzetin həmin sayında dərc edilən digər xəbərdə qeyd edilirdi ki, iyulun 4-də I Realnı məktəbinin binasında Lənkərandan gəlib Bakıda müvəqqəti məskunlaşan müsəlman qaçqınların yığıncağı keçirilmişdir. İclasda iştirak edən Yusif Talıbzadə (Abdulla Şaiqin qardaşı) qaçqınların öz yer-yurdlarına qayıtmaları üçün Azərbaycan hökumətinin onları pulla və silah-sursatla təchiz edəcəyini bildirmişdir. Uzun müzakirələrdən sonra könüllülərin səfərbər edilməsi üçün komissiya yaradılmış, 150 könüllü qeydə alınmışdı.

Qəzetin 8 iyul 1919-cu il tarixli nömrəsində dərc edilən xəbərdə bildirilirdi ki, Şamaxı qaçqınlarına kömək məqsədilə Ağdamda tamaşa göstərilmiş, 5967 rubl vəsait toplanılmışdır.

Qəzetin növbəti sayında Xalq Cümhuriyyətinin Aşqabaddakı konsulluğundan alınan xəbərdə deyilirdi ki, bolşeviklərin İranla sərhəd bölgələrini ələ keçirmələrindən sonra Xəzərin o tayına keçən qaçqınların təmsilçiləri konsulla görüşmüş, çox ağır vəziyyətdə olduqlarını bildirmiş və kömək istəmişlər. Konsulluq qaçqınların vəziyyətini öyrənmək üçün öz agentini göndərmiş və kömək göstərilməsi üçün Azərbaycan hökuməti qarşısında vəsatət qaldırmışdır.

“Azərbaycan” qəzetinin 17 iyul 1919-cu il tarixli nömrəsində “Himayəçilik Nazirliyində” başlıqlı məqalə dərc edilmişdir. Məqalədə qeyd edilir ki, Azərbaycanın Gürcüstandakı nümayəndəliyinin başçısının müavini Himayəçilik Nazirliyinə məlumat vermişdir ki, hər gün qaçqınların böyük partiyası Ermənistandan Tiflisə gəlir və onların maddi yardıma çox böyük ehtiyacları var. Onların Azərbaycana göndərilməsi üçün ayrılan bir vaqonun kifayət etmədiyi və hər cür kömək göstərilməsi üçün təcili surətdə kredit açılmasının zəruri olduğu bildirilmişdir. Həmin məqalədə Zaqafqaziya Aysor Milli Şurasının sədrinin Himayəçilik Nazirliyinə etdiyi müraciətdən bəhs edilir. Müraciətdə bildirilirdi ki, Gəncə quberniyasının Yelenendorf, Georgiyevne və digər koloniyalarında Van vilayətindən gəlmiş 1500-dən artıq aysor qaçqınları məskunlaşıblar, hansı ki, birdəfəlik yardımdan və amerikalıların yardımından başqa heç nə almırlar. Himayəçilik Nazirliyi bu məsələ ilə əlaqədar nazirliyin Gəncədəki inspektoruna tapşırmışdır ki, aysorların vəziyyətinin yüngülləşdirilməsi istiqamətində nazirliyin zəruri tədbirlər görməsi üçün onların durumunu dərhal tədqiq etsin.

Həmin məqalədə bu gün də ibrət olası bir fakt da öz əksini tapmışdır. Qəzet yazır ki, Qadın Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri himayəçilik nazirinə məlumat vermişdir ki, müsəlman yetimxanasına müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər pul və əşyalarla ianə vermişlər. Məqalədə ianə verən şəxslərin adları aşağıdakı kimi qeyd edilmişdir: Nazirlər Kabinetinin sədri Nəsib bəy Usubbəyov – 1100 rubl, Ağa Baba Quliyev – 1000 rubl, doktor Gindes – 50 rubl, adlarını bildirmək istəməyənlər – 4000 rubl, A.Dadaşov 1000 rubl dəyərində medikament, Mustafa Abdullayev – 150 cüt çust, hər iki cins uşaqlar üçün 88 dəst kostyum.

