Nazim Mustafa: “Həm 1918-ci il soyqırımı zamanı, həm də birinci Qarabağ müharibəsində ermənilər eyni istiqamətlərdən hücum edirdilər”

Nazim Mustafa 1024x682 Nazim Mustafa: “Həm 1918 ci il soyqırımı zamanı, həm də birinci Qarabağ müharibəsində ermənilər eyni istiqamətlərdən hücum edirdilər”

Nazim Mustafa 1905.az web portalına müsahibə vermişdir. Həmin müsahibəni sizə təqdim edirik.

Tarixçi alim Nazim Mustafa Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan MEA Tarix İnsitutunun əməkdaşıdır. Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 1905-1906-cı il soyqırımını əsas tədqiqatçılarındandır.

– Nazim müəllim, 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım Azərbaycan elmində az tədqiq olunmuş sahələrdəndir. Bu hadisələrin əsas tədqiqatçılarından biri sizsiniz. Əslində həmin hadisələrin əsas səbəbləri hansılardır?

-1905-1906-cı illərdə ermənilərin Cənubi Qafqazda törətdikləri soyqırımı “Daşnaksütyun” və “Hnçak” erməni siyasi partiyalarının azərbaycanlıların etnik təmizlənməsi yolu ilə öz soydaşlarına yaşayış üçün yer əldə etmək istəyinin nəticəsi idi.

Ermənilərin 1894-1896-cı illərdə  Türkiyə ətazisində törətdikləri iğtişaşlar yatırıldıqdan sonra həmin hadisələrin iştirakçısı olan  400 min nəfər erməni Cənubi Qafqazın müxtəlif regionlarına köçmüşdü. Onların əksəriyyəti əlində silahla gəlmişdi. Türkiyədən gəldiklərindən onlar üçün giriş qapısı azərbaycanlıların yaşadıqları indiki Ermənistan ərazisi olub. Aydındır ki, həmin ərazidə azərbaycanlılar yaşadığından və torpaqlar onlara məxsus olduğundan ermənilərin yaşamaları üçün yer yox idi. Onlar əsasən İrəvanda məskunlaşmağa cəhd göstərirdilər. Çünki şəhərdə yer tapmaq nisbətən asan idi.

1903-cü ildən başlayaraq daha öncə İran və Türkiyədən köçürülüb məskunlaşan ermənilər və sonradan köçüb gələn 400 min nəfər erməni açıq separatçılıq hərəkatına start verdilər. Bu separatizm çar hökumətini narahat edirdi. Çünki həm Türkiyədə, həm də Qafqazda muxtariyyət əldə etməyə çalışan ermənilər sonrakı mərhələdə bu muxtariyyətləri birləşdirərək vahid Ermənistan dövlətini yaratmağı hədəfə almışdılar. Erməni şovinizminin, millətçi erməni partiyalarının, onların nəzdindəki silahlı dəstələrin maliyyə mənbəyi və silah anbarı rolunu erməni kilsələri məharətlə oynayırdı. Erməni kilsəsinin, erməni separatizminin Rusiyanın özünə qarşı da ərazi iddiaları irəli sürməsi, Şərqi Anadoludan Voronejə kimi bir ərazidə “Böyük Ermənistan” dövlətinin qurulması ilə bağlı iddialarından sonra Çar Rusiyası ciddi narahatçılıq keçirməyə başladı. 1903-cü ildə Çar Rusiyası Qafqazın guya Böyük Ermənistan ərazisinin bir hissəsinin olması ilə bağlı dərslərin tədris olunduğu erməni məktəblərinin bağlanması, kilsə mülkiyyətinin Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında qərar çıxardı. Həmin qərar kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə ciddi zərbə vurmuşdu.

Bu hadisə erməni terroruna rəvac verdi. Ermənilər Çar Rusiyasının bütün hakim dairələrinə ultimatum göndərdilər ki, həmin qərar yerinə yetirilməyə başlasa, yetkili şəxslərə qarşı terror həyata keçiriləcək. Buna əməl də etdilər. İrəvanda, Qarsda çar məmurlarına qarşı terror hadisələri törədildi. Burada həm də məqsəd ondan ibarət idi ki, azərbaycanlılara qarşı gələcəkdə kütləvi qırğın törədiləcəyi təqdirdə hakim dairələrin buna mane olmalarının qarşısı alınsın. Sonrakı dövrdə Bakı qubernatoru Nakaşidzeni, Gəncənin vitse-qubernatoru Andreyevi öldürdülər. Bu şəxslər ermənilərin etnik təmizləmə siyasətinə maneçilik yaradan məmurlar idi. Bu yolla çar məmurlarının gözlərini qorxuda bildilər.

