Osmanlı imperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən planlar cızır və onları həyata keçirmək üçün müxtəlif yollar axtarırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların reallaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların mənafeyinin “qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı imperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən – xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun din və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi.
Anadoluya yeridilmiş xristian missionerləri ermənilərin bu xüsusiyyətlərindən istifadə edərək onları Osmanlı hökumətinə qarşı silahlı mübarizəyə hazırlayırdılar. Fransızlar erməniləri katolik, ruslar pravoslav, ingilislər isə protestant kilsəsinin himayəsinə girməyə çağırırdılar. Kim daha çox pul verirdisə ermənilər də həmin istiqamətə meyillənirdilər. Amerikalı missionerlər hələ XIX əsrin əvvəllərindən etibarən erməniləri protestant etmək üçün daha çox vəsait sərf edir, Anadolunun müxtəlif yerlərində məktəblər açırdılar. XIX əsrin sonlarından etibarən erməni gənclərinin Amerikada təhsil almaları və ticarətlə məşğul olmaları üçün xüsusi şərait yaradılmışdı. Bir qədər sonra ABŞ-da antitürk kampaniyası ilə məşğul olacaq erməni koloniyası beləcə formalaşmışdı.
“Erməni məsələsi” isə “Şərq məsələsi”nin tərkib hissəsi kimi 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Berlin konqresində gündəliyə gətirilmişdi. Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi barədə Berlin müqaviləsinə 61-ci maddənin daxil edilməsindən sonra ermənilər istəklərinə silah gücünə nail olmaq yolunu tutdular. Erməni silahlı dəstələrinin təşkil edilməsi, onların üsyana hazırlanması üçün Rusiya və Avropa dövlətləri gərgin səy göstərirdilər. Avropanın dəstəyi ilə formalaşan “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” partiyaları Anadoluda gizli silahlı dəstələr və terrorçu qruplar təşkil edirdilər.
Şərqi Anadoluya silahlar əsasən gizli yollarla Rusiyadan göndərilirdi. Alman, ingilis və fransız missiyaları bölgədə daha fəal şəkildə erməniləri Türkiyə əleyhinə təşviq edirdilər.
XIX əsrin 90-cı illərində ermənilərin Anadoluda müstəqil dövlət yaratmaq niyyətləri ilə Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin məqsədləri üst-üstə düşürdü. Halbuki Türkiyə vilayətlərinin heç birində ermənilər sayca çoxluq təşkil etmirdilər. Bu dövlətlərin Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə göstəriş verilmişdi ki, türklərin “vəhşi”, “qaniçən”, “cəllad” obrazının yaradılması üçün bütün mümkün vasitələrdən istifadə etsinlər. Erməni üsyanlarını alovlandırmaq və türkləri əks tədbirlər görməyə vadar etmək məqsədilə kütləvi qırğınlar törədilməsi də həmin planın tərkib hissəsi idi. Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə fürsət vermişdi. Türklərə qarşı vuruşmaq üçün ermənilər həm Amerikada, həm Avropada, həm də Rusiyada səfərbər edilirdilər. Erməni mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan və tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə hücuma keçmişdi. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar törədirdilər. Xarici mətbuat isə əksini yazır, hər yerdə “məzlum xristian ermənilərin” kütləvi surətdə məhv edilməsi barədə uydurma məqalələr dərc edirdi.
Rusların hücumundan ruhlanan Türkiyə erməniləri “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar. Rusların himayəsi altında Van şəhərində erməni hökuməti qurulmuşdu. Qısa müddət ərzində Vanda təqribən 250 min erməni toplaşmışdı.
Ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər cür hazırlıqdan sonra mühafizə dəstələrinin müşayiəti ilə 1915-ci il mayın 28-də köçürmə işlərinə başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi.
1965-ci ildən etibarən Ermənistanda hər il aprelin 24-nü “soyqırımı günü” kimi rəsmi şəkildə qeyd edirlər. Ermənilər iddia edirlər ki, guya 1915-ci ildə türklər 1,5 milyon ermənini qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə Osmanlı dövlətinə xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, belə bir əmrin veriləcəyindən ermənilər əvvəlcə xəbər tutmuşdular. Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, erməniləri “türk fanatizminin özbaşınalığından xilas etsin”. Həmin teleqram aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ prezidentinə çatdırılmışdı.
Əslində ermənilər aprelin 24-nü ona görə “soyqırımı günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirilmişdi. Yəni onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxmışdı.
Fakt isə odur ki, istər Şərqi Anadolunun ruslar tərəfindən işğalı dövründə, istərsə də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsi zamanı onların silah-sursatını ələ keçirən ermənilər türklərə qarşı sözün həqiqi mənasında soyqırımı törətmışdilər.
