Ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq səyləri

Ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması və onun ağır nəticələri
İndiki Ermənistan və ona bitişik ərazilərdə pərakəndə halında yaşayan ermənilərin öz müstəqil dövlətlərini yaratmaq arzusuna ilkin təkan verən amillərdən ən başlıcası XVI-XVII əsrlərdə Səfəvilərlə Osmanlı Türkiyəsi arasında uzun sürən müharibələr olmuşdur. Səfəvi hökmdarları Türkiyə ilə mübarizədə bir sıra Avropa ölkələrinin köməyinə arxalanmaq üçün xristian agentlərdən-erməni tacirləri və din xadimlərindən istifadə etmişdilər. Erməni tacirləri Səfəvilər dövlətinin xarici ticarət əlaqələrinin genişlənməsində xüsusi rol oynayırdılar. Şahlığın ərazisində olan erməni kilsələrinə xüsusi güzəştlər verilmişdi. Onlar vergiləri yerli hakimlərə deyil, birbaşa şah xəzinəsinə verirdilər. Erməni tarixçiləri I Şah Abbas haqqında nə qədər hədyanlar yağdırsalar da, fakt budur ki, 1605-ci ildə onun fərmanı ilə şahlığın ərazisində pərakəndə yaşayan ermənilərin yığcam halda yaşamaları üçün xüsusi ərazilər ayrılmışdı. Bu məqsədlə İsfahan şəhərinə yaxın ərazidə Yeni Culfa şəhəri salınmış, burada yaşayan ermənilər üçün kilsə və monastır inşa edilmiş, onların xarici ticarətlə məşğul olmaları üçün geniş imtiyazlar verilmişdi. Hətta I Şah Abbas bu tikililər üçün xəzinədən pul ayırmış və bu işi mükafatlandırmışdı. Tezliklə ermənilər bir sıra Avropa ölkələri ilə, ilk növbədə İtaliya, Fransa, Prussiya ilə ticarət əlaqələri yaratmışdılar. Yeni Culfa tacirləri Hindistanın əksər böyük şəhərlərində kontorlar təşkil etmişdilər. Erməni tacirləri varlandıqca erməni kilsələrinin var-dövləti aşıb-daşır, nəticədə onların dövlət yaratmaq üçün iştahaları daha da güclənirdi. Bu işi həyata keçirmək üçün erməni kilsəsi gizli olaraq Avropa ölkələrində özünə himayəçi axtarırdı. Eyni zamanda ermənilər şah sarayına yollar arayır, şahın etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxırdılar. Erməni tacirləri və din xadimlərinin arzuları tədricən həyata keçirdi. I Şah Abbas hətta Səfəvilər dövlətinin xarici siyasət məsələləri ilə məşğul olmaq və Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini özünün müşaviri Xoca Səfər adlı bir erməniyə etibar etmişdi.
1608-ci ildə I Şah Abbas Xoca Səfər adlı erməninin başçılığı ilə Avropaya gedən nümayəndə heyəti vasitəsilə Roma papasına, İspaniya kralına, Toskano hersoquna və Venesiya dojuna məktublar göndərmişdi. Toskano hersoqunun qəbulunda olarkən Xoca Səfər şahın məktubundan əlavə ermənilərin Roma papası və digər Avropa ölkələrinin başçılarına məktubları olduğunu bildirmişdi. Təbii ki, bu məktublarda xristian Avropa ölkələrindən Şərqdə – müsəlman ölkələrində yaşayan xristian erməniləri öz himayələrinə götürmələri haqqında xahişlər edilmişdi. Daha əvvəllər isə erməni kilsə xadimləri katolikos Stepanos Salmastesi (Salmastlı) və Abqar Toxatesinin (Tokatlı) başçılığı ilə müstəqil erməni dövləti