Xalq Cümhuriyyəti hökuməti Bakıda müvəqqəti məskunlaşan polyak qaçqınlarının vətənlərinə geri dönmələri, vəsait ayrılması üçün iki dəfə qərar qəbul etmişdir. Bu barədə “Azərbaycan” qəzetinin 17 avqust və 25 oktyabr 1919-cu il tarixli saylarında qeyd edilirdi ki, birinci dəfə 224, ikinci dəfə isə 350 polyakın pulsuz geri qayıtmalarını təmin etmək üçün hökumət Himayəçilik və Yollar nazirliklərinə müvafiq tapşırıqlar vermişdir.

AXC parlamentinin 1919-cu il iyulun 19-da keçirilən iclasında qaçqınlara yardım edilməsi məqsədilə idarələrarası komissiya yaradılmışdı. Bu komissiya Gəncə quberniyasının Zəngəzur, Cəbrayıl, Cavanşir və Şuşa qəzalarında müvəqqəti məskunlaşmış qaçqınların iqtisadi vəziyyətini yüngülləşdirmək, onları boş torpaqlarda daimi məskunlaşdırmaq məqsədilə yaradılmışdı. Komissiyanın tərkibinə torpaq, daxili işlər və dövlət nəzarəti nazirliklərinin, “Əhrar”, “Müsavat” və “İttihad” partiyalarının nümayəndələri, Himayəçilik Nazirliyinin dairə inspektorları və s. daxil edilmişdi. Komissiyanın qarşısında duran vəzifəni həyata keçirməsi üçün 18 milyon 750 min manat vəsait ayrılmışdı.

Həmin qəzetin 11 oktyabr 1919-cu il tarixli nömrəsində məlumat verilirdi ki, hökumətin qərarına əsasən Lənkəran qəzasında bolşevik hakimiyyətindən (qondarma Muğan Respublikası nəzərdə tutulurdu – N.M.) zərər çəkən qaçqın əhaliyə yardım göstərilməsi üçün Himayəçilik Nazirliyinə 500 min rubl ayrılmışdır.

Ermənistan daşnak hökumətinin yeritdiyi etnik təmizləmə siyasəti nəticəsində qaçqın düşən müsəlman əhaliyə Cümhuriyyət hökuməti büdcədən dəfələrlə vəsait ayırmışdı. “Azərbaycan” qəzetinin 26 oktyabr 1919-cu il tarixli nömrəsində qeyd edilirdi ki, hökumət növbəti dəfə Ermənistandakı müsəlman qaçqınlara yardım edilməsi məqsədilə 2 milyon rubl ayrılması üçün himayəçilik nazirinə tapşırıq vermişdir.

Azərbaycan hökuməti hətta Dağıstandan gələn qaçqınlara da 1 milyon rubl həcmində yardım ayırmışdı. Bu barədə həmin qəzetin 5 noyabr 1919-cu il tarixli nömrəsində məlumat verilmişdi.

“Azərbaycan” qəzeti 25 dekabr 1919-cu il tarixli nömrəsində yazırdı ki, Cümhuriyyət hökuməti Himayəçilik Nazirliyinin məruzəsi əsasında qaçqınların Ağdaş, Göyçay, Qazax və Nuxa qəzalarında, xüsusən dəmiryol stansiyalarına yaxın ərazilərdə məskunlaşdırılmaları haqqında qərar qəbul etmişdir.

1920-ci ildə rus dilində çap edilən “Azərbaycan Respublikasının ünvan-təqvimi”ndə Himayəçilik Nazirliyinin 1918-1919-cu illərdə qaçqınlar probleminin həlli ilə bağlı gördüyü işlər təhlil edilmişdir. Həmçinin “Azərbaycan” qəzetində dərc edilən materiallardan istifadə edilməklə tərtib olunan həmin hesabatda qeyd edilir ki, 1919-cu ildə qaçqınlar, kimsəsizlər və qocalar üçün Suraxanı, Ramana, Maştağa, Bülbülə, Ermənikənd və Bayılda yeməkxanalar açılmışdı. Ümumiyyətlə, 1919-cu ildə bu cür yeməkxanaların sayı 17-yə çatdırılmış, 2 ərzaq paylanması məntəqəsi, 5 çayxana fəaliyyət göstərmişdi.

