Nazim Mustafa,
tarix üzrə fəlsəfə doktoru,
Dövlət Mükafatı laureatı.
Osmanlı imperiyasını parçalamaq istəyən dövlətlər XIX əsrin əvvəllərindən etibarən müxtəlif planlar cızır və onları həyata keçirmək üçün müxtəlif yollar axtarırdılar. “Şərq məsələsi” adlanan ideya da məhz həmin planların reallaşdırılması məqsədilə ortaya atılmışdı. Osmanlı dövlətinin daxili işlərinə müdaxilə etmək üçün Türkiyədə yaşayan xristian azlıqların “hüquqlarının qorunmaması” məsələsi bəhanə ola bilərdi. Osmanlı imperiyası ərazisində aysorlar, yunanlar, xristian ərəblər yaşasalar da, erməni azlığı daha çox diqqəti çəkirdi. Bu, onların xarakterindən – xəyanətkar olmalarından, satqınlığından, şəraitə uyğun olaraq din və məzhəblərini dəyişmək xislətindən irəli gəlirdi.
Anadoluya yeridilmiş xristian missionerləri ermənilərin bu xüsusiyyətlərindən istifadə edərək, onları Osmanlı hökumətinə qarşı silahlı mübarizəyə hazırlayırdılar. Fransızlar erməniləri katolik, ruslar pravoslav, ingilislər isə protestant kilsəsinin himayəsinə girməyə çağırırdılar. Kim daha çox pul verirdisə, ermənilər də həmin istiqamətə meyillənirdilər. Amerikalı missionerlər hələ XIX əsrin əvvəllərindən etibarən erməniləri protestant etmək üçün daha çox vəsait sərf edir, Anadolunun müxtəlif yerlərində məktəblər açırdılar. XIX əsrin sonlarından etibarən erməni gənclərinin Amerikada təhsil almaları və ticarətlə məşğul olmaları üçün xüsusi şərait yaradılmışdı. Bir qədər sonra ABŞ-da anti-türk kampaniyası ilə məşğul olan erməni koloniyası beləcə formalaşmışdı.
“Erməni məsələsi” isə “Şərq məsələsi”nin tərkib hissəsi kimi 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Berlin konqresində gündəliyə gətirilmişdi. Şərqi Anadoluda ermənilərə muxtariyyət verilməsi barədə Berlin müqaviləsinə 61-ci maddənin daxil edilməsindən sonra ermənilər istəklərinə silah gücünə nail olmaq yolunu tutdular. Erməni silahlı dəstələrinin təşkil edilməsi, onların üsyana hazırlanması üçün Rusiya və Avropa dövlətləri gərgin səy göstərirdilər. Avropanın dəstəyi ilə formalaşan “Armenakan”, “Hnçak” və “Daşnaksutyun” partiyaları Anadoluda gizli silahlı dəstələr və terrorçu qruplar təşkil edirdilər.
Ermənilərin 1896-cı il üsyanlarından sonra isə alman və ingilis missiyaları da bölgədə yerləşərək erməniləri Türkiyə əleyhinə təşviq edirdilər. O zaman Türkiyədəki konsulların köməkçilərinin, tərcüməçilərinin hamısı ermənilər idi. Onlar nə deyərdilərsə, nə söyləyərdilərsə konsullar da səfərlərə onu yazıb gödərirdilər[1].
1902-ci il martın 31-də Cenevrədə “Daşnaksutyun” partiyasının təşkilatçılığı ilə Avropada oxuyan erməni tələbələrin 5-ci erməni konqresi keçirilmişdi. Konfransın aldığı qərarın əsas maddələri bunlar idi: İtaliya və Almaniyanın müxtəlif mərkəzlərində ermənilərin xeyrinə konfranslar verilməsi; Avropanın məşhur yazarlarına “Ermənistan və erməni məsələsi” adlı böyük əsərlərin yazdırılması; Mətbuat və konfranslar vasitəsilə ermənilərin xeyrinə bildirişlər yaymaq üçün bütün ölkələrə bildirişlər dağıdılması[2].
Şərqi Anadoluya silahlar əsasən gizli yollarla Rusiyadan göndərilirdi. Alman, ingilis və fransız missiyaları bölgədə daha aktiv şəkildə erməniləri Türkiyə əleyhinə təşviq edirdilər.
XIX əsrin 90-cı illərində ermənilərin Anadoluda müstəqil dövlət yaratmaq niyyətləri ilə Türkiyəni parçalamaq istəyən böyük dövlətlərin məqsədləri üst-üstə düşürdü. Halbuki, Türkiyə vilayətlərinin heç birində ermənilər sayca çoxluq təşkil etmirdi. Bu dövlətlərin Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə göstəriş verilmişdi ki, türklərin “vəhşi”, “qaniçən”, “cəllad” obrazının yaradılması üçün bütün mümkün vasitələrdən istifadə etsinlər. Erməni üsyanlarını alovlandırmaq və türkləri əks tədbirlər görməyə vadar etmək məqsədilə kütləvi qırğınlar törədilməsi də həmin planın tərkib hissəsi idi. Birinci Dünya müharibəsinin başlanması və Türkiyənin bu müharibəyə təhrik edilməsi onu parçalamaq istəyən dövlətlərin əlinə gözəl fürsət vermişdi.
XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük dövlətlər arasında mübarizə kəskinləşmişdi. Bu regionda İngiltərənin, Fransanın, Rusiyanın, ABŞ-ın, Almaniyanın xüsusi maraqları var idi. Almaniya ilə müttəfiq kimi çıxış edən Türkiyənin vəziyyəti Birinci Dünya müharibəsinın əvvəllərindən etibarən ağırlaşmışdı. Rusiyanın boğazlara və İstanbula (Konstantinopola) yiyələnmək uğrunda mübarizəsi yenidən baş qaldırmışdı və “Şərq məsələsini” öz xeyrinə həll etmək istəyirdi[3]. 1913-cü ildə Rusiya da “məzlum ermənilərin” müdafiəsi uğrunda açıq çıxış edərək Türkiyənin şərq vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdü. Türkiyə hökuməti 1914-cü il yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa məcbur olmuşdu. Həmin sazişə görə, ermənilərə xarici dövlətlərin, birinci növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və s. sahələrdə geniş muxtariyyət verilirdi. Rus-türk müharibəsindən faydalanaraq ermənilər isə Şərqi Anadolunun 6 vilayətində “Erməni” dövləti yaratmaq istəyirdilər[4].
Birinci Dünya müharibəsi başlamazdan əvvəl də çar Rusiyası özünün Yaxın Şərq siyasətində azsaylı xalqlar faktorundan məharətlə istifadə etmişdi. Türkiyədə yaşayan ermənilər, aysorlar, yunanlar Rusiyanın simasında Osmanlı imperiyasını diz çökdürəcək bir qüvvəni görürdülər. Birinci Dünya müharibəsi ərəfəsində bu xalqların nümayəndələri rus hökumətindən onları silahlandırmağı xahiş edir və vəd edirdilər ki, ilk çağırışda türklərə qarşı könüllü dəstələr təşkil edəcəklər.
Türklərə qarşı vuruşmaq üçün ermənilər həm Amerikada, həm Avropada, həm də Rusiyada səfərbər edilirdilər. Erməni mənbələrinin etiraf etdiyinə görə, təkcə Qafqaz cəbhəsində 150 mindən artıq erməni rus ordusunun tərkibində vuruşurdu. Qafqaz canişininin xeyir-duası ilə yaradılan və tərkibində təqribən 10 min könüllü ermənini birləşdirən 4 silahlı birləşmə isə İrəvan və Cənubi Azərbaycan istiqamətindən Türkiyənin üzərinə hücuma keçmişdi[5]. Rus qoşunlarının irəliləməsindən istifadə edən ermənilər Şərqi Anadolunun hər yerində türklərə qarşı kütləvi qırğınlar törədirdilər. Xarici mətbuat isə əksini yazır, hər yerdə “məzlum xristian ermənilərin” kütləvi surətdə məhv edilməsi barədə uydurma məqalələr dərc edirdi.
Rusların hücumundan ruhlanan Türkiyə erməniləri indi “Qərbi Ermənistan” adlandırdıqları Şərqi Anadolunun 6 vilayətində (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) müstəqil dövlət qurmaq üçün hər yerdə türkləri qırıb məhv etməyə başlamışdılar. 1915-ci il mayın 14-də rus ordusu Van şəhərini ələ keçirdikdən sonra ermənilər 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar. Rusların himayəsi altında Van şəhərində erməni hökuməti qurulmuşdu. Qısa müddət ərzində Vanda təqribən 250 min erməni toplaşmışdı[6].
Ermənilərin türk ordusuna arxadan zərbə vurmasının, terror və təxribatlar törətməsinin qarşısını almaq məqsədilə mayın 27-də Osmanlı hökuməti məcburiyyət qarşısında qalıb, müharibə rayonundan erməniləri ölkənin içərilərinə köçürmək haqqında “Təhcir qanunu” qəbul etmişdi. Həmin qanun 1 iyun 1015-ci ildə rəsmi olaraq qüvvəyə minmişdi. Hər cür hazırlıqdan sonra, mühafizə dəstələrinin müşayiəti ilə köçürmə işlərinə başlanılmışdı. Mövcud olan imkanlar nəzərə alınmaqla və ədalətlə müəyyən edilən köçürmə şərtləri hərb bölgəsindən kənarda yaşayan ermənilərə şamil edilməmişdi.
Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edərək iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon ermənini qırmışlar. Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə qarşı xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər naziri əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə həbs edilmişdi. Maraqlı orasıdır ki, belə bir əmrin veriləcəyindən əvvəlcə xəbər tutan Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, ermənilərin “türk fanatizminin özbaşınalığından xilas etsin. Həmin teleqram aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ prezidentinə çatdırılmışdı[7].