1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları qızışdı. Ermənilərin silahlı dəstələri çoxdan hazır olmalarına rəğmən azərbaycanlılar M.S.Ordubadinin təbirincə desək, qəflət yuxusunda idilər. Bu qırğınlar bir təsadüf nəticəsində deyil, məhz bütün Cənubi Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Bakıda ermənilərin əsas məqsədi neft mədənlərini ələ keçirmək idi. Çünki neft mədənləri erməni siyasi partiyalarının, erməni terrorçularının maliyyə mənbəyi rolunu oynayırdı. İri neft sənayeçiləri -mantaşevlər, mirzoyanlar və başqaları “Daşnaksütyun” və “Hnçak” partiyalarına aylıq üzvlük haqqı kimi böyük məbləğlər ödəyirdilər. Həmin vəsaitlər hesabına ermənilər silahlanırdılar. Fevralın 6-da Bakıda, fevralın 20-də isə İrəvanda qırğınlar başladı. İrəvan şəhərində o vaxt 30 min nəfər əhali yaşayırdı və bunların yarısı ermənilər, yarısı da azərbaycanlılar idi. Şəhər və ətraf erməni kəndləri erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmışdı və azərbaycanlı əhaliyə divan tutulurdu. İrəvandan sonra Naxçıvana keçdilər, lakin azərbaycanlıların mütəşəkkilliyi ermənilərə burada məqsədlərinə nail olmağa imkan vermədi. Məqsəd M.S.Ordubadinin yazdığı kimi, İrəvandan Naxçıvana, Naxçıvandan Zəngəzura, Zəngəzurdan isə Qarabağa kimi tutmaq və erməni anklavı yaratmaq idi. Naxçıvanda niyyəti baş tutmayan ermənilər may ayında yenidən İrəvanda iğtişaşlar törədirlər. Daha sonra Qırxbulaq mahalında və Eçmiədzin (Üçkilsə) qəzasında azərbaycanlı əhalini qırırlar. 1905-1906-cı illərdə ermənilər Bakıda üç, İrəvanda isə dörd dəfə qırğın törətdilər.

İrəvan quberniyasının bütün 7 qəzasında xeyli azərbaycanlı qırmışdılar. 150 azərbaycanlı kəndi boşaldılmışdı və onların sakinləri sonradan da geriyə qayıda bilmədilər. Növbəti mərhələdə isə Zəngəzur qəzasında azərbaycanlılara divan tutdular. Ən qatı qırğınlar da elə Zəngəzurda baş verdi. Həm də Zəngəzur o vaxt nisbətən aralıdakı bir qəza idi. Gəncədən Zəngəzura iki günə getmək olardı. Və ermənilər heç kəsin xəbər tutmadığı bir şəraitdə istədiklərini edirdilər. Təkcə Zəngəzur qəzasında 45 azərbaycanlı kəndini dağıtdılar. Qırğınlar Qazaxda və Gəncədə də davam etdi. Ermənilər Qazax-Gədəbəy istiqamətindən Gəncəyə, Zəngəzur istiqamətindən isə Qarabağ və Gəncəyə hərəkət etmək və beləcə Kürün sol sahillərini ələ keçirmək niyyətində idilər. Amma Qazax və Gədəbəy istiqamətində ermənilərin hücumlarının qarşısı alındı.

Çox maraqlıdır ki, həm 1918-ci il soyqırımı zamanı, həm də birinci Qarabağ müharibəsində ermənilər eyni istiqamətlərdən istifadə edirdilər.

Ümumiyyətlə isə 1905-1906-cı il qırğınlarının törədilməsində əsas məqsəd etnik təmizləmə nəticəsində erməni anklavları yaratmaq, sonra isə bu anklavları birləşdirməklə vahid erməni dövlətini elan etmək idi.

1905-1906-cı il hadisələri barəsində M.S.Ordubadi yazırdı ki, ermənilərin məqsədi odur ki, Xankəndində çiyninə silah alan bir erməni İrəvana kimi qarşısına bir müsəlman çıxmadan İrəvana kimi gedə bilsin. Təəssüf ki, 1905-1906-cı illərdə bu xəyallarını gerçəkləşdirə bilməyən ermənilər, 1988-1993-cü illərdə buna nail ola bildilər.

-Nazim müəllim, əvvəllər belə bir fikir yeridilirdi ki, guya çar hökuməti 1905-ci ildə Bakıda baş verəcək fəhlə həyəcanlarının qarşısını almaq üçün erməni-azərbaycanlı münaqişəsini planlaşdırıb. Halbuki qırğınların miqyası Bakının hüdudlarından çox uzaqlara yayılmışdı. Bu versiya nə dərəcədə doğrudur?