Sovet Rusiyası hökuməti 1917-ci il dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Əgər Türkiyədə ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş olsaydı, Rusiya hökumətinin belə bir dekret verməsi gülünc olardı. Bu dekret Türkiyə ərazisində dövlət yaratmaq üçün ermənilərin iştahasını daha da artırmışdı. Ermənilər 1918-1920-ci illərdə fasilələrlə Ərzurumdan tutmuş İrəvan quberniyası da daxil olmaqla böyük bir ərazidə türklərə qarşı soyqırımı həyata keçirmişlər. Məcburiyyət qarşısında qalan türk ordusu əks hücuma keçərək həmin əraziləri erməni silahlı qüvvələrindən təmizləmişdi.
Bəs görəsən, erməni tədqiqatçıları həmin dövrdə Türkiyədə nə qədər erməninin yaşadığını və nə qədərinin salamat qaldığını təsbit etmişlərmi?
1914-cü ildə Tiflisdə dərc olunan “İmperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz bölməsinin xəbərləri” seriyasının XXII cildinin 2-ci buraxılışı toplusunda A. Arakelyanın 22 may 1913-cü ildə adıçəkilən cəmiyyətin ümumi yığıncağında etdiyi “Kiçik Asiyanın erməni əhalisinin statistikası” başlıqlı məruzəsinin mətni çap olunmuşdur. Maraqlıdır ki, erməni müəlliflərinin uydurma soyqırımı ilə bağlı yazdıqları əsərlərin heç birində A.Arakelyanın yuxarıda adıçəkilən məqaləsinə istinad edilməmişdir. Səbəbi aydındır. Çünki A.Arakelyan 1913-cü ildə həmin məqaləni yazanda hələ Birinci Dünya müharibəsi başlamamışdı və xristian missionerlərinin nə zamansa ermənilərin Türkiyədə “kütləvi qırğınlara” məruz qoyulmalarını iddia edəcəklərini ağlına belə gətirə bilməzdi.
A.Arakelyan yazır ki, 1912-ci ildə Balkanlarda müharibənin başlanmasından sonra “erməni məsələsi” yenidən gündəliyə gətirilmişdir. Həmin vaxt Türkiyə tərəfi bir daha erməni əhalisinin sayının ermənilər yaşayan ərazilərdə islahatlar aparılması üçün yetərli olmadığını irəli sürmüşdür. Bundan sonra Türkiyədəki erməni patriarxı ermənilərin sayı barədə daha dəqiq statistika təqdim etmişdir (xatırladırıq ki, ermənilər bir qayda olaraq həm də kilsələrdə siyahıya alınırdılar). Həmin statistikaya görə, yuxarıda adları sadalanan 6 vilayətdə ermənilərin ümumi sayı 1.018.000 nəfər olmuşdur. O cümlədən, Ərzurum vilayətində 215 min, Vanda 185 min, Bitlisdə 180 min, Xarputda 168 min, Diyarbəkirdə 105 min, Sivasda 165 min erməni yaşamışdır. Məqalə müəllifi qeyd edir ki, həmin vilayətlərdə yaşayan ermənilərin sayının üzərinə Kilikiyada (yəni Adana və Hələb vilayətlərində), habelə İstanbulda və Osmanlı imperiyasının digər yerlərində yaşayan ermənilərin sayı gəlinərsə, onda imperiya ərazisində ermənilər çox böyük ehtimalla 1,5 milyon nəfərə çata bilər.
Əslində bu rəqəmlərin özü də erməni patriarxı tərəfindən xeyli dərəcədə şişirdilmişdi. Bütün rəsmi məlumatlar təsdiq edir ki, Birinci Dünya müharibəsi ərəfəsində Osmanlı Türkiyəsində təqribən 1,3 milyon erməni yaşamışdır.
Erməni əhalisinin itkilərinin miqyasını müharibəyədək Türkiyə ərazisində yaşayan 1,3 milyon erməninin sayından xarici ölkələrə mühacirət edən ermənilərin sayını çıxmaqla müəyyən etmək olar. Statistik məlumatlara görə, müharibə ərəfəsində və ondan sonra xarici ölkələrə mühacirət edən ermənilərin sayı aşağıdakı kimidir: Rusiyaya (o cümlədən Cənubi Qafqaza) 420 min, Fransaya 35 min, Kanadaya 1244, ABŞ-a 34136, Yunanıstana 42200, Bolqarıstana 15 min, Kiprə 2500, digər Avropa ölkələrinə təqribən 50 min erməni köçmüşdür. ABŞ-da yaşayan erməni tarixçisi Riçard Hovannisyan yazır ki, müharibədən sonra Suriyada 100 min, Livanda 50 min, İordaniyada 10 min, Misirdə 40 min, İraqda 25 min, İranda 50 min erməni mühaciri qeydə alınmışdır. Bütün bu rəqəmləri üst-üstə gəldikdə 875 min nəfər edir. Bu rəqəmin üzərinə Türkiyədə qalıb yaşayan 123 min erməninin sayını əlavə etsək, cəmisi 998 min nəfər edir. Qeyri-rəsmi məlumatlara görə, təqribən 100 min erməni özlərini kürd, suriyalı və yaxud türkman kimi qələmə verərək nəticədə köçürülmə prosesindən yayınmışlar. Deməli, 1,3 milyon ermənidən təqribən 1,1 milyonu sağ qalmışdır.