Faktlar sübut edir ki, istər Şərqi Anadolunun ruslar tərəfindən işğalı dövründə, istərsə də 1917-ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsi zamanı onların silah-sursatını ələ keçirən ermənilər türklərə qarşı sözün həqiqi mənasında soyqırımı törətmışdilər.
Sovet Rusiyası hökuməti 1917-ci il dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdir. Əgər Türkiyədə ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş olsaydı, Rusiya hökumətinin belə bir dekret verməsi gülünc olardı. Bu dekret Türkiyə ərazisində dövlət yaratmaq üçün ermənilərin iştahasını daha da artırmışdı. Ermənilər 1918-1920-ci illərdə fasilələrlə Ərzurumdan tutmuş, İrəvan quberniyası da daxil olmaqla böyük bir ərazidə türklərə qarşı soyqırımı həyata keçirmişdilər. Məcburiyyət qarşısında qalan türk ordusu əks hücuma keçərək həmin əraziləri erməni quldur dəstələrindən təmizləmişdi.
Bəs uydurma erməni soyqırımının ideya müəllifləri kimlərdir?
“Erməni qırğınları”nın həyata vəsiqə almasında o dövrdə Türkiyədə fəaliyyət göstərən diplomatların və xristian missionerlərin müstəsna “xidmətləri” olmuşdur. Hərçənd ki, tarixdə ilk dəfə Hitler rejiminin yəhudilərə qarşı törətdiyi kütləvi qırğınlar soyqırımı adlandırılmışdır və “soyqırımı”, yaxud “genosid” beynəlxalq hüquq termini kimi 1944-cü ildən işlənir. Bu gün dünyaya təqdim olunan “ermənilərin soyqırımı” ideyasının xaç atası 1913-1916-cı illərdə ABŞ-ın Türkiyədə səfiri olmuş Henri Morqentau (1856-1946) sayılır. Osmanlı İmperiyasının parçalanmasında maraqlı olan ABŞ-ın prezidenti Vudro Vilson 1912-ci ildə Henri Morqentaunuun namizədliyini səfir vəzifəsinə təqdim edilərkən demişdi: “Tezliklə Türkiyə deyə bir dövlət olmayacaq ki, ora səfir göndərmək lazım olsun”.
Morqentau İstanbula gələn kimi erməni liderləri və komitəçiləri ilə əlaqə qurmuş, onları silahlı mübarizə aparmağa şirnikləndirmişdi. O, erməni komitəçilərindən Arşak Şmavonyanı özünün birinci köməkçisi və tərcüməçisi, Hakop Andonyanı isə katib təyin etmişdi. Morqentau ABŞ-ın Türkiyədəki konsulluqlarının, xristian missionerlərinin, erməni komitələrinin uydurduqları yalanları və dərc etdirdikləri böhtanların bir nüsxəsini Vaşinqtona göndərirdi. O, yalan məlumatları ilə ABŞ-ı müharibəyə cəlb etmək məqsədi güdürdü.
«New York Times» qəzetinin naşiri Adolf Oksla dostluğu sayəsində Morqentau 1915-ci ildə guya ermənilərin Osmanlı Türkiyəsində kütləvi qırğınlara məruz qoyulduqları barədə 145 məqalə dərc etdirmişdi. O, amerikalı dostlarının maddi yardımı sayəsində ermənilərə yardım məqsədilə ictimai fond yaratmışdı. Sonralar Yaxın Şərqə Yardım Komitəsi adlanan həmin fonda 100 milyon dollar (indiki hesabla 1 milyard dollar) vəsait toplanmışdı. Morqentaunun bu hərəkətləri Osmanlı hökumətinin kəskin narazılığına səbəb olmuşdu və o, 1916-cı ildə səfir postunu tərk etmək məcburiyyətində qalmışdı.
ABŞ-a qayıtdıqdan sonra o, həmin uydurma sənədlər əsasında “Səfirin xatirələri” kitabını dərc etdirmişdi. Həmin kitabda o, 600 mindən 1 milyonadək erməninin məhv edildiyini iddia etmişdir. O dövrdə Osmanlı Teleqraf Agentliyinin müdirinin erməni olması nəzərə alınsa, ermənilərin və onların havadarlarının yalan məlumatlarla dünya ictimaiyyətini necə asanlıqla aldada bildiklərini təsəvvür etmək olar.
Diqqəti çəkən daha bir məqam odur ki, vaxtilə “erməni qırğınları” ideyasına “xaç atalığı” edən xristian müəlliflərinin törəmələri bu gün də erməni lobbisinin diqqət mərkəzindədirlər. Məsələn, Morqentaunun nəvəsi üçüncü Henri Morqentau Kembric Universitetində çıxış edərək Türkiyəni Almaniyadan nümunə götürməyə (Almaniyanın yəhudi xolokostunu tanımasını nəzərdə tuturdu) çağırmışdır.