-Dediyim kimi, daha öncə terror hadisələri ilə ermənilər rus məmurlarını təhdid etmişdilər. Buna görə də onların əksəriyyəti bu qırğınlara loyal yanaşırdılar. Başqa bir faktı da qeyd edim. Qafqaz canişini Voronsov-Daşkovun arvadı Yelizaveta Qriqoryevna erməni əsilli idi. Onun “Daşnaksütyun” partiyasının liderlərindən biri olan Mesropla şəxsi münasibətləri var idi. Hətta canişinin evinin arxa qapısından onlara gedib-gəlirmiş. Erməni müəllifi Anaid Lalayanın yazdığına görə, 1905-1906-cı illər erməni-müsəlman qırğınına dair bütün məsələlər Voronsov-Daşkovun yataq otağında həll olunurdu. Hətta canişinin mühafizə xidmətinin rəhbəri olan bir polkovnik sonralar yazırdı ki, Voronsov-Daşkovun dəftərxanasının müdiri Peterson arxa qapıdan ermənilərə silah paylayırmış. Beləliklə, Qafqaz canişinin mövqeyi Çar Rusiyasının ayağına yazılır. O vaxt o, 84 yaşlı ahıl bir insan idi. Və cavan xanımı onun üstündə böyük təsirə malik idi və ermənilərə qarşı tədbir görülməsinə imkan vermirdi. Həm də rus-yapon müharibəsində uduzan,  büyük şəhərlərdə inqilabi şəraitin qarşısını almağa çalışan çar hökumətinin ucqarlara əli çatmırdı. Bu cəzasıqlıq şəraitindən istifadə edən ermənilər isə qırğınlar törədirdilər.

– Bəs bu qədər geniş coğrafiyaya malik olan qırğınlar necə dayandırıldı?

– O vaxta qədər ermənilərə ciddi yanaşmayan, onları güc kimi qəbul etməyən azərbaycanlılar bütün torpaqları itirə bilmələrinin reallığını hiss etdilər. Buna görə də azərbaycanlıların təşkilatlanma prosesi başladı. 1906-cı ildə ilk dəfə olaraq Gəncədə “Qeyrət” partiyası, “Difai”partiyası, Qazaxda İbrahim bəy Vəkilovun rəhbərliyi ilə “Müdafiə” partiyası yaradıldı. Qazaxda yaradılan partiya Qazax və Borçalı qəzasını erməni hücumlarından qorumaq məqsədi daşıyırdı. Əhməd bəy Ağayevin rəhbərliyi ilə yaradılan “Difai” partiyası isə Gəncəni və Yelizavetpol quberniyasını qorumağı məqsəd seçmişdi. Hətta bu partiya o qədər konspirativ şəraitdə təşkilatlanmışdı ki, çar hökuməti onun varlığından 1-2 il sonra xəbər tutdu. “Difai”nin Bakıda, Gəncədə, İrəvanda, Naxçıvanda, Qarsda, İqdırda şöbələri yaranmışdı. Onların fəaliyyəti nəticəsində qırğınların qarşısı alınmışdı. “Difai” partiyası erməni qırğınlarına göz yuman, ona loyal yanaşan çar məmurlarının cəzalandıracağı barədə bəyanatlar yaydı. Şuşanın general-qubernatoru Qaloşapov və Naxçıvan qəzasının rəisi Aksel Enkel partiya üzvləri tərəfindən erməni qırğınlarına göz yumduqlarına görə cəzalandırıldıqdan sonra, çar məmurları qəti tədbirlər görməyə başladılar. Erməni silahlı dəstələri tərk-silah olunmağa başladı. “Difai” partiyasının sərt tədbirlərindən sonra ermənilər barışıq komitələri yaratdılar ki, guya çar hökumətinin fitnəsinə uyublar.

1905-1906-cı illərdə erməni silahlı dəstələri tərəfindən 7 böyük şəhərdə 12 qəzada azərbaycanlılara divan tutulub, 200-dən artıq azərbaycanlı kəndi viran qoyulub.

-Bəs bu qəflət yuxusundan oyanan azərbaycanlılar yenidən necə yuxuya daldılar ki, 12-13 ildən sonra daha dəhşətli soyqırıma uğradılar?