yaratmaq naminə köməklik göstərmələri üçün Avropaya nümayəndə heyəti səyahət etmişdi. Lakin nə papadan, nə də Qərbi Avropa dindaşlarından ermənilərin çağırışına məhəl qoyan olmamışdı. XVII əsrin ortalarında Rusiyanın öz mövqeyini möhkəmləndirməsi ən yaxın xristian ölkəsi kimi erməni kilsəsinin diqqətini daha çox cəlb etməyə başlamışdı. Yaxın Şərqə maraq dairəsi baxımından ermənilərə ən əlverişli himayəçi Rusiya ola bilərdi. Rusiya çarlarının xarakterini öyrənən ermənilər yəqin etmişdilər ki, hədiyyə adı altında rüşvət verməklə, onları öz tərəflərinə çəkə və nəticədə öz istəklərinə nail ola bilərlər. Bu zaman İranla Rusiya arasında ticarət əlaqələri əsasən erməni tacirləri vasitəsilə həyata keçirilirdi. Rusiyada İran ipəyi alveri ilə məşğul olan Yeni Culfalı Xoca Zakar Sarhadov 1660-cı il avqustun 28-də “ermənilərə qarşı xüsusi lütfkarlığına görə” çar Aleksey Mixayloviçə qiymətli hədiyyələr gətirmişdi. Bu hədiyyələrdən biri hazırda Moskva Kremlinin “Silahlar palatasında” saxlanılan “Almaz taxt”dır. Fil sümüyündən, qızıl və gümüşdən düzəldilən bu taxt incə Şərq üslubunda işlənmişdir. Onu bəzəmək üçün 987 almaz, 1298 yaqut, 18030 Şərq firuzəsindən istifadə edilmişdir. Bu hədiyyənin qiyməti o vaxtkı hesabla 22598 rubl 60 qəpik idi. Bundan əlavə Xoca Zakar rəssam Baqdan Saltanovun mis lövhə üzərində surətini çəkdiyi Leonardo da Vinçinin “Sirli gecə” rəsmini da çara hədiyyə gətirmişdi. Bundan sonra Rusiya ilə ticarət əlaqələri saxlayan erməni tacirləri üçün şərikli kompaniyalar yaratmağa hər cür şərait yaradılmış və gömrük məntəqələrindən onların gedib-gəlməsi üçün qadağalar götürülmüşdü. 1669-cu il dekabrın 3-də İsfahandakı erməni ticarət kompaniyasından Stelan Mişsekov və Baqdan Saltanov da hökmdarın adına hədiyyələrlə Moskvaya gedirlər. 1673-cü il yanvarın 7-də Xoca Zakar İsfahandan özünün ticarət xidmətçisi Stepan Romadamskinin vasitəsilə çara 9062 rubl dəyərində bəzəkli İran malları göndərmişdi. 1677-ci ildə katolikos Hakop Cuqaesinin (Culfalının) rəhbərliyi ilə Eçmiədzində din xadimlərinin yığıncağı keçirilir və Qərbi Avropaya nümayəndə heyəti göndərmək qərara alınır. Nümayəndə heyəti İstanbula çatanda Hakop Cuqaesi ölür və nümayəndə heyəti geri qayıdır. Bu tərkibdən yalnız atasını müşayiət edən İsrael Ori Avropaya səyahətini davam etdirir. 20 il Avropanı gəzib dolaşan İsrael Ori İtaliyada, Fransada və Almaniyada yaşayır. Fransanın yüksək dairələri ilə əlaqəyə girən İsrael Ori ermənilərin himayə edilməsi məsələsini qaldırır, lakin soyuq münasibətlə qarşılaşır. Avropanın real köməklik göstərməyəcəyinə əmin olan İsrael Ori bu işdə yalnız Rusiyaya arxalanmaq qənaətinə gəlir. O, 1701-ci il oktyabrın 28-də arximandrit Minas Vartapedlə birlikdə Bavariya kürfüstünün (knyazının) elçisi kimi I Pyotrun qəbuluna gəlir. Onlar erməni məlikləri adından çara və şahzadəyə (çareviçə) çox qiymətli hədiyyələri gətirmişdilər. Çar üçün gətirilən hədiyyələr:

 – qırmızı məxmərlə örtülmüş, qızıl məftillə tikilmiş, kənarları qızıla çəkilmiş gümüşlə əhatə edilmiş türk yəhəri;

– qızılı türk çulu;

– qızıla çəkilmiş gümüş türk yüyəni, gümüş dəhnə ilə birlikdə;

– türk quşqunu (quyruqaltısı);

– misdən düzəldilmiş, qızıla çəkilmiş iki türk üzəngisi;

– tapqır və ipək parçadan qarınaltı;

– tiyəsi poladdan, qırmızı dəstəkli, qızıla çəkilmiş gümüş qablı türk qılıncı;

– qızıl məftillə tikilmiş, qızılı gümüş qapaqlı dəridən hazırlanmış gümüş su qabı və s.

Şahzadə üçün gətirilən hədiyyələr:
– süvari üçün döymə gümüşdən hazırlanmış, qızıla çəkilmiş, məxmər örtüklü qın (məhfəzə);
– türk yayı;
– 30 dənə əla düzəldilmiş türk oxu.
İsrael Orinin və Minas Vartapedin çara gözqamaşdıran əntiq türk mallarını hədiyyə gətirmələri xalis erməni bicliyi idi. Onlar Pyotrun strateji əhəmiyyətli isti boğazlara çıxmaq və İstanbulu ələ keçirmək üçün nə dərəcədə alışıb-yandığını bilirdilər. Bu hədiyyələrlə onlar bu yanğını daha da qızışdırıb alovlandırmaq istəyirdilər. İsrael Ori saraya öz proqramını – Erməni dövləti yaratmaq üçün İrana 25 minlik qoşun göndərməyi təklif etmişdi. Bundan sonra sarayda Cənubi Qafqaza yürüş üçün hazırlıq işləri görülməyə başlanmışdı. Ciddi hazırlıqdan sonra 1707 – ci ildə Ori polkovnik rütbəsində 50 nəfərlik nümayəndə heyətinin başçısı kimi İrana yola düşür. Ona orada vəziyyəti öyrənmək, xristian əhalisi arasında təbliğat aparmaq, müdafiə qalaları, ölkənin yolları haqqında məlumat toplamaq tapşırılmışdı. Şübhə oyatmamaq üçün İsrael Orini Şah Hüseynə Roma papasının nümayəndəsi kimi təqdim etmək qərara alınmışdı. 1709-cu ildə o, İsfahana gəlir. 1711-ci ildə Həştərxana qayıdır və orada ölür. Sonralar Minas Vartapedlə birlikdə Yesai katolikos İsrael Orinin işini davam etdirmişdilər. Rusiya – İran müharibəsi nəticəsində 1723-cü il sentyabrın 12-də bağlanan müqaviləyə əsasən Gilan, Mazandaran, Astarabad əyalətləri, Bakı və Dərbənd şəhərləri Rusiyanın tabeliyinə keçir. Noyabrın 10-da I Pyotr həmin ərazilərdə ermənilərin köçürülüb gətirilməsi üçün yer ayrılması haqqında fərman verir. Həmin fərmanla çar “xristianlıq naminə” erməni xalqını öz mərhəmətində saxlamaq və himayəyə götürmək qərarını vermişdi.
1726-cı il fevralın 22-də imperatriçə I Yekaterina ermənilərin yüksək iltifata və mərhəmətə və himayəyə layiq görülmələri haqqında fərman verir. 18-ci əsrin ikinci yarısında ermənilər yenidən fəallaşırlar. 1760-cı ildə Hindistan ermənisi İosif Emin rus hökuməti və gürcü çarı ilə danışıqlar aparır. İran və Türkiyəyə qarşı müharibədə ermənilərin köməyini təklif edir. 1769-cu ildə Həştərxan ermənisi Movses Safarov saraya layihə təqdim edir. O, layihədə rus ordusunun