Henri Morqentaunun törəmələri 2009-cu ilin payızında səfirin şəxsi kitabxanasını Vaşinqtondakı erməni soyqırımı muzeyinə təhvil vermişlər.
“Erməni qırğınları”nın həyata vəsiqə almasında Birinci Dünya müharibəsi dövründə Rusiya ilə müttəfiq olan İngiltərənin müstəsna rolu olmuşdur. İngiltərənin Xarici İşlər Nazirliyi tərəfindən 1914-cü ilin avqustunda qurulan və onun bir bölməsi olan Wellington House – yəni Müharibə Təbliğatı Bürosu Türkiyə əleyhinə çirkin qaralama kampaniyası aparmaq üçün öz ətrafında məşhur yazarları, jurnalistləri, tarixçiləri və siyasətçiləri birləşdiridi. Bu işə həmçinin İngiltərə tərəfindən idarə olunan ABŞ-ın siyasi dairələri və mətbuatı da cəlb edilmişdi.
İngilis hüquqşünası və diplomatı Lord Ceyms Brays (1838-1922) və məşhur ingilis tarixçisi və beynəlxalq münasibətlər üzrə mütəxəssis Arnold Toynbi (1889-1975) də uydurma erməni soyqırımının ideya müəllifləri hesab olunurlar. C. Brays İngiltərə Lordlar Palatasının üzvü və 1907-1913-cü illərdə İngiltərənin ABŞ-da səfiri olmuşdur. O, həmçinin Sankt-Peterburq Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. C. Brays 1876-cı ildə Qafqaza səyahət etmiş, ermənilərin müşayiəti ilə alpinist kimi Ağrı dağının zirvəsinə qalxmışdır. Qafqaza səfərindən qayıtdıqdan sonra o, 1877-ci ildə Londonda “Transqafqaz və Ararat” kitabını dərc etdirmişdir. Daim ermənilərin təsiri alnında olan C.Brays 1880-ci ildə Eçmiədzində katolikos IV Gevorkla və İstanbulda patriarx Nerses Varjapetyanla görüşmüşdür. 1893-cü ildə o, İngilis-Erməni Komitəsini təsis etmiş və onun sədri olmuşdur. 28 iyul 1915-ci ildə C.Brays ilk dəfə Lordlar Palatasında “Ermənistandakı xristianların xilası naminə İngiltərə hökumətinin atacağı addımlar barədə məsələ qaldırmışdır[8]. 1916-cı ilin fevralında A.Toynbi lord C.Braysın razılığı ilə onun adından dünyanın müxtəlif ölkələrinə və erməni komitələrinə müraciət edir ki, ona anti-türk məzmunlu məlumatlar təqdim etsinlər. Mənbələri və müəllifləri göstərilmədən A.Toynbinin ünvanına həddindən artıq məlumatlar göndərilir. 1916-cı ilin may ayında A. Toynbi məktubla C.Braysa müraciət edərək “erməni sənədləri”nin çapına nəşriyyatdan onun adından icazə aldığını bildirir. Beləliklə, ermənilərin və ermənipərəst mənbələrin yoxlanılmamış məlumatları əsasında İngiltərə hökumətinin adından ilk “Mavi kitab” (“Blue Book”) – “Ermənilərə qarşı vəhşiliklər, xalqın məhv edilməsi” adı ilə 684 səhifəlik kitab nəşr edilir. Kitabda yer alan raportların mənbəyi barəsində yazılmışdı: “Heç bir halda bu raportların mənbəyi açıqlanmaz”.
Wellington Housenin müharibə təbliğatı fəaliyyətləri çərçivəsində “Mavi kitab”ı yayınlamaqdan əsas məqsədi ABŞ-ı müharibəyə cəlb etməkdən ibarət idi. Nəticəsi o oldu ki, prezident Vudro Vilson müttəfiqlərin yanında ABŞ-ın müharibəyə girməsi qərarını verdi[9]. “Mavi kitab”dakı bir çox saxta məlumatların mənbəyi isə 26 ay İstanbulda səfir olmuş H. Morqentau idi. Hansı ki, uzun illər sonra “Assoşieyted Press” agentliyi Morqentaunun kitabındakı bütün iddiaları “həqiqətdən uzaq” adlandırmışdı.
1921-ci ildən etibarən türklərə qarşı simpatiya göstərən A.Toynbi üzr diləmək yollarını axtarmışdır. A.Toynbi 1928-ci ildən etibarən tamamilə ermənilərlə əlaqəsini kəsmişdir. O, 1967-ci ildə Londonda çap etdirdiyi “Acquaintances” (“Tanışlıq”) adlı əsərində “Mavi kitab”ın yazılmasında C.Barysa yardım etməsindən dolayı peşmanlıq hissi keçirdiyini büruzə vermişdir[10].