– Bu bizim həm rəhmdilliliyimizdən, həm də unutqanlığımızdan irəli gəlir. Ermənilər barışıqdan sonra qınlarına çəkilərək, fürsət gözlədilər. Belə bir fürsət Birinci Dünya müharibəsi dövründə yetişdi. Türkiyə ərazisində muxtariyyətə nail olmaq istəyən ermənilərə Çar Rusiyası yardım edirdi. Ermənilərin silahlandırılması Qafqazdan həyata keçiririlirdi. Onu da deyim ki, Rusiya ordusunda 150 min nəfər erməni xidmət edirdi. Onlar ilk növbədə azərbaycanlılar yaşayan Şərqi Anadolunun kəndlərinə  hücum edirdilər. Bu ərazidə baş verən qırğınlar çox az tədqiq olunub. Çünki bu yerlər Rusiyanın tərkibində idi və türklərin həmin ərzilərə əlləri çatmırdı. Yalnız varlı azərbaycanlıların vəsaiti hesabına fəaliyyət göstərən Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti həmin yerlərdən qaçqın düşənlərə, yetim uşaqlara yardım göstərir, Bakıda və Gəncədə onlar üçün sığınacaq yaradır, onların müalicəsini təmin edirdilər.

Türkiyə cəbhəsində uğursuzluğa düçar olan ermənilər bu dəfə Qafaqazda öz dövlətlərini qurmaq niyyətinə düşdülər. Cəbhədən qayıdan ermənilər bu dəfə öz silahlarını məhz azərbaycanlılara qarşı yönəltdilər. Andronikin, Hamazaspın, Dronun və başqalarının silahlı dəstələri 500-dən artıq azərbaycanlı kəndini dağıtdılar. 1918-ci ilin mart-may aylarında isə azərbaycanlılara qarşı iri soyqırım oldu.

-“Erməni vilayəti”nin yaradılması üçün yer kimi nə üçün məhz İrəvan şəhəri seçildi?

-Deyim ki, “erməni vilayəti”nin yaradılması ermənilərin heç ağlına da gəlmirdi. Bu rusların ideyası idi. Bəzən belə bir fikir gedir ki, guya Rusiya erməni dövləti yaratmaq istəyirdi. Halbuki Rusiyanın belə bir fikri yox idi. Türkiyə ilə Rusiya arasında xristian buferinin yaradılmasını nəzərdə tuturdu. Belə bir bufer isə ancaq ermənilər ola bilərdilər. Yəni ruslar ermənilərdən alət kimi istifadə edirdilər. Çünki ermənilərin xislətini yaxşı öyrənmişdilər.  Onların təbəələri olduqları dövlətlərə qarşı xəyanətkar münasibətlərindən xəbərdar idilər.

-İrəvanın yaranma tarixi haqqında müxtəlif fikirlər var. Kimisi onun VII əsrdə yaradıldığını vurğulayır, kimisi isə Səfəvilər dövründə yarandığını irəli sürür. İrəvanla bağlı çoxsaylı tədqiqatların müəllifi kimi bununla bağlı Sizin fikirlərinizi öyrənmək maraqlı olardı.

-VII əsrdə guya Dvində din xadimlərinin bir toplantı keçirilməsi və orada guya İrəvandan iki ermənin iştirak etdiyinin səsləndirilməsi tamamilə yalandır. Bunu İrəvanın qədim erməni şəhəri olduğunu sübut etmək üçün uydurublar. Erməni tarixi tamamilə uydurmadır. Erebuniyə gəldikdə isə deyim ki, bu Urartu dövründə hərbi istehkam olub.  Burada ordunun təchizatı üçün müxtəlif anbarlar tikilib və orada yaşayış olmayıb. Bunu sadəcə olaraq Urartu dövlətinin erməni dövləti olduğunu elan etmək üçün düşünüblər. Lakin arxeoloji tədqiqatlar göstərdi ki, nə Erebuninin, nə də Urartu dövlətinin ermənilərə qətiyyən dəxli yoxdur.  İrəvan isə qala-istehkam kimi salınıb, sonradan isə onun ətrafında şəhər əmələ gəlib. Bu da məhz Səfəvilər dövründə baş verib. O vaxta kimi İrəvan azərbaycanlılar yaşayan balaca bir kənd olub. Ermənilər bu əraziyə xristian missionerləri kimi gəliblər və yerli hakimiyyətin razılığı ilə yol boyunca pulla satın aldıqları ərazilərdə  istirahətləri və ibadətləri üçün karvansaralar və kilsələr tikdiriblər.

– 1905.az saytına Sizin hansı tövsiyələriniz var?

– 1905.az saytının fəaliyyəti ilə xeyli vaxtdır tanışam. Çox faydalı bir işlə məşğul olursunuz. Əvvəllər fəaliyyətinizdə sistemlilik çatışmırdısa, indi bu duyulur. Belə də davam edin. Bir də mənbələrlə diqqətli işləyin.
Gündüz Nəsibov

1905.az

   Məqaləni PDF formatına çevir