Ermənilərin 1905-ci ildə Eçmiədzin qəzasında törətdikləri qırğınlar

Nazim MUSTAFA,

Azərbaycan MEA Tarix İnstitutunun elmi işçisi

nazimmustafa@mail.ru

 

Açar sözlər: İrəvan, Eçmiədzin, “Daşnaksutyun”, “Hnçak”, 1905-1906.

Key words: Irevan, Echmiadzin, Dashnaksutyun, Hnchak, 1905-1906.

Ключевые слова: Иреван, Эчмиадзин, «Дашнакцутюн», «Гнчак», 1905-1906.

 

Tarix ve onun problemleri jurnalinin uz qabigiXX əsrin əvvəllərində Cənubi Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. Ermənilərin 1894-1896-cı illərdə Şərqi Anadoluda törətdikləri iğtişaşlar yatırıldıqdan sonra, həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqazın müxtəlif regionlarına köçmüşdülər. 1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə Cənubi Qafqaza 400000 erməni gəlib yerləşmişdi [1, 64].

“Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, silah gücünə boşaldılmış kəndlərdə Türkiyədən qaçıb gələn erməni ailələrini məskunlaşdırırdılar. 1905-ci ilin əvvəlində Qafqazın canişini təyin edilən İ. Voronsov-Daşkovun ermənipərəst mövqeyində istifadə edən ermənilər, cəzasızlıq şəraitində etnik təmizləmə siyasəti həyata keçirərək, İrəvan və Yelizavetpol quberniyalarında erməni anklavları yaratmağa çalışırdılar. Erməni qaçqınları isə əsasən İrəvan şəhərində və onun ətraf bölgələrində cəmləşmişdilər.

XX əsrin əvvəlində İrəvan quberniyasına daxil olan 7 qəzadan dördündə – Naxçıvan, Sürməli, Şərur-Dərələyəz və İrəvan qəzalarında azərbaycanlılar, üçündə – Aleksandropol, Novo-Bəyazid və Eçmiədzin qəzalarında ermənilər çoxluq təşkil edirdilər [2, 150]. Ermənilər ilk növbədə azlıq təşkil etdikləri və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında sayca üstünlüyə malik olmaq istəyirdilər. Daha sonra isə Qarabağda qırğınlar törədərək, həmin əraziləri ələ keçirmək və nəticədə İrəvan və Yelizavetpol  quberniyalarının ərazisində erməni dövlətinin əsasını qoymaq istəyirdilər. 1905-1906-cı illərdə törədilən bütün qırğınların mahiyyətində məhz bu amil dayanırdı.

Aleksandropol, Novo-Bəyazid, İrəvan və Sürməli qəzalarının əhatəsində yerləşən Eçmiədzin qəzası qərb tərəfdən Qars vilayəti ilə həmsərhəd idi. Qəzanın 124 min nəfər əhalisinin 76 mini ermənilərdən, 45 mini türklərdən, 3 mini digər millətlərdən ibarət idi. Qəzanın 219 kəndindən 131-də türklər, 88-də ermənilər məskunlaşmışdı [3, 130].

Ermənilərlə türklərin qarışıq yaşadıqları Eçmiədzin qəzasına daxil olan Əştərək bölgəsi qanlı qırğınlar meydanına çevrilmişdi. Əsl adı Hovanes Ter-Martirosyan olan, lakin əsərlərini A-do imzası ilə çap etdirən müəllifin 1897-ci ildə keçirilən Ümumrusiya siyahıyaalmanın nəticələrinə əsasən verdiyi məlumata görə, Əşrtərək bölgəsində 6 sırf erməni – Əştərək, Muğni, Karbi, Ohannavəng, İlançalan, Qalacıq, 10 azərbaycanlı – Batrinc, Əkərək, Kiçikkənd, Təkiyə, Nəziravan, Üşü, Persi, Əngirsək, Kavtarlı, Hamamlı kəndi mövcud idi. Parpı, Soğomosavəng və Qotur kəndlərində isə azərbaycanlılarla ermənilər qarışıq yaşayırdılar [3, 131].