Lakin bu gün də həmin “Mavi kitab” Avropa və Amerikadakı bəzi universitet və məktəblərdə türklərə qarşı nifrət oyatmaq məqsədilə tədris vəsaiti kimi istifadə edilir.
Maraqlıdır ki, A.Toynbinin sağlığında təkrar çap olunmayan həmin “Mavi kitab”ı ABŞ-dakı erməni nəşriyyatları onun ölümündən sonra bir sıra saxta sənədlərlə “zənginləşdirərək” dəfələrlə çap etmişlər.
2005-ci ildə Türkiyə hökuməti “Mavi kitab”ın anti-türk təbliğatı məqsədilə əsassız iddialarla yazıldığı barədə A. Toynbinin etirafına əsaslanaraq İngiltərə hökumətindən “Mavi kitab”a görə üzr istəməsini tələb etmişdir.
Wellington House tərəfindən Faiz Əl-Hüseyin (1883-1968) imzası ilə 1916-cı ildə “Şəhid Ermənistan” adlı daha bir uydurma kitab çap edilmişdir. Kitabın müəllifi bədəvi ərəb tayfalarından olduğu, onun Osmanlının Mamurət-ül-əziz vilayətində qaymaqam, daha sonra Dəməşqdə vəkil işlədiyi, ermənilərin “faciələrinin” canlı şahidi kimi təqdim edilir. Lakin araşdırmalar göstərmişdir ki, Osmanlı hökumətində heç vaxt Faiz Əl-Hüseyin adlı məmur olmamışdır. Faiz Əl-Hüseyin adı altında gizlənən şəxsin ingilis missioneri olduğu və Lourens Araviysk kimi tanınan məşhur casusla ilə birlikdə ərəblərin Osmanlı hökumətinə qarşı üsyanlara qaldırılmasında xüsusi rol oynamışdır. Faiz Əl-Hüseyinin həmin kitabı 2007-ci ildə Moskvada “ФAM” nəşriyyatında rus dilində Covanni Quaytanın təqdimatında “Шейх Файез эль-Гусейн о геноциде армян: “Ислам непричастен к их деяниям” adı altında genişləndirilərək çap edilmişdir[11].
“Erməni soyqırımı”nın digər xaç atası İohannes Lepsius (1858-1926) sayılır. Alman protestantı, şərqşünas İ.Lepsius missioner kimi İstanbula gəlmiş, erməni patriarxı ilə görüşmüşdür. 1896-cı ildə “Ermənistan və Avropa” kitabını dərc etdirmişdir. O, 1914-cü ildə Berlində “Alman-Erməni Cəmiyyəti”ni yaratmışdır. Cəmiyyətin məqsədi Şərqi Anadoluda Almaniyanın təsirini artırmaqdan ibarət olmuşdur. İ.Lepsius 1916-cı ildə “Türkiyədəki erməni xalqı haqqında hesabat” kitabını əlyazma şəklində çap etdirir və missionerlərə göndərir. Onun 1919-cu ildə “Almaniya və Ermənistan” kitabı dərc edilir. İ.Lepsius 1921-ci ildə Berlində Tələt paşanın qətli ilə bağlı keçirilən məhkəmə prosesində qatil Soğomon Teyleryanın müdafiəçisi kimi “şahid qismində” çıxış etmişdir. İ.Lepsiusun 46 cildlik şəxsi arxivi 1998-ci ildə İrəvana gətirilib və hazırda “Soyqırım Muzey-İnstitut”da nümayiş etdirilir. Həmin muzeydə İ. Lepsiusun xatirəsinə xüsusi guşə düzəldilmişdir.
Armin Teofil Veqner (1886-1978) də uydurma “erməni soyqırımı”nın həyata vəsiqə almasında xüsusi rol oynamışdır. Publisist, şair və fotoqraf kimi tanınan alman əsilli A. Veqner 1915-1916-cı illərdə Mesapotamiyada sanitar zabiti kimi xidmət etmişdir. O, Türkiyədə ermənilərin qırğınlara məruz qoyulduqlarının şahidi olduğunu iddia etmişdir. A. Veqner ermənilərin türklərə qarşı törətdikləri qırğınlara aid fotoları da “erməni soyqırımı” kimi qələmə vermişdir. Onun “Qayıtmayan yollar”, “Armeniada”, “Erməni anaları” adlı oçerkləri çap olunmuşdur. A.Veqner Tələt paşanın qatili Soğomon Teyleryanın Berlində keçirilən məhkəməsində müdafiəçi kimi də çıxış etmiş və məhkəmənin kitab halında dərc edilən stenoqramına ön söz yazmışdır. O, 1927 və 1967-ci illərdə Ermənistanda olmuşdur. Onun adına İrəvanda küçə vardır.