Tarixçi Con Kirakosyan “Qərbi Ermənistan Birinci Dünya müharibəsi illərində” (Yerevan, 1971) monoqrafiyasında 1 milyon erməninin sağ qaldığını etiraf etmişdir.
Türkiyə mətbuatının yazdığına görə, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə müşaviri Bryus Fein bildirmişdir ki, 1981-ci ildə Ağ evin araşdırması nəticəsində ermənilərin 2 milyon osmanlı türkünü qətlə yetirdiyi ortaya çıxmışdır. Bryus Fein vurğulamışdır ki, Reyqanın prezidentliyi dövründə həmin məsələ Ağ ev tərəfindən araşdırılmış və “soyqırımı” iddialarının əsassız olduğu sübut edilmişdir.
Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halacoğlu Osmanlı arxivlərinə istinadən belə nəticəyə gəlmişdir ki, ermənilərin köçürülməsi zamanı yollarda hücumlara məruz qalaraq öldürülən ermənilərin sayı təqribən 8,5 min nəfər olmuşdur. Qalan ermənilər döyüş cəbhələrində əllərində silah türklərə qarşı vuruşarkən öldürülmüşlər.
1919-cu ilin yayında Paris sülh konfransının gedişində ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları ərazilərdə və Cənubi Qafqazda vəziyyəti öyrənmək məqsədilə prezident Vudro Vilson ABŞ ordusunun Fransadakı baş qərargahının rəisi, general Ceyms Harbordun başçılığı altında regiona xüsusi missiya göndərmişdi. Regionu incələyən Harbord missiyası 16 oktyabr 1919-cu ildə ABŞ Senatına təqdim etdiyi raportunda yazırdı ki, Qara dənizdən İran sərhədinədək uzanan ərazinı gəzdik, lakin ermənilərin iddialarını doğruldacaq heç bir fakta rast gəlmədik. General Harbordun bu məruzəsi ermənilərin Şərqi Anadoluda heç zaman çoxluq təşkil etmədiklərini və soyqırıma məruz qoyulmadıqlarını təsdiqləyirdi. Harbord yazırdı ki, missiyanın keçdiyi yollarda tez-tez ermənilərin zülmündən qaçan türklərlə rastlaşırlarmış.
O dövrün sənədləri sübut edir ki, 1,5 milyon erməninin Türkiyədə məhv edilməsi iddiası cəfəngiyyatdan başqa bir şey deyil.
Bəs uydurma erməni soyqırımı ideyasının müəllifləri kimlərdir? “Erməni soyqırımı” iddiasının həyata vəsiqə almasında o dövrdə Türkiyədə fəaliyyət göstərən diplomatların və xristian missionerlərinin müstəsna xidmətləri olmuşdur. Məlumdur ki, “soyqırımı” (yaxud “genosid”) beynəlxalq hüquq termini kimi 1944-cü ildən işlənir. İlk dəfə Hitler rejiminin yəhudilərə qarşı törətdiyi kütləvi qırğınlar soyqırımı adlandırılmışdır. Bu gün dünyaya car çəkilən “erməni qırğınları” iddiasının xaç atası 1913-1916-cı illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş Henri Morqentau (1856-1946) sayılır. Osmanlı imperiyasının parçalanmasında maraqlı olan ABŞ-ın prezidenti Vudro Vilson H.Morqentaunu səfir təyin edərkən demişdi: “Tezliklə ondan əsər-əlamət qalmayacaq ki, onu Türkiyə adlandırmaq mümkün olsun”. İstanbula gələn kimi H.Morqentau erməni liderləri və komitəçiləri ilə əlaqə qurur, onları silahlı mübarizə aparmağa şirnikləndirir. O, erməni komitəçilərindən Arşak Şmavonyanı özünün birinci köməkçisi və tərcüməçisi, Hakop Andonyanı isə katib təyin etmişdi. ABŞ-ın Türkiyədəki konsulluqlarının, xristian missionerlərinin, erməni komitələrinin uydurduqları yalanlar və dərc etdirdikləri böhtan dolu məqalələr xəbər agentlikləri vasitəsilə dünya ictimaiyyətinə çatdırılırdı. H.Morqentau ABŞ-a qayıtdıqdan sonra həmin uydurma materiallar əsasında “Səfir Morqentaunun xatirələri” adlı kitab dərc etdirir. Həmin kitabda o, 600 mindən 1 milyonadək erməninin məhv edildiyini iddia etmişdir. Həmin dövrdə Türkiyə Teleqraf Agentliyinin müdirinin erməni olması nəzərə alınsa, ermənilərin və onların havadarlarının yalan məlumatlarla dünya ictimaiyyətini necə asanlıqla aldada bildiklərini təsəvvür etmək olar.
