Ermənilərin 1905-ci ildə Naxçıvan və Şərur-Dərələyəz qəzalarında törətdikləri qırğınlar

Nazim Mustafa,

AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi

 

XIX-XX əsrlərdə Cənubi Qafqazda azərbaycanlılar dəfələrlə kütləvi qırğınlara, soyqırımlara və deportasiyalar məruz qoyulmuşdur. XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. Ermənilərin 1894-1896-cı illərdə Şərqi Anadoluda törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin iğtişaşların iştirakçılarının əksəriyyəti Cənubi Qafqazın müxtəlif regionlarına köçmüşdülər. 1896-cı ildə Cənubi Qafqazda 900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə həmin dövrdə Cənubi Qafqaza 400000 erməni gəlib yerləşmişdi[1].

“Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar. Qafqazın canişini Voronsov-Daşkovun ermənipərəst mövqeyindən istifadə edən ermənilər cəzasızlıq şəraitində etnik təmizləmə siyasəti həyata keçirərək İrəvan və Yelizavetpol quberniyalarında erməni anklavları yaratmağa çalışırdılar. Erməni qaçqınları isə əsasən İrəvan quberniyasında cəmləşmişdilər.

Ermənilər ilk növbədə azlıq təşkil etdikləri və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında sayca üstünlüyə malik olmaq istəyirdilər. Daha sonra isə Qarabağda qırğınlar törədərək, həmin əraziləri ələ keçirmək və nəticədə İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının ərazisində erməni dövlətinin əsasını qoymaq istəyirdilər. 1905-1906-cı illərdə törədilən bütün qırğınların mahiyyətində məhz bu amil dayanırdı.

Lakin sovet hakimiyyəti illərində bir çox mövzuların tədqiqinə qadağa qoyulduğu kimi, 1905-1906-cı illər erməni-müsəlman qırğınlarının tədqiqinə də qadağa qoyulmuşdu. Son dövrlərdə Naxçıvanın müasir tarixinə dair yazılan bir sıra əsərlərdə ermənilərin 1905-ci ildə Naxçıvan qəzasında törətdikləri qırğınlar müəyyən dərəcədə işıqlandırılmışdır. İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”[2], Zəhmət Şahverdiyevin “Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində”[3] Elman Cəfərlinin “Naxçıvanda erməni-Azərbaycan münaqişəsi” monoqrafiyalarında[4] 1905-ci ildə ermənilərin Naxçıvan qəzasında törətdikləri qırğınlar, “Hnçak” və “Daşnaksutyun” terrorçu partiyalarının fəaliyyətləri Azərbaycan dilində çap olunmuş əsərlər əsasında müəyyən dərəcədə işıqlandırmışdır.

Bir sıra xarici və erməni müəlliflərinin əsərlərində 1905-1906-cı illər qırğınlarının əsl mahiyyəti təhrif edilmişdir. Castin və Karolin Makkartilər Naxçıvanda törədilən qırğınlara “Türklər və ermənilər” əsərində müəyyən dərəcədə toxunmuşlar. Lakin makkartilərin hücum edən ermənilərlə, hücuma məruz qalan azərbaycanlıları eyni dərəcədə təqsirlənirmələri onların iğtişaşların mahiyyətini açmaqda maraqlı olmadıqlarını göstərir.[5]

Erməni sovet tarixçisi Q. Qaloyan “1900-1922-ci illərdə Zaqafqaziyada fəhlə hərəkatı və milli məsələ” əsərində 1905-ci illərdə Bakıda baş verən qırğınlardan ətraflı bəhs etsə də, ermənilərin İrəvan şəhərində və ətraf bölgələrdə törətdikləri kütləvi qırğınlar barəsində heç bir məlumat verməmişdir. Q. Qaloyan Naxçıvanda baş verən qırğınlarda “müsəlman fanatları”nı, Naxçıvan xanlarını və İrəvan quberniyasının vitse-qubernatoru Viktor Baranovskini günahlandırır. Müəllif “Daşnaksutyun” partiyasının yaranmış gərgin vəziyyətdən istifadə edərək özünü erməni xalqının xilaskarı kimi qələmə verdiyini və millətçilik ehtiraslarını qızışdırdığını da etiraf edir. Q. Qaloyan iddia edir ki, guya çarizm Cənubi Qafqazda baş qaldıran milli-azadlıq hərəkatını polisin gücü ilə boğmağın mümkünsüz olduğunu dərk etmiş, azərbaycanlıları ermənilərə qarşı qaldırmaq yolu ilə millətlərarası toqquşma törətmişdir.[6]

1905-1906-cı illərdə İrəvan quberniyasında baş verən qırğınlar həmin dövrün mətbuatında və o dövrün müəlliflərinin əsərlərində geniş şəkildə işıqlandırılmlşdır. M. S. Ordubadi 1911-ci ildə çap etdirdiyi “Qanlı sənələr” (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi)[7] kitabında erməni silahlı dəstələrinin 1905-ci ildə Naxçıvan və İrəvan qəzalarında törətdikləri qırğınların miqyasını oxuculara ətraflı təqdim edir. Qeyd etmək lazımdır ki, M. S. Ordubadinin göstərilən əsərində heç də bütün hadisələr öz əksini tapmamışdır. Müəllif 1905-ci ilin fevralında baş verən Bakı qırğınlarından sonra ermənilərin may ayında Naxçıvanda qırğınlar törətdiklərini, orada məğlub olduqlarını, bundan sonra qırğınların İrəvan şəhərinə sirayət etdiyini yazır. Lakin digər mənbələr göstərir ki, Bakı qırğınlarından heç iki həftə keçməmiş fevralın 20-22-də ermənilər İrəvan şəhərində qırğınlar törətmişlər. M. S. Ordubadi “Qanlı illər”də Şərur-Dərələyəz və Sürməli qəzalarında ermənilərin törətdikləri qırğınlar barədə heç bir məlumat verməmişdir. Görünür, M. S. Ordubadiyə göndərilən müxbir məktubları içərisində həmin qəzalarda törədilən qırğınlara aid materiallar olmamışdır.

Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı altında çap edilən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsərində haqlı olaraq İrəvan quberniyasında qırğınların İrəvan şəhərindən başladığını, sonra Naxçıvana sirayət etdiyini yazır. Müəllif erməni qmdatxanalarının (terror təşkilatlarının) muzdlu qatillərinin əli ilə neçə-neçə günahsız insanların, o cümlədən rusların və ermənilərin də ölümünə bais olduğunu yazır[8].

Erməni müəlliflərindən A-donun irihəcmli “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla”[9] əsərində, S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”[10], İ. Alibeqovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında”[11] əsərlərində 1905-1906-cı illər qırğınlarının mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verirlər.

A-do “Qafqazda erməni-türk toqquşmaları” əsərində 1905-1906-cı illərdə Cənubi Qafqazın 12 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 7 şəhərində ( Bakı, İrəvan, Naxçıvan, Şuşa, Gəncə, Qazax, Tiflis) baş verən qırğınlar barəsində xronoloji ardıcıllıqla məlumat verir. A-donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və həmin dövrün siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir.

İ. Alibeqov heç bir istinad göstərmədən iddia edir ki, guya emissarlar İrəvan quberniyasında müsəlman əhalinin milli hissləri ilə oynadıqdan və “vəhşi dəstələr” Türkiyədən İrəvan quberniyasına keçdikdən sonra erməni kəndləri atəşə tutulmuşdur. Guya hakimiyyətin müsəlman casusları Bakıdan və Naxçıvandan Cənubi Qafqazın və İranın müxtəlif yerlərinə gedərək ermənilərin yeni qırğınlarını hazırlamaq üçün fəaliyyət göstərmişlər.[12] İ. Alibeqov ermənilərin təsir dairəsində olan “Novoe Obozrenie” qəzetinə istinad edərək Bakıda, İrəvanda, Naxçıvanda, Gəncədə baş verən qırğınların təqsirini türklərin üzərinə yıxmağa çalışır.

Qafqazda baş verən hadisələri işıqlandırmaq məqsədilə regiona gələn “Times” qəzetinin müxbiri Qordon Braun və Milanda nəşr edilən “Corriere Della Sera” qəzetinin müxbiri Luici Villari İrəvana yola düşməzdən öncə 1905-ci il sentyabrın 15-də canişin Voronsov-Daşkovun qəbulunda olmuşdular[13]. Voronsov-Daşkovun ermənipərəst mövqeyi görünür, müxbirlərin yazılarına da sirayət etmişdi. İtalyan diplomatı, yazıçısı, səyyahı və tarixçisi Luici Villari səyahətinin nəticəsi olaraq 1906-cı ildə Londonda çap etdirdiyi “Qafqazda alov və qılınc” əsərini ermənipərəst ruhda yazmışdır. 1905-ci ilin yay və payız aylarında Qafqazın qaynar nöqtələrində, milli münaqişələrin törədildiyi yerlərdə olan müəllif əsərinin IX və X fəsillərini Bakıda gördüklərinə, XI fəslini İrəvanda baş verən hadisələrə, XIV fəslini isə Naxçıvandakı hadisələrə həsr etmişdir. L. Villari etiraf edir ki, İrəvanda onu ünvanı hələ Tiflisdə ikən bəlli olan yerli erməni müşayiət etmişdir. Onun tərcüməçisinin erməni olması, İrəvanda və Naxçıvanda olduğu müddətdə erməni ziyalılarının və din xadimlərinin əhatəsində olması əsərin ermənipərəst mövqedən yazılması ilə nəticələnmişdir.

L. Villari İrəvanda və Naxçıvanda qırğınların baş verməsinin təqsirinin “tatarlarda” (yəni azərbaycanlılarda – müəllif) olduğunu yazır. Onun iddiasına görə, Voronsov-Daşkovun Qafqazın canişini və prins Lui Napoleon Bonapartın 1905-ci ilin iyununda İrəvanın general-qubernatoru təyin edilməsinədək İrəvanın sabiq qubernatorları keçmiş canişin Qolitsının siyasətini davam etdirmiş, faktiki olaraq ermənilərə qarşı müharibə aparmış və “tatarları” hücuma təhrik etmişlər.[14] Müəllif Naxçıvan qəzasında baş verən iğtişaşlar zamanı 47 kənddə toqquşmaların olduğunu, 12 kəndin viran edildiyini və boşaldıldığını, 10 kəndin qismən dağıdıldığını, hər iki tərəfdən 239 nəfərin qətlə yetirildiyini yazır.[15] L. Villari bu əsərində Naxçıvann şəhərinin əhalisinin dörddə üçünün türklərdən ibarət olduğunu yazır.[16]

L. Villari Naxçıvanda olarkən şəhərin başçısı Cəfərqulu xan Naxçıvanski və onun qardaşı, ehtiyatda olan rus zabiti Rəhim xanla görüşlərinə xüsusi yer ayırmışdır. O, Naxçıvanskilərin kürəkəni general Maqsud Əlixanov-Avarskinin İrəvan qubernatoru olarkən “tatarların” tərəfini saxladığını, təqsirkarların cəzalandırılmadığını iddia edir.[17] Əslində, general-leytenant Əlixanov-Avarski heç vaxt İrəvanın qubernatoru olmamışdır. Sadəcə olaraq, bir təcrübəli və nüfuzlu bir general kimi, Voronsov-Daşkov onu Naxçıvana ezam etmişdi ki, iğtişaşların yatırılmasına nail olsun. (M. Əlixanov-Avarskinin arvadı Zərintac bəyim general-mayor Kəlbalı xan Naxçıvanskinin qızı idi. Ona görə də “Daşnaksutyun” partiyası Əlixanov-Avarskiyə ölüm hökmü çıxarmışdı. Əlixanov-Avarski 1907-ci il iyulun 3-də erməni terrorçuları Dro (Drastamat Kanayan) və Kamo (Simon Ter-Petrosyan) tərəfindən Gümrüdə ailəsi ilə birlikdə gedərkən karetasına bomba atılaraq qətlə yetirimişdi – müəllif).

M. S. Ordubadinin “Qanlı illər” əsərində göstərilir ki, 1905-1906-cı illər iğtişaşları zamanı ermənilərin başlıca məqsədləri İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır olan əsgəri qüvvələrlə birləşdirmək, sonra isə  Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb, Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni birləşdirmək kimi alçaq xəyallardan ibarət idi [18]. Yəni ermənilər İrəvanla Zəngəzurun erməni kəndləri arasındakı müsəlman kəndlərinin əhalisini silah gücünə, kütləvi qırğınlar törətməklə təmizləmək, həmin kəndlərdə Türkiyədən gəlmiş erməniləri yerləşdirmək istəyirdilər. M. S. Ordubadinin daha sonra qeyd etdiyi kimi, erməni təşkilatlarının məqsədi İrəvanla Naxçıvan və Naxçıvanla Zəngəzur arasındakı müsəlman yaşayış məntəqələrini təmizləyib Qarabağ erməniləri ilə təhlükəsiz, birbaşa əlaqə qurmaq, sonradan həmin ərazilərdə erməni dövləti yaratmaqdan ibarət idi.[19] Bu məqsədi reallaşdırmaq üçün ermənilər hər yerdə gizli silahlı dəstələr təşkil etmiş, müsəlman yaşayış məntəqələrinə hücuma hazır vəziyyətdə dayanmışdılar. Ona görə də ermənilər öncə İrəvanla Zəngəzur arasında yerləşən Naxçıvan və Şərur-Dərələyəz qəzalarnda qırğınlar törədərək həmin ərazilərdə sayca üstünlüyə nail olmağa çalışırdılar.

1897-ci il Ümumrusiya siyahıyaalmanın nəticələrinə əsaslanan erməni müəllifi A-do Naxçıvan qəzasında mövcud olan 170 kənddən 110-da türklərin (azərbaycanlıların), 40-da ermənilərin, 20 kənddə isə türklərlə ermənilərin qarışıq şəkildə yaşadıqlarını yazır. A-do Naxçıvan qəzasının 101 min nəfər əhalisinin 64 min nəfərini türklərin, 34 min nəfərini ermənilərin, yerdə qalanını isə digər millətlərin təşkil etdiyini yazır.[20]

Şərur-Dərələyəz qəzasına gəldikdə isə, A-donun verdiyi məlumata görə, həmin vaxt qəzada 163 kənd mövcud olmuşdur ki, onlardan 109-u Dərələyəz nahiyəsində, 54-ü isə Şərur nahiyəsində olmuşdur. Şərur nahiyəsində 6 erməni kəndi və 2 qarışıq kənd, Dərələyəz nahiyəsində isə 23 erməni kəndi və 2 qarışıq kənd mövcud olmuşdur. A-doya görə, Şərur-Dərələyəz qəzasının 76 min nəfər əhalisinin 55 min nəfərini türklər, 21 min nəfərini ermənilər təşkil etmişlər.[21]

Əslində, Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə ermənilər əvvəlcə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən İran və Türkiyədən, daha sonra isə 1877-1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilmişdilər.

XX əsrin əvvəlində İrəvan quberniyasına daxil olan 7 qəzadan dördündə – Naxçıvan, Sürməli, Şərur-Dərələyəz və İrəvan qəzalarında türklər, üçündə – Aleksandropol, Novo-Bəyazid və Eçmiədzin qəzalarında ermənilər çoxluq təşkil edirdilər. “Qafqaz təqvimi”nə görə, 1 yanvar 1905-ci ildə Naxçıvan qəzasının 104341 nəfər əhalisindən 58866 nəfərini azərbaycanlılar, 44575 nəfərini ermənilər, 620 nəfərini kürdlər, 280 nəfərini isə ruslar təşkil edirdilər. Şərur-Dərələyəz qəzasında isə 78325 nəfər əhalinin 54296 nəfərini azərbaycanlılar, 22693 nəfərini ermənilər, 789 nəfərini kürdlər, 547 nəfərini isə ruslar təşkil edirdilər.[22] Naxçıvan şəhərində yaşayan 8802 nəfərdən 6185 nəfərini azərbaycanlılar, 2354 nəfərini ermənilər, 340 nəfərini ruslar təşkil edirdilər. Ordubad şəhərində isə 4941 nəfər əhalinin 4477 nəfərini azərbaycanlılar, 399 nəfərini ermənilər, 94 nəfərini ruslar təşkil edirdilər[23].

Naxçıvan və Şərur-Dərələyəz qəzalarında 1897-ci il siyahıyaalmanın nəticələri ilə 1905-cil statistik məlumatı arasında ermənilərin azərbaycanlılara nisbətən daha çox görünən artımı həmin müddətdə Türkiyədən qaçıb gələn ermənilərin qeyd olunan qəzalarda məskunalşmaları ilə əlaqədardır.

O zaman İrəvan quberniyasının erməni kəndlərində “Daşnaksutyun” və “Hnçak” partiyaları daha ciddi fəaliyyət göstərir, iki xalq arasında nifaq yaratmağa çalışırdılar. Həmin dövrdə hər bir erməni kəndi terror yuvasına, hər bir erməni kilsəsi isə silah-sursat anbarına çevrilmişdi.

M. S. Ordubadinin yazdığına görə, 1905-ci il mayın 5-də erməni silahlılarının ermənilər yaşayan Şıxmahmud kəndinin yaxınlığından keçərkən üç nəfər Cəhri kəndinin sakinlərini yaralamaları ilə Naxçıvan qəzasında erməni-müsəlman qırğınları başlamışdır. Bu hadisə siqnal olmuş, mayın 7-də qarışıq yaşayış məntəqəsi olan Tumbul kəndində bir müsəlmanı ermənilər qətlə yetirirlər. Naxçıvan şəhərində ermənilər dükanlarını bağlayıb evlərinə və kilsəyə yığışırlar. Mayın 8-də İrəvan quberniyasının vitse-qubernatoru V. Baranovski, İrəvan şəhərinin qlavası (başçısı) İ. Məlik-Ağamalov və Naxçıvan şəhər qlavası Cəfərqulu xan Naxçıvanski (həmin vaxt o, Peterburqdan qayıdırmış) Naxçıvana gəlirlər. Onların gəlişindən bir nəticə hasil olmur.

Ayın 9-da Cəhri müsəlmanları Naxçıvan qubernatorunun hüzuruna gəlib, şikayət edirlər ki, kəndin yolları hər tərəfdən ermənilərin əlindədir, ona görə də yolları hökumətin mühafizə etməsini xahiş edirlər. Lakin bu cür şikayətlər cavabsız qalır. Şikayətləri cavabsız qalan müsəlmanları ermənilər cürbəcür söyüşlərlə incidirlər. May ayının 9-da Əli Hacı Bayramzadə Naxçıvan şəhərinin ətrafındakı Əliabad adlı erməni kəndliləri tərəfindən çeşmə kənarında gecə vaxtı yeddi güllə yarası ilə qətlə yetirilir. Bu xəbər şəhərdə daha böyük çaxnaşmaya səbəb olur. Ayın 11-də Kültəpə adlı erməni kəndinin varlısı Xaçatur ailəsi ilə birlikdə qətlə yetirilir. Ermənilər bunu da müsəlmanların üstünə yıxmaq istəyirlər. Lakin istintaq müəyyən edir ki, qətli “Daşnaksutyun” partiyasının silahlı dəstəsinin üzvləri törətmişlər. Həmin günün gecəsi vitse-qubernator Baranovski yol ilə gedən bir ermənidən çoxlu bomba müsadirə edir. Yenə həmin gecə ermənilər bütün Naxçıvan şəhərini atəşə tuturlar. İki saat yarım müddətində şəhərdə atəş kəsilmir. Müsəlmanlar da tək-tək qarşı tərəfə atəş açırlar.[24]

Mayın 12-də səhər müsəlmanlar yenə Naxçıvana vitse-qubernatorun yanına şikayətə gəlirlər. Vitse-qubernator onlara belə cavab verir: “Əgər onlar sizə atəş açırsa, siz də tutub onların tapançalarını alınız”. Saat 10 radələrində erməni fədailəri bazarın başında durub, ayaq tərəfdə olan müsəlmanları gülləbəran etməyə başlayırlar.[25] Atışma səsinə vitse-qubernator Baranovski, şəhər qlavası Cəfərqulu xan, İrəvan qlavası Məlik-Ağamalov və pristav Mehdi xan Ordubadski gəlirlər. Ermənilərə məxsus bazardan və dükanlardan onlar atəşə tutulurlar. Müsəlman dükanlarından da ermənilər tərəfə atəşlər açılır. Həmin gün ermənilərə məxsus dükanların əksəriyyəti, müsəlmanlara məxsus isə 10 dükan qarət edilir, hər iki tərəfdən xeyli adam tələf olur.

A-donun yazdığına görə, mayın 11-də İrəvandan Qafqaz Canişinliyinə belə bir teleqram göndərilmişdi: “Naxçıvandan bildirirlər ki, Bakı hadisələrindən sonra müsəlmanlar hər vəchlə çalışırlar ki, ermənilərlə yaxşı münasibətlərini qoruyub saxlasınlar, lakin ermənilər müxtəlif kəndlərdə bir neçə müsəlmanı öldürmüşlər. Əgər ermənilərin müsəlmanların üzərinə silahlı hücumlarına son qoyulmasa, may iğtişaşları bütün quberniyanı bürüyəcək.”[26] Daha sonra A-do qeyd edir ki, bu məzmunda və bu ruhda teleqramları müstəqil hüquqşünas, Naxçıvanın nüfuzlu sakini Məhəmməd bəy Kəngərli (əsl adı Məhəmmədqulu bəy Kərim Sultan Kəngərlinski idi – müəllif) Naxçıvandan İrəvana göndərirdi. Ona görə də “Daşnaksutyun” partiyası Məhəmmədqulu bəyə ölüm hökmü çıxarmışdı və həmin hökm 1905-ci il avqustun 30-da Batumda Poğos Arakelyan tərəfindən icra olunmuşdu.[27]

M. S. Ordubadi Naxçıvan hadisələrini şərh edərkən yerli hakimiyyətin qırğınlara seyrçi qalmasını xüsusilə vurğulayır. Ordubadi yazır: “Müharibə vaxtı polis qulluqçusu Angil (Naxçıvan qəzasının rəisi kapitan Aksel Enkel nəzərdə tutulur – müəllif) qətlə mane olmayıb “Tez vur oğlum, tez ol oğlum!” deməklə, könüllü cavanları cinayətə təşviq edirdi. Talan vaxtı “Tez olunuz! Tez aparınız!” deyib camaatı qızışdırırdı. İki saat tamam qətl-qarət uzandıqdan sonra hər tayfa çəkilib öz tərəfinə getdi. Qubernator cənabları bu hadisələri görür və eşidirdi.”[28]

Həmin gecə saat 12 radələrində ermənilər tərəfindən şiddətli atəş başlanır. Səhərədək ermənilərin ipək zavodundan atəş açılmışdı. Nəhayət, qubernator atışmanı kəsdirir və ermənilər sakitləşir. Ertəsi gün bu dəhşətli xəbər bütün ətraf kəndlərə yayılır. Hər tərəfdə qırğınlar və qətl-qarətlər başlanır. Qətl-qarət əvvəlcə yarı erməni, yarı müsəlman olan Cəhri kəndindən başlanır. “Bu gündən başlayıb ermənilər dükanlarını kilsəyə yığışdırıb müsəlmanlara qarşı zülm və acı töhmətlərdən çəkinmirlər. Hər gündə bir hiylə, hər halda bir hoqqa çıxarmaqda idilər. Bu vaxtda, necə ki, məlumdur, şəhərdə çox hökumət qoşunu mövcud olub, camaatı hər saatda təhqir etməkdə, belini, cibini axtarmaqda idilər.”[29] Bununla da M. S. Ordubadi göstərir ki, hökumət qoşunları Naxçıvanda adamların ciblərini axtarsa da, ermənilərin kilsəyə yığdıqları silah-sursatı müsadirə etmək istəməmişdir.

Naxçıvanda qırğınların başlanması barədə “Novoe Obozrenie”[30] qəzetinə istinadən “Kaspi” qəzeti yazırdı: “… son günlər Naxçıvan şəhərində və onun yaxınlığındakı kəndlərdə nə isə qeyri-adi hadisələr baş verir. Əvvəlcə ermənilərlə tatarlar (türklər) arasında hiss olunan gərginlik sonradan düşmənçiliyə çevrildi və tək-tək ölümlə nəticələndi. Nəhayət, mayın 10-da və sonra 11-də gündüz və gecələr bu münasibətlər daha kəskin forma aldı. Ayın 12-də gündüz şəhərdə, onun bütün küçələrində tüfəng və tapançalardan atəş yayılmağa başladı. Axşama yaxın ölən  və yaralananların sayı onlarla idi. Ayın 13-nə keçən gecə çox ağır oldu. Şəhərin küçələrində və ayrı-ayrı hissələrində şiddətli mübarizə ilə yanaşı yanğınlar başlandı. Evlər və köşklər yandı. Şahidlərin dediyinə görə, şəhərdə çoxlu köşk qarət edilmiş, ermənilərin xeyli əmlakı məhv edilmişdir. Səhərə yaxın mübarizə sakitləşib. Əhalinin vəziyyəti ağırdır. Çörək və ərzaq yoxdur”.[31] 

“Kavkaz” qəzeti isə mayın 12-də Naxçıvandan vurulan teleqram əsasında yazmışdı ki, öldürülən, yandırılan və yaralananların sayı 100-ü ötmüşdür. Qəzet qarışıqlığın ətraf kəndlərə yayıldığını xəbər verirdi.[32]

Əhalinin sakitləşdiyini görən din xadimi Şeyx Kərim Naxçıvandan Tiflisə – Qafqaz müsəlmanlarının şeyxülislamı Abdus-salam Axundzadəyə belə bir teleqram vurmuşdu: “Əhalini sakitləşdirməyə imkan yoxdur. Özünüz gəlin”. Bunu nəzərə alan Qafqazın canişini Voronsov-Daşkov mayın 12-də şeyxülislamı Naxçıvana ezam etmişdi. Şeyxülislam Bakıda da qırğınların yenidən təkrarlanacağından ehtiyat edərək, H. Z. Tağıyevə teleqram göndərmişdi ki, qazıların köməyi ilə erməni-müsəlman münasibətlərinin korlanmasına imkan verməsin.[33]

Naxçıvanda qırğınların başlanması haqqında xəbər alan Voronsov-Daşkovun köməkçisi Sultan Krım-Girey (Gəray) Cəfərqulu xan Naxçıvanskiyə teleqram göndərmişdi ki, zorakılıqların və qan tökülməsinin qarşısını alsın. Cəfərqulu xan Naxçıvanski isə cavab teleqramında bildirmişdi ki, İrəvandan əlavə batalyon gələnədək barışığa nail olmaq çətin ki mümkün olsun.[34]

Erməni müxbirləri, xüsusən də erməni din xadimləri Naxçıvanda baş verən qırğınların İrəvan quberniyasının digər qəzalarına da yayılması üçün hər cür təxribati təbliğat aparırdılar. Qəzetlər mayın 14-də Naxçıvandan arximandrit Karapetin erməni qriqori yeparxiyasının rəisi yepiskop Qaregin Saturyana vurduğu təxribatçı teleqramını dərc etmişdilər. Həmin teleqramda hadisələr birtərəfli şəkildə işıqlandırılır, qırğınların baiskarı kimi müsəlman əhalisi qələmə verilirdi. Teleqramda deyilirdi: “Qırğınlar mayın 12-də saat 9-da eyni vaxtda həm şəhərdə, həm də kəndlərdə başlayıb. Şəhərdə bazar talan edilib, orada olan erməniləri doğrayıblar. Az qismi xilas olub. 30-a yaxın meyit tapılıb. Erməni köşkləri yandırılıb və talan edilib. Yerli komanda (hərbçilər) iki saat sonra gəlib, dəstələrə bölünərək yanğını söndürüblər. Sakitlik yaradıblar. Deyilənlərə görə, 100-dən artıq adam ölub. Dünən xəbər aldım ki, Cəhri (həmin vaxt Cəhridə ermənilərlə azərbaycanlılar qarışıq şəkildə yaşayırdılar – müəllif) və digər erməni kəndlərinin vəziyyəti ağırdır. Cəfərqulu xanla ora getdik. Cəhrililərin bir hissəsi öz evlərində müdafiə olunaraq, xilas olublar, bir çox qadın və uşaqları müsəlmanlar himayə ediblər. Kəndlərdə itkilərin sayı dəqiqləşdirilməyib. Sağ qalanların hamısını Şıxmahmud kəndinə topladıq. Orada Nəzərabad, Dizə, Uzunoba, Didəvar, Xəlilli, Kültəpə kəndlərinin sakinləri toplaşıblar. Deyilənlərə görə, Hacıvar kəndinin keşişini doğrayıb, kəndi yandırıblar. Xanla (yəni Cəfərqulu xanla – müəllif) bərabər ora gedirəm. Batalyon bu gün gəlir. 100 kazak vəd ediblər”.[35]

Ermənilər həmin dövrdə çıxan qəzetlərdə təxribat məqsədilə xəbərlər yayırdılar ki, guya İrandan Araz çayını keçib gələn kürdlər İrəvan quberniyasında qətl və qarətlə məşğuldurlar. Bununla ermənilər quberniyanın Araz qırağı kəndlərinə basqınlar etmək üçün zəmin hazırlayırdılar. Mayın 14-də İrəvandan Naxçıvan ermənilərindən bir qrupunun Tiflis şəhər qlavasına vurduqları teleqramda göstərilirdi ki, guya üçüncü gündür ki, Naxçıvanda tatarlar (azərbaycanlılar) erməniləri qırırlar. Teleqramda həmçinin bildirilirdi ki, İran kürdlərinin hücumu gözlənir.[36]

Milli zəmində toqquşmalar tədricən qonşu ərazilərə də yayılırdı. “Kaspi” qəzeti “Kavkaz” qəzetinə istinadən xəbər verirdi: “… mayın 14-də 15-nə keçən gecə qoşunların Naxçıvana gəlməsindən sonra şəhərdə sakitlikdir. Lakin vəziyyət ciddidir. Gündüz Tumbul kəndi (M. S. Ordubadinin verdiyi məlumata görə, Tumbulda yaşayan əhalinin iki hissəsi müsəlman, bir hissəsi isə ermənilərdən ibarət olmuşdur – Müəllif) yandırılıb. 40 nəfər həlak olub. Yarımca kəndində talanları durdurmaq üçün Naxçıvan qəza rəisi ora gedib. Axşam İrəvan qəzasının Qəmərli kəndindən həyəcanlı xəbər gəlib. İrəvan qəza rəisi ora gedib. Əhali sakitləşib. Mayın 16-da Naxçıvana gələn Şeyxülislam İrəvandakı erməni yeparxiyasının rəisi ilə birgə qəzanı gəziblər”. Daha sonra qəzet yazır ki, kürdlər İrandan keçib gəliblər, Şərurun kəndlərindən birinin sürülərini oğurlayıblar və yolda kənd mirzəsini öldürüblər. Sonra xəbər gəlib ki, kürdlər Sədərək ətrafında peyda olublar. İrəvan qəza rəisi ora gedib. Culfa gömrüyündən verilən xəbərə görə, sərhədi 160 nəfər kürd keçib, daha 300 nəfər Qaraqalıq kürdlərinin gələcəkləri gözlənilir. Onlar Borçalı qəzasına işləməyə gedəcəklər, – deyə qəzet xəbər verir.[37] 

Lakin sonradan aydın olmuşdu ki, kürdlərin dəstə ilə sərhədi keçib gəlmələri haqqında verilən xəbərlər erməni uydurmasından başqa bir şey deyilmiş.

Şeyxülislamın Naxçıvanda gördüyü işlər haqqında isə məxsusi olaraq “Kaspi” qəzetinə göndərilən xəbərdə deyilirdi ki, mayın 15-də gündüz saat 2-də şeyxülislam Axundzadə Naxçıvana gedib. İrəvan, Şərur və Naxçıvan qazıları, İrəvan arximandriti Karapetlə və Cəfərqulu xanla birlikdə Qaraxanbəyli, Tumbul və Qoşadizə kəndlərində olmuşlar. Müsəlmanların yaşadıqları Qaracıq və Bulqan kəndlərinin müsəlmanlarını ermənilərin məskunlaşdığı Qaraxanbəyli kəndinə yığıb and içdirmişdilər ki, bir-birləri ilə işləri olmayacaq. Şeyxülislam müsəlman kəndləri Nehrəm və Şəkərabad kəndlərinə nümayəndə göndərmişdir ki, erməni kəndlərinə hücum etməsinlər.[38] 

Yepiskop Qaragin Satunyan isə Naxçıvandan “Novoe Obozrenie” qəzetinə mayın 18-də vurduğu teleqramda bildirirdi ki, şəhəri təntənəli şəraitdə sakitləşdirdik. Şeyxülislamla bərabər Şıxmahmud kəndinə getdik. Orada qarət edilmiş 12 kəndin erməniləri toplaşıblar.[39]

Dövrün azərbaycanlı mətbuatında İrəvan quberniyasında baş verən qırğınların əsl mahiyyətini açıqlayan bir sıra yazılar dərc edilmişdir. “Kaspi” qəzetinin xüsusi müxbiri Eynəli Sultanovun iyunun 4-də yazdığı “İrəvan hadisələri haqqında həqiqət” məqaləsi həm hadisələrin düzgün işıqlandırılması, həm də hadisələrin mahiyyətini saxtalaşdıranlara qarşı vaxtında verilmiş cavab kimi çox əhəmiyyətlidir.[40] Müəllif göstərir ki, Naxçıvanda baş verən qanlı hadisələr İrəvanda da təəssüflə qarşılandı. Qəzetlərdə və ayrı-ayrı teleqramlarda Naxçıvan hadisələrinin birtərəfli işıqlandırılması, ermənilərin guya kütləvi surətdə qırğınlara məruz qoyulması haqqında şayiələrin yayılması Naxçıvan müsəlmanlarının İrəvana hücum edəcəyi haqda uydurulan xəbərlər erməniləri qisas almağa təhrik edirdi. Bu cür xəbərlərin təkcə qaragüruhçu adamlar tərəfindən deyil, həm də ziyalıların ağzından eşidilməsi, ildırım sürətilə hər tərəfə yayılır, fəlakəti hər an yaxınlaşdırırdı.

Ermənilər Naxçıvan qəzasında müsəlmanlardan layiqli cavab aldıqdan sonra, qınlarına çəkilmiş, qırğınların mərkəzinin Şərur-Dərələyəz və İrəvan qəzalarına keçirməyə cəhd etmişdilər. Özlərinin həyata keçirməyi planlaşdırdıqları qırğınlara qabaqcadan bəraət qazandırmaq məqsədilə mətbuatda şayiələr dərc etdirirdilər ki, guya müsəlmanlar erməni kəndlərini murdarlayır və qarət edirlər və s. “Kavkaz” qəzetində dərc edilən bir teleqramın mətnini 24 may 1905-ci ildə “Kaspi” qəzeti də olduğu kimi dərc etmişdi. Təxribat məzmunlu həmin teleqramda yazılırdı: “Şərur-Dərələyəz qəzasında müsəlmanlar Qndevaz kənd idarəsini yandırıb, icma başçısını döyüblər. Müsəlman kütləsi Martiros erməni kəndini mühasirəyə alıb, atışma başlayıb. Naxçıvanda sakitlikdir”.[41]

Qafqaz Canişinliyindən sakitliyi bərqərar etmək üçün Naxçıvan qəzasına ezam edilən general Maqsud Əlixanov-Avarski Naxçıvandan Sultan Krım-Gireyə göndərdiyi teleqramda bildirirdi ki, yolüstü müsəlman və erməni kəndlərini sakitləşdirirdim. Şərur-Dərələyəzin dağlıq hissəsində və Ordubad məntəqəsində isə vəziyyət gərgindir.[42]

“Kavkaz” qəzeti sonrakı sayında ermənilərin göndərdiyi başqa bir təxribatçı teleqramı dərc eetmişdi. Teleqramda deyilirdi ki, Şərur-Dərələyəz qəzasının dağlıq hissəsində vəziyyət yaxşı deyil, oradan Qndevaz kəndinin talan edilməsi haqqında, müsəlmanların yığışıb başqa kəndləri təhlükə altına almaları və 300 cavanşirli (Yelizavetpol quberniyasının Cavanşir qəzasından Əyricə dağına yaylağa çıxan tərəkəmələr nəzərdə tutulur – müəllif) silahlıların peyda olmaları haqqında xəbər alınıb.[43] Şərur-Dərələyəzdə baş verən qırğınlara guya Cavanşir qəzasından olan silahlıların dəstək verməsi haqda xəbər yaymaqla, ermənilər yəqin ki, növbəti mərhələdə Cavanşir qəzasında qırğınlar törədəcəklərinə işarə vururdular.

Erməni müəllifi A-do da yuxarıda adı çəkilən əsərində “Daşnaksutyun” partiyasının Şərur-Dərələyəz qəzasında törətdikləri kütləvi qırğınların üstündən sükutla keçir, günahı türklərin ayağına yazmağa çalışır. A-do 1905-ci il mayın 30-da türklərin Şərur nahiyəsinin Ulya Noraşen kəndinə hücum etdiklərini, üç gün davam edən atışmada 4 erməninin 30 türkün qətlə yetirildiyini yazır.[44] A-do mayın 31-də və iyunun 1-də türklərin Daşarx kəndinə hücum etdiklərini qeyd edir və əhalini sakitləşdirmək üçün M. Əlixanov-Avarskinin Naxçıvandan hadisə yerinə gəldiyini yazır.[45]

Ermənilərin təsir dairəsində olan qəzetlər İrəvanda və Naxçıvanda baş verən toqquşmaların səbəbini birtərəfli qaydada açıqlayır, qarşıdurmanın əsl mahiyyətinə toxunmadan, hadisələri qərəzli şəkildə təhrif edərək işıqlandırırdılar. Hakimiyyət orqanları da verdikləri rəsmi məlumat və xəbərlərdə adətən ermənipərəst mövqe tutur, ermənilərin törətdikləri qırğınların miqyasını kiçildir, azərbaycanlıların özünümüdafiə tədbirlərini və yaxud düşünülməmiş hər hansı bir addımını ermənilərə qarşı planlı aksiyalar kimi qələmə verirdilər.

Ermənilər növbəti qırğınları Dərələyəz mahalında törətmişdilər. İlk qırğınlar azərbaycanlıların ermənilərlə qarışıq yaşadıqları kəndlərdə – Qndevaz və Herher kəndlərində törədilmişdi. A-do dolayısı ilə olsa da qırğınların törədilməsində “təcrübəli daşhaksakanların bir neçə “özünümüdafiə” dəstələrinin” fəal rolunu etiraf edir. Erməni müəllifi Şərur nahiyəsində erməniləri məsum göstərməyə çalışdığı kimi, Dərələyəzdə də hücum edən tərəfin türklərin və Əyricə dağındakı yaylaqlardan enib gələn kürdlərin olduğunu, lakin təcrübəli erməni silahlı dəstələrinin daha ağır zərbələrlə onları daha çox itkilərə məruz qoyduqlarını yazır. A-donun verdiyi məlumatlardan aydın olur ki, mayın 12-dən iyulun 10-dək Dərələyəzdə milli zəmində toqquşmalar qısa fasilələrlə davam etmişdir. Oktyabrın 27-də ətraf erməni kəndlərindən cəmləşən silahlı dəstələr azərbaycanlılar yaşayan Hors kəndinə hücum etmişlər. A-donun yazdığına görə, türklər bir az müqavimət göstərdikdən sonra 40 nəfər itki verərək kənddən qaçmışlar. Ermənilər əvvəlcə kəndi talan etmiş, sonra isə bütün evlərə od vuraraq yandırmışlar.[46]

Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanılan “Ermənilər və müsəlmanlar arasında silahlı toqquşmalar haqqında canişinə hesabat məruzəsi” adlı sənəddə 1905-ci ilin oktyabr ayının sonlarında Dərələyəzin azərbaycanlılar yaşayan kəndlərinin ermənilər tərəfindən yandırılıb talan olunduğu, dinc əhalinin isə kütləvi şəkildə qətl edildiyi qeyd edilir. Sənəddən məlum olur ki, 1905-ci il oktyabrın 27-də Şərur-Dərələyəz qəzasının 6 erməni kəndindən 700-ə yaxın silahlı ermənilər Hors kəndinə hücum etmişlər. Sənəddə 53 azərbaycanlının öldürüldüyü və 255 evin yandırıldığı, mal-qaranın oğurlanıb aparıldığı qeyd olunur. Horsdakı hadisələrlə əlaqədar İrəvan və Yeni-Bəyazid qəzasının müsəlmanlarını həyəcan dalğası bürüdüyü də sənəddə öz əksini tapmışdır.[47]

Təqribən bir ay sürən nisbi sakitlikdən sonra 1905-ci il noyabrın 26-30-da ermənilər yenidən Naxçıvanda iğtişaşlar törətmişlər. Bu barədə M. S. Ordubadi “Qanlı illər” əsərində yığcam da olsa məlumat vermişdir. Erməni müəllifi A-do həmin ilin mayında Naxçıvan qəzasında baş verən qırğınlar haqqında ətraflı məlumat versə də, noyabrın 26-30-da baş verən qırğınlardan bəhs etməmişdir. Maraqlıdır ki, həmin vaxt baş verən qırğınlar haqqında “Kaspi” qəzeti də məlumat verməmişdir. Ona görə də həmin dövrdə baş verən qırğınların mahiyyəti haqqında M. S. Ordubadiyə istinadən qısaca məlumat verəcəyik. Ordubadi yazır ki, noyabrın 26-sında birdən birə camaat bir-birinə dəyib tələm-tələsik dükanları yığışdırıb evlərinə qaçırlar. Bir azdan şəhəri tüstü bürüyür, sonra məlum olur ki, kazaklar və ermənilər əlbir olub, müsəlman bazarını tamam qarət edəndən sonra od vurmuşlar. Üç gün, üç gecə bazar-dükanın tüstüsü çıxır. Təxminən 85 dükan, 75 anbar və boş dükan yandırılır. [48]

Noyabrın 30-da ermənilər və kazaklar əlbir olaraq Cəhri kəndini yandırmış və talan etmişdilər. [49]

M. S. Ordubadinin “Angil” adlandırdığı Naxçıvan qəza rəisi kapitan Aksel Enkel 1905-ci ildə baş verən erməni-müsəlman davasında təxribatçılıqla məşğul olduğuna, günün-günorta çağı öz gözətçilərinin köməyi ilə müsəlman kəndlərini qarət etdiyinə görə 1906-cı ilin dekabrında “Difai” partiyasının üzvləri tərəfindən qətlə yetirilmişdi.[50]

Naxçıvan qəzasında yerli əhalinin mütəşəkkilliyi, özünümüdafiə dəstələrinin mütəşəkkil erməni silahlı dəstələrinə qarşı ciddi müqavimət göstərmələri ermənilərin yeni-yeni əraziləri ələ keçirmək planlarını alt-üst etmişdi. Ona görə də Naxçıvan qəzasında ermənilər uzun müddət qınlarına çəkilərək silahlı hücumlara son qoymuşdular.

1906-cı ilin avqust-sentyabr aylarında erməni silahlı dəstələri qırğınların ağırlıq mərkəzini Zəngəzurun Oxçu-Şəbədək bölgəsinə keçirdikləri zaman qırğınlara son qoyulması üçün Ordubad nahiyəsində yaradılan könüllü dəstələr hərəkətə keçmişdilər. M. S. Ordubadinin verdiyi məlumata görə, erməni silahlı dəstələrinin Zəngəzurda törətdikləri vəhşiliklərin qarşısının alınması tələbi ilə Ordubaddan Yelizavetpol qubernatoruna yüzlərlə teleqram göndərilmiş və nəticədə general-qubernator Ordubada bir rota draqun süvarisi göndərməyi qərara almışdı. Saqqrasuya gələn həmin draqun süvarisinin və orada toplaşan 800 nəfərə yaxın Ordubadlı könüllülərin də köməyi və 1000 nəfərə yaxın Oxçu-Şəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilmişdi. Bundan sonra sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanmışdı.[51]

Gəlinən nəticə ondan ibarətdir ki, 1905-1906-cı illərdə erməni kilsəsinin və erməni siyasi partiyalarının maliyyələşdirdikləri silahlı dəstələrin Naxçıvan qəzasında silahlı gücünə etnik təmizləmə siyasəti həyata keçirməklə yeni erməni anklavı yaratmaq cəhdləri yerli əhalinin ciddi müqaviməti nəticəsində baş tutmamışdır.

Ümumiyyətlə, 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qoyulmuşdur[52].

Ermənilərin İrəvan quberniyası ərazisində, o cümlədən də Naxçıvan və Şərur-Dərələyəz qəzalarında 1905-1906-cı illərdə törətdikləri kütləvi qırğınlar, XIX-XX əsrlərdə soydaşlarımızın məruz qoyulduqları soyqırım və deportasiyalar silsiləsinin bir mərhələsidir.

 


Ədəbiyyat

 

  1. Ordubadi M. S. Qanlı illər. (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi). Bakı, 1991.
  2. Nəvvab M. M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, “Azərbaycan”, 1993.
  3. Hacıyev İsmayıl. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan, “Əcəmi”, 2012.
    1. Şahverdiyev Zəhmət. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı, “Elm”, 2008.
    2. Cəfərli Elman. Naxçıvanda erməni-Azərbaycan münaqişəsi. Bakı, “Nurlan”, 2009.
    3. Arzumanlı Vaqif, Mustafa Nazim. Tarixin qara səhifələri. Bakı, “Qartal”, 1998.
    4. Hacıyev Fəxri. Ermənilərin Cənubi Qafqaza kütləvi köçləri və 1905-ci ildə törətdikləri qətliamlar barədə (Gürcüstan arxiv mənbələri əsasında).  //Diplomatiya aləmi, 2010, № 27, s. 43-44.
    5. Ахмедов Ахмед. Азербайджанские тюрки в революции 1905 года. Баку : ИПО Азербайджан Милли Энциклопедиясы, 2002.
      1. Шавров Н. Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. С. Петербург, 1911.
      2. Джастин Маккарти, Каролин Маккарти. Tюрки и армяне. Руководство по Армянскому вопросу. (перевод с английского). Баку, Азербайджанское Государственное Издательство, 1996.
      3. Галоян Г. А. Рабочее движение и национальный вопрос в Закавказье. 1900-1922. Ереван, 1969. Заварян С. Экономические условия Карабаха и голод 1906-1907 г. Перевод с армянского, С. Петербург, 1907.
      4. Алибегов И. Елисаветпольские кровавые дни пред судом общества. Тифлис, 1906.
      5. A-do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla. İrəvan, 1907, Ayvazyanlar və Nazaryanlar mətbəəsi, (ermənicə).
      6. Villari Luigi. Fire and Sword in the Caucasus. London, T. F. Unwin, 1906.
      7. Кавказский календарь на 1907 г. Тифлис, Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, 1906.
      8. Кавказский календарь на 1906 год. Тифлис, Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, 1905.
      9. «Kaspi» qəzeti, 17 may 1905-ci il, № 90.
      10. «Kaspi» qəzeti, 18 may 1905-ci il, № 91.
      11. «Kaspi» qəzeti, 20 may 1905-ci il, № 93.
      12. «Kaspi» qəzeti, 21 may 1905-ci il, № 94.
      13. «Kaspi» qəzeti, 22 may 1905-ci il,  № 95.
      14. «Kaspi» qəzeti, 24 may 1905-ci il, № 96.
      15. «Kaspi» qəzeti, 25 may 1905-ci il, № 97
      16. «Kaspi» qəzeti, 9 iyun 1905-ci il, № 107.
      17. «Kaspi» qəzeti, 18 sentyabr 1905-ci il, № 181.

Abstract

Massacres perpetrated by Armenians in Nakhchivan and Sharur-Daralayaz in 1905

Mass slaughters and terrorist acts committed in Irevan provinces Nakhchivan and Sharur-Daralayaz in 1905 by the armed groups formed as structural divisions of Armenian political parties existed in the South Caucasus in the early 20th century, are represented in the article in chronological sequence. Also, the articles of Armenian authors concerning the above mentioned events were for the first time referred simultaneously with the articles of Azerbaijani authors, so a general picture of 1905-1906 years events was formed by means of comparative analysis.

Key words: Dashnaksutyun, Hnchak, Irevan, Nakhchivan, Sharur, Daralayaz, Armenians, Muslims, 1905-1906.

 

Резюме

Резня, совершенная армянами в 1905 г. в Нахчыванском и Шарур-Даралаязском уездах

В статье в хронологической последовательности отражаются акты массовой резни и терроризма, совершенные в 1905 году в Нахчыванском и Шарур-Даралаязском уездах Иреванской губернии армянскими вооруженными отрядами, сформированными в начале XX в. на территории Южного Кавказа в качестве структурных подразделений армянских политических партий. В данной статье посредством метода сравнительного анализа отражается общая картина событий 1905-1906 гг., а также впервые дается ссылка на произведения, посвященных этим событиям, как азербайджанских, так и армянских авторов.

Ключевые слова: «Дашнакцутюн», «Гнчак», Иреван, Нахчыван, Нахичевань, Шарур, Даралаяз, армяне, мусульмане, 1905-1906.


[1] Шавров Н. Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. С. Петербург, 1911, c.64.

[2] Hacıyev İsmayıl. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri. Naxçıvan, “Əcəmi”, 2012.

[3] Şahverdiyev Zəhmət. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı, “Elm”, 2008.

[4] Cəfərli Elman. Naxçıvanda erməni-Azərbaycan münaqişəsi. Bakı, “Nurlan”, 2009.

[5] Джастин Маккарти, Каролин Маккарти. Tюрки и армяне. Руководство по Армянскому вопросу. (перевод с английского) Азербайджанское Государственное Издательство,  Баку, 1996, c. 48.

[6] Галоян Г. А. Рабочее движение и национальный вопрос в Закавказье 1900-1922. Ереван, 1969, с. 70-77

[7] Ordubadi M. S. Qanlı illər. (1905-1906-cı illərdə Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixi). Bakı, 1991.

[8] Nəvvab M. M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, “Azərbaycan”, 1993, s. 13-14.

[9] A-do. Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla. İrəvan, 1907, Ayvazyanlar və Nazaryanlar mətbəəsi (ermənicə).

[10] Заварян С. Экономические условия Карабаха и голод 1906-1907 г. Перевод с армянского, С. Петербург, 1907.

[11] Алибегов И. Елисаветпольские кровавые дни перед судом общества. Тифлис, 1906.

[12] Yenə orada, s. 84.

[13] Кавказский календарь на 1906 год. Тифлис, 1905, I bölmə, s. 246.

[14] Villari Luigi. Fire and Sword in the Caucasus. London, T. F. Unwin, 1906, p. 218.

[15] Yenə orada, s. 273.

[16] Yenə orada, s. 223-227.

[17] Yenə orada, s. 275-282.

[18] Ordubadi M. S., göstərilən əsəri, s. 17.

[19] Yenə orada, s. 119.

[20] A-do, göstərilən əsəri, s. 64.

[21] Yenə orada, s. 106.

[22] Кавказский календарь на 1907 г. Тифлис, 1906, Статистический отдел, с. 150.

[23] Yenə orada, с.328

[24] Ordubadi M. S., göstərilən əsəri, s. 18-19.

[25] Yenə orada, s. 20.

[26] A-do, göstərilən əsəri, s. 71.

[27] Ordubadi M. S., göstərilən əsəri, s. 72-75; «Kaspi» qəzeti, 18 sentyabr 1905-ci il, № 181.

[28] Ordubadi M. S., göstərilən əsəri, s. 20.

[29] Yenə orada, s. 20.

[30] Tiflisdə nəşr edilən gündəlik ictimai-siyasi və ədəbi qəzet olan “Novoe Obozrenie”nin redaktoru Tiflis ermənisi K. Kələntərov idi. Zərərli istiqamətinə görə Tiflis hərbi qubernatoru qəzetin nəşrini 18.03.1906-cı il tarixindən dayandırmışdı.

[31] «Kaspi» qəzeti, 17 may 1905-ci il, № 90.

[32] Yenə orada.

[33] Yenə orada.

[34] «Kaspi» qəzeti, 18 may 1905-ci il, № 91.

[35] Yenə orada.

[36] Yenə orada. 

[37] «Kaspi» qəzeti, 20 may 1905-ci il, № 93.

[38] «Kaspi» qəzeti, 21 may 1905-ci il, № 94.

[39] «Kaspi» qəzeti, 22 may 1905-ci il, № 95.

[40] «Kaspi» qəzeti, 9 iyun 1905-ci il, № 107.

[41] «Kaspi» qəzeti, 24 may 1905-ci il, № 96.

[42] Yenə orada.

[43] «Kaspi» qəzeti, 25 may 1905-ci il, № 97.

[44] A-do, göstərilən əsəri, s. 111.

[45] Yenə orada, s. 112.

[46] Yenə orada, s. 115-118.

[47] Gürcüstan Mərkəzi Tarix Arxivi, fond 83, siy. 1, iş 32, v. 221; Bax: Hacıyev Fəxri. Ermənilərin Cənubi Qafqaza kütləvi köçləri və 1905-ci ildə törətdikləri qətliamlar barədə (Gürcüstan arxiv mənbələri əsasında). //Diplomatiya aləmi, 2010, № 27, s. 43-44.

[48] Ordubadi M. S., göstərilən əsəri, s. 21-22.

[49] Yenə orada, s. 22.

[50] Ахмедов Ахмед. Азербайджанские тюрки в революции 1905 года. Баку, Азербайджан Милли Энциклопедиясы, 2002. c. 283.

[51] Ordubadi M. S., göstərilən əsəri, s. 138-140.

[52] Arzumanlı Vaqif, Mustafa Nazim. Tarixin qara səhifələri. Bakı, “Qartal”, 1998, s. 52.

   Məqaləni PDF formatına çevir