“Erməni soyqırımı”na yaşıl işıq yandıran müəlliflərdən biri də avstriyalı Frans Verfeldir (1890-1945). O, katolik ermənilərin təsiri altında olmuşdur. 1929-cu ildə o, ermənilərin tövsiyəsi ilə Dəməşqə getmiş və erməni qaçqınlarının həyatı ilə tanış olmuşdur. F. Verfel daha sonra üç Vyanada tarixi saxtalaşdırmaqla məşğul olan mxitaristlərin yanında “ermənilərin üç minillik tarixini” öyrənmişdir. Onun 1915-ci il hadisələri barədə ermənilərin uydurduqları məlumatlar əsasında yazdığı “Musa dağda 40 gün” romanı 1934-cü ildə işıq üzü görmüşdür. F. Verfel bu romanı yazarkən İohann Lepsiusun əsərlərinə istinad etmiş və onu erməni xalqının “xilaskar mələyi” adlandırmışdır.
Qəribəsi odur ki, “Musa dağda 40 gün” kitabı 1999-cu ildə Hakan Sarakul adlı erməni 4 min nüsxə ilə İstanbulda türk dilində dərc etdirmişdir. 2000-ci ildə isə tərcüməçinin iştirakı ilə İrəvanda həmin kitabın təqdimat mərasimi keçirilmişdir.
Ermənilərin uydurma soyqırımının həyata vəsiqə almasında xüsusi payı olan missionerlərdən biri də Anna Hedviq Büldür (1887-1981). O, Estoniyanın Xaapsal şəhərində sahibkar ailəsində anadan olmuşdur. 15 yaşından etibarən təhsilini Sankt-Peterburqakı alman protestant məktəbində davam etdirmişdir. 1903-cü ildə bakalavr dərəcəsi aldıqdan sonra bir müddət missioner evlərində fəaliyyət göstərmişdir. 1911-1916-cı illərdə o, Almaniyanın Maraşda təşkil etdiyi sığınacaq evlərində müəllim işləmişdir.
Anna Bül 1922-ci ildə Strasburq şəhərində təsis edilən “Şərqdə Xristian Missionerləri” təşkilatına üzv olmuş və yenidən Hələbə qayıtmışdır. O, Hələbdəki erməni qaçqınları üçün toxuculuq sexləri, bağçalar, məktəblər, xəstəxana açılmasına nail olmuşdur. Anna Bül 1951-ci ildə Hələbdən Almaniyaya köçmüşdür. O, 1965-ci ildə Suriyada və Livanda uydurma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə iştirak etmişdir. yaşamış. Həmişə ermənilərlə ünsiyyətdə olan Anna Bül Alamaniyadaa kimsəsizlər evində dünyasını dəyişmişdir.
2014-cü ildə ermənilər Anna Bülün yaşadığı Xaapsal şəhərində onun xatirəsinə xaçkar (xaçdaş) qoymuşlar[12]. 2016-cı ildə İrəvanda Anna Bülə həsr edilmiş “Sonuncu ibadət” adlı sənədli filmin internet-premyerası olmuş və “Missionerlər. Anna Hedviq Bül” dalanan poçt markası buraxılmışdır.
Yazımızın bu hissəsində “erməni soyqırımı”na həyat vəsiqəsi verən müəlliflərin yalnız bir neçəsi haqqında söhbət açdıq. Bu gün həmin müəlliflərin saxta əsərləri erməni tədqiqatçılarının və Türkiyə əleyhinə yazan müəlliflərin istinad mənbəyidir. Həmin əsərlər erməni lobbisinin köməyi ilə tərcümə edilərək təkrar-təkrar dünyaya yayılır. Bütün bunlarla yanaşı, “erməni soyqırımı”na “xaç atalığı” edən müəlliflərin də əsl niyyətləri, onların ermənilərdən alət kimi istifadə etmələri barədə də xarici müəlliflərin sanballı tədqiqat əsərləri yazılır. Hətta ABŞ-da yaşayan bəzi erməni alimləri də etiraf edirlər ki, 1915-ci ildə Türkiyədə baş verən hadisələr zamanı ermənilər Osmanı Türkiyəsini parçalamaq istəyən böyük dövlətlərin əllərində alət və onların məkrli siyasətlərinin qurbanı olublar.
“Aksiomlar” uydurma soyqırımına yeni nəfəs verir
Osmanlı imperiyasında ermənilərə qarşı “kütləvi qırğınlar” və yaxud “soyqırımı” törədilməsi ilə bağlı iddialar bir daha yalnız XX əsrin 60-cı illərindən etibarən yenidən gündəmə gəlmişdir. 1918-ci ildə tarixdə ilk müstəqil erməni dövləti – Ermənistan Respublikası yarandıqdan sonra Batumda Ermənistanla Türkiyə arasında dostluq müqaviləsi imzalanmışdı. 1920-ci il dekabrın 2-də daşnak hökuməti ilə Türkiyə arasında Aleksandropol (Gümrü) müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə Ermənistan Respublikası xarici və daxili təhlükə ilə üzləşərsə Türkiyə Ermənistana hərbi yardım göstərmək öhdəliyi götürürdü. Daşnak hökumətinin liderləri Şərqi Anadoluda baş verən hadisələrə görə Çar Rusiyasını təqsirkar hesab edir, rusların erməniləri aldatdığını və satdığını, vaxtilə Rusiyanın daxili işlər naziri olmuş Lobanov-Rostovskinin “Bizə ermənisiz Ermənistan lazımdır” şüarının həyata keçirmək istənildiyini bildirirdilər[13].