Henri Morqentaunun ailəsi 2009-cu ilin payızında səfirin şəxsi kitabxanasını Vaşinqtondakı erməni soyqırımı muzeyinə təhvil vermişdir.
İxtisasca hüquqşünas olan ingilis Ceyms Brays (1838-1922) İngiltərə Lordlar Palatasının üzvü və İngilis-Erməni Cəmiyyətinin sədri olmuşdur. O, 1876-cı ildə Qafqaza səyahət etmişdir. 1877-ci ildə Londonda “Transqafqaz və Ararat” kitabını dərc etdirmişdir. 1916-cı ildə isə 626 səhifəlik “Osmanlı İmperiyasında ermənilərə münasibət” kitabını “Sənədlər toplusu” kimi dərc etdirmişdir. Kitaba xristian missionerlərinin, xristian dövlətlərinin diplomatik nümayəndələrinin uydurduqları “kütləvi erməni qırğınları” barədə saxta sənədlər daxil edilmişdir.
Məşhur ingilis tarixçisi Arnold Toynbi (1889-1975) də uydurma soyqırımın ideya müəlliflərindən biri hesab olunur. 1916-cı ilin fevralında A.Toynbi lord Ceyms Braysın razılığı ilə onun adından dünyanın müxtəlif ölkələrinə və bütün erməni komitələrinə müraciət edir ki, ona antitürk məzmunlu məlumatlar təqdim etsinlər. Mənbələri göstərilmədən A.Toynbinin ünvanına həddindən artıq məlumatlar göndərilir. 1916-cı ilin may ayında A.Toynbi məktubla lord Ceyms Braysa müraciət edərək “erməni sənədləri”nin çapına onun adından nəşriyyatdan icazə aldığını bildirir. Beləliklə, ermənilərin və ermənipərəst mənbələrin yoxlanılmamış məlumatları əsasında İngiltərə hökumətinin adından ilk “Mavi kitab” – “Ermənilərə qarşı vəhşiliklər, xalqın məhv edilməsi” adı ilə nəşr edilir. Maraqlıdır ki, A.Toynbinin sağlığında təkrar çap olunmayan həmin “Mavi kitab”ı ABŞ-dakı erməni nəşriyyatları onun ölümündən sonra bir sıra saxta sənədlərlə “zənginləşdirərək” dəfələrlə çap etmişlər.
“Erməni soyqırımı”nın digər xaç atası İohann Lepsius (1858-1926) sayılır. Alman protestantı, şərqşünası İ.Lepsius missioner kimi Şərqi Anadolunu gəzib dolaşmış, 1896-cı ildə “Ermənistan və Avropa” kitabını çap etdirmişdir. O, 1914-cü ildə Berlində “Alman-Erməni Cəmiyyəti”ni yaratmışdır. Cəmiyyətin məqsədi Şərqi Anadoluda Almaniyanın təsirini artırmaqdan ibarət olmuşdur. İ.Lepsius 1916-cı ildə “Türkiyədəki erməni xalqı haqqında hesabat” kitabını əlyazma şəklində çap etdirir və digər missionerlərə göndərir. Onun 1919-cu ildə “Almaniya və Ermənistan” kitabı dərc edilir. İ.Lepsius 1921-ci ildə Berlində Tələt paşanın qətli ilə bağlı keçirilən məhkəmə prosesində şahid qismində çıxış etmişdir. İ.Lepsiusun 46 cildlik şəxsi arxivi 1998-ci ildə İrəvana gətirilib və hazırda “Soyqırım Muzey-İnstitut”da nümayiş etdirilir. Həmin muzeydə İ.Lepsiusun xatirəsinə xüsusi guşə düzəldilmişdir.
Armin Teofil Veqner (1886-1978) də uydurma “erməni soyqırımı”nın həyata vəsiqə almasında xüsusi rol oynamışdır. Publisist, şair və fotoqraf kimi tanınan alman əsilli A.Veqner 1915-1916-cı illərdə Mesapotamiyada sanitar zabiti kimi xidmət etmişdir. O, Türkiyədə ermənilərin qırğınlara məruz qoyulduqlarının şahidi olduğunu iddia etmişdir. A.Veqner ermənilərin türklərə qarşı törətdikləri qırğınlara aid fotoları da “erməni soyqırımı” kimi qələmə vermişdir. Onun “Qayıtmayan yollar”, “Armeniada”, “Erməni anaları” adlı oçerkləri çap olunmuşdur. A.Veqner Tələt paşanın qatili Soğomon Teyleryanın məhkəməsində müdafiəçi kimi də çıxış etmiş və məhkəmənin kitab halında dərc edilən stenoqramına ön söz yazmışdır. O, 1927 və 1967-ci illərdə Ermənistanda olmuşdur. Onun adına İrəvanda küçə vardır. “Soyqırım Muzey-İnstitutun”da A.Veqnerin qəbirindən götürülmüş torpaq nümayiş etdirilir.