köməyi ilə “Ermənistanı azad etməyi” və Rusiyanın himayəsində dövlət qurmağı təklif etmişdi. Müharibədən sonra, 1780-ci ildə Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqutinski (Hovsep Arqutyan) və Moskva varlısı İvan Lazarev (Hovhannes Lazaryan) Rusiya hökumətinin nümayəndələri ilə danışıqlar aparırlar ki, Osmanlı Türkiyəsi və İran sərhədlərinin kəsişdiyi ərazilərdə erməni dövləti yaratsınlar. Rusiya çarı bu ölkələrə hərbi yürüş etməyi planlaşdırır. Ermənilər danışıqlara rus sərkərdəsi A. V. Suvorovu cəlb edirlər. Suvorov isə “onların dövlətlərini bərpa etmək niyyətində olduqları” haqda ermənilərə vəd vermişdi. Lakin 1796-cı ildə başlanan bu yürüş sonralar təxirə salınmış, II Yekaterinanın ölümü bu layihənin həyata keçirilməsinə mane olmuşdu. Qeyd etdiyimiz kimi, Ermənilər öz dövlətlərini qurmaq üçün hər cür vasitələrə əl atır, hətta hədiyyə adı altında rus çarlarına rüşvət belə verirdilər. Bununla onlar saray əyanlarının etimadını qazanır, hökumətin müxtəlif strukturlarında, xüsusən də hərbi sahədə öz nümayəndələrini yerləşdirməyə nail olurdular. 1747-ci ildə Nadir şaha sui-qəsd edildikdən sonra, ona məxsus qiymətli qaşdaşları vaxtilə şahın sarayına yol tapmış erməni Lazar oğurlayır. Hazırda Moskvada “Silahlar palatasında” saxlanan, həcminin böyüklüyünə və saflığına görə diqqəti daha çox cəlb edən çox qiymətli brilyant daş Nadir şahın xəzinəsindən oğurlandıqdan 10-15 il sonra Həştərxana gətirilmiş, sonralar isə Sankt-Peterburqda yaşayan erməni zadəganı Şafrasın əlinə keçmişdi. Şafrasdan həmin brilyantı kollec müşaviri Lazarevin vasitəçiliyi ilə çox ucuz qiymətə (400 min rubla) qraf Q. Orlov xəzinə üçün almışdı və pasxanın birinci günü qırmızı yumurtaya bənzər futlyarın içində imperatriçə II Yekaterinaya təqdim etmişdi. Şafrasın qiymətli brilyantı ucuz qiymətə saraya satması erməni bicliyi idi. O, bu güzəştin əvəzində imperatriçədən nəsillikcə Rusiya zadəganı titulu almışdı. Həmin brilyantın həcmcə nisbətən balaca başqa bir tayını isə Tiflis ermənisi knyaz Abamelik şəxsən imperator Pavel Petroviçə hədiyyə etmişdi. İmperator isə knyaz Abameliki şəxsi səyinə və sədaqətinə görə səxavətlə mükafatlandırmış, ona Podolsk quberniyasında mülk bağışlamış, oğlanlarını qvardiyaya qəbul etmişdi. Sonralar onlardan ikisi general rütbəsi, digər üçü isə ştab zabiti rütbəsinə yüksəlmişdilər. Müxtəlif yollarla yüksək hərbi rütbələr əldə etmiş ermənilər rus qoşunlarının Cənubi Qafqaza yürüşü zamanı ordunun önündə getmiş, Azərbaycanın Şimal və Cənub xanlıqlarının işğalında müstəsna rol oynamışdılar. Erməni və gürcü zabitlərinin hazırlanmasında Rusiya Nazirlər Kabinetinin gürcü və erməni zadəganlarının uşaqlarının kadet korpusuna (orta hərbi məktəb) qəbul edilməsi haqqında 1738-ci il 17 aprel tarixli qərarının müstəsna rolu olmuşdu. 