Himayəçilik Nazirliyində 1919-cu ilin yanvarından etibarən yeməkxanalarda pulsuz yemək yeyən əhalinin milliyyətinə görə hesabatı aparılmışdı. Həmin vaxtdan oktyabrın 1-dək ermənilər 428214, ruslar 319019, müsəlmanlar 300936, almanlar və polyaklar 2847, ləzgilər 296, gürcülər 248, isveçlilər 225, yəhudilər 154 dəfə pulsuz yemək yemişdilər. Beləliklə, bir il ərzində Bakı şəhərində aclıq keçirən əhaliyə milliyyətindən asılı olmayaraq ərzaq paylanması məntəqələrindən 10.069.253 manatlıq yardım edilmişdi. Yerli xeyriyyə cəmiyyətlərinin himayəyə götürdükləri yetimxanalara, kimsəsiz uşaqlara qayğını gücləndirmək məqsədilə bu cəmiyyətlərə Himayəçilik Nazirliyi tərəfindən maddi yardımlar edilirdi.

Xeyriyyə cəmiyyətləri bir büroda birləşdikdən sonra Himayəçilik Nazirliyinə müraciət etmişdilər. Nazirlik öz fondundan hər yetim uşağa əvvəlcə 60 manat ayırmış, sonralar isə bu rəqəmi 200 manata çatdırmışdı. Ehtiyacı olanlara yardımlar milliyyətindən asılı olmayaraq bərabər miqdarda edilmişdi. Xeyriyyə cəmiyyətləri və milli şuralar arasında 2114501 manat yardım aşağıdakı qaydada bölüşdürülmüşdü: 1. Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə – 220 yetim uşaq üçün; 2. Erməni Milli Şurasına – 2 yetimxanada 517 nəfər üçün; 3. Rus Xeyriyyə Cəmiyyətinə – 527 nəfərlik yetimxana üçün; 4. “Uşaq evi” cəmiyyətinə – 80 nəfərlik yetimxana üçün; 5. Doqquzuncu sahə komitəsinə – 30 nəfərlik yaşlılar evinə; 6. Yəhudi Xeyriyyə Cəmiyyətinə – qocalar və yoxsullar üçün. Bundan başqa, Nuxa və Ərəş qəzalarından olan erməni qaçqınlarına kömək üçün hökumət tərəfindən görülən tədbirlər haqqında parlamentdəki erməni fraksiyasının sorğusuna himayəçilik naziri belə cavab vermişdi: “Nazirlik tərəfindən teleqraf vasitəsilə Nuxaya 350000 manat vəsait köçürülmüşdür. Həmin vəsaitdən 48000 manatı erməni uşaq evlərinə veriləcəkdir”.

1920-ci ilin təkcə yanvar ayı ərzində Bakıda sığınacaq tapan qaçqınlara, yoxsul əhaliyə müxtəlif qida məntəqələrindən 103000 isti xörək verilmişdi. Həmin yeməklərin 30 faizi pulsuz, qalan 70 faizi isə bir nahar üçün əvvəlcə 50 qəpiyə, sonra isə bir manata satılmışdı. Ümumiyyətlə, 1920-ci il ərzində əhaliyə 3082000 manat maliyyə yardımı edilmişdi.

Himayəçilik Nazirliyi Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin vasitəçiliyi ilə Qars vilayətindən didərgin salınmış və Ermənikənddə məskunlaşmış təqribən 700 qaçqının gündəlik çörək ehtiyacı xərclərini öz üzərinə götürmüşdü. Bu məqsədlə 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-nə qədər müddətdə 526195 manat vəsait ayrılmışdı.