“Erməni soyqırımı”na yaşıl işıq yandıran müəlliflərdən biri də avstriyalı Frans Verfeldir (1890-1945). O, katolik ermənilərin təsiri altında olmuşdur. Saxta sənədlər əsasında onun müəllifliyi ilə 1934-cü ildə işıq üzü görən “Musadağda 40 gün” romanı bir çox dillərə tərcümə edilmişdir. Qəribəsi odur ki, həmin kitabı 1999-cu ildə Hakan Sarakul adlı erməni 4 min nüsxə ilə İstanbulda türk dilində dərc etdirmişdir. 2000-ci ildə isə tərcüməçinin iştirakı ilə İrəvanda həmin kitabın təqdimat mərasimi keçirilmişdir.
Hələ XX əsrin 60-cı illərinin ortalarında ermənilərin “1915-ci il soyqırımı” kimi dövriyyəyə buraxdıqları tezis sonradan dəfələrlə yeni biçimdə ortaya atılmışdır. Bu mövzuda yazan erməni və ermənipərəst müəlliflərin əksəriyyəti 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqlarını iddia edirlər. Bəzi ədəbiyyatlarda isə 1915-1918-ci illərdə ermənilərin guya Şərqi Anadoluda yığcam yaşadıqları 6 vilayətdə soyqırımına məruz qoyulduqları iddia edilir.
1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdən sonra “soyqırımı ideoloqları” fikirləşdilər ki, müasir Türkiyə dövlətindən təzminat qoparmaq və ərazi iddiası irəli sürmək üçün “soyqırımı” illərini uzatmaq lazımdır. Məhz bundan sonra “1915-1923-cü illərdə ermənilərə qarşı soyqırımı” ideyası dövriyyəyə buraxılmışdır.
Erməni ideoloqlarından biri Zori Balayan 2004-cü il aprelin 8-də “Qolos Armeniya” qəzetində dərc etdirdiyi məqalədə qeyd edirdi ki, indiyədək göstərilən tarixlərin heç biri “erməni soyqırımı”nın bütün dövrlərini özündə əks etdirmir və 1915-ci ildə ermənilərin “soyqırımına” məruz qaldığını söyləmək türklərin dəyirmanına su tökmək kimi bir şeydir. Z.Balayan hesab edir ki, ermənilərin “soyqırımına” məruz qaldığı dövr kimi 1893-1923-cü illər götürülməlidir. Fikrini əsaslandırmaq üçün Z.Balayan yəhudi xolokostunu nümunə çəkir. Yəhudilərin öz xolokostlarını konkret hansısa illə bağlamadıqlarını, geniş şəkildə “yəhudilərin soyqırımı (xolokost)” anlayışını hazırladıqlarını qeyd edir və yəhudi xolokostunun 1933-1945-ci illəri əhatə etdiyini vurğulayır.
Z.Balayan təəssüflə qeyd edirdi ki, “erməni soyqırımı” ilə bağlı dərc edilən məqalələrdə, rəsmi və qeyri-rəsmi sənədlərdə, ayrı-ayrı çıxışlarda ehkam kimi ermənilərin “1915-ci il soyqırımı” ifadəsi işlədilir. O, 22 noyabr 1988-ci ildə Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi “1915-ci ildə Osmanlı imperiyasında ermənilərin soyqırımı haqqında” qanunda yalnız “1915-ci il” tarixinin göstərilməsinə qarşı çıxaraq, “soyqırımı” illərinin 1893-1923-cü illəri əhatə edən şəkildə yazılmasının çox mühüm olduğunu bildirmişdi.
2015-ci il yanvarın 29-da uydurma erməni soyqırımının 100 illiyi münasibətilə ümumerməni deklarasiyası qəbul edilmişdir. Deklarasiyada təkcə 1915-ci ildə deyil, 1894-1923-cü illərdə Osmanlı imperiyasında və Türkiyədə planlı şəkildə ermənilərin məhv edildiyi iddia edilir. Həmin sənəddə nə üçün məhz aprelin 24-nün “soyqırımı” günü elan edilməsinin üstündən isə sükutla keçilmişdir.
