Erməni-rus birləşmələrinin 1914-1915-ci illərdə Qars vilayətində törətdikləri soyqırım haqqında

Kars_kalesiXarici dövlətlərin və missioner təşkilatların əllərində alətə çevrilən, onların silahlandırdığı ermənilər XX əsirdə dəfələrlə Anadolu və Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar və soyqırım aksiyaları həyata keçirmişlər. Xalqımıza qarşı törədilmiş bütün soyqırım faciələrinə hüquqi-siyasi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamışdır. Ötən müddət ərzində ermənilərin qaniçən, cəllad simasının dünyaya tanıtdırılması istiqamətində xeyli iş görülmüş, Türkiyə və Azərbaycan arxivlərində saxlanılan sənədlər əsasında sanballı əsərlər yazılmışdır. Bu yazıda erməni-rus hərbi birləşmələrinin təkcə 1914-15- ci illərdə Qars vilayətində insanlığa qarşı törətdikləri cinayətləri yalnız bir qismini oxucuların nəzərinə çatdırırıq. Məqalədə həmçinin Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qars vilayətində soyqırıma məruz qoyulan soydaşlarımızın fəlakətdən qurtulmaları istiqamətində gördüyü işlərdən bəhs edilir.

1801-ci ildə rus qoşunlarının cənubi Qafqaz torpaqlarının işğal etməyə başlaması anından Azərbaycan türklərinin Şərqi Anadoluya axını başlamışdır. Rusiyanın Gürcüstanı, Gəncə və İrəvan xanlıqlarının işğal etmək üçün apardığı müharibələr nəticəsində yer-yurdlarından didərgin düşən soydaşlarımızın böyük əksəriyyəti Qars paşalığının ərazisində özlərinə sığınacaq tapmışdı. 1828-29-cu və 1855-56-cı illər rus-türk müharibələri zamanı Qars paşalığı ərazisindəki yaşayış məntəqələrinin darmadağın edilməsi nəticəsində orada yaşayan soydaşlarımız bir daha pərən-pərən düşmüşdülər.

1877-78-ci illər Rusiya-Türkiyə müharibəsi soydaşlarımızın taleyində daha ağır iz buraxmışdır. 3 mart 1878-ci ildə imzalanan San-Stefano müqaviləsinə əsasən Qars, Ərdahan və Batum əyalətləri (sancaqları) hərb təzminatı əvəzinə Rusiyaya birləşdirilmişdi. 1878-ci ilin dekabrında hərbi-inzibati ərazi vahidi kimi, Qafqaz canişinliyinə tabe edilən Qars vilayəti təşkil edilmişdi. 1879-cu ildən etibarən Qars vilayətinə kütləvi surətdə ermənilərin, yunanların, rusların və yerləşdirilməsindən sonra yerli əhali (əsasən azəri türkləri) sıxışdırılaraq Türkiyənin içərilərinə köçməyi məcbur edilmişdilər. Erməni müəlliflərinin məlumatına əsasən, təkcə 1879-cu ildə 74 min türk köçməyə məcbur olmuşdu. 1878-ci ildən 1914-cü ilədək təkcə Qars vilayətində 110 min erməni, 27 min yezdi kürd, 19 min rus (əsasən molokanlar və duxoborlar) yerləşdirilmişdi. Əhalinin siyahıya alınmasının nəticələrinə görə, həmin ərəfədə Ərdahan, Qağızman, Qars və Otlu dairələrindən təşkil edilmiş Qars vilayətində 150 mindən artıq türk yaşayırdı.

XX əsrin əvvəlində Rusiya Şərqi Anadolunu bütünlüklə işğal etmək, İskəndəruna və Bəsrə körfəzinə çıxmaq üçün geniş hərbi hazırlıq görürdü. Yaxın Şərqdə öz mövqeyini möhkəmləndirmək istəyən dövlətlər – Rusiya, Almaniya, İngiltərə və Fransa San-Stefano müqaviləsində (16-cı maddə) və Berlin konqresində (61-ci maddə) meydana atılan “erməni muxtariyyəti” kartından istifadə etmək istəyirdilər.