1919-cu ildə qaçqın dairələri üzrə mənzərə aşağıdakı kimi olmuşdu:

  1. Gəncə dairəsində – qaçqınların sayı 21098 nəfər, 5 qida məntəqəsi, üç yetimxana, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı.
  2. Şamaxı dairəsində – qaçqınların sayı 26877 nəfər, 13 qida məntəqəsi, iki yetimxana, bir erməni uşaq evi, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı.
  3. Nuxa dairəsində – qaçqınların sayı 5100 nəfər, bir qida məntəqəsi, bir müsəlman, 2 erməni uşaq evi açılmış, 2623 pud taxıl məhsulları paylanmışdı.
  4. Qarabağ dairəsində – 20 mindən artıq qaçqına yardım edilmiş, 3 ay ərzində Zəngəzur qaçqınlarına 187500 manat kredit ayrılmışdı.
  5. Lənkəran dairəsində 3205 nəfərə ərzaq yardımı edilmiş, bir qida məntəqəsi, bir yetimxana açılmış, 4 min puddan artıq taxıl məhsulları paylanmışdı.

1919-cu ildə Gəncə dairə müfəttişinin verdiyi məlumata görə, Gəncədə müsəlman qaçqınlarla yanaşı, 3928 nəfər erməni (o cümlədən 1818 nəfər Türkiyə ermənisi), Gədəbəyin Saratovka və Novo-İvanovka kəndlərindən erməni silahlı qüvvələri tərəfindən didərgin salınan 427 nəfər rus qaçqınları sığınacaq tapmışdı. Himayəçilik Nazirliyi üstəlik, Gəncədə erməni qaçqınları üçün lazaret (hərbi xəstəxana) açmışdı.

1919-cu ilin əvvəlindən etibarən Gürcüstan ərazisindəki Sadaxlı və Sənain stansiyalarında Himayəçilik Nazirliyinin nümayəndəlikləri təsis edilmiş, qaçqınlara ilkin ərzaq və tibbi yardım göstərildikdən sonra Azərbaycan Yollar Nazirliyinin bu məqsədlə Gürcüstan Yollar Nazirliyinin hesabına köçürdüyü vəsait əsasında qaçqınlara pulsuz biletlər verilmiş, sonra Azərbaycana yola salınmışdı. Ümumiyyətlə, 1919-cu il ərzində Ermənistandan və Qars vilayətindən Tiflisə gəlib çatan qaçqınların Azərbaycana yola salınması üçün Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyi Gürcüstan Yollar Nazirliyinə 171 vaqon sifariş vermişdi.

Qeyd etdiyimiz kimi, Himayəçilik Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də xaricdə yaşayan soydaşlarımıza, müsəlman qaçqınlara kömək etməkdən ibarət olmuşdu. AXC hökuməti 1919-cu il iyunun 4-də İrəvandakı diplomatik nümayəndəsi Məhəmməd xan Təkinskiyə tapşırıq vermişdi ki, İrəvan quberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış kəndləri, orada öldürülənlərin ad-familyaları, əsir götürülənlər, oğurlanmış sürülər haqqında statistik rəqəmləri toplayıb Bakıya göndərsin. Azərbaycan hökuməti bu faktları Paris Sülh Konfransının işində iştirak edən Azərbaycan nümayəndə heyətinə göndərmək istəyirdi. İrəvan Müsəlman Milli Şurası da öz növbəsində bu faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılarına müraciətində istifadə etmişdi.

AXC dövründə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qarsda fəaliyyət göstərən şöbəsi əsasında nümayəndəlik açılmışdı. Qarsda yaradılan Cənubi-Qərbi Qafqaz hökuməti 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə müraciət edərək qaçqınların problemini həll etmək üçün maddi yardım və məmurlar istəmişdi. Azərbaycan hökuməti Çıldır, Ağbaba və Ərdahan nahiyələrinin əhalisinə, İrəvan quberniyasının kəndlərindən qaçıb həmin ərazilərdə sığınacaq tapan qaçqınlara kömək göstərilməsi üçün diplomatik toxunulmazlığı olan bir neçə şəxs vasitəsilə xeyli miqdarda qızıl pul göndərmişdi. Azərbaycandan göndərilən zabitlərdən İsmayıl bəy Yadigarov, Yusif Kənan bəy, İsmayıl Nəzərəliyev yerli müsəlman əhalinin erməni silahlı qüvvələrinə qarşı müqavimət göstərmələri üçün həm də onların hərbi təlimini öz üzərlərinə götürmüşdülər.