Ermənilərin uydurma erməni soyqırımı tarixinin 1923-cü ilədək uzatmalarında məqsədləri müasir Türkiyə Cümhuriyyətini suçlamağa hüquqi əsas əldə etməkdən, ondan maddi təzminat qoparmağa nail olmaqdan, ona qarşı ərazi iddiası irəli sürməkdən ibarətdir.
Çox təəssüf ki, ikili standartlar dünyasında Türkiyənin haqq səsi deyil, ermənilərin yalanları daha çox ayaq açıb yeriyir. Artıq Uruqvay, Rusiya, Kipr, Yunanıstan, Kanada, Livan, Belçika, Fransa, Argentina, İsveç, İsveçrə, Niderland, Slovakiya, Litva, Venesuela, Polşa, Çili parlamentləri uydurma erməni soyqırımının tanınması haqqında qərar qəbul etmişlər. ABŞ-ın 50 ştatından 43-ü artıq uydurma soyqırımını tanımışdır və aprelin 24-ü soyqırımı qurbanlarının xatirəsinin anım günü elan edilmişdir. 1970-ci illərin sonlarından etibarən hər il aprelin 24-də ABŞ prezidentləri televiziya ilə ermənilərə müraciət edirlər. Erməni lobbisi hər il çalışır ki, ABŞ prezidentlərinin “soyqırımı” ifadəsini işlətməsinə nail olsun. Lakin Türkiyə ilə münasibətlərinin korlanmasını istəməyən ABŞ prezidentləri “mecyeğerni” (yəni “böyük qırğın”) ifadəsini işlətməklə kifayətlənirlər.
İsveçrə və Belçika parlamentlərinin qərarı ilə “erməni soyqırımı”nın inkarı cinayət hesab edilir və buna görə 45 min avro cərimə və 1 il azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilmişdir. Analoji qərar Fransa Senatında qəbul edilsə də, konstitusiya məhkəməsi bunu təsdiq etməmişdir.
Uydurma erməni soyqırımını həmçinin Avropa Şurası, Avropa Parlamenti və Ümumdünya Kilsələr Şurası da tanımışdır. Bu il aprelin 12-də Roma papası Frensiskin “XX əsrin ilk soyqırımının ermənilərə qarşı törədildiyini” söyləməsini ermənilər bir milyard katolikin iradəsinin ifadəsi kimi qələmə verməyə çalışırlar. Əslində isə Roma papasının bu ifadəsi onun subyektiv mülahizəsidir və nəyin müqabilində belə bir addım atdığı tezliklə üzə çıxacaqdır.
Avropanın bəzi “demokratik” quruluşlarında və dövlətlərində erməni iftiraları həqiqət, türklərin həqiqəti isə cinayət hesab edilir.
ABŞ Konqresinə təqdim edilən “Erməni soyqırımı qanun layihəsi”nin 4-cü maddəsində iddia edilir ki, guya Birinci Dünya müharibəsi qurtardıqdan sonra Osmanlı hökuməti özü məhkəmə quraraq öz günahını etiraf etmiş, ermənilərə qarşı qırğınlar törədilməsində təqsirkar bilinənləri müxtəlif cəzalara özü məhkum etmişdir.
Əslində isə Birinci Dünya müharibəsində məğlub edilən Osmanlı imperiyasının paytaxtı ingilislərin əlinə keçdikdən sonra sultan Vahidəddinin tapşırığı ilə qurulan yeni hökumət ingilislərin əlində oyuncağa çevrilmişdi. Sultan Vahidəddin “İttihad və tərəqqi” partiyasının millət vəkillərindən qisas almaq və Paris Sülh Konfransında müəyyən dividend əldə etmək üçün oyuncaq məhkəmələr qurdurmuşdu. İngilislərin təzyiqi ilə İstanbulda fövqəladə hərbi tribunal yaradılmış, saxta ifadələr əsasında ittihad və tərəqqiçilər ittiham edilmiş və onlardan bir neçəsinə ölüm hökmü və həbs qərarı çıxarılmış, 144 yüksək rütbəli dövlət məmuru Malta adasına sürgün edilmişdi. “İttihad və tərəqqi” hökumətinin güc nazirləri Tələt, Ənvər və Camal paşaların xaricə qaçmaları düşmənlərinə fürsət vermişdi ki, onları “erməni qırğınlarının təşkilatçıları” kimi qələmə versinlər və ittiham etsinlər.
Malta adasına göndərilənlərin təhqiqatını ingilis prokurorlar aparırdılar. Lakin ortada heç bir dəlil-sübut yox idi. İstanbuldan göndərilən sənədlər əsasən əvvəlcədən öyrədilmiş “şahidlərin” digər şahidlər tərəfindən təsdiqlənməyən ifadələrindən, agentura məlumatlarından, məqalələrdən, erməni kilsəsinin və “Daşnaksütyun” partiyasının bəyanatlarından ibarət idi.
