“İrəvan şəhəri” adlı kitab nəşr edilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi ilə Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “İrəvan şəhəri” adlı kitabı nəşr edilib. 10 fəsil, 22 bölmə və 292 səhifədən ibarət olan kitabda qədim siyasi və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin tarixi keçmişi, ermənilərin İrəvan şəhərində və onun ətrafında məskunlaşması prosesi, şəhər əhalisinin etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, ədəbi mühiti, mətbuatı, elm, mədəniyyət və dövlət xadimləri barədə ətraflı məlumat verilir. Həmçinin bu gün Ermənistanın monoetnik paytaxtına çevrilən İrəvan şəhərində XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən 1905-1906-cı illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyalarıının İrəvan şəhərinin azərbaycanlı simasının ermənilərin xeyrinə tamamilə dəyişməsi prosesi sənədlərin dili ilə işıqlandırılır.

Kitabda İrəvan şəhərində mövcud olmuş, lakin zaman-zaman erməni vandalları tərəfindən yer üzündən silinən tarixi-memarlıq abidələrinin dövrümüzə gəlib çatan şəkillərindən nümunələr verilir və nəşrə 100-dən artıq rəsm əsərlərinin, qravüraların surətləri və fotoşəkillər daxil edilib.

Qeyd edək ki, kitabın ilkin və yığcam variantı 2015-ci ildə Ankaradakı “Berkan Yayınevi” nəşriyyatında “İrevan şehri. Türk-İslam varlığı nasıl yok edildi” adı ilə nəşr edilmişdi. Müəllif ötən müddət ərzində kitabın üzərində yenidən işləyib və onu yeni faktlar və materiallarla zənginləşdirib. Müəllifin erməni dilini bilməsi erməni mənbələrdən istifadə etməsinə imkan yaradıb.

Kitabın rus və ingilis dillərinə tərcümə edilərək yenidən nəşri nəzərdə tutulur.

Kitab tarixçilər, tədqiqatçılar, tələbələr, analitiklər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabı əldə etmək istəyənlər BMTM və ya Prezident Kitabxanasına müraciət edə bilərlər. Həmçinin elektron variantını aşağıdakı linkə daxil olaraq BMTM-in saytından yaxın yükləmək mümkündür:

https://aircenter.az/uploads/files/Irevan%20xanligi%20with%20cover(3).pdf

   Məqaləni PDF formatına çevir