Türkiyə ilə Ermənistan, Azərbaycan və Gürcüstan arasında imzalanan 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsini Sovet Ermənistanında toy-bayram kimi qarşılamışdılar. Bu münasibətlə İrəvanın mərkəzində izdihamlı bayram mərasimi keçirilmişdi. Həmin ilin noyabrında Qars müqaviləsi Ermənistan parlamentində ratifikasiya edilmişdir. 1920-1930-cu illər ərzində 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrə görə “imperialist dövlətlər”, xüsusilə də Almaniyanin ünvanına ittihamlar səsləndirilirdi. Həmin dövr Sovet tarixşünaslığında Türkiyədə ermənilərə qarşı “kütləvi qırğınlar” və yaxud “soyqırımı” törətmək iddiasına rast gəlmək mümkün deyildi. İkinci Dünya müharibəsinin ilk illərində Türkiyənin Almaniyanın müttəfiqi kimi çıxış etməsi Sovet hökumətini qəzəbləndirmiş, nəticədə müharibənin sonunda – 1945-ci ildə SSRİ-nin Türkiyənin Qars vilayətinə qarşı ərazi iddiası ilə nəticələnmişdi. Türkiyənin 1952-ci ildə NATO-ya üzv olması Rusiyanı çox narahat etməyə başlamışdı. 12 sentyabr 1959-cu ildə Türkiyə Avropa İqtisadi Birliyinə (indiki Avropa İttifaqı) üzv olmaq üçün müraciət etmişdi. 12 sentyabr 1963-cü ildə tarixində Türkiyə ilə Avropa İqtisadi Birliyi arasında ortaqlıq sazişi imzalanmış və bu saziş 1 dekabr 1964-cü ildə qüvvəyə minmişdi. Türkiyənin Qərb düşərgəsinin yanında yer almasından sonrav sərhəd qonşusu Sovet hökumətinin yadına yenə “erməni məsələsi” düşmüşdü. Türkiyəyə təzyiq vasitəsi kimi, ilk dəfə uydurma soyqırımının tanıdılması üçün müvafiq təşkilatlara göstərişlər verilmiş, o cümlədən də Ermənistan SSR-in rəhbərliyi qarşısında bu məsələ ilə bağlı yaşıl işıq yandırılmışdı.
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi ilə işbirliyində olan Eçmiədzin Katolikosluğunun başçısı I Vazgen 16 avqust 1964-cü ildə bəyanat yayaraq 1965-ci ilin bütün erməni xalqı üçün matəm ili elan olunmasını təklif etmişdi.
SSRİ rəhbərliyi ilə ilk dəfə 1965-ci ildə “Pravda” qəzetində və digər mərkəzi qəzetlərdə “erməni genosidi” haqqında məqalələr dərc edilməsinə icazə vermişdi.
1965-ci il aprelin 20-də İrəvan Dövlət Universitetində Elmlər Akademiyası ilə birlikdə uydurma soyqırımım 50 illiyi münasibətilə birgə elmi sessiya keçirilmiş, Akademiyanın prezidenti Viktor Hambarsumyan “Osmanlı imperiyasında erməni xalqının soyqırımı və beynəlxalq imperializm” adlı məruzə etmişdi[14]. Məruzənin adından göründüyü kimi, ermənilərin “soyqırımı”nın Osmanlı imperiyası dövründə baş verdiyi və təqsirkarın da beynəlxalq imperializm olduğu əsaslandırılırdı. Hələ o zaman erməni alimlərinin ağlına gəlmirdi ki, təzminat məsələsini qaldırmaq üçün Osmanlı dövləti ilə yanaşı müasir Türkiyə Cümhuriyyətinə qarşı da ittiham irəli sürmək lazım gələcək.
Həmin il aprelin 24-də İrəvan Dövlət Opera və Balet Teatrının binasında respublika fəallarının və erməni diasporunun nümayəndələrinin iştirakı ilə uydurma soyqırımım 50 illiyi qeyd edildi. SSRİ rəhbərliyinin və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün əvvəlcədən təmimatlandırılmış bir qrup erməni əllərində müxtəlif şüarlarla teatr binasına daxil oldular və iğtişaş törətdilər. Həmin gün İrəvanda sahəsi 200 hektardan artıq olan “Qaranquş qalası” adlanan təpədə (Cicernakaberd) uydurma soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməli qoyulmuşdur.
Məhz SSRİ-nin Uruqvaydakı səfirliyinin apardığı təbliğat sayəsində 20 aprel 1965-ci ildə ilk xarici dövlət olaraq bu ölkənin parlamenti 1915-ci ildə Osmanlı Türkiyəsində öldürülən ermənilərin xatirəsinə “Yaddaş günü” təsis etmişdir.
