1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulduqdan sonra Bakının rus-erməni işğalından azad edilməsi zamanı türk zabit və əsgərlərinin qanı Azərbaycan torpağında axdığı kimi, Milli mücadilə illərində də qanı Şərqi Anadolunun düşmən işğalından qurtuluması zamanı axmışdır.
Azərbaycan Demokratik Respublikası 1920-ci ilin aprelində süquta yetirildikdən sonra rus işğalını qəbul etməyən Azərbaycan ordusunun əsgər və zabitləri Gəncəyə çəkilərək bolşeviklər qarşı mübarizəyə qalxmışdılar. Sonra rus qoşunlarının önündə tab gətirməyən nizamı pozulmuş əsgər və zabitlər nə vaxtsa Azərbaycanı rus işğalından azad etmək ümidiylə Türkiyəyə keçmişdilər.
Əsasən Qarabağ süvari alayının və Cavanşir piyada alayının ağır top və dağ batareyasının əsgər və zabitlərindən ibarət olan dağınıq hissələr Xudafərin körpüsündən keçərək Araz çayı boyunca Türkiyə istiqamətində irəliləmişdilər. O zaman İran rəhbərləri Azərbaycan əsgərlərindən silahlarını təhvil verməyi tələb etmişdilərsə də, lakin onlar bu tələbə əməl etməmiş, bəzi yerlərdə hücumlara məruz qalaraq yaralı və itki vermişdilər. Türkiyə sərhədinə yaxınlaşdıqdan sonra Azərbaycan hissələrinə komandanlıq edən polkovnik Nuh bəy komandanlığı polkovnik Səməd bəy Rəfibəyova təhvil verərək ayrıldıqdan sonra həmin hissələr əvvəlcə Doğu Bəyazidə, 1920-ci ilin iyununda isə Hasanqalaya, oradan da Ərzuruma gəlmişdilər.
Qarabağ süvari alayı əvvəlcə 12-ci diviziyanın tabeliyinə verilmiş, Qars şəhərini ermənilərdən azad edən vaxt 9-cu piyada diviziyasının tərkibinə keçirilmişdi. Azərbaycan əsgəri hissələri ağır topları İrandan keçirib gətirə bilmədikləri üçün ancaq xiştəklərini çıxarıb gətirmişdilər. Sonradan həmin xişdəkləri Ərzurum cəbhəsindən Rus qoşunları geri çəkilərkən buraxıb getdikləri toplara taxaraq üç batareya təşkil etmişdilər. Bu hissələr türk qoşunları ilə birlikdə 1920-ci ilin oktyabrında Gümrü şəhərinin azad edilməsində iştirak etmişdilər. Gümrü barış sazişi (2 dekabr, 1920) imzalandıqdan sonra Düzkənddə (indiki Axuryan rayonunun mərkəzi-N.M.) ehtiyatda saxlanan bu hissələr bir müddət sonra şəhəri tərk edən türk ordusu ilə birlikdə Qarsa çəkilmişdilər[1].
Azəraycan əsgəri hissələrinin Türkiyə ordusunda fəaliyyətinə dair o dövrdə dərc edilən “Haraç” (“İrəli”) qəzeti “Qarabəkir ordusunun tərkibi” adlı məqaləsində yazırdı: “9-cu diviziyanın tərkibinə keçmiş tatar süvari polku daxildir, hansı ki, müsavatçıların hakimiyyəti dövründə general Yadigarovun hissələrində Nuru paşanın ümumi komandanlığı altında Qarabağda fəaliyyət göstərmişdi. Bolşevik çevrilişindən sonra bu polk Bəyazidə gəlmişdi. Burada zabit və əsgərlərin tələbi ilə polk komandiri Sədiyev istefa vermiş, bu işi rota komandiri Məlikbəyova (əslində, Rəfibəyova-N.M.) həvalə etmişdi. O da polku Ərzuruma gətirmiş, burada polk yenidən təşkil edilmiş və türklərə tamamlanmış, silahlandırılmış və Azərbaycan süvari polku adlandırılmışdı. Bu polkun əksəriyyətini ləzgilər təşkil edirlər. Bu polk həmişə ön cərgələrdə olmuş və Sarıqamışa birinci daxil olmuşdu[2].
Ermənistan daşnak hökumətinin orqanı olan “Araç” qəzeti noyabrın 16-da yazırdı: “Ermənistana hücum edən Türkiyə ordusunda Azərbaycandan qaçan Müsavat hissələri və ləzgilər var. Bu müsavatçılar və ləzgilər bolşeviklərin qəddar düşəmənləridirlər. Şübhəsiz, onlar Azərbaycana daxil olacaq və orada bolşeviklərə qarşı üsyan qaldıracaqlar”[3].
Məhz bunlar, yəni Azərbaycan ordusunun keçmiş əsgər və zabitlərinin Qarsda cəmləşməsi Azərbaycan Sovet rəhbərliyini narahat edirdi. 1921-ci ilin sonunda Azərbaycanın Qarsda baş konsulu təyin edilən İ.Hacıbəyov Qarsa yola düşməzdən əvvəl Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilovdan aşağıdakı məzmunda tapşırıq almışdı.
1) Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmalı; 2) Qarsda və ətraf rayonlarda yaşayan Azərbaycandan qaçmış əksinqilabçı elementləri aşkar etməli; 3) Bu şəxslərin adı, familiyası, anadan olduğu yer haqqında Ankarada ona və Bakıda Xarici İşlər Komissarlığına məlumat verməli, müvəffəq olarsa onları Qasdan uzaqlaşdırıb Azərbaycana göndərməli.