İngilis komissar admiral Kaltorfe öz raportunda bu məhkəmələrin müttəfiq dövlətlərin adına utancverici olduğunu yazmışdı. ABŞ-ın ali komissarı Levis Heçk dolayısı ilə Malta adasında ittiham edilənlərin çoxunun şəxsi intiqam məqsədilə və ya müttəfiq dövlətlərin səlahiyyətli nümayəndələrinin, xüsusilə də ingilislərin fitvası ilə həbs edildiklərini bildirmişdi. Nəhayət ki, ingilislərin Malta adasında saxlanılan günahsız insanları həbsdən azad etməkdən başqa çarələri qalmamışdı.
Əgər Aram Andonyanın 1920-ci ildə Parisdə çap etdirdiyi “Erməni qırğınları və sürgünləri ilə bağlı rəsmi türk sənədləri” adlı kitabına daxil edilən sənədlər saxta olmasaydı, ingilislər həmin sənədlərdən Malta adasında saxlanılan türklərə qarşı ittiham kimi istifadə etmək fürsətini heç vaxt qaçırmazdılar.
Türkiyə hökuməti əsl həqiqətin ortaya çıxması üçün 1989-cu ildən öz arxivlərini dünya tədqiqatçılarının üzünə açmışdır. Uzun müddət “erməni məsələsi”nin mahiyyətini və “soyqırımı” problemini araşdıran Stenford Şou, Bernard Levis, Xit Louri, Castin Makkarti, Günter Levi, Samuel Uimz, İv Benar kimi məşhur tədqiqatçılar öz əsərlərində belə nəticəyə gəlmişlər ki, Türkiyə ərazisində heç vaxt ermənilərə qarşı qırğınlar törədilməmişdir. Əksinə, ermənilər türklərə qarşı qırğınlar törətmişlər. Ermənilərin itkilərinin əsas səbəbi isə müharibə illərində onların türklərə qarşı əks cəbhələrdə yer almaları olmuşdur.
Son vaxtlar erməni lobbisi Türkiyədə yaşayan bəzi elm adamlarını, yazarları və jurnalistləri müxtəlif yollarla ələ alaraq, onların dili ilə uydurma soyqırımının həqiqət olduğunu dünya ictimaiyyətinə aşılamağa çalışırlar. Yazar Orhan Pamuk öz əsərində Türkiyədə 1 milyon erməninin öldürüldüyünü yazdığı üçün 2006-cı ildə erməni lobbisinin dəstəyi ilə Nobel mükafatına layiq görülmüşdür. Erməni lobbisinin təsiri altına düşən türkiyəli elm adamlarının əksəriyyəti türk ad və soyadını daşısalar da, əslində “kriptoerməni”dirlər. Yəni XX əsrin əvvəllərində müsəlmanlığı qəbul etmiş, lakin özlərini türk və yaxud türk kimi qələmə verən ermənilərdir. Belə ermənilərdən biri hazırda Almaniyada universitetlərin birində yerləşdirilən professor Taner Akçamdır. İstanbulda doğulan Taner Akçamın babası Hakop ağa Axılkələk ermənisi olmuş, vaxtilə bolşeviklərin casusu kimi kürd kimliyi altında Ərdəhanın Ölcək kəndində yerləşdirilmişdi. Özünü türk alimi kimi təqdim edərək dəfələrlə İrəvana gedib. Qaranquş təpəsindəki “soyqırımı abidəsi”ni ziyarət edən tarixçi-sosioloq T.Akçam müxtəlif ölkələrdə keçirilən konfranslarda uydurma erməni soyqırımının həqiqət olduğunu car çəkir və Türkiyənin də bunu tanımasının vaxtının çatdığını bəyan edir. İstanbuldakı Bilgi Universitetindən siyasət üzrə doktor Murat Belge də ermənilərin dəyirmanına su tökür. Ən acınacaqlısı odur ki, “Nemezis” erməni terror təşkilatının qərarı ilə 1922-ci ildə Tiflisdə qətlə yetirilən Camal paşanın nəvəsi Hasan Camal da iki dəfə – 2008-ci və 2014-cü illərdə İrəvanda olub, hər dəfə də “soyqırımı abidəsi”ni ziyarət edib. Hasan Camalın 2012-ci ildə İstanbulda çap etdirdiyi “1915: Ermeni soykırımı” kitabını Hrand Dink fondu erməni dilinə tərcümə etdirmiş və həmin kitabın keçən il dekabrın 11-də müəllifin iştirakı ilə İrəvanda təqdimat mərasimi keçirilmişdir. Bu kitab fransız dilinə də tərcümə edilmiş və bu günlərdə Parisdə təqdimatı keçirilmişdir. Görünür, Hasan Camal da, Orhan Pamuk kimi, Nobel mükafatı almaq üçün öz vətəninə xəyanət edir.