1967-ci ildə uydurma erməni soyqırımının ildönümü ərəfəsində “Qaranquş qalası”nda 44 metrlik stela və 12 kəsik konusvari plitələrdən ibarət soyqırımı kompleksi inşa edilmişdir. Sonradan isə kompleksə 100 metr uzunluğunda matəm (ağlama) divarı əlavə edilmişdir. Matəm divarında ermənilərin soyqırımına məruz qoyulduqları iddia edilən şəhər və kəndlərin adları həkk edilmişdir. 1995-ci ildə kompleksdə yeraltı ikimərtəbəli “Soyqırım Muzey-İnstitutu” inşa edilmiş, ərtafında xiyaban salınmışdır. 1996-cı ildən etibarən isə matəm divarının əks tərəfində uydurma soyqırımı müəlliflərinin qəbirlərindən gətirilmiş torpaq dolu urnalar tikilmişdir.
Bu gün “Qaranquş qalası”nda Uydurma soyqırımı müəlliflərindən Henri Morqentaunun, Ceyms Braysın, İohannes Lepsiusun, Armin Veqnerin, Frans Verfelin, Anna Hedviq Bülün qəbirlərindən gətirilmiş torpaq nümunələri dolu urnalar nümayiş etdirilir.
Sonrakı illərdə bir sıra dövlətlər, o cümlədən Avropa Parlamenti bu və ya digər şəkildə formulə edilməklə uydurma erməni soyqırımı tanınmışdır. Bu proses Türkiyəni təsir altına salmaq istəyən dövlətlərin maraqlarına uyğun olaraq vaxtaşırı olaraq gündəliyə gətirilir və sırf siyasi təzyiq vasitəsi rolunu oynayır.
Türkiyə tərəfi 30-40 ildir ki, öz arxivlərini tarixçilərin üzünə açmışdır. Bir sıra xarici tədqiqatçılar Türkiyə arxivlərində incələmə apardıqdan sonra belə qənaətə gəlmişlər ki, Osmanlı Türkiyəsində heç vaxt ermənilərə qarşı qırğınlar törədilməyib, əksinə Birinci Dünya müharibəsi ərzində ermənilər Türkiyə üzərinə hücum edən dövlətlərin tərəfinə keçərək türklərə qarşı vuruşmuş və Şərqi Anadoluda kütləvi qırğınlar törətmişlər. Erməni tərəfi isə arxiv sənədlərinin açılmasından ona görə imtina edirlər ki, onlar təkcə iddialarının yalan olduğunun sübut ediləcəyindən deyil, həm də onların özlərinin türklərə qarşı kütləvi qırğılar törətdiklərinə dair faktların üzə çıxacağından qorxurlar.
Erməni tərəfi bu gün iddia edir ki, onların əcdadlarına qarşı “soyqırımı” törədilməsini sübut etməyə ehtiyac yoxdur, çünki, bu, aksiomdur, aksiomlar isə sübut edilmir, qəbul edilir. Erməni tərəfinin “aksiomları” isə yuxarıda adlarını sadaladığımız müəlliflərin başdan ayağa qərəzli və uydurmalardan ibarət olan, Osmanlı Türkiyəsini parçalamaq məqsədilə sifarişlə yazdırılan kitablardır.
[1] Sidney Whitman. Turkish Memories. London: William Heinemann. 1914, p. 94.
[2] Uras Esat. Tarihte Ermeniler ve Ermeni Meselesi. İstanbul: Belge Yaınları, 1987, s. 544.
[3] Готлиб В.В. Тайная дипломатия во время первой мировой войны, Москва, 1960, c. 56.
[4] Qurko-Kryajin V. Erməni məsələsi. Bakı, 1990, s. 12.
[5] Арутюнян А., Кавказский фронт 1914-1917 гг., Ереван, 1971, с. 304-305.
[6] “Армянский геноцид” миф и реальность. Справочник фактов и документов. Баку, 1992, с. 229.
[7] Жорж де Малевил, Армянская трагедия 1915 года. Баку, 1990, с. 33-35.
[8] Başak Tolga. Ingiltere’nin Ermeni Politikası (1830-1923). İstanbul: IQ Kültür Sanat Yanıncılık, 2008, s. 202.
[9] Yenə orada, s. 233.
[10] Yenə orada, s. 227-228.
[11] http://noev-kovcheg.ru/mag/2007-12/968.html.
[12] https://triptoestonia.com/haapsalu/dostoprimechatelnosti/pamyatnik-anne-xedvig-byull.
[13] Качазнуни Ов. Дашнакцутюн больше нечего делать!. Баку, 1990, с.14.
[14] “Kommunist” qəzeti (rusca), İrəvan, 23.04.1965.
Dərc edilib: “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda 24 aprel 2017-ci ildə keçirilən beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2018, s. 17-27.