Cümhuriyyət parlamenti 1920-ci il yanvarın 5-də və 8-də keçirilən iclaslarında “Qayət dərəcədə möhtac qaçqınların cümhuriyyətin məskun köylərində yerləşdirilməsi. Onların toxumçuluq taxıl tədarükü üçün smetadan xaric Ümuri Xeyriyyə nəzarətinə 21.000.000 rubla buraxılması haqqında qanun layihəsi”ni müzakirə etmişdir. “Azərbaycan” qəzetinin 13 yanvar tarixli nömrəsində həmin iclasların stenoqramı dərc edilmişdir. Məruzəçi Mustafa Vəkilov bildirmişdir ki, Azərbaycanda 300 mindən ziyadə qaçqın var və onların hamısı Ermənistandan qaçıb gələnlərdir. O, həmçinin Borçalı və Qazax qəzalarında 160 min qaçqının toplandığını və onların oradan Ərəş və Nuxa qəzalarında yerləşdirilmək istənildiyini bildirmişdir. Sonuncu iclasda qanun layihəsi təsdiq edilmişdir.

Himayəçilik Nazirliyinin Ermənistandakı nümayəndəsinin verdiyi məlumatlar əsasında nazirlik Ermənistandakı əhaliyə yardım göstərilməsi üçün AXC parlamentinə qərar layihəsi təqdim etmişdi. 1919-cu ilin iyulunda bu məqsədlə (3 milyon manat) vəsait ayrılmış və bu vəsait hesabına Ermənistana 15 vaqon un, taxıl və arpa göndərilmişdi. Bundan əlavə, 1919-cu il sentyabrın 1-dən etibarən İrəvanda müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlik uşaq evi təşkil edilmişdi. Hansı ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına verilmişdi. Ermənistandan və Qars vilayətindən qaçqın düşən müsəlmanlara yardım göstərilməsi üçün onların keçdiyi yolların üzərində səyyar qida məntəqələri (pulsuz yeməkxanalar) açılmışdı. Himayəçilik Nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral stansiyasında və Tiflis yaxınlığında da açılmışdı.

AXC parlamentinin 5 yanvar 1920-ci il tarixli iclasında qaçqınların məskunlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılmışdı. Millət vəkili Mustafa Vəkilov öz məruzəsində bildirmişdi ki, artıq Ermənistandan 300 min qaçqın Azərbaycan ərazisinə gəlmişdir. O, Himayəçilik Nazirliyinin həmin vaxtadək məskunlaşdırılmayan qaçqınlardan 16 min nəfərinin Nuxa və Ərəş qəzalarında məskunlaşdırmaq istədiyini bildirmişdi.

Yuxarıda sadalanan faktlardan göründüyü kimi, AXC dövründə parlament və hökumət, xüsusən də Himayəçilik Nazirliyi qaçqınlar probleminin həllinə xüsusi diqqət yetirmiş, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə çalışmışdı. Lakin problemin həllinə nə hökumətin kifayət qədər imkanı, nə də ki, onu axıradək həll etmək üçün vaxtı çatdı. Azərbaycanlı qaçqınların öz əzəli torpaqlarına qayıtması problemi AXC hökumətindən Sovet Azərbaycanı hökumətinə miras qaldı. Təəssüf ki, bu problem Azərbaycanda Sovet hakimiyyəti dövründə də ədalətlə həll edilmədi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə və müasir Azərbaycan Respublikası dövründə milli-ərazi münaqişələri və qaçqınlar probleminin müqayisəli təhlili istər tarixdən nəticə çıxarılması, istərsə də qaçqınlar probleminin tarixşünaslığı baxımından geniş elmi araşdırmalar dövriyyəsinə cəlb edilməsi vacib məsələdir.

 

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru,
Dövlət mükafatı laureatı

 

“Azərbaycan” qəzeti,
16.09.2018

 

   Məqaləni PDF formatına çevir