1797-ci il oktyabrın 1-də çarın fərmanı ilə İranlı erməni məliklərinin və onların itaətində olan erməni əhalisinin (2 min nəfər) çar Rusiyasının təbəəliyinə qəbul edilməsi və onların Qafqaz xətti boyunca yerləşdirilməsi qərara alınır. 1799-cu il iyunun 3-də Kartli və Kaxetiya çarı Georgiyə ünvanlanan, “Qazax adlanan ərazidə erməni məliklərini və onların itaətində olan erməniləri məskunlaşmaqdan məhrum etməmək” haqda imperator I Pavel ali fərman vermişdi. Rusiyaya Şərqdə öz istilaçılıq niyyətini həyata keçirmək üçün həmin ölkələrdə yaşayan xalqların dilini bilən mütəxəssis-tərcüməçilər lazım idi. 1798-ci il iyunun 24-də Rusiya Xarici İşlər Kollegiyasına fərman verilmişdi ki, tələbələrə çin, mancur, fars, türk və tatar dillərini öyrətmək məqsədilə hər il 5000 rubl vəsait xərclənsin. Bir az əvvəl, 1797-ci il fevralın 26-da verilən fərmanla isə Xarici İşlər Kollegiyası yanında Asiya xalqları ilə iş aparmaq üçün xüsusi Departament yaradılmışdı. Qeyd etdiyimiz kimi, erməni dövləti yaratmaq uğrunda uzun müddət gərgin əmək sərf etmiş din xadimlərindən biri də arxiyepiskop Hovsep Arqutyan İosif Arqutinski Dolqoruki olmuşdur. O, daha bic davranmış, özünü Argiştilərin xələfi kimi qələmə vermişdi. Arqutyan həmçinin guya erməni çarları zamanı kəsilən sikkələri və digər 17 ədəd sikkə və medalları imperator I Pavelə hədiyyə edir. Əvəzində imperator 1890 – cı il yanvarın 2-də ona xeyir-dua verir. Martın 22-də Hovsep Arqutyan knyaz şərəfinə layiq görülür,iyulun 28-də Eçmiədzin kilsəsinin ali patriarxı, oktyabrın 30-da isə bütün ermənilərin katolikosu təsdiq edilir.
Ona imperatorun fərmanı ilə 1000 rubl həcmində illik maaş və ömürlük təqaüd təyin edilir. Eçmiədzinə gedib çatmaq üçün xüsusi müşayiətçi dəstə və 1000 rubl yol xərci ayrılır. İrəvan xanlığı ərazisində yaşayan oğuz boyları VII-ci əsrdən etibarən islam dinini qəbul etməyə başladıqlarından, ermənilər tədricən gəlib Eçmiədzin kilsəsinə və digər kilsələrə sahib çıxmışdılar. Matenadaranda saxlanan alqı-satqı sənədlərinə görə, hələ 1431-ci ildə Ağqoyunlu Yaqub padşahın nümayəndəsi Əmir Rüstəm 7 kəndi (Vağarşabad (Eçmiədzin-Üçkilsə), Əştərək, Batrinc, Noraqavit, Ağunatun, Kirəcli və Muğni) katolikos Qriqor Makuluya 530 min Təbriz dinarına satmışdı. Tədricən varlanan erməni kilsəsi və mülkədarları bu minvalla 19-cu Cənubi Qafqazı əsrin əvvəlində 60 -dan artıq qədim oğuz yaşayış məntəqələrinə sahib olmuşdular. 19-cu əsrin əvvəlində Rusiyanın Cənubi Qafqazı işğal etmək üçün hərbi əməliyyatlara başlaması İran və Türkiyəni həmin ərazilərdən sıxışdırıb çıxarmaq və gələcəkdə erməni dövləti yaratmaq üçün zəmin hazırlamışdı.
(Vaqif Arzumanlı, Nazim Mustafa, Tarixin qara səhifələri. Bakı, 1998, səh. 9-17)

   Məqaləni PDF formatına çevir