Erməni siyasi partiyalarının və onların silahlı dəstələrinin 1905-1906-cı illərdə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında törətdikləri kütləvi qırğınlar, çoxsaylı terror aksiyaları barədə o dövrün arxiv sənədləri və dövri mətbuat materialları arasında kifayət qədər məlumatlar öz əksini tapmışdır. Zəngəzur qəzasının Qubadlı nahiyəsində ermənilərin törətdikləri qırğınlar etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu üçün bütöv şəkildə qəzada baş verən hadisələrlə bağlıdır. Qubadlı nahiyəsində baş verən qırğınlar Zəngəzur qəzasında ermənilərin törətdikləri qırğınların tərkib hissəsi olduğu üçün hadisələri xronoloji ardıcıllıqla izləməklə ümumi mənzərəni görmək mümkündür.
Həmin dövrdə nəşr edilən qəzetlərdə, xüsusən də Bakıda rus dilində nəşr edilən “Kaspi” qəzetində hadisələri xronoloji ardıcıllıqla əks etdirən məqalələr dərc edilmişdir. “Kaspi” qəzetində həmçinin 1905-1906-cı illər qırğınlarına aid digər dövri nəşrlərdə, xüsusən də “Novoe obozrenie”, “Tiflisskiy listok”, “Sant-Peterburqskoe novosti” qəzetlərində, habelə ermənicə nəşr edilən qəzetlərdə dərc edilən məqalələrin xülasələri işıq üzü görmüşdür. Zəngəzurda baş verən qırğınlar müəyyən dərəcədə Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” adı ilə çap edilən (Bakı, 1993) əsərində Zəngəzur qəzasının Sisyan və Vağudi kəndlərində ermənilərin törətdikləri qırğınlar və müsəlmanların ələ aldıqları əks tədbirlər haqqında yığcam olsa da məlumat verilmişdir. M.S.Ordubadinin “Qanlı illər” (Bakı,1911) əsəri Azərbaycan dilində 1905-1906-cı illər qırğınlarına həsr olunmuş ən sanballı əsər olsa da, yalnız Zəngəzur qəzasının Oxçu dərəsində və Qatar mis mədənlərində 1906-cı ilin iyulundan sonra baş verən qırğınlar öz əksini tapmışdır. Halbuki, ermənilər 1905-ci ilin may ayından etibarən müəyyən fasilələrlə Zəngəzurda terror və qırğınlar törətmişlər.
1905-1906-cı illərdə törədilmiş qırğınlara aid erməni müəlliflərinin bir neçə əsəri mövcuddur. Əsl adı Hovannes Ter-Martirosyan olan, lakin əsərlərini A-do imzası ilə çap etdirən müəllifin “Qafqazda erməni-türk toqquşmaları (sənədli, statistik, topoqrafik izahlarla” (İrəvan, 1907, ermənicə) əsərində Gəncə quberniyasının səkkiz qəzasından heç birində qırğınların və dağıntıların Zəngəzurda olduğu kimi böyük miqyasda və uzun sürən olmadığı xüsusilə vurğulanır. A-donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və 1897-ci il ümumrusiya siyahıyaalmalarının nəticələrinə istinadən statistik məlumatlar verir.
Digər erməni müəllifləri S. Zavaryanın “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı” (Sankt-Peterburq, 1907, rus dilində), İ. Alibeqovun “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” (Tiflis, 1907, rus dilində) əsərlərində 1905-1906-cı illər qırğınlarının əsl mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verirlər.
İndi isə qırğınların törədilməsindən öncə mövcud olan vəziyyətə nəzər salaq. XIX əsrin sonlarında formalaşan “Armenakan”, “Daşnaksutyun” və “Hnçak” erməni siyasi-terrorçu partiyaları öz məqsədlərinə nail olmaq üçün əvvəlcə Türkiyənin Şərqi Anadolu vilayətlərində, sonra isə Cənubi Qafqazda kütləvi qırğınlar törətmiş və terror aksiyaları həyata keçirmişlər. 1895-1896-cı illərdə Şərqi Anadoluda xarici qüvvələrin təhriki ilə baş qaldıran erməni üsyanları yatırıldıqdan sonra həmin iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Cənubi Qafqazda, əsasən də İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında yerləşmişdilər. Rus müəllifi N.Şavrovun yazdığına görə, 1896-cı ildə Cənubi Qafqazda 900 min erməni yaşamışdısa, 1908-ci ildə 1,3 milyon erməninin yaşadığı qeydə alınmışdı. Deməli, təkcə bu dövrdə kənardan Cənubi Qafqaza 400 min erməni gəlib yerləşmişdi.
Bununla belə, XX əsrin əvvəllərində Yelizavetpol quberniyasının 8 qəzasının hamısında azərbaycanlılar çoxluq təşkil edirdilər. Torpaqlarının böyük bir qismi azərbaycanlı mülkədarlarının və kəndliləlrinin əlində cəmləşmişdi. Erməni siyasi partiyaları öz nizamnamələrində nəzərdə tutulduğu kimi, məqsədlərinə çatmaq – yəni sənaye müəssisələrini və torpaqları ələ keçirmək üçün ciddi hazırlıq işləri görmüşdülər. 1905-ci ildə Rusiyada baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz niyyətlərini Zəngəzurda da həyata keçirsinlər. Ermənilərin başlıca məqsədləri isə Bakıda və Cənubi Qafqazın digər şəhərlərində sənaye müəssisələrini, İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında isə silah gücünə etnik təmizləmə həyata keçirməklə yeni-yeni torpaqlar ələ keçirməkdən ibarət idi.
Cənubi Qafqazda başlıca olaraq “Daşnaksutyun” və “Hnçak” partiyaları öz yerli təşkilatlarını yaratmış və nüfuz dairələrini genişləndirmək uğrunda bir-biriləri ilə mübarizə aparırdılar. Erməni terrorçu siyasi partiyalarının əsas məqsədlərini M.S.Ordubadi “Qanlı illər” əsərində kifayət qədər dəqiqliklə ifadə etmişdir: “İrəvandan Naxçıvana qədər yol üstündə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır olan əsgəri qüvvələrlə birləşdirmək Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri birləşdirmək kimi alçaq xəyallar”dan ibarət idi.