“Daşnaksutyun” partiyası Rusiyanın müharibəyə hazırlıq görməsi fürsətindən istifadə edərək, Qafqaz cəbhəsində erməni silahlı dəstələri yaratmaq təşəbbüsü göstərmişdi. Bu partiyanın Tiflisdə fəaliyyət göstərən Milli Bürosu Qafqazın canişini Voronsov-Daşkovu buna razı salmışdı. Katolikos V Gevorqun xahişinə əsasən Voronsov-Daşkov 24 dekabr 1912-ci ildə çar II Nikolaya müraciət edərək təvəqqe etmişdi ki, Türkiyədə yaşayan “əzabkeş” erməni xalqını öz himayəsinə götürsün.

1913-cü ilin iyununda Rusiyanın icra edilmək üçün Türkiyəyə təqdim etdiyi “İslahat” layihəsində göstərilirdi ki, Ərzurum, Van, Bitlis, Diyarbəkir, Harput və Sivas əyalətləri birləşdirilərək Şərqi Anadoluda “Erməni vilayəti” təşkil edilməlidir. 1914-cü il fevralın 8-də isə əyalətlərdə islahatlar keçirmək haqqında Rusiya ilə Türkiyə arasında razılıq əldə edilmişdi.

Osmanlı imperiyasını məhv etmək üçün Birinci Dünya müharibəsi ərəfəsində İngiltərə və Fransa Rusiya ilə hərbi ittifaq bağlamışdı. Türkiyənin isə həmin dövlətlərin işğalçılıq planlarını əngəlləmək üçün Almaniya ilə müttəfiq olmaqdan başqa çarəsi qalmamışdı. Osmanlı dövləti Birinci Dünya müharibə başlanandan bir gün sonra – yəni avqustun 2-də Almaniya ilə hərbi ittifaq bağlayan kimi, Almaniya onu Qara dənizdə Rusiyaya qarşı müharibəyə başlamağa təhrik etmişdi.

Uzunluğu 720 kilometr olan Qafqaz cəbhəsində 250 minlik rus ordusu və tərkibində 4 drujinada birləşən 10 minlik erməni silahlı dəstələri Türkiyəyə qarşı müharibəyə ciddi hazırlaşmışdılar. Noyabrın 1-də Rusiya Qafqaz cəbhəsində Türkiyəyə qarşı müharibə elan etmiş, bir gün sonra isə üç istiqamətdə – Oltu, Sarıqamış və Qazığman istiqamətlərində hücuma keçmişdi.  Həmin dövrdə türk qoşunları Ərzurum istiqamətində cəmləşdirmişdi.

General erməni Baratovun komandanlığı altında Şərqi Anadoluya hücum edən erməni-rus birləşmələrini Həsən İzzət paşanın komandanı olduğu türk qoşunları noyabrın 10-da Körpüköy məntəqəsində məğlub edərək, geri çəkilməyə məcbur etmişdi. Bu zaman çap II Nikolay Qafqaz bölgəsinə gəlib, məğlub olmuş rus əsgərlərini ruhlandırmaq üçün onları mükafatlandırmışdı.

Türk qoşunlarının qələbəsindən sevincək olan, təqribən 40 il rus-erməni işğalı altında inləyən Qars vilayətinin yerli türk əhalisi qara günlərin sona yetdiyini zənn etmiş, qurbanlar kəsib, bir-birlərini müjdələmişdilər. Lakin onların bu sevinci uzun sürməmişdi. Körpüköy qələbəsindən ruhlanan müdafiə naziri Ənvər paşa sərt qış şəraitini nəzərə almayıb, Oltu-Sarıqamış istiqamətində hücumu davam etdirmişdi. 25 günlük qanlı müharibədə türk əsgərlərinin çoxu qarlı aşırımlarda, dağlarda şaxtadan donub məhv olmuşdu. 100 minlik üç diviziyadan cəmisi 15 min əsgər salamat qalmışdı.

Sarıqamış məğlubiyyətindən sonra, 1915-ci il yanvarın 3-də öndə erməni silahlı dəstələri olmaqla, rus qoşunları Çıldırdan başlayaraq, Ərdahan istiqamətində hücuma keçir. Qırğınlara məruz qalan ilk yaşayış məntəqəsi Kənarbel kəndi olur. Erməni-rus birləşmələri Məryəm və Kotanlı kəndlərini də soyqırıma məruz qoyduqdan sonra Ərdahanda, daha sonra isə Gölə və Olur (Tavuskar) nahiyələrində qətliam törədərək 40 min türkü şəhid etmişdi.

