Əlimərdan bəy Topçubaşov

Topchibashev

İstiqlal mücadiləsinin görkəmli simalarından Əllmərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini və Nəsib bəy Yusifbəylini “Azərbaycan triumviratı”nın üzvləri adlandmrlar. Şərqdə ilk dünyəvi, demokratik dövlət quyuçuluğunun ağırlığı əsasən onların üzərinə düşmüşdü. Siyasi intriqalardan və çəkişmələrdən uzaq olan bu görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətləri digərlərinin xidmətlərinin süni surətdə şişirdilməsi hesabına çox zaman kölgədə qalmışdır. Bu yazıda Əlimərdan bəy Topçubaşovun ömür yoluna qısa nəzər salacağıq.

Bir qolu Gəncədə, bir qolu Tiflisdə, bir qolu da İrəvanda olan məşhur Topçubaşilər nəsli xalqımıza Mirzə Cəfər Topçubaşov (1784-1869), Əlimərdan bəy Topçubaşov (1865-1934), Mustafa bəy Topçubaşov (1895-1981) kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir. Əlımərdan Ələkbər oğlu Topçubaşov 1865-ci il mayın 4-də Tiflisdə anadan olmuşdur. Uşaq ikən atasını itirən Əlimərdan əwəlcə 1-ci Tiflis elitar gimnaziyasını bitirmiş, sonra eyni zamanda Peterburq Universitetinin tarix-filologiya və hüquq fakültələrinə daxil olmuş, üçüncü kursdan sonra yalnız hüquq fakültəsində təhsilini davam etdirmişdi. 1888-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Ə. Topçubaşov əvvəlcə Tiflis Kommersiya Məktəbində hüquq fənnini tədris edir, sonra hakim köməkçisi, dairə məhkəməsinin katibi işləyir. O, 1894-cü il-də Bakıya köçür və məhkəmə sistemində işləyir. Həsən bəy Zərdabi ilə yaxından ünsiyyət bağlayan Əlimərdan bəy onun qızı Pəri xanımla evlənir.

Ə. Topçubaşov 1897-1917-ciillərdə H. Z. Tağıyevin mətbəəsi ilə birgə satın aldığı “Kaspi” qəzetinin naşir-redaktoru olmuşdur. 1901-ci ildə Ə. Topçubaşov Bakı Dumasının üzvü seçilir. 1905-ci ilin aprelində Əlimərdan bəy Qafqazda islahatlar aparılmasını, seçkilər zamanı müsəlmanlar qarşısında qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb etmək məqsədilə Peterburqa yola düşür. O, orada Rusiyanın daxili işlər naziri Aleksandr Bulıginlə və Qafqaza yeni canişin təyin edilən Vorontsov-Daşkovla görüşür. Topçubaşov canişindən turk dilində “Həyat” qəzetinin büraxılmasına razılıq alır.

Ə.Topçubaşov Azərbaycan xalqının siyasi azadlığı uğrunda çalışdığı kimi, Rusiya müsəlmanlarının da öz azadlıqları uğrunda mübarizə aparmalarını istəyirdi. O, Peterburqda ikən müsəlman ziyalıları ilə görüşür və Rusiya müsəlmanlarının qurultayını keçirmək qərarına gəlirlər. Görüşün Nijni-Novqorodda təşkil ediləcək ticarət yarmarkası zamanı keçirilməsi qərara alınır. Şəhər rəhbərliyi bu görüşə icazə vermədiyindən, müsəlman ziyalılar “Qustav Struve” gəmisini kirayə edib, Oka çayı Uzərində Rusiya müsəlmanlarının 1-ci konqresini keçirirlər. 13 saat çəkən bu konqresdə Krım, Kazan, Ural, Türküstan və Sibirdən 150-yə yaxın nümayəndə iştirak edir. Konqresə sədrlik edən Əlimərdan bəy demişdir: “Biz türk balalarıyıq, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Məğribdən Məşriqə qədər qəhrəman bir millət olduğumuz halda, bu gün Qafqaz dağlarında, Krım bağlarında, Kazan çöllərində, ta bu babalarımızın mülkü olan öz vətənimizdə, öz torpağımızda öz ehtiyaclarımızı danışmağa ixtiyarımız qalmayıb. Şükürlər olsun Xudaya, bu qədər hiylələrinə, zülmlərinə baxmayıb, sular üzərində ürəklərimizi açıb, bir-birimizi rubəru görüb, qucaqlayıb, sevinməyə müvəffəq olduq”.

