“İrəvan şəhəri” elektron nəşri Mədəniyyət TV kanalında

İyulun 31-də Azərbaycan Televiziyasının Mədəniyyət televiziya kanalında “Əsrlərdən gələn səslər” verilişində (verilişin müəllifi Güllü Yoloğlu) Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafanın müəllifi olduğu “İrəvan şəhəri” əsəri və həmin əsər əsasında yaradılmış www.iravan.info saytı haqqında tamaşaçılara geniş məlumat verilmişdir. Veriliş zamanı əsərin müəllifi N. Mustafa İrəvan şəhərinin tarixi, o cümlədən şəhərin tarixi-memarlıq abidələri və onların aqibəti haqqında geniş məlumat vermişdir. N.Mustafa qeyd etmişdir ki, əsərin elektron nəşrində İrəvan şəhərinin tarixi keçmişinin bütün mərhələləri öz əksini tapmışdır. Ermənilərin İrəvan şəhərinə nə zaman və haradan gəldikləri, aborigen azərbaycanlı əhalisinin hansı mərhələlərlə sıxışdırılıb çıxarıldıqları, İrəvanın monoetnik erməni şəhərinə necə çevrildiyi xronoloji ardıcıllıqla təsvir edilmişdir. N.Mustafanın çıxışı saytda yerləşirilən şəkillər və illüstrasiyalarla müşayiət edilmişdir.

Tamaşaçılara məlumat verilmişdir ki, “İrəvan şəhəri” əsərinin rus dilində versiyası və veb-dizaynı da Prezident kitabxanasının əməkdaşları tərəfindən hazırlanmışdır.
   Məqaləni PDF formatına çevir