“Daşnaksutyun” partiyasının silahlı birləşmələri fürsətdən istifadə edərək, bütün cəbhə boyu müsəlman kəndlərinin əhalisini qətlə yetirmək və qovmaqla, etnik təmizləmə aksiyasını həyata keçirirdi.

1915-ci il fevralın 15-19-də Tiflisdə “Daşnaksutyun” partiyasının 9-cu qurultayında erməni silahlı drujinalarının sayının artırılması, onların vahid taktika ətrafında birləşməsi və əlverişli şəraitdən istifadə edib, sərhəd vilayətlərindən türkləri sıxışdırıb çıxarılması qərara alınmışdı. Quldurbaşı Andranik cəbhə xəttindən gəlib qurultayda məruzə edərək silahlanmanı gücləndirməyi, bunun üçün çoxlu vəsait ayırmağı, erməni drujinalarını vahid cəbhədə birləşdirməyi qarşıya məqsəd qoymuşdu.

1915-ci ilin yanvar-aprel aylarında erməni-rus birliklərinin Qağızman, Qars, Oltu və Ərdahan dairələrində törətdikləri qırğınların miqyası ölçüyəgəlməz idi. Qarlı-şaxtalı günlərdə qırğınlardan qaçıb canını qurtaran on minlərlə müsəlman dağlarda, dərələrdə qurda-quşa yem olmuşdular. Qar əriyəndən sonra onların cəsədləri üzə çıxmışdı. Lakin onları dəfn etməyə kimsə qalmamışdı. Sonralar Cənubi-Qərbi Qafqaz Hökumətinin xarici işlər naziri olmuş Fəxrəddin Ərdoğan. “Türk ellərində xatirələrim” əsərində (Ankara, 1954, s. 86-87) 1915-ci ilin aprelində Sarıqamışdan Molla Mustafanın ona göndərdiyi məktubundan belə iqtibas gətirir: “Qarlar ərimiş, bahar gəlmişdir. Qars valisi (Ziboviç) Sarıqamış qaymaqamına əmr etmiş ki, Səlim nahiyəsindəki türklərdən 300 fəhlə toplayın və hər 100 nəfərin üstündə bir xoca bulunsun. Sarıqamış meşələrindəki türklərin cəsədlərini toplayaraq dəfn etsinlər. Sarıqamışın türk göylərindən toplanan 300 fəhlə ilə mən də getdim. Meşələr içərisində donub qalan cənazələr üçün böyük-böyük xəndəklər hazırladıq, bəzisinə 800, bəzisinə 500, bəzisinə də 1000 nəfər türk şəhidlərini mərasimlə gömdük, hər xəndəyin başına neçə şəhidin dəfn olunduğunu yazaraq taxdıq, bir həftəyə qədər bu cənazələrin toplanması üçün çalışdıq, şəhidlərin sayı 12000 nəfərə çatırdı. Rus ordusu irəlilədikcə qaçıb gələn erməni mühacirlərini Sarıqamış köylərində yerləşdirirlər. Rus ordusunun keçdiyi yerlərdəki türk köylərinə məzalim yapırlar və içdəki ermənilər də ordunun irəlilədiyini və yaxınlaşdığını gördükcə, türk köylərini yaxıb talan edirlər…”F. Ərdoğan sonra əlavə edir ki, bu zaman Qars şəhərində türk əhalisi qalmayıbmış. Yalnız Evliya camesinin imamı Hafiz Qurban Əfəndi ölən türk yaralılarını dini mərasimlə dəfn etmək üçün orada qalıbmış. Müfti Əli Əfəndi ilə Tacir Arif ağa Tiflisə gedib, ermənilərin və rusların yapdıqları vəhşilikləri Bakı Cəmiyyəti Xeyriyyəsinə bildirmişdilər.