Rusiya müsəlmanlarının ikinci konqresi Ə. Topçubaşovun sədrliyi ilə 1906-cı il yanvarın 12-23-də Peterburqda keçirilir. Onun “İttifaqül-müslimin” (“Rusiya Müsəlmanları İttifaqı”) partiyası üçün hazırladığı proqram və nizamnamə bəyənilir. Bu partiya müsəlmanlara ruslarla bərabər hüquqlar verilməsini tələb edirdi. Rusiya müsəlmanlarının 3-cü konqresi 1906-cı il avqustun 16-21-də Ə. Topçubaşovun sədrliyi ilə Nijni-Novqorodda keçirilir. Ə. Topçubaşov Rusiya Müsəlmanları İttifaqı Partiyasının sədri kimi bütün Rusiyada böyük nüfuz qazanır.

Əlimərdan bəy 1906-cı ilin mayında I Rusiya Dövlət Dumasına deputat seçilir. O, həmçinin Dumada müsəlman fraksiyasına başçılıq edirdi. Azərbaycanın ilk “millət vəkili” kimi Ə. Topçubaşov Rusiya müsəlmanlarının hüquqlarını müdafiə edirdi. I Dövlət Duması buraxıldıqdan sonra Vıborq Bəyannaməsini imzaladığına görə Əlimərdan bəy üç ay həbs edilmiş və siyasi fəaliyyət hüququndan məhrum edilmişdi.

Ə. Topçubaşov 1905-1906-cı illər erməni-müsəlman qırğınlarının yatırılması üçün iş aparmışdı. O, Əhməd bəy Ağayevlə birgə 1906-cı ilin fevralında Tiflisdə keçirilən sülh konfransında iştirak etmişdi. Əlimərdan bəy “Kaspi” qəzetinin səhifələrində erməni terrorizminin, “Daşnaksutyun” və “Hnçak” partiyalarının iç üzünü açan yüzlərlə məqalə dərc etdirmişdir.

Ə. Topçubaşov siyasət aləminə qədəm qoyduğu gündən cəmiyyətin təkamül prosesi ilə, Avropa ənənələri əsasında dəyişdirilməsinin tərəfdarı kimi çıxış etmişdir. O, sağ və sol ifratçılığı, zorakılıq prinsiplərinə əsaslanan inqilabçılığı qəbul etmirdi və maarifçiliyi aşılaması bununla əlaqədar idi.

Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsində erməni-rus silahlı birləşmələrinin Şərqi Anadoluda türklərə qarşı həyata keçirdikləri soyqırıma son qoydurmaq, qaçqınlara, kimsəsiz qoca və körpələrə yardım göstərmək məqsədilə Ə. Topçubaşov Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri ilə birlikdə Tiflisə gedərək, Qafqaz cəbhəsinin komandanı general Mışlayevski ilə görüşmüş, bundan sonra cəmiyyət adından soydaşlarımıza yardım göstərilməsinə icazə verilmişdi.

1917-ci ilin mayında Moskvada keçirilən Umumrusiya müsəlmanlarının I qurultayına Ə. Topçubaşov sədrlik etmişdir. Həmin ilin avqustunda isə Dövlət Müşavirəsində Azərbaycan Milli Komitəsini təmsil etmişdi. O, həmin ilin noyabrında Gəncə dairəsindən Rusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdi. Ə. Topçubaşov həmçinin Cənubi Qafqaz Seyminin üzvü idi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulur. lyunun 17-də Gəncədə təşkil edilən ikinci hökumət kabinəsində Ə. Topçubaşov portfelsiz nazir təyin edilir. Oktyabrın 6-da ikinci kabinədə edilən dəyişiklik zamanı isə o, xarici işlər naziri vəzifəsini tutur. Bakını ələ keçirmək üçün Rusiya ilə Almaniya arasında gizli saziş imzalandıqdan sonra Azərbaycan hökuməti Ə. Topçubaşovu diplomatik danışıqlar aparmaq üçün İstanbula göndərir. Oğlu Rəşid də atasının şəxsi katibi kimi İstanbula gedən nümayəndə heyətinə daxil olur. İstanbula çatdıqdan sonra Ə. Topçubaşov sultan VI Mehmetlə, sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa ilə görüşür.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinin şərtlərinə əsasən türk qoşunları Cənubi Qafqazdan çəkilməli, müttəfiqlərin qoşunları Bakını tutmalı idi. Ə. Topçubaşov Azərbaycan nümayəndələrinin iştirakı olmadan Mudros sazişinə Bakının taleyi barədə bəndlərin daxil edilməsinə etiraz əlaməti olaraq, hökumət adından Türkiyə xarici Işlər Nazirliyinə və müttəfiq dövlətlərin hərbi nümayəndələrinə nota təqdim edir. Onun İstanbuldan göndərdiyi məktub əsasında 1918-ci il noyabrın 8-də Milli Şura adından və Azərbaycanın müstəqilliyinin tanınması üçün dünya dövlətlərinə müraciət qəbul edilir.