Bu tapşırığın icrası ilə əlaqədar İ. Hacıbəyov 1922-ci il yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubunda yazırdı: “Agentura məlumatları əsasında müəyyən edilmişdir ki, Qarsda “Başçılar” (“Vojaki”) adı altında komitə fəaliyyət göstərir. Onun əsas iştirakçılarından müəyyən edə bildiyimiz şəxslər bunlardır:
1) Ağdamdan Bayram bəy Əhmədov
2) Qazax qəzasından Gülağa Gülməmmədov
3) Aleksandropoldan (Gümrüdən) Məmməd ağa Allahverdi oğlu
4) Ağdaşdan Hacı Səfər Məhərrəm oğlu
5) Gəncədən Qafar bəy Rəfibəyov
6) Qarabağdan olan mülkədar, Müsavat ordusunun keçmiş zabiti Baba Mustafa oğlu Fərhadov.
Əgər Sovet ordusu arasında müharibə olsa bu şəxslər və “Başçılar” (“Vojaki”) Türkiyə korpuslarına bələdçilik edəcəklər. Onlar Sovet respublikalarından informasiyalar alır və Şərq Cəbhəsinin Siyasi Şöbəsinə məlumat verirlər. Onların Qarsda qərargahı – konspirativ mənzilləri vardır. Buraya özünü evindəki kimi hiss edən daşnak hökumətinin keçmiş himayəçilik naziri Badalyan, türklərə əsir düşən və Ermənistana qayıtmaq istəməyən keçmiş monax Vartnayan tez-tez gəlirlər. Bu yığıncaqların birində Balayan demişdir: “Qarşılıqlı mənasız qarayaxmalar yenidən Rus Ayısını gətirdi və bizim boynumuza mindirdi. Gəlin çalışaq öz vətənlərimizi bu qəsbkarların əlindən xilas edək”….
“Başçılar” adı altında fəaliyyət göstərən bu komitə əvvəllər Bakı polismeysteri olmuş və son vaxtlar Qars əkskəşfiyyatının rəisi işləyən Bahəddin bəyin yetirmələridir. O, Qarsdan ona görə uzaqlaşdırılmışdır ki, Sovet respublikalarına, xüsusən də Ermənistana qarşı aşkar düşmənçilik münasibəti göstərirdi”[4]
1922-ci il fevralın 22-də İ. Hacıbəyov Qarsdan göndərdiyi digər məktubunda bir daha göstərir ki, “Başçılar” komitəsinə Müsavat ordusunun keçmiş zabitləri rəhbərlik edirlər. O, Əhməd bəy Ağayevin Malta sürgünündən qayıtmasından sonra bu zabitlərdən çoxunun Türkiyənin təbəəliyini qəbul etdiklərini və 6-cı diviziyanın zabitləri olduqlarını yazır. İ.Hacvıbəyov Azərbaycan ordusunun keçmiş zabitlərindən Səməd bəy Rəfibəyovun, Gülağa Gülməmmədovun, Baba bəy Fərhadovun, Əhməd bəy Əhmədovun, Qafar bəy Rəfibəyovun, unter-zabitlər Bəkir bəyin, Adil bəy Tarxovskinin, idmançı-kavalerçi Mirzə bəyin, Səfər bəyin və Məmməd bəyin adlarını çəkir və bütün bunların Kazım Qarabəkir paşanın qərargahında qulluq etdiklərini, vəzifələrinin Sovet respublikalarının orduları haqqında məlumat toplamaqdan ibarət olduğunu göstərir[5].
Hüseyn Baykaranın yuxarıda adı çəkilən məqaləsində verdiyi məlumata görə, Türkiyə Milli Ordusunda Azərbaycan zabitlərinin sayı 56 nəfər olmuşdur. Onlardan bəziləri yüksək hərbi rütbələr almışlar. Sonralar Ferudun Daryal albay (polkovnik), Səməd bəy Sayqın (Rəfibəyov) və Cahangir general rütbəsinə yüksəlmişlər.
Azərbaycanın azadlığı uğurunda şəhid olmuş türk zabit və əsgərlərinin xatirəsi Azərbaycanda hörmətlə anılır, onların qəbirləri xalq tərəfindən mühafizə olunur, türkiyəli qonaqlar şəhid qəbirlərini ziyarət edirlər. Milli mücadilə illərində türk torpaqlarının azad edilməsi zamanı şəhid olmuş və yaxud qəhrəmanlıq göstərmiş azərbaycanlı əsgər və zabitlərinin də xatirəsi eyni hörmətlə anılmalıdır.
Nazim MUSTAFA,
Azərbaycan EA Milli Münasibətlər İnstitutunun əməkdaşı
“Vətəndaş” qəzeti, №61 (75), 4 noyabr 1994-cü il.
[1] Baykara Hüseyn. “Birinci dünya savaşında Osmanlı ordusunda, İstiqlal savaşında Azərbaycan əsgəri hissələri” məqaləsi. “Türk kültürü” dərgisi, 1964-cü il, sayı 22, səh. 72-74.
[2] “Araç” qəzeti, № 252, 17 noyabr 1921-ci il; Azərbaycan Respublikası Dövlət Arxivi, fond 28, siyahı 1, iş 203, vərəq 200.
[3] Azərbaycan Respublikası D A, fond 28, siyahı 1, iş 203, vərəq.198.
[4] Azərbaycan Respublikası DA, fond 28, siyahı1, iş 174, vərəq 27-29.
[5] Azərbaycan Respublikası DA, fond 28, siyahı1, iş 68, vərəq 22.