Birinci Dünya müharibəsi başlayan kimi Hacı Zeynalabdin Tağıyevin sədri olduğu Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Qafqaz cəbhəsindəki döyüş bölgələrindən qaçqın düşənlərə, valideynlərini itirmiş uşaqlara, kimsəsiz qocalara qardaşlıq köməyini əsirgəməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzurdan parlamentin üzvü olmuş və bolşevik işğalından sonra  Türkiyəyə mühacirət etmiş Məmməd Sadıq Aran. “Qardaş köməyi” (1951) məqaləsində qeyd edir ki, bu cəmiyyət Şərqi Anadoluda müharibədən zərər çəkənlərə kömək edilməsi üçün üç dəfə Rusiya çarına müraciət etmişdi. Lakin hər dəfə rədd cavabı almışdı. Bundan sonra cəmiyyət Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Tiflisə – Qafqaz canişinin yanına nümayəndə heyəti göndərmişdi. Onlara “Siz Qafqazlı müsəlmanlar, bizim düşmənimizə yardım etmək istəyirsiniz. Müharibə zamanı buna icazə verilməz” – cavabı verilmişdi. Bu zaman Əlimərdan bəy Topçubaşov demişdi: “Siz, iki dövlət – Osmanlı imperatorluğu ilə Rusiya çarlığı müharibə edirsiniz. Biz sizin düşmənlərinizə deyil, işğalınız altına aldığınız vilayətlərdəki pərişan qardaşlarımıza insani və maddi yardım göstərmək istəyirik”. Bundan sonra cəmiyyət üzvlərinə Qars vilayətinə getməyə icazə verilmişdi.

Qars vilayətində türklərə qarşı törədilən soyqırımı öz gözləri ilə görən Ömər Faiq Nemanzadə 1915-ci il yanvarın 21-də “İqbal” qəzetində “Bir loğma ətmək” məqaləsində yazırdı: “Axalkələkdən Ərdahana, Oltuya gedin. Uzun şose yolu müsibətin başlanğıcı olan Zazola kəndindən Oltuya 180-200 verstdir. Bu yol boyunca gedin, iki tərəfə baxın oralarda minlərcə müsəlman kəndi uzaqdan birər qaraltı kimi görünəcəkdir…Kəndə yaxınlaşdıqca orda-burda qarlarla yarım-yapalaq örtülmüş boz ləkələr, çıxıntılar nəzərinizi cəlb edəcəkdir. Qoyun, mən sizə bunları deyim. Guya təbiət burda müsəlmanların minlərcə şəhid ediləcəyini bilib, hamısı üçün bu yumşaq qalın qardan ümumi kəfən hazırlamış, külək, ruzigar vasitəsilə onları, o qurbanları bacardığı qədər gömmüş, basdırmışdır.”

Həmin dövrün faciəsi haqqında “Türk kültürü” dərgisi (1972, N 126, s. 435). yazılır: “Anaları, ataları şəhid olmuş və ya gecə vaxtı qaçmış uşaqları da açıq qapılardan girən qurdlar yedi, sağ qalan (yetimlər) kazakların “at təsi”ni ayaqlayaraq içindən donmuş arpanı yemək surətiylə açlığını yox edirkən, mart ayında Bakı İslam Xeyriyyəsinin göndərdiyi universitəli gənc qazaxlı Mustafa Vəkilov və Camal Qarabağ xizəklərlə gəlib, Ərdahan köylərindəki bu faciəni görərək, yanıb-yaxıldılar. Cəmiyyətə raport verdilər. Canlarını zorla qurtaran ərdahanlılar Posxov ilə Şəvşata qaçmış, orada aclıq və yoxsulluqdan üzülmüşdülər.”

1915-ci ilin martında Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Qars ətrafındakı hərbzədələrə yardım üçün Xosrov bəy Sultanovun başçılığı ilə komissiya göndərmişdir. Novruz bayramı ərəfəsində yola düşən komissiya martın 21-də Gəncəyə gəlmiş, onları Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, Ələkbər bəy Rəfibəyov, Xudadat bəy Rəfibəyov qarşılamış və əlavə maddi yardım göstərilmişdi. Gəncədə şair Əhməd Cavad da nümayəndə heyətinə qoşularaq, Qarsa yardım əlini uzatmağa getmişdi.

Şərqi Anadolunun Qars, Ərdahan, Qağızman və Oltu bölgələrində qırğınlardan zərər çəkənlərə ərzaq və pal-paltar çatdıran bu heyətin üzvlərindən Mustafa Vəkilov, Əlixan Qandəmir, Əhməd Cövdət (Pepinov), İsmayıl Hazaralı, doktorlar Bahadur Əli və Ordubadski xeyli iş görmüşdülər. Qarsdan əlavə, Ərdahanda cəmiyyətin şöbəsini yaratmış Bahadur bəyin idarəsində əczaxana, Dəyirmanköydə müalicə məntəqəsi açılmış, Çıldır, Gölə, Posxov nahiyələrində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin nümayəndəlikləri təşkil edilmişdi.