1918-ci il dekabrın 7-də Azərbaycan Müəssislər Məclisi çağrılır. Parlamentin sədri vəzifəsinə elə bir şəxs seçilməli idi ki, öz nüfuzuna, savadına, qabiliyyətinə görə onu hamıdan yaxşı idarə edə bilsin. Qızğın müzakirələrdən sonar bitərəf hüquqşünas Əlimərdan bəy Topçubaşov parlamentin sədri seçilir. Halbuki, həmin vaxt o, İstanbulda diplomatik danışıqlar aparırdı. Hökumətin qarşısında Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini müəyyən etmək vəzifəsi dururdu. Nümayəndə heyətinə rəhbərlik Ə. Topçubaşova etimad edilir. Beləliklə, onun Bakıya qayıtması mümkün olmur. 1919-cu il yanvarın 18-də Parisdə sülh konfransı öz işinə başlasa da, Azərbaycan nümayəndə heyətinə viza verilməmişdi. Ermənilər Ə. Topçubaşova qarşı Avropa mətbuatında güclü təbliğat aparırdılar. Uç ay İstanbulda müxtəlif bəhanələrlə ləngidilən Azərbaycan nümayəndə heyəti nəhayət, aprelin 22-də yola düşür və mayın əvvəlində Parisə çatır. ABŞ prezidenti V. Vilson mayın 28-də Azərbaycan nümayəndə heyətini qəbul edir. Ə. Topçubaşov sülh konfransı üçün hazırlanan Memorandumu V. Vilsona təqdim edir. 1919-cu ildə Parisdə Ə. Topçubaşovun “Qafqaz Azərbaycanı Respublikası”, “Qafqaz Azərbaycanı Resupublikası nUmayəndələrinin Paris sUlh konfransına Memorandu-mu” kitabçaları ingilis və fransız dillərində dərc edilərək yayılır. Ə. Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin 8 aylıq mübarizəsi, nəhayət ki, öz nəticəsini verir. 1920-ci il yanvarın 15-də Azərbaycanın müstəqilliyi Versal Ali Şurası tərəfındən tanınır. Fransanın Xarici İşlər Nazirliyinin baş katibi Jül Kambon Azərbaycanın mustəqilliyinin tanınması haqqında qərarı Ə. Topçubaşova təqdim edir. Bu, Azərbaycanın müstəqilliyə qovuşması üçün hamıdan çox əziyyət çəkən Əlimərdan bəyə həyatda ən böyük hədiyyə idi.

Azərbaycan müstəqilliyə qovuşsa da, Əlimərdan bəy müstəqil Azərbaycana qovuşa bilmədi. Bir çox beynəlxalq konfranslarda iştirak edərək, Azərbaycanın haqqını qətiyyətlə müdafiə etdi. O, 1920-ci ilin noyabrında Cenevrədə Millətlər Cəmiyyəti qarşısında çıxış edərək, Azərbaycanın Rusiyanın təcavüzünə məruz qaldığını bəyan etmişdi. Azərbaycanın işğal faktı ilə barışmayan Ə. Topçubaşov London və Genuya (1922), Lozanna (1923) konfranslarında bolşeviklərin onun vətənində törətdikləri faciələr barədə ətraflı məlumat vermişdi. O, Milli Azərbaycan mərkəzinin üzvü