Yay aylarında qəzanın şimalında yerləşən Ələyəz dağının yamaclarına çoxlu kürdlər, Kirəşli və Hamamlı kəndlərinin yaxınlığına isə Eçmiədzin qəzasının 310 evdən ibarət Çobankərə kəndinin türkləri yaylağa gəlirdilər [3, 130].

A-donun verdiyi məlumata görə, İrəvan şəhərində ilk erməni-türk toqquşması 20-22 fevral 1905-ci il tarixində baş vermişdir. Toqquşma nəticəsində hər iki tərəfdən 54 nəfər öldürülmüş və yaralanmışdı [3, 50].

İrəvan şəhərində toqquşmalar dayandırıldıqdan sonra ermənilər may ayının əvvəlində Naxçıvan qəzasında qırğınlara başlamışdılar. Erməni silahlı dəstələrinin Naxçıvan qəzasında törətdikləri qırğınların qarşısı qətiyyətlə alındıqdan sonra hədəf yenidən İrəvan şəhəri və onun ətraf bölgələri olmuşdu. Qarşıdan gələn təhlükəni aradan qaldırmaq üçün şəhərin erməni və müsəlman nümayəndələri yığışıb birgə tədbirlər həyata keçirməyi qərara alsalar da, bir nəticə hasil olmamışdı [4].

Mayın 23-26-da İrəvan şəhərində baş verən ikinci qırğınlar miqyasına görə daha dəhşətli olmuşdu. İrəvanda iğtişaşların davam etdiyi ilk üç gün ərzində 31 nəfər – 21 müsəlman, 9 erməni, 1 aysor öldürülmüş, 24 erməni, 10 müsəlman, 1 yəhudi və 1 rus yaralanmışdı [5].

İrəvan şəhərində cəmləşən erməni qaçqınlarının hamısını şəhərdə silah gücünə məskunlaşdırmağın mümkün olmadığını görən “Daşnaksutyun” və “Hnçak” partiyalarının silahlı dəstələri may ayının sonu, iyun ayının əvvəllərindən etibarən ətraf bölgələrdə, xüsusən də Eçmiədzin qəzasında azərbaycanlı kəndlərini silah gücünə ələ keçirməyə başlamışdılar. Erməni silahlı dəstələri İrəvan şəhərini üzük qaşı kimi əhatə edən azərbaycanlı kəndlərinə silahlı hücumlar edərək əhalisini kütləvi qırğınlara məruz qoyduqdan sonra həmin kəndləri ələ keçirərək, orada erməni qaçqınlarını məskunlaşdırmışdılar.

M. S. Ordubadi “Qanlı illər” əsərində ermənilərin Eçmiədzin qəzasında törətdikləri qırğınlara xüsusi bölmə ayırmışdır. Onun yazdığına görə, 1905-ci il iyun ayının 3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol (Gümrü) erməniləri bir yerə yığışıb Üşü adlı islam kəndinə hücuma keçdilər. Həmin gün İlançalan erməni kəndi ilə Üşü kəndi arasında hər tərəfdən istehkamlar qurulur və saat 9 radələrində atışma başlanır. 8 saat şiddətli müharibədən sonra ermənilər davam gətirməyib bir çox tələfatdan sonra qaçmağa məcbur olurlar. Sağ qalıb qaçanlar əlacsızlıqdan özlərini Xanavəng çayına vurur, bir neçəsi suya batdıqdan sonra o biri sahilə keçirlər. İyun ayının dördündə ermənilərin dəstələri son dərəcə pozğun və müharibəyə hazır olmadıqlarını düşünüb, davanı təxirə salırlar. “Bu müsəlmanları belə az qüvvələrlə məğlub etmək olmaz” – deyə, yenə ətrafdan əsgər yığmağa başlayırlar. Hər saatda piyada və süvari halında, müsəlmanların gözü önündə, erməni firqələri gəlib öz hissələrinə birləşirlər. Müsəlmanların isə hər tərəfdən yolları kəsildiyindən bir nəfər də olsa köməyə gələn olmur… Müharibədən qabaq ermənilər bütün yolları kəsdikləri üçün heç bir tərəfdən get-gəl mümkün deyildi. Hər tərəfi bağladıqlarından hücumlarını ancaq şimal tərəfdən icra edirdilər [6, 33-34].

İyun ayının 5-də müharibəni ermənilər başlayıb bir neçə döyüş keçirdikdən sonra məğlub olub, istehkamlarına çəkilirlər. Bu müharibədə müsəlmanlardan 2 nəfər qətl edilir, bir nəfər də yaralanır. Bu halı gördükdə ermənilər iyunun 6-7-də hücumlarını dayandırıb, yenə əsgər toplamağa başlayırlar. Ermənilər iyunun 8-də hər tərəfdən hücuma keçirlər. Ermənilər müasir silahlarla silahlanmışdılar, lakin müsəlmanların silahları köhnə “Berdanka” tipli silahlar idi və güllələri düşmən mövqeyinə təsir etmirdi. Digər tərəfdən, müsəlmanların patronları və sair hərbi ləvazimatları qurtarmaqda idi. Döyüşlər səhərdən axşama kimi davam edir. Müsəlmanlar yavaş-yavaş istehkamları tərk edib Üşü kəndinə çəkilirlər.

M. S.  Ordubadi daha sonra yazır ki, müsəlman kişiləri “Gözümüz baxa-baxa 29 kəndi düşmənə buraxmarıq” – deyib, döyüşə girişirlər. Bu vaxtda arvad-uşağı məscidə yığıb özləri vuruşurlar [6, 34]. Axşama iki saat qalmış erməni firqələri yenidən hər tərəfdən hücuma başlayırlar. Ermənilər kəndə yaxınlaşdıqda bir qoca erməni keşişinin başı üstündə hərbi bayraq müharibəyə məxsus mahnılar oxuyurdular. Erməni keşişi böyük məharətlə kənd içində əlində xaç erməni piyada firqələrinin qarşısında durub onları hərbə ruhlandırırdı. Ermənilər südəmər körpələri, qoca qarıları belə, öldürürlər. Ermənilərin hücumunu görən Paşa Budaq oğlu adında bir müsəlman arvad-uşağı məsciddən çıxarıb yolsuz keçidlər, dağlarla aparıb, yüksək yaylaqlarda Sürməli kürd tayfalarının himayəsinə tapşırır. Axşamın alaqaranlığında davam edən xəncər müharibəsində müsəlmanlardan dörd nəfər şəhid olur. Müsəlmanlar bu müharibədə xəncərlə, ermənilər tüfənglə müharibə edirdilər. Müharibədə 180 nəfər erməni tələf olur, bir o qədər də yaralanır. Ermənlərin çoxluğundan, demək olar ki, bir nəfər müsəlmanın qarşısına 15 erməni çıxırdı. Ona görə də müsəlmanlar artıq kənddə durmağı münasib bilməyib kəndi boşaldırlar. Ermənilər hər tərəfdən kəndə od vururlar. Kənd tamamilə yandırılır. [6, 35].

1905-ci il iyunun 9-da ermənilər Təkiyə kəndinə hücum edirlər. Müsəlmanlar tamamilə silahsız, ermənilər isə mükəmməl silahlı olduqlarından müsəlmanlar kəndi boşaldıb, arvad-uşaqlarını götürüb yüksək təpələr başına pənah aparırlar. Ermənilər Axund Məhəmməd Əli Mirzə Əbdül-Hüseyn Qazızadənin zəngin kitabxanasını və qazı idarəsinə məxsus kitabları məhv edirlər. Quranları ermənilər süngülərə keçirib məşəl kimi yandırırmışlar. Sonra məscidin minbərini və sair müqəddəs əşyaları da odlamışdılar. M. S. Ordubadi Eçmiədzin qəzasında 9 məşhur islam kəndinin dağıdıldığını, hökumətin isə heç bir tədbir görmədiyini yazır [6, 35].

Erməni müəllifi A-do da Eçmiədzin qəzasında 24 may – 5 iyun 1905-ci il tarixində baş vermiş qırğınlara ayrıca bölmə həsr etmişdir. İndi də A-donun şərhinə nəzər salaq. Onun yazdığına görə, guya mayın 24-də müvəqqəti olaraq çadırlarını Əştərəyin sahələrinin yanında quran Çobankərə türklərinin erməni əkinçilərinin üzərinə hücum xəbəri Əştərəyə çatan kimi ermənilər köməyə getdilər. Görünür, burada da ermənilər Şərq Anadoluda istifadə etdikləri taktikadan istifadə etmişdilər. Yəni, qırğınlara başlamaq üçün bəhanə əldə olsun deyə, özləri erməni yaşayış məntəqəsinə hücum etmişdilər. Vəziyyətin gərginləşməsindən sonra Muğni kəndinin erməniləri Əştərəyə, Kiçikkəndin türkləri isə Üşüyə köçmək məcburiyyətində qalmışdılar [3, 131-132].

A-donun verdiyi məlumata görə, mayın 28-də türklərlə ermənilərin qarışıq yaşadıqları Qotur kəndində təsadüfən orada olan Aco adında bir kürdü ermənilər şəxsi haqq-hesab nəticəsində qətlə yetirirlər. Bu səbəbdən Qoturlu türklər Əştərəkdəki pristava müraciət edirlər. Xəbəri eşidən kürdlər Qotura gəlirlər. Üşü kəndində yaşayan türklər də kürdlərə köməyə gəlirlər. Ətraf kəndlərdən gələn erməni silahlı dəstələri türkləri və kürdləri Qoturdan qovub çıxarırlar. Öz dəstəsi ilə Qotura gələn pristav heç bir tədbir görmədən kəndi tərk edir. Qoturun erməniləri tələb edirlər ki, türklər kəndi tərk edib qonşu Üşü kəndinə köçsünlər. Lakin Allahverdi adında bir türk həmkəndlilərinə köçməyi qadağan edir. Ermənilər yenə də tələ qururlar. Qoturun erməniləri kəndi tərk edirlər ki, kəndə hücum zamanı yerli ermənilərdən tələfat az olsun. Mayın 29-da ermənilər Qotura hücum edirlər. Yuxarıda adı çəkilən Allahverdi bütün türkləri evinə toplayıb müdafiə mövqeyi seçir. Bu zaman Üşü kəndindən türklər köməyə gəlirlər. Bir saatdan artıq atışma nəticəsində 15 nəfər türk öldürülür. Həmçinin Allahverdinin özü kəndi tərk edərkən oldürülür. A-donun yazdığına görə, guya ermənilər imkan vermişdilər ki, türklər qadın və uşaqlarını qonşu Hamamlı türk kəndinə apara bilsinlər. Ermənilər Qoturda olan 15 türk evini talan edir, evlərin qapı-pəncərələrini. Damların örtüyünü belə söküb aparırlar. Qoturun türklər yaşayan hissəsi beləcə xarabalığa çevrilir [3, 133].

Erməni müəllifi A-do qeyd edir ki, bu hadisədən sonra mayın 30-da ermənilərlə türklərin qarışıq şəkildə yaşadıqları Sağomosavəng kəndinin türkləri öz ailələrini və ev əşyalarını Hamamlıya daşıyaraq kəndin içində mövqelər tutdular, ermənilər isə qorxaraq kənddəki kilsəyə çəkildilər və üç gün məcbur olub orada qaldılar. Həmin gün Qotur davasında yaralanan Oşakan kəndinin sakini Ohanı araba ilə müalicə olunmaq üçün Əştərəyə apardılar. Araba Üşü kəndinin ərazisindən keçəndə türklər hücum etdir və arabanı ələ keçirərək yandırırlar.

Həmin gün Eçmiədzin qəzasının rəisi bölgəyə gəlir, erməni və türk kəndlərini gəzir, heç bir iş görmədən qayıdır. A-do yazır ki, qəza rəisinin qayıdışından sonra hər iki tərəfə agah oldu ki, hakimiyyət qəsdən üfüqü boş buraxıb ki, hər iki tərəfin gücünü sınasın [3, 133].

Qəzada baş verən qırğınlarda tərəflərin təqsirini eyniləşdirmək məqsədilə A-do türklərin də təqsirli olduqlarını göstərməyə çalışır. Onun yazdığına görə, guya mayın 31-də Üşü kəndinin türkləri Muğni, Karbi və Ohanavəng kəndlərinin suyunu kəsdilər, üstəlik Abarana gedən yolu da bağladılar. Bu istiqamətdə hərəkət dayandı. İyunun 2-də Çobankərə, Kürdalı və Hamamlı kəndlərinin türkləri Kasax dərəsinə yaxınlaşaraq, dərənin əks tərəfində yerləşən Soğamavəngin üzərinə atəş açdılar hansı ki, türklər artıq oradan çəkilmişdilər. Üşünün türkləri isə İlançalan erməni kəndinin üzərinə getdilər, lakin geri oturduldular [3, 134].

A-do iyunun 3-də çobankərəli və hamamlılı türklərin Apnagyuğ kəndinin kənarında olan su dəyirmanına basqın etdiklərini və dəyirmançını öldürdüklərini, köməyə gələn ermənilərin isə 3 türkü öldürdüklərini yazır. Müəllif bu kimi kiçik hadisələrin baş verməsinə münasibətdə yerli hakimiyyətin qərəzli şəkildə fəaliyyətsiz qaldığını qeyd edir [3, 134]. Erməni silahlı dəstələrinin Üşü kəndində törətdikləri vəhşiliyin səbəbsiz olmadığı təsəvvürünü yaratmaq üçün A-do türkləri baiskar kimi göstərməyə çalışır. Halbuki, türklər ermənilərin hücumlarının qarşısını almaq üçün yalnız zəruri özünümüdafiə tədbirlərinə əl atmaq məcburiyyətində qalırdılar. A-donun iddiasına görə, iyunun 4-də Üşü kəndinin türkləri təqribən 200 nəfər kürdlərlə birləşərək, İlançalan erməni kəndinin üzərinə hücum edirlər. Ətraf kəndlərdən haraya gələn ermənilər birləşərək onları geri oturtdular və Üşü kəndini iki tərəfdən mühasirəyə aldırlar. Qısa müqavimətdən sonra çaxnaşma düşür. Ermənilər bir istiqamətdən kəndə girirlər, türklər böyük itki verərək pərən-pərən düşürlər. A-do faciənin miqyasını göstərərək yazır ki, öldürülən üşülülərin sayı 100-ə çatırdı, qadın və uşaqlar, qoca və körpələr qırğınlardan qurtulmaq üçün vay-şivən qoparırdılar. Üşü yandırıldı, dağıdıldı, yerlə yeksan edildi, bir kənd də belə silindi, administrasiya yenə də yox idi [3, 132].

Daha sonra A-do yazır: “Üşünün faciəsi türklərin üzərində elə bir dəhşətli iz buraxdı ki, iyunun 5-də bir sıra kəndlər bir tərəfdən boşalır, digər tərəfdən isə ermənilər tərəfindən talan edilir və yandırılırdı.

Nəzrvan və Təkiyə kəndləri yandırıldı, Persi, Əngirsək, Kürdalı, Hamamlı kəndləri və Çobankərə obası talan edildilər. Beləliklə, Əştərək bölgəsinin 9 türk kəndinin əhalisi talan edildi, yandırıldı və çöllərə düşdülər” [3, 134]

A-do yazır: “Bütün bunlardan sonra, iyunun 6-da qəza rəisi kazaklarla birgə peyda oldu. Çoxlu sayda ermənilər həbs edildilər, bir sıra erməni kəndləri qoşunların nəzarətinə verildi, cərimələr başlandı.

Yandırılan və talan edilən yazıq türk xalqı idi, cərimələr isə dövlətin xəzinəsinə gedirdi. Çatışmalar, toqquşmalar bir neçə ölüm hadisələri Eçmiədzin və Pərəkər ətrafında da oldu, lakin onlar kütləvi xarakter almadı. Bu bölgədə sülhsevər elementlər qalib gəldilər. Sülh işinə bir nüfuzlu türkün təsiri böyük idi. O, türk xalqının arasında gəzərək onları rahat oturmağa inandırıdı. Bu, Eçmiədzin qəzasının sahibkarı Musa xan Makinski idi” [3, 135]

A-do Eçmiədzin qəzasında toqquşmalar zamanı 2 erməni, 9 türk kəndinin dağıdıldığını yazır. Həmin kəndlər bunlardır: Üşü-142 ev, Qotur-11 ev, Nəziravan -58 ev, Təkiyə – 85 ev, Persi – 34 ev, Əngirsək – 20 ev, Kürdəli – 11 ev, Hamamlı – 61 ev, Kiçikkənd – 36 ev [3, 136].

M. S  Ordubadi 1905-1906-cı illərdə İrəvan quberniyasında Ermənistan ərazisində ermənilərin törətdikləri kütləvi qırğınları soyqırımı belə səciyyələndirmişdi: “İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi…” [6, 29]

Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, yandırılmış və dağıdılmışdır [7, 52]. Həmin dövrdə təkcə İrəvan quberniyasında isə 100-dən artıq azərbaycanlı kəndi yandırılmış, talan edilmiş və əhalisi kütləvi qırğınlara məruz qoyulmuşdur.

Ermənilərin İrəvan quberniyası ərazisində, o cümlədən də Eçmiədzin qəzasında 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar XIX-XX əsrlərdə soydaşlarımızın məruz qoyulduqları soyqırım və deportasiyalar silsiləsinin bir mərhələsidir.

 

Ədəbiyyat

  1. Шавров Н. Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. С. Петербург, 1911.
  2. Кавказский календарь на 1907 г. Тифлис, 1906, Статистический отдел.
  3. A-do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla (erməni dilində). Ayvazyanlar və Nazaryanlar mətbəəsi. İrəvan, 1907.
  4. «Kaspi» qəzeti, 24 may 1905-ci il, № 96.
  5. «Kaspi» qəzeti, 31 may 1905-ci il,  № 100.
  6. Ordubadi M.S. Qanlı illər. (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi). Bakı, “Qarabağa Xalq Yardımı”, 1991.
  7. Arzumanlı Vaqif, Mustafa Nazim. Tarixin qara səhifələri. Bakı, “Qartal”, 1998.

                                                                                             

                                                                                              Nazim Mustafa,

 scientific employee of ANAS History İnstitute n.a. A.A. Bakikhanov

nazimmustafa@mail.ru

Abstract

Massacres perpetrated by Armenians in Echmiadzin in 1905

Mass slaughters and terrorist acts committed in Irevan provinces Echmiadzin in 1905 by the armed groups formed as structural divisions of Armenian political parties existed in the South Caucasus in the early 20th century, are represented in the article in chronological sequence. Also, the articles of Armenian authors concerning the above mentioned events were for the first time referred simultaneously with the articles of Azerbaijani authors, so a general picture of 1905-1906 years events was formed by means of comparative analysis.

***

Назим Мустафа,

научный сотрудник Института Истории АН АР

nazimmustafa@mail.ru

Резюме

Резня, совершенная армянами в 1905 г. в Эчмиадзинском уезде

В статье в хронологической последовательности отражаются акты массовой резни, совершенные в 1905 году в Эчмиадзинском уезде Иреванской губернии армянскими вооруженными отрядами, сформированными в начале XX в. на территории Южного Кавказа в качестве структурных подразделений армянских политических партий. В данной статье посредством метода сравнительного анализа отражается общая картина событий 1905-1906 гг., а также впервые дается ссылка на произведения, посвященных этим событиям, как азербайджанских, так и армянских авторов.

1905-ci ilin payızında Qafqaz canişininə İrəvan quberniyasında vəziyyətin normallaşması haqqında məlumatlar verilsə də, əslində ermənilər heç vaxt hücumlarını dayandırmamışdılar. Eçmiədzin qəzasının rəisi oktyabrın 30-da “Kavkaz” qəzetinə məlumat vermişdi ki, 800 nəfərlik erməni kütləsi Tors müsəlman kəndinə hücum edib, onu darmadağın etmişdir. Daha sonra deyilirdi: “53 nəfər öldürülmüş və yandırılmışdır. 27 nəfər yaralanmış, 255 ev və kəndin bütün ot, arpa və taxıl ehtiyatı yandırılmışdır. Ermənilər 1200 qoyun, 200 keçi, 354 öküz, 260 inək, 80 at, 33 eşşək sürüb aparmışlar. 2700 rubl oğurlamışlar. Bütün ev əşyaları talan edilmişdir. Kəndə bomba atılmışdır. Zərərdidələr bir neçə basqınçıları nişan vermişlər. Nüfuzlu musəlmanlar dağıdılmış kəndə maddi yardım etmək üçün ora getmişlər”.[1]

 



[1]  «Kaspi» qəzeti,  № 213, 5 noyabr, 1905-ci il.

   Məqaləni PDF formatına çevir