Bu gün kürd kimliyi altında gizlənən erməni əsilli HDP-li millət vəkilləri də Türkiyə parlamentindən tarixi keçmişlə üzləşmək adı altında “erməni soyqırımı”nın etiraf edilməsini istəyirlər.
Rəsmi Türkiyənin dəfələrlə bəyan etdiyi mövqeyi isə belədir ki, “erməni soyqırımı” ideyası bir araşdırma mövzusu kimi siyasətçilərin deyil, tarixçilərin müzakirə predmetidir. Türkiyə dəfələrlə bəyan edib ki, bu cəfəngiyata son qoyulması üçün tərəfsiz ortaq komissiya yaradılsın və həmin komissiya istər Türkiyədə, istərsə də xarici dövlətlərin arxivlərində olan sənədləri araşdıraraq yekun nəticəyə gəlsin. Lakin erməni tarixçiləri istinad etdikləri “sənədlərin” saxta olmasının sübuta yetiriləcəyindən qorxaraq belə bir komissiyanın yaradılmasına mane olurlar.
2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri İsveçrənin Sürix şəhərində “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”nu imzaladılar. İkinci protokola əsasən erməni, türk, İsveçrə və digər beynəlxalq ekspertlərin iştirakı ilə altkomissiya yaradılması nəzərdə tutulurdu. Komissiya iki xalq arasında qarşılıqlı etimadın bərpa edilməsinə yönəlmiş, o cümlədən tarixi sənədlərin və arxivlərin qərəzsiz elmi tədqiqi yolu ilə problemlərin həlli üçün tövsiyələr hazırlamalı idi. Ermənistanın bu protokola imza atmasını bir sıra erməni ekspertləri və Qərbin bəzi KİV-ləri “soyqırımı” iddiasını rəsmi Ermənistanın özünün şübhə altında qoyması kimi şərh etdilər. Həmin vaxt ABŞ-dakı “Hay Dad” erməni təşkilatı bu protokolun təsdiqlənməməsi üçün var gücünü əsirgəməyəcəyini bəyan etmişdi.
2015-ci il fevralın 16-da Ermənistan prezidenti Serj Sarkisyan parlamentin sədrinə müraciətində Türkiyə tərəfinin “erməni soyqırımı”nı tanımaqdan imtina etməsini bəhanə gətirərək Sürix protokolunun parlamentdən geri çəkilməsini istədiyini bildirmişdi. Lakin həqiqət odur ki, Sürix protokolu təsdiqlənsəydi, Ermənistan “soyqırımı” iddiasının araşdırılması üçün ikitərəfli komissiyanın yaradılmasını qəbul etmiş olacaqdı və nəticədə bu iddianın cəfəngiyat olduğu sübut ediləcəkdi.
Bu gün ermənilər iddia edirlər ki, guya “erməni soyqırımı” artıq “aksiom kimi” qəbul edildiyi üçün onun hər hansı müzakirəyə ehtiyacı yoxdur və Türkiyə tərəfi özündə iradə tapıb bu “cinayəti” etiraf etməli və onun nəticələrinə qatlaşmalıdır. İrəvandakı Amerikan Universitetinin hüquq fakültəsinin dekanı doktor Tovmas Samvelyan bu yaxınlarda www.armeniangenocide100.org saytına verdiyi müsahibəsində qeyd etmişdir ki, Türkiyə “erməni soyqırımı”nı tanıyacağı təqdirdə indiki qiymətlərlə nağd pul şəklində 3 trilyon dollar və yaxud bunun qarşılığına müvafiq maddi şəkildə (yəni Ermənistana torpaq verilməsi, mülkiyyətin qaytarılması, Ermənistana Türkiyə üzərindən dənizlərə çıxış verilməsi, limanların peşkəş edilməsi və s.) təzminat ödəməlidir.
Türkiyənin yüz il öncə baş verməyən bir cinayəti bu gün öz üzərinə götürməsi absurddur. Lakin reallıq odur ki, Türkiyə dövləti ermənipərəst dövlətlərin və ikili standartlarla çıxış edən beynəlxalq qurumların qərəzli mövqeləri ilə hələ uzun illər üzləşməyə məhkumdur. Aprelin 24-də Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş təntənəli mərasimin keçirilməsi kimlərin erməni yalanlarının arxasında, kimlərin həqiqətin yanında olduğunu, kimlərinsə hər iki ölkəyə nümayəndə göndərərək ikili standartlardan çıxış etdiyini bir daha ortaya qoyacaqdır.
Nazim MUSTAFA,
AMEA Tarix İnstitutunun elmi işçisi, Dövlət mükafatı laureatı
“Azərbaycan” qəzeti
23-24 aprel 2015
http://www.azerbaijan-news.az/files/4c1bb39cd837fac341c4bb02041f07d6.pdf