Azərbaycanlılara qarşı soyqırımlar: mərhələləri və nəticələri

LipikachSon iki yüz ildə xalqımız dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımızı soyqırıma məruz qoymuşlar.

İlkin mənbə və tarixi ədəbiyyatların təhlili göstərir ki, Azərbaycan xalqına qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə “Böyük Ermənistan” yaratmaqdan ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin qismən də olsa reallaşmasında Rusiyanın və bəzi Qərb dövlətlərinin müstəsna rolu olmuşdur.

1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdı. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdülər. Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən Erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmisi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşadılar.

Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində onların yaşadıqları iki minə yaxın yaşayış məskənləri boşaldılmışdır. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin onların yerində məskunlaşdırılma kompaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin yatırılmasından sonra daha geniş vüsət almışdır. 20-ci əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olmuşdur.

Həmin dövrdə “Daşnaksutyun” partiyası öz proqramında dəyişiklik edərək, fəaliyyətinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə silahlı birləşmələr təşkil etmişdi.

Rusiyanın rəsmi dairələrinin ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksutyun” partiyası İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi qırğınlar törətmişdi. 1905-1906-cı illərdə əvvəlində Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişdir. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə) və Şərur-Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında kütləvi soyqırım törətmiş, 200-dən artıq azərbaycanlı kəndini viran qoymuşlar.

1914-cü ildə Rusiya-Türkiyə müharibəsinin başlanmasından istifadə edərək “Daşnaksutyun” partiyası rus ordusunun tərkibində 4 böyük silahlı birləşmə təşkil etmişdi. Cəllad Andranikin başçılığı etdiyi erməni dəstələri Cənubi Azərbaycanın Xoy, Urmiya və Səlmas əyalətlərində 150 minə yaxın, sonra isə Şərqi Anadolunun Qars, Ərzurum və Ərdahan bölgələrində 200 mindən artıq Azərbaycan türklərini uşaq, qoca, qadın arasında fərq qoymadan qətlə yetirmiş, həmin əraziləri Çar Rusiyasının ermənilərə vəd etdiyi Ermənistan dövlətini qurmaq üçün türklərdən təmizləmişdilər.

Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən ermənilər əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıraraq Sovet hakimiyyətini qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirmişdilər.

1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bolşevik qiyafəsinə bürünən ermənilər Rusiyanın hərbi yardımı ilə Bakıda soyqırım törədərək 15 min müsəlmanı qətlə yetirmişdilər. Məqsəd Bakını ələ keçirməkdən, onun neft sərvətinə sahib çıxmaqdan ibarət idi. Həmin ilin mart-aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımızı ən vəhşi üsullarla qətlə yetirmişdilər. Qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində daha amansız şəkildə törədilmişdi. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə (Yelizavetpol) quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra fövqəladə istintaq komissiyası yaradılmış və ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər şahid ifadələri əsasında sənədləşdirilmişdir. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə hər il martın 31-ni matəm günü kimi qeyd etmək qərara alınmışdı. Erməni təcavüzünün qurbanlarının xatirəsi 1919-cu və 1920-ci il martın 31-də matəm kimi qeyd edilmişdi.

1920-ci ildən sonra Ermənistanda azərbaycan türklərinə qarşı deportasiya siyasəti “dostluq” və “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilmişdir. 1930-1937-ci illərdə Ermənistanın Türkiyə və İranla sərhəd boyunda yaşayan 50 minə yaxın azərbaycanlı repressiyaya məruz qalaraq həbs edilmiş, Qazaxıstan və Sibir çöllərinə sürgün edilmişlər.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-də kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlılar yaşayan ən münbit ərazilərdən, xüsusən də İrəvan və onun ətraf rayonlarından 150 minə yaxın əhali deportasiyaya məruz qalaraq Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Köçürülən əhalinin təqribən yarısı iqlim şəraitinə uyğunlaşmayaraq tələf olmuşdur.

1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək müddət ərzində soydaşlarımız yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

Rəsmi Ermənistan azərbaycanlılara qarşı soyqırım həyata keçirərək, onları tarixi-etnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırım – türkmənşəli toponimləri ermənicələşdirmək aksiyasını həyata keçirmişdir. Son vaxtlara qədər mövcud olan türkmənşəli toponimin hamısı dəyişdirilmiş və yaxud soydaşlarımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin siyahısından silinmişdir.

Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından qidalanaraq əhalisinin 30 faizini azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını) işğal edib xarabazara çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar.

Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunu işğal etmiş (ərazisinin 20 faizi, yaxud 1/5 hissəsini), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər ki, onların da əksəriyyəti uşaqlar, qadınlar və qocalar təşkil edirlər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı dünya tarixində analoqu olmayan vəhşiliyin nümunəsidir. Bir milyona yaxın azərbaycanlı erməni təcavüzü nəticəsində öz torpaqlarından qaçqın düşmüşdür.

İşğal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, ümumi sahəsi 6 milyon kv. metr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları tərəfindən dağıdılmışdır.

Təkcə XX yüzillikdə bir milyona yaxın azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1,5 milyondan artıq soydaşlarımız indiki Ermənistan ərazisindən deportasiya edilmişdir. 1918-ci ildə imzalanan Batum müqaviləsinə əsasən cəmisi 9 min kv. km. ərazisi olan Ermənistan 1988-ci ildə onu 30 min kv. km.-ə çatdırmış, hazırda isə işğal etdiyi ərazilərlə birlikdə azı 45 min kv. km. əzəli Azərbaycan torpaqlarını öz nəzarəti altına almışdır.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etmişdir. Ermənistan Respublikası həmin qətnamələrin tələblərinə indiyədək əməl etməmişdir.

Tarixi faktlar, arxiv sənədləri, statistik məlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş ərazilərində erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar və cəza aksiyaları BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli Konvensiyasına görə soyqırım hesab edilməlidir.

Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım və kütləvi repressiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə Ümummilli liderimiz Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin istər “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il fərmanı, istər “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1987-ci il tarixli fərmanı, istərsə də həmin fərmanların icrası ilə bağlı imzaladığı sərəncamlar və eləcə də dövlətimizin başçısı İlham Əliyevin hər il soyqırım günü ərəfəsində etdiyi müraciətlər qan yaddaşımızın oyanmasına, tarixi keçmişimizə qarşı biganəliyimizə son qoymağa xidmət edir.

Ermənilər xalqımızın qan yaddaşının bərpa olmasından, tarixi keçmişində ona qarşı edilən zülmlərdən xəbərdar olmasından, erməni şovinizminin, erməni terrorizminin ifşa olunmasından çox narahatdırlar. Digər tərəfdən, Azərbaycanın bir dövlət kimi qüdrətlənməsi, onun regionun aparıcı dövlətinə çevrilməsi, Ermənistanın isə bütün beynəlxalq layihələrdən təcrid olunması, insan ehtiyatlarının tükənməsi onun bir dövlət kimi perspektivsizliyindən xəbər verir. Azərbaycan isə sülhpərvər, beynəlxalq hüquq normalarına hörmət edən, separatizmin və terrorçuluğun əleyhinə ardıcıl mübarizə aparan bir dövlət imici qazanıb. Azərbaycanın haqq işi, o cümlədən ona qarşı edilən tarixi ədalətsizliyin bərpası istiqamətində atdığı addımlar tədricən beynəlxalq ictimaiyyət tərəfindən anlaşılır və qəbul edilir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımların tanınması da gec-tez tarixi ədalətsizliyə verilən hüquqi-siyasi qiymət kimi dünya dövlətləri tərəfindən qəbul ediləcəkdir. Ermənilər “soyqırıma məruz qalan xalq” kimi deyil, məhz soyqırım törədən xalq imicini qazanacağı tarix çox da uzaqda deyil.

Nazim MUSTAFA,

Azərbaycan MEA Tarix İnstitutunun elmi işçisi

 

 “Dədə Qorqud” qəzeti, 15.09.2003

PDF24    Send article as PDF   

One thought on “Azərbaycanlılara qarşı soyqırımlar: mərhələləri və nəticələri

  1. February 27, 2014 at 2:59 pm

    nece de vehsidirler

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*