Nümayəndə heyətinin üzvü İsmayıl Hazaralı xatirələrində yazır ki, Azərbaycan Xeyriyyə Cəmiyyəti rus işğalındakı Şərqi Anadolu vilayətlərinə göndərdiyi heyət vasitəsilə 12000 yetim uşaq topladı, milyonlar dəyərində ərzaq və geyim göndərdi. Türklərə təhdid və təcavüz edən və bu kişi işlərə yol verən bir çox rütbəli rus və erməni zabitləri azəri advokatlar tərəfindən rus məhkəməsinə verildi və cəzalandırıldı. Bununla da türk xalqına qarşı edilən özbaşınalıq hərəkətlərinə soy qoyuldu (Məmməd Sadıq Aran, göstərilən məqaləsi).

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın general-qubernatoru olmuş doktor Xosrov bəy Sultanovun 8 aprel 1915-ci ildə “Kaspi” qəzetində dərc edilmiş yazısında Ərdahanda törədilən qırğınlar belə təsvir edirdi: “…Əyalətin bütün müsəlman yaşayış məntəqələrində bəni insan görünmür. Yalnız iki məntəqəyə 500-600 qadın və uşaq yığılmışdır. Onların içərilərində cəmisi 6 nəfər əldən düşmüş qoca kişi vardır”.

Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Şərqi Anadoluya göndərdiyi nümayəndə heyətinin verdiyi məlumatlar əsasında bəyannamə qəbul etmişdi. Həmin bəyannamədə cəmiyyət Qars və Ərdahan tərəflərində qalan kimsəsiz arvad-uşaqların Bakıya və Gəncəyə gətirilməsi niyyətində olduğunu bildirmiş, oradan gətirilən yetim uşaqların sahibkarların və mülkədarların himayəsinə verilməsini qərara almışdı.

Həmin dövrdə indiki Ermənistan ərazisində və ona bitişik Şərqi Anadolunun rus-erməni işğalı altında olan ərazilərindən canını qurtarıb qaça bilən kimsəsiz uşaq və qadınların bir qismi Azərbaycana pənah gətirmişdi. Tiflisdəki Müsəlman Xeyriyyə Cəmiyyəti qaçqın yetimlərin cüzi bir hissəsini yetimxanada himayəyə götürmüşdü. Qaçqınların əksəriyyəti isə Bakıya üz tuturdular. Hazırda Azərbaycan MEA Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə”nin zirzəmisində Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Şəqi Anadoludan toplayıb gətirdiyi yetim uşaqların bir qismi saxlanılırdı. Ümumiyyətlə, Bakı yetimxanalarında Ərzurum cəbhəsindən gətirilmiş 1000-ə qədər uşaq və qadın yerləşdirilmişdi. O dövrün mənbələri göstərir ki, 1914-1915-ci illərdə Qars vilayətinin Ərdahan dairəsində 110, Qağızman dairəsində 75, Qars dairəsində 130, Oltu dərəsində 90 kənd tamamilə dağıdılmış və əhalisi soyqırıma məruz qalmışdır. Ümumiyyətlə, Qars vilayətində təkcə 1914- 1915-ci illərdə 405 kənddə ermənilər türklərə qarşı soyırım törətmişlər.

Türklərin 1914-cü ilin sonu və 1915-ci il ərzində soyqırıma məruz qalmasını o dövrdə Tiflisdə dərc edilən illik “Qafqaz təqvim”lərində əhalinin sayı haqqında statistik məlumatlardan görmək olar. Türklərin məskun olduqları yaşayış məntəqələrində əhali qalmadığından, Ərdahan dairəsində 1915-ci ildə, Oltu dairəsində isə 1915-ci və 1916-cı illərdə siyahıyaalma keçirmək mümkün olmamışdı. Ümumiyyətlə, 1914-1915-ci illərdə Qars vilayətində 150 minə yaxın türk soyqırıma məruz qalmışdır. Təəssüf ki, erməni-rus birləşmələrinin Qars vilayətində türklərə qarşı törətdikləri soyqırımdan dünya ictimaiyyətinin yetərincə xəbəri yoxdur.

Nazim MUSTAFA,

Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi

 “Xalq qəzeti”, 31.04.2007

   Məqaləni PDF formatına çevir