XIX əsrin sonlarından etibarən Zəngəzurda “Hnçak” və “Daşnaksutyun” partiyalarının özəkləri fəaliyyətə başlamışdı. Arxiv sənədləri göstərir ki, erməni təşkilatları hələ 1904-cü ildə Zəngəzurun erməni əhalisi arasında milli zəmində qarşıdurma yaratmaq istiqamətində təbliğat işini gücləndirmişlər. Bu məqsədə xidmət etmək üçün orada “Hnçak” və “Daşnaksutyun” partiyalarının şöbələrini yaratmış, əhalini silahlandırmış, alınan silahların bir hissəsi gizli yolla Bakıya göndərilmişdi. Zəngəzur sahə prokurorunun müavini İv. Yakubovski Yelizavetpol dairə məhkəməsi prokuroruna 4 iyun 1905-ci ildə göndərdiyi təqdimatında yazırdı ki, 1905-ci il mayın 31-də Xınzirək məktəbinin nəzarətçisi Nazaret Şirakuni dindirilərkən ifadəsində göstərmişdir ki, kənddə “Hnçak” və “Daşnaksutyun” partyaları fəaliyyət göstərirlər. Şirakuni Xınzirək komitəsinin keşiş Ter-David Ter-Arutyunov başda olmaqla daha üç nəfər təbliğatçıdan ibarət olduğunu və fəaliyyətinin bütün Zəngəzur qəzasını əhatə etdiyini bildirmişdir. O, həmin komitənin əhalidən pul yığanlarınin və terrorçularının da olduğunu öz ifadəsində göstərmişdir. Təbliğatçıların hər ay 120, pul yığanların 25-30 rubl aldıqırları, terrorçuların isə aylıq yox, hər bir qətlə görə xeyli məbləğ aldıqları məlum olmuşdur. Qeyd edilənlərdən asılı olmayaraq şahid Şirakuni öz ifadələrində göstərmişdir ki, keşiş Ter-Osip bütün ehtiyatda olan hərbi mükəlləfiyyətliləri kilsəyə yığaraq and içdirmişdir ki, orduya səfərbərlik zamanı hərbi qulluqdan imtina edəcəklər…”
“Məxfi” qrifi ilə saxlanılan başqa bir sənəddə isə qeyd edilir ki, 1904-cü ilin noyabrında Xınzirək kəndinin sakinlərindən 8 erməni prokurora verdikləri ifadələrində göstərmişlər ki, onlar 80-100 nəfərdən ibarət partiyanın rəhbərliyində dururlar. Partiyanın hər bir üzvündən ayda 80 qəpikdən 2 rubladək aylıq üzvlük haqqı alırlar. Yığılan pulları kəndin icma başçısının qardaşına verirlər. Həmin pullara icma başçısı Sarkis Bağdasarov və keşiş Ter-David Ter-Arutyunov silah və güllə alırlar. Sursat keşişin anbarında saxlanır. Mədənçi Martiros Şahzadov isə xalça almaq adı ilə kəndləri gəzir, pul yığır və həmin pulla güllə alır.
Həmin sənəddə göstərilir ki, oktyabrın 13-də keşiş Ter-Arutyunovun evində Cəbrayıl qəzasının rəisi Qaranı öldürmək üçün puşkatma keçirirlmişdir. Püşkatma nəticəsində üç nəfərə – xınzirəkli Arsen Dadaniyevə, ballıcalılı (Şuşa) Baxşı Musaelova və irəvanlı Surenə ölüm hökmünü icra etmək həvalə edilmişdir.
Bu sənədlərdən görünür ki, 1905-ci ilin fevralında Bakıda qırğınlar törətmək üçün hələ 1904-cü ildə Zəngəzur qəzasında pul yığılmış, silah və sursat alınaraq Bakıya göndərilmişdir.
Başqa bir arxiv sənədində göstərilir ki, 1905-ci il martın 5-də Zəngəzur qəzasının 1-ci polis sahəsinin sakinlərinin Yelizavetpol qurbernatoruna göndərdikləri müraciətdə qeyd edilirdi ki, hələ 1903-cü ildə polis məmuru Baqrat Əsilov 1-ci sahəyə rəis təyin edildikdən sonra bacanağı Qarakilsəli Vağarşak Safrazbəyovun göstərişi ilə şübhəli təbliğatçı rolunu öz üzərinə götürmüşdür. Əsilov və Safrazbəyovun fəaliyyətləri nəticəsində sahənin erməni və azərbaycanlı əhalisi heç bir səbəb olmadan bir-birlərinə qarşı düşmən kəsilmişlər. Qəza rəisi R. Pfelerin sayəsində Əsilov 1-ci sahədən uzaqlaşdırılsa da, 1905-ci ilin fevralında Bakıda qırğınlar başlanandan dərhal sonra Əsilov yenidən 1-ci polis sahəsinə gəlib, erməniləri qızışdıraraq söyləmişdir ki, iki millət arasında böyük iğtişaşlar gözlənilir. Əsilovun fəaliyyətinin qəzada tezliklə qırğınlara səbəb olacağından və bunun qarşısını hökumətin ala bilməyəcəyindən ehtiyatlanan yerli əhali qubernatordan təcili tədbirlər görməyi xahiş emişdi.
A-donun yazdığına görə, iyunun 24-də Xoznavarda gedən atışma zamanı türklər Baqrat bəy Əsilovu qətlə yetirmişdilər.
1905-ci ilin fevralında ermənilərin Bakıda başladıqları qırğınlar mart ayında İrəvana sirayət etmiş, may ayından etibarən isə Naxçıvanda davam etdilrilmişdi. Lakin erməni terrorçu dəstələrinin Naxçıvanda törətdikləri təxribat və qırğınlar yerli əhalinin mütəşəkkilliyi sayəsində geniş miqyas almamışdı. Erməni silahlı dəstələrinin Naxçıvanın kəndləri üzərindən Zəngəzura doğru hərkətlərinin qarşısı alındıqdan sonra yenidən İrəvan qəzasında qırğınlar törədilmişdi. Həmin dövrdə ermənilər Zəngəzuru sözün həqiqi mənasında barıt çəlləyiniə çevirmişdilər. Erməni terrorçu dəstələri tez-tez təxribatlar törədir, ətrafdakı azərbaycanlı kəndlərinə basqınlar edirdilər.
Zəngəzur qəzasında ilk qırğınlar 1905-ci ilin iyun ayında Naxçıvan qəzası ilə həmsərhəd olan iki kənddə törədilmişdi. Erməni müəllifi A-donun verdiyi məlumatdan belə qənaət hasil olur ki, iyunun 25-də Şağat kəndinin erməniləri ilə Ərikli kəndinin sakini Murtuzun dəstəsi arasında mal-qara üstündə dava düşür. Salvartı yaylağında olan Usublu, Əhmədallar, Kərimbəyli və digər elatlardan murtuzun dəstəsinə köməyə gəlirlər. Qonşu Əlili kəndinin ermənilərinin şağatlılara köməyə gəlmələri nəticəsində dava daha da böyüyür. Nəticədə 5 erməni yaralanır, 10 azərbaycanlı isə öldürülür. Sonra Gorusadan 100-yaxın kazaklar gəlir və davaya son qoyulur.
Ermənilər Naxçıvanın Şıxmahmud və Tumbul kəndlərində həyata keçirdikləri ssenarini Zəngəzurda da həyata keçirmişdilər. Belə ki, özləri 1905-ci il avqustun 16-da Gorusadan Qarakilsəyə qayıdan Zülfüqar Safrazbekyanı və onun oğlunu, habelə Brnakotlu iki ermənini Ağudi və Vağudi kəndlərinin sərhədində qətlə yetirmiş, təqsiri azırbaycanlıların üzərinə yıxmışdılar.
Ta qədimdən aran Qarabağın, hətta Cavad qəzasının heyvandarlıqla məşğul olan əhalisi yazda Zəngəzur və Dərələyəz dağlarındakı yaylaqlara köç edər, payızda isə geri dönərdilər. Türkmənçay müqaviləsindən (1928) sonra İrandan köçürülərək gətirilən ermənilərin bir qismi Zəngəzurun mülayim iqlimi olan dağətəyi zonalarında məskunlaşdırılmışdılar. Ona görə də əksər erməni kəndləri köç yollarının üzərində yerləşirdi. Ermənilər azərbaycanlıların yaylağa köçləri və geri qayıtdıqları zaman onlara basqınlar edir, elat əhalisini qətlə yetirir və mal-qarasını və məhsullarını ələ keçirirdilər. 1905-ci ilin yayında Şuşada, Xaçın dərəsində və Ağdam yolunda baş verən münaqişələrin xəbəri yaylaqdakılara çatdıqdan sonra onlar ermənilərin basqınlarından xilas olmaq məqsədilə arana enmək qərarına gəlirlər. Lakin köç yolu Gorus şəhərinin ermənilər yaşayan hissəsindən və Xndzoresk erməni kəndindən keçirdi. Avqustun 17-də ermənilər şayiə yayırlar ki, guya dağdan arana qayıdan Kərimbəyi və Kürdmahmudlu kəndlərinin köçəriləri Naxçıvan qəzasından olan 5 erməni qadınına türk libası geyindirərək özləri ilə aparırlar. Ermənilər həmçinin türklərin onların mal-qarasını oğurlayıb apardıqları barədə də şayiə yaymışdıalr. Pristav Voskresenski türkləri təqib edərək, vəziyyəti yerində öyrənmiş və ermənilərin yalan söylədiklərini təsbit etmişdi. Ermənilərlə atışan Voskresenski bir ermənini qətlə yetirmişdi.
Avqustun 18-də Minkəndin mirzəsi olan şamilin atası, Həmzalı kəndindən olan Niftalı bəy 15 nəfər dostları ilə birlikdə Gorusa daxil olan zaman şəhərin girəcəyində mövqe tutan erməni silahlıları onlara atəş açırlar. Şiddətli atışma baş verir, hökumət isə bunun qarşısının alınması üçün heç bir tədbir görmür. Nəticədə Niftalı bəy və onun dəstəsindən iki nəfər, ermənilərdən də iki gənc öldürülür. Bu hadisə ıtraf kəndlərdə yaşayan türkləri daha da qəzəbləndirir. Avqustun 20-də qubadlılı İldırım bəy Sultanov (İldırım bəy Qubadlı kəndində yaşamış, bölgənin ən varlı və vətənpərvər şəxsiyyətlərindən biri olmuşdur. Sovet Azərbaycanının qurucularından Çingiz İldırımın atasıdır – müəllif) nayihəsinin rus pristav Yevorskinin vasitəsilə Görüs ermənilərinə ultimatum göndərir. Ultimatumda Gorusda saxlanılan türkləri azad etmək, köçərilərin sərbəst hərəkəti üçün yol vermək, erməni silahlı dəstələrini Gorusdakı mövqelərindən uzaqlaşdırmaq və 1000 rubl təzminat ödəmək tələb olunurdu. Qəza rəisi Avaliani İldırım bəyin təzminat ödəmək tələbindən başqa digər tələblərin ödənilməsini təmin etdirmişdi.
Qarahunc kəndi də ermənilərin terror yuvasına çevrilmişdi. A-donun yazdığına görə, sentyabrın 6-da Gorus həbsxanasından azad edilən Məzməzəkli Xanlar bəy Qarahunc kəndinin yaxınlığından keçərək evinə qayıdarkən ermənilər tərəfindən izlənərək güllələnir. Bu terror əməlinə görə Qarahunc kəndinin erməniləri ekzekuasiyaya (cəriməyə) məruz qoyulmuşdu. Qarahunclular 1500 rubl cərimə edilmiş, üstəlik, 150 kazakın 12 gün ərzində ərzaq və digər tələblərinin ödənməsi ermənilərin üzərinə qoyulmuşdu.
Sentyabrın 18-də Yelizavetpolun general-qubernatoru Takayşvili əhali arasında barışıq yaratmaq məqsədilə Gorusa gəlir. Vəziyyətlə yerində tanış olduqdan sonra Takayşvili ermənilərin təqsirkar olduqlarını bildirir. O, iğtişaşların təşkilatçıları kimi Gorusdan 10, Dığ kəndindən isə 15 ermənini həbs etdirir.
1905-ci il sentyabrın 22-də Xoznavar və Xnaçax erməniləri ətraf kəndlərdən gələn silahlı dəstələrin köməyi ilə türk kəndlərinə hücum edərək Bayandurda 50, Hələkdə 35, Kosalarda 25, Malıbəyləidə 50, Cağacurda 40, Çaylıda 10, Kalavalaxda 25, Novruzluda 15 evi sakinləri ilə birlikdə yandırıb dağırdılar. Birinci üç kənd isə tamamilə qarət edilir.
“Kaspi” qəzeti 5 noyabr 1905-ci il tarixli sayında “Kavkaz” qəzetinə istinadən yazırdı ki, “Yelizavetpolun müvəqqəti qubernatoru oktyabrın 27-də Gorusdan Qafqaz canişininə aşağıdakı məzmunda teleqram göndərmişdir: “Gorusdan çıxaraq iki gün ərzində Cəbrayıla çatdım. Vəziyyətlə tanış olaraq sizin nəzərinizə çatdırıram ki, əvvəllər görülən tədbirlər nəticəsində qəzada sakitlik bərqərar olmuşdur. Oktyabrın 16-dan isə müxtəlif yerlərdən gəlmələrdən və fərarilərdən ibarət olan erməni bandası Zəngəzur qəzasından Qaryagin qəzasına keçdikdən və dağlıq erməni kəndləri olan Zamzur, Daşbaşı, Cilan və digər kəndlərin sakinləri ilə birlikdə tatar kəndləri olan Aşıxmalikli və Tararlı kəndlərinə hücumları nəticəsində 8 tatar öldürülmüş, meyitlərin başları bədənlərindən qoparılmış, bəzilərinin sağ əli və sağ qulaqları kəsilmişdir. Meyitlər elə eybəcər hala salınmışdır ki, bütün bunlar şəriət qaydalarına görə Qaryagin qəzasının müsəlmanları arasında çaxnaşma yaratmışdır. Qətllərin bütün iştirakçıları təhvil verilənədək təqsirkar erməni kəndlərində ekzekuasiya qoyulmuşdur.
Erməni müəllifi A-donun yazdığına görə, 1905-ci il mayın 22-də Ərəfsə kəndindən Seyid Adıgözəl yoxa çıxır. Bu hadisə Sisyan kəndinin 200 evdən ibarət türklərini daha çox həyəcanlandırır. Sisyan kəndi Ağkənd, Əlili, Təzəkənd və Tolors kəndlərinin əhatəsində yerləşirdi. Noyabrın 23-də sisyanlılar Təzəkənd kəndini iki tərəfdən mühasirəyə alırlar. Təzəkəndlilər qonşu Əlili kəndinə qaçırlar. Üç gündən sonra sisyanlıların Comərdli və digər türk kəndlərinin köməyi ilə Təzəkəndə hücumları baş tutur. Noyabrın 26-da ətrafındakı erməni kəndlərindən Təzəkəndə gələn ermənilər Sisyan üzərinə birgə hücuma keçirlər. Türklər çoxlu itki verdikdən sonra kəndin ortasındakı təpənin üstündə yerləşən köhnə qalanın qalıqları arasına çəkilirlər. Ermənilər 50-yə qədər evi yandırıb, kəndin mal-qarasını özləri ilə aparılar. Əsgərlərin kəndə gəlib yetişməsindən sonra silah gücünə Sisyan ermənilərdən təmizlənir. Sisyanlılardan 50-dən çox ölən və yaralanan olur. Ermənilərdən 5 nəfər öldürülür. Bu münaqişədən sonra bölgədə bir müddət sakitlik hökm sürür.
Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabında “Sisyan kəndinin əhvalati” bölməsində hımin faciəni belə təsvir edir “Ermənilər böyük və qüvvətli dəstə yaradaraq müsəlmanların yaşadıqları Sisyan kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları və patronları az olduğuna görə döyüş onlar üçün ağır keçdi. Erməni quldurları kənd əhalisindən 20 nəfərini öldürdü, xeyli insan isə yaralandı. Müsəlmanlar az olsa da, bu şəhidlərin əvəzini çıxdılar. Bir neçə saat atışmadan sonra ermənilər geri qayıtdılar. Həmin günün səhərisi Sisyan kəndinin əhalisindən bir neçə nəfər Qalaya gələrək imkanları daxilində tüfəng və patronlar alıb kəndə gətirdilər. Bununla yanaşı, onlar Sisyan kəndinin ətrafında yerləşən müsəlman kəndlərinə, o cümlədən kürd tayfasına müraciət edib kömək istədilər. Sisyana ətraf kəndlərdən kömək gəldikdən sonra ermənilər yaşayan Dərəbas (bu zaman Dərəbas kəndinin azərbaycanlıları kəndi tərk etmişdilər. Yəqin ki, bu səbəbdən də M.M.Nəvvab bu kəndi erməni kəndi adlandırmışdır – müəllif) kəndinə hücum etdilər. Onlar kəndi hər tərəfdən mühasirəyə alaraq kəndin içinə doldular. Kənd əhalisindən olan kişiləri qətlə yetirdilər. Müsəlmanlar kənddə olan övrət-uşaqlarla işləri olmayıb onları döyüş meydanından kənara çıxarırdılar. Müsəlman igidləri Dərəbas kəndində öz əməliyyatlarını başa çatdırdıqdan sonra geri qayıtdılar. Səhərisi gün isə Lor kəndinin üstünə yeridilər. Bu kənddə də ermənilərə qüvvətli zərbələr endirərək böyük qənimətlə Sisyana qayıtdılar.”
1905-ci il dekabrın 17-də erməni silahlı dəstələri 102 evdən ibarət Böyük Cicimli və 26 evdən ibarət Kiçik Cicimli kəndləırinə hücum edirlər. Kiçik Cicimli tamailə darmadağın edilir, Böyük Cicimli kəndinin əhalisi qaçmağa müvəffəq olsa da, evləri qarət edilir. Erməni müəllifi A-do ermənilərin bu hərəkətini vəhşilik adlandırır və acı olsa da bubu qeyd etməyə bilmədiyini yazır.
Sisyandan Gorusa gedən yol Ağudi və Vağudi kəndlərindən keçirdi. Ətraf kəndlərdə yaşayan ermənilər Gorusa getmək üçün ya Ağudi və Vağudinin ərazisindən keçməli, ya da yollarını dəyişib dağlara, dərələrə getməli idilər. Ona görə də ermənilər Ağudi və Vağudini aradan götürməyi qərara almışdılar. A-donun yazdığına görə, dekabrın 25-də böyük bir erməni silahlı dəstəsi Ağudi üzərinə hücuma keçir. Ağudililər böyük itki verərək Vağudi kəndinə qaçırlar. Kənddə qalanların bir hissəsi isə məsciddə gizlənmişdi. Hücum edən ermənilərin bir hissəsi kəndin girəcəyindəki mövqelərdə qalmış, digər hissəsi isə kəndə soxulmuş, evləri yandırıb dağıtmağa başlamışdı. Bu zaman Şəki kəndinin türkləri köməyə çatırlar və davanın gedişi dəyişir. Bundan sonra ətrafındakı türk kındlərindən, eləcə də Dərəbasdan köməyə gəlirlər. Kəndə hücum edən ermənilər mühasirəyə düşürlər və onlar geri çəkilmək məcburiyyətində qalırlar. Bu hücum zamanı ağudililər 60 nəfərdən çox, ermənilər isə 22 nəfər itki verirlər.
M.M.Nəvvab ermənilərin Sisyan kəndində törətdiyi qırğınlardan sonra Vağudi kəndində törətdikləri qırğınlardan bəhs edir. Nəvvab yazır: “Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Vağadü müsəlman kəndinə hücum etdilər. Vağadü kəndi Sisyan mahalında yerləşirdi. Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mühasirəyə alırlar. Qabaqcadan hazırlıq görərək silah və patron tədarük etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağadü kəndinin əhalisi tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox erməni vurub yıxdılar. İkinci atışmada isə ölən ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar «Ya Allah», «Ya Əli, səndən mədəd» deyib daha şiddətli atəş açmağa başladılar və yüz nəfərəcən erməni öldürdülər. Ermənilərə rəhbərlik edən Stepan Stepanyans adlı qımdat karıxıb bilmirdi ki, nə etsin. Bu zaman müsəlmanların atəşindən üç güllə ona dəyib yerə sərdi. Ermənilər öz başçılarının yerə yıxılaraq çabaladığını görən kimi qaçmağa başladılar. Müsəlmanların təqib etdiyi ermənilərin bir hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib. O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmanlara qismət olmasın. Tüfəngin qundağı sınsa da, özü salamat qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb dişi ilə parça-parça etdikdən sonra yıxılıb öldü. İrəli gəlib gördülər ki, həmin əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə bir neçə min manat pul var imiş. Belində də bir onaçılan qəribə tapança var idi. Deyilənə görə, onun qoltuğundan bir kağız da çıxıb. O kağızda bu sözlər yazılıbmış: «Qafqaz ermənilərinin qubernatoru Stepanyans». Xülasə, ermənilər öz yaralılarını da götürüb getdilər. Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü təxmin edildi.”
Dərəbas dərəsində bir-birinin ardınca Şinətağ, Lor, Geğatag, Dərəbas, Lçen və Şamb kəndləri yerləşirdi. Bu kəndlərdən 4-də ermənilər, Dərəbas və Şamb kəndlərində isə ermənilərlə türklər qarışıq yaşayırdılar. Dərəbasda 215 türk, 36 erməni ailəsi, Şambda isə 20 türk 35 erməni ailəsi mövcud idi. Noyabrın sonlarında Gorus yolunda 2 erməni öldürülür. Onların qətlində Dərəbas türklərindən şübhələnirlər. Vəziyyət gərginləşir. Dərəbasdan 20-30 ailə kəndi tərk edir. Onların evlərində Şambdan olan ermənilər yerləşir. Digər erməni kəndlərindən isə ermənilər Dərəbasa yığışırlar. Dekabrın 26-da erməni silahlıları türk evlərinə hücum edirlər. Kəndin əhalsinin bir hissəsi dağlara qaçır, qalanları isə kənddəki üç böyük evdə – Molla Əbülhəsən, Ələkbər bəyin və Abbas Ələkbər oğlunun evində sığınacaq tapırlar. A-do erməni vəhşiliyini belə təsvir edir: “Evlərində gizlənmiş ermənilər köməyə gələnlərin qışqırıqlarını eşidən kimi vəhşiləşmiş kimi küçəyə atıldılar, türklərin evlərinə hücum edərək, talan edib yandırdılar. Onlar yanğınları və talanları davam etdirərək, yuxarıda adları çəkilən evlərə çatmışdılar, hansı ki, orada türklər böyüklü-kiçikli, arvadlı-uşaqlı sığınacaq tapmışdılar. Ermənilər burada cinayətkarlığın ən dəhşətli formasını həyata keçirdilər. Onlar bu üç evə od vurub, insanları içində sağ-sağ yandırdılar. Cinayət alovlar və dağıntılar içində həyata keçirildi və çoxsaylı insanlar məhv oldu. Biz o yanmış evlərin insan sümükləri ilə qarışmış külünü gördük və sarsıldıq, o qatilləri, daha çox da dəhşətli cəhənnəmi törədənləri lənətlədik… Öldürülmüş, yandırılmış, meyitləri səpələnmiş adamların sayı 272 nəfərə çatırdı”. A-do Dərəbasda törədilən bu cinayətin yerli hakimiyyətin ciddi araşdırılmasını münasib görmədiyini, polisin yalnız bir protokol tərtib etməklə işini bitmiş hesab etdiyini qeyd edir..
1905-ci il dekabrın 29-da Tatev erməniləri türklərin yaşadıqları Kürdlər adlanan kəndə hücum etmiş, lakin müqavimət göstərə bilməyərək, çoxsaylı itki verərək kəndi tərk etmək məcburiyyətində qalmışdılar. Kənd talan edilmiş, sonra isə yandırılaraq xarabalığa çevrilmişdi. A-do ermənilərin bu hərəkətinə heç bir əsas tapa bilmədiyini, bu hücumu barbarlıq və məhkum olunası əməl kimi xarakterizə etmişdir.
Ermənilərin Sisyan, Ağudi, Dərəbas və digər kəndlərdə törətdikləri vəhşiliklər öz növbəsində azərbaycanlıları da qisas almağa vadar edirdi. Azərbaycanlılar xəbər almışdılar ki, məşhur quldurbaşı Keri (Əsl adı Arşak Kafavyan olan bu erməni qulduru 1858-ci ildə Ərzurumda anadan olmuş, Şərqi Anadoluda baş qaldıran erməni qiyamçı dəstələrindən birinin başçısı olmuş, 1905-ci ildə Zəngəzura gələrək erməni quldur dəstələrinə başçılıq etmişdi – Müəllif) Əngələkət (Angeğakot) kəndindədir və onun başçılığı ilə türk kəndlərinə yeni hücum hazırlanır. 1906-cı il yanvarın 6-da Ağudu, Vağudi, Urud, Şəki və digər kəndlərdən yığışmış türklərin böyük bir dəstəsi Əngələkət kəndinə hücum edir. Dəstəyə Şahsuvar bəy başçılıq edirdi. Hər iki tərəfdən onlarla itki verdikdən sonra atışma kəsilir və bir müddət sakitlik hökm sürür.
“Kaspi” qəzeti 13 yanvar 1906-cı il tarixli sayında “Novoe Obozreniye” qəzetinə istinadən yazırdı ki, dekabrın 25-də ermənilərlə toqquşma nəticəsində 70 nəfər ağudili qətlə yetirilmiş, 30 ev yandırılmışdır. Daha sonra ermənilərin 278 nəfər Dərəbas kəndinin tatarlarını öldürdüyü xəbəri verildi.
1906-cı il yanvarın 9-da Sarallı və Xaçtəpə kəndlərinin türkləri ilə Yeğvard kəndinin erməniləri arasında dava düşür və iki nəfər türk öldürülür. A-donun verdiyi daha bir məlumata görə, yanvarın 18-də və 19-da İldırım bəyin başçılığı ilə türklər Qafan nahiyəsinin Zeyvə kəndinə hücum edirlər. Lakin A-do İldırım bəyin erməni kəndinə hücumunun səbəbini açıqlamır. Əslində isə Zeyvə kəndi erməni terrorçularının yuvasına çevrilmişdi. İldırım bəy ətraf müsəlman kəndlərini vahimə içərisində saxlayan, tez-tez silahlı basqınlar edən erməniləri susdurmaq məqsədilə Zeyvə kəndinə hücum etmək məcburiyyətində qalmışdı.
1906-cı il fevralın 20-də Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman sülh məclisi (qurultayı) öz işinə başlayır. Həmin məclisdə Zəngəzur qəzasını aqronom Qubadlı bölgəsinin Hacılı kəndindən olan Cəlil bəy Sultanov (O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasından parlamentin üzvü seçilmişdi – müəllif) təmsil edirdi. Ermənilər milli münaqişənin böyük miqyas almasının səbəbini türklərin savadsızlığı və elmsizliyi ilə izah etməyə çalışsalar da, azərbaycanlı nümayəndələr iğtişaşların baiskarlarının erməni siyasi təşkilatları və onların terrorçu dəstələri olduqlarını faktlarla sübut edirlər. Erməni nümayəndələri təklif edirlər ki, elatların köçü qadağan edilisin. Bununla da ermənilər azərbaycanlıları ərzaq məhsullarından məhrum etmək istəyirdilər. Ermənilərin bu niyyəti də baş tutmur. Qafqaz Casnişinliyinin ciddi tədbirlər ələ almaq niyyətində olmadığını yəqin edən ermənilər sülh məclisi başa çatdıqdan az bir müddət sonra yenidən qətl və qarətlərini davam etdirmişdilər.
6 mart 1906-cı ildə “Daşnaksutyun” partiyasının Qafan komitəsi Oxçu dərəsinin nüfuzlu ağsaqqalları, erməni silahlı dəstələrinin hücumlarına qarşı əhalinin səfərbər edilməsində mühüm rol oynayan Hacı bəy və Molla Hacıya qarşı terror aksiyası keçirmək haqqında qərar qəbul etmişdi. Həmin qərar bir müddət sonra icra edilərək onarın hər ikisi qərlə yetirilmişdilər.
Zəngəzur qəzasının 4-cü sahəsinin pristav əvəzi Məlik Abbasovun qəza rəisinə 1906-cı il martın sonlarında göndərdiyi məxfi raportunda qeyd edilirdi ki, Zəngilan rayonundan Qatar zavodlarına, Şıxavuzdan həmin zavodlaradək yollar tamamilə bağlanmışdır. Ermənilərin məskun olduqları ərazilərin yolları üzərində qanunsuz erməni silahlı dəstələrinin, azərbaycanlı icmalarının məskun olduqları rayonların yolları üzərində isə İrandan qaçaq yolla gələn quldurların dərəbəylik etdikləri raportda öz əksini tapmışdı. Məlik Abbasov qəza rəisindən erməni quldurlarının cəmləşdiyi Şıxavuz və Qaragöl kəndlərindən hər hansı birinə 100 kazak əsgərinin göndərilməsinin bölgədə quldurluğun qarşısının alınmasına yardımçı olacağını vurğulayır. Məlik Abbasov 4-cü sahədə sülh və sakitliyin bərqərar olmasında Meğrili Keşiş Ter Vahanın, Lehvazlı Kərbəlayi Mehdi Hacı Allahverdi oğlunun, oğlanları ilə birgə Vağrivarlı David Axpercanovun, Əldərəli Həsənqulu bəy Sərməstbəyovun xidmətlərinin olduğunu yazırdı.
Zəngəzur qəza rəisinin tapşırığı ilə yerlərdə barışıq komissiyaları yaradılmışdı. Lakin həmin komissiyaların fəaliyyəti “Daşnaksutyun” partiyasının məramına zidd idi. Ona görə də komissiya üzvlərinə qarşı terror aksiyaları həyata keçirirdilər. Yelizavetpol qubernatoru A.Kalaçovun 24 aprel 1906-cı ildə Qafqazın canişininə göndərdiyi raportda “Daşnaksutyun” partiyasının Bığ kəndindəki muzdlu qatili Peto adlı erməninin üç naməlum ermənilərlə birlikdə barışıq komissiyasının üzvləri Hacı bəy Məlik Şəfiyevin və Molla Hacı Mir Əbdüləzim oğlunu qətlə yetirdikdən sonra həmin kənddə gizləndikləri qeyd edilmişdi.
1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalsini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı.
Rəsmi hakimiyyət təmsilçiləri erməni-müsəlman davasında ya ermənilərin tərəfini saxlayır, ya da bütün qanunsuzluqlara göz yumurdular. Gorus sahəsinin müsəlmanları 25 iyul 1906-cı ildə Qafqaz canişininə teleqram göndərərək Zəngəzur qəzasının rəisi Mitkeviçin öz vəzifəsinin öhdəsindən gəlməməsindən şikayətlənirdilər. Teleqramda bildirilirdi ki, iyulun 9-da Gorusun müasir silahlarla silahlanmış komitəşiləri (erməni terrorçu partiyaları nəzərdə tutulurdu) Eyvazlar və Davutlu kəndlərinin köçərilərinə qəfildən hücum etmiş, çobanı yaralamışlar. Müsəlmanlar qorxu içərisində qaçaraq Ağudi və Vağudi kəndlərinə sığınmışlar. Ermənilər Eyvazlıların 900 qoyununu, Davutluların isə 600 qoyununu və 300 iribaşlı heyvanını aparmışlar. Köçərilər arana təhlükəsiz enmək üçün qəza rəisi Mitkeviçə müraciət etmişlər. Mitkeviç onları əmin etmişdir ki, yolların təhlükəsizliyi təmin ediləcək və təqsirkarlar cəzalandırılacaq. Qəza rəisinə inanan köçərilər yola çıxmış, lakin yenidən ermənilərin hücumuna məruz qalmışlar. Pusquda duran ermənilər iki tərəfdən hücum edərək bu dəfə eyvazlıların 50 baş iribuynuzlu heyvanını və 15 xurcununu aparmışlar. Qəza rəisinin heç bir tədbir görmək istəmədiyini görən köçərilər Qafqaz canişinindən onlara vurulan ziyanın ödənməsini və yeni qəza rəisinin təyin edilməsini xahiş etmişdilər. .
“Kaspi” qəzeti 12 sentyabr 1906-cı ildə erməni qəzeti “Nor-Xosk” (“Yeni söz”) qəzetinə istinadən xəbər verirdi ki, Ordubada Zəngəzurdan təqribən min nəfər var-dövlətini itirən müsəlman qaçqınları gəlib. Qəzet həmin çılpaq və ac-yalavac qaçqınların dəhşətli görkəmləri olduğunu, onların vəziyyətlərinin düzəldilməsi üçün heç bir tədbir görülmədiyini yazırdı.
“Kavkaz” qəzetinin Gorusdan verdiyi xəbərə istinadən “Kaspi” qəzeti həmin tarixli nömrəsində yazırdı ki, avqustun son günlərində Ucanis, Akarak və digər erməni kəndlərinin silahlıları Sultanlıq, Əhməd bəy Qışlağı, Qurban Qışlağı, Atqız, Fərəcan, Xatın bağı, Saldaş və Göyyal kəndlərinə hücum edərək 15 qadın və kişini öldürmüş, bütün tikililəri yandırmış, 20 oğlan uşağını əsir aparmışlar. Daha sonra qəzet Zəngəzur qəzasının 3-cü polis sahəsinin “tatar” kəndlərindən Çullu, Danzaver (Armudlu), Ağvanlı, Yeməzli, Saralı, Xaşdan, Firudin bəy Qışlaqlı kəndləri, 5-ci sahədən isə İncəvar, Karxana, Xələc kəndləri tamamilə dağıdılmış və viran qoyulmuşdur. Xüsusən Karxana kəndinin bütün sakinlərini doğramışlar. Bunlardan əlavə, qəzet Qatar, Oxçu, Sabadin və Atqız kəndlərinin ciddi zərər gördüklərini yazırdı.
“Kaspi” qəzeti “Kavkaz” qəzetinə istinadən 22 sentyabr 1906-cı ildə yazırdı ki, sentyabrın 4-də Tatev və digər erməni kəndlərinin silahlıları Ağvanlı və Danzaver (Armudlu) kəndlərinə hücum etmişlər. Sonuncu kəndin bütün əmlakları və tikililəri yandırılmış, üc nəfəri qətlə yetirmiş, 4 nəfəri yaralamış və bir nəfəri əsir götürmüşlər.
Erməni silahlı dəstələri boşaltdıqları azərbaycanlı kəndlərində erməniləri məskunlaşdırırdılar ki, bir daha geri qayıtmaları mümkün olmasın. “Kaspi” qəzeti 11 oktyabr 1906-cı il tarixli sayında yazırdı ki, Zəngəzur qəzasının Harar kəndindən 30 erməni ailəsi özbaşına olaraq Cavanşir qəzasının Umudlu kəndində məskunlaşıblar. Təqribən 100 ailədən ibarət həmin kəndin digər sakinlərinin isə Şuşa qəzasının Xankəndi kəndi ətrafındakı “tatarlara” məxsus ərazidə məskunlaşmaq üçün yola çıxdıqları qeyd olunmuşdur.
M.S.Ordubadi “Qanlı illər”də 1906-cı ildə Zəngəzur qəzasının 5-ci sahəsində ermənilərin törətdikləri qırğınlar haqqında müfəssəl məlumat verdiyi üçün həmin hadisələrin qısa xronologiyasını oxucuların nəzərinə çatdırırıq. M.S.Ordubadi yazır ki, 1906-cı ilin yayında ermənilər Şuşa qəzasında məğlub olduqdan və öz niyyətlərinə çata bilmədikdən sonra əsas güclərini Zəngəzurun 5-ci sahəsinə yönəltmişdilər. Bu sahədə mis mədənləri və Oxçu dərəsindəki böyük və coğrafi mövqeyinə görə strateji əhəmiyyətli azərbaycanlı kəndləri yerləşirdi. Ordubadi Oxçu, Şəbədək, Pirdavudan və Atqız kəndlərinin müsəlmanlarının ən cəsur və sücaətli adamlar olduqlarını, erməniləri dəhşətə saldıqlarını qeyd edir. Ermənilərin Qafan (Qapan) dərəsində topladıqları silahlı qüvvələri kifayət etmədiyindən İrəvandan, Gümrüdən, Abarandan, Sörəyeldən əlavə qüvvələr çağırılmışdı. Şuşada məğlub edilən erməni silahlıları iyulun sonlarında mis mədənləri yerləşən Qatar tərəfə göndərilmişdi. Müasir silahlarla və toplarla təmin edilən ermənilər avqustun 9-da Oxçu-Şəbədək kəndlərinə hücum edirlər. Köhnə silahlarla silahlanan azərbaycanlılar 4 gün ermənilərə müqavimət göstərmiş, onları mövqelərindən çıxararaq Kecalan erməni kəndinə qovurmuşr və nəhayət, erməniləri məğlub etmişlər. Erməni komandirləri Qatardakı ehtiyat hissələrini və ətraf erməni kəndlərindəki silahlıları da cəlb edərək avqustun 14-də Oxçu-Şəbədək kəndlərini işğal edirlər. Silah-sursatı tükənən azərbaycanlılar Saqqarsu dağına çəkilirlər. Kəndi tərk edə bilməyənlərin hamısını ermənilər qətlə yetirib bir-birlərinin üstünə qalaqlamışdılar. Tək-tək sağ qalanlar çıl-çılpaq Ordubada və Cəbrayıl qəzasının kəndlərinə pənah aparmışdılar. Bu qanlı cinayətin təsvirindən aydın olur ki, XX əsrin sonlarında Xocalıda törədilən soyqırımın analoqu həmin əsrin əvvəllərində Saqqarsuda törədilmişdi.
Ordubaddan Yelizavetpol qubernatoruna vurulan yüzlərlə teleqramdan sonra general-qubernator Ordubada bir rota draqun süvarisi göndərir. Saqarsuda toplaşan 800 nəfərə yaxın Ordubadlı könüllülərin də köməyi, və 1000 nəfərə yaxın Oxçu-Çəbədək silahlılarının iştirakı ilə sentyabrın 16-17-də Oxçu-Şəbədək kəndləri ermənilərin işğalından azad edilir. Sağ qalan əhalinin yenidən öz kəndlərinə qaytarılması prosesi başlanır. Ordubad tərəfdən gələn silahlı dəstələrdən ağır zərbə alan ermənilər qırğınlara ara verməyə məcbur olmuşdular.
Ermənilərin Zəngəzurda törətdikləri qırğınlar Mirzə Rəhim Fənanın “1905-ci il hadisəsi” kitabında qısa da olsa işıqlandırılmışdır. M.R.Fəna yazır ki, Şuşa qalasındakı dava xəbəri ildırım sürətilə köçərilərə çatdıqdan sonra onlar dağlardan arana enmək qərarına gəlirlər. Şuşa köçərilərinin bəziləri dağdan еnən zaman Minkənd kəndinin erməni məhəlləsində yaşayanlar arasında toqquşma baş verir. Bu hadisənin sədası Gorus məntəqəsinə yetdikdə minlərlə erməni hərəkətə gəlib dağlar döşündə, dərələr küncündə məskunlaşan yerli ac-susuz və silahsız müsəlmanların üzərinə tökülüşüb qarışqa kimi onları dağıdıb, birinə də aman vermədən uşaqlı-böyüklü hamısını vəhşicəsinə qətlə yetirib sonradan yandırırlar. Ermənilər Malıbəyli, Qarıqışlaq, müsəlman Minkəndi, Buzlu, Sümüklü, Türklər, Sultanlı, Əcəbli, Qarz, Qazı, Qurdəli və s. kimi kəndlərə hər yerdən hücum edib onları viran qoyurlar. M.R.Fəna daha sonra yazır: “Atmağa bir silahı belə olmayan əliyalın camaatın üzərinə düşmən coşmuş dəniz kimi tökülüşür. Bu günahsız insanlara qarşı göstərilən zülm və vəhşət ancaq mənfur ermənibrə xas xüsusiyyətdir ki, onun şərhini qələmə almaq üçün daş ürəkli və polad təbiətli olmaq gərəkdir. Hadisə br bununla bitmir, Sisiyan mahalına, Bərguşad və Həkəri dərəsinə qədər yayılır… Bu zavallıların can və mal itkiləri həddindən artıq çox olur. Bununla yanaşı, Qaladərəli erməniləri saylarının, yaraq-yasaqlarının çox və yerlərinin möhkəm olmasına güvənərək islam ümmətinin yollarını bağlamağa başlayıb zəif müsəlman qonşularına həmlələr edib, ələ düşən müsəlmanı öldürmüşlər. Bu biçarə müsəlmanlar saylarının az və silahlarının olmaması səbəbindən müqavimət göstərə bilməyib məğlub olmuşlar. Lakin Bağırbəyli davasında müsəlmanlar çoxsaylı ermənilərin böyük əksəriyyətini qətlə yetirib onların hücumunu dəf etməyə müvəffəq olmuşlar. Qaladərəlilər müsəlmanlara vurduğu zərərə və törətdikləri cinayətlərə görə lazımi qisasa məruz qalmadılar. Belə ki, onlardan ciddi hesab istənilmədi. Həkəri dərəsində Əliquluuşağı deyilən erməni kəndinin sakinləri öz yerlərini boşaldıb qaçsalar da, zərərsiz keçinə bilmədilər.” Daha sonra M.R. Fəna ac-yalavac Zəngəzur qaçqınlarının vəziyyətini belə təsvir edir: “Noyabr ayının ikinci günündə (1906-ci il) öz yerlərindən didərgin düşən Zəngəzur, Malıbəyli əhli payızın şiddətli sazağı yetdikcə Zəngəzur məntəqələrində qalmağa imkan bulmayıb az və üryan övrət-uşaqla bir yerə yığılıb köç edərkən Xocalı postunda duran kazaklar qarşısından keçdikləri zaman yolu alt və üstündə pusquda duran ermənilər köçə tərəf atəş açırlar (bu məqam 1992-cil aprelin 26-da ermənilərin Xocalıda törətdikləri qırğınların ssenarisini xatırladır – müəllif). Kazaklarla söhbət edən quldurların başçısı naxçıvanikli Hatəm bəy Pirimov açılan atəşin köç tərəfindən guya kazaklara tuşlandığını söyləyir. Bu sözdən sonra kazaklar heç nə söyləmədən köç əhlinə hücum edərək onları gülləbaran edirlər. Zavallılardan bir ölür və dördü isə yaralanır. Məzlumların naləsi göyə ucaldıqda onların günahsız olduqları kazaklara məlum olur.”
M.R.Fəna daha sonra qeyd edir ki, həmin Hatəm bəyi “Daşnaksutyun” partiyasına etdiyi xəyanətə görə ermənilərin özləri qətlə yetirirlər, onun qardaşı Şəmir bu hadisədən sonra ermənilərdən üz döndərib müsəlmanların tərəfinə keçir, ailəsi ilə birgə Muğanlı kəndinə köçür və Kərbəlayi Kazımım evinə sığınır.
Azərbaycanlıların təşkilatlanması, “Difai” partiyasının ermənilərin terroruna terrorla cavab verməsi də onların silahlı qarşıdurmadan əl çəkmələrinə səbəb olmuşdu. Lakin qırğınlara son qoyulanadək yüzlələ kəndi ermənilər viran qoymuşdular.
Ümumiyyətlə, M.S.Ordubadinin verdiyi məlumata görə, ermənilər təkcə həmin ilin iyul ayından başlamış avqust ayının axırına qədər Zəngəzurun Xələc, Karxana, Qatar, İncəvar, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu, Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli, Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq kəndlərini viran qoymuş, əhalisini qətlə yetirmişdilər.
Erməni müəllifi S. Zavaryanın verdiyi məlumata görə isə 1905-1906-cı illərdə Zəngəzur qəzasında 43 müsəlman, 14 erməni kəndi dağıdılmışdır. Ümumiyyətlə isə, 1905-1906-cı illər erməni müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, əhalisi soyqırıma məruz qoyulmuşdur.
Digər erməni müəllifi A-do dağıntılara məruz qoyulan 43 azərbaycanlı kəndlərinin adlarını aşağıdakı kimi təsbit etmişdir: Bayandur, Hələk, Binəyeri, Kosalar, Malıbəyli, Cağazur, Çaylı, Kalavalax, Novruzlu, Cecimli, Hacılar, Bağırbəyli, Qarahunc, Unanav, Kürdlər, Ağvani, Danzaver (Armuldlu), Sisyan, Ağudi, Dərəbas, Pul, Ərikli, Şükar, Məliklər, Yeməzli, Xəştap, Almalı, Karxana, Qatar, Cibili, Xələc, Keçi-Şabadin, İncəvar, Çullu, Oxçu, Atqız, Pirdavudan, Əclıli, Buğaçıq, Kollu-Qışlaq, Mtnadzor, Sanalı.
1905-1906-cı illər qırğınları ərəfəsində Zəngəzur qəzasında mövcud olmuş 406 yaşayış məntəqəsindən 314-də azərbaycanlılar yaşamışlar. O dövrdə təkcə İrəvan quberniyası və Zəngəzurda mövcud olmuş 1273 yaşayış məntəqəsindən bu gün, Naxçıvan qəzası xaric, bütün kəndlər azərbaycanlılardan təmizlənmişdir. Deməli, 1905-1906-cı illərdə həmin ərazilərdə azərbaycanlılara qarşı silah gücünə etnik təmizləmə siyasəti həyata keçirilmişdir ki, bu da mahiyyətcə soyqırım deməkdir.
Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı
Bakı: Turxan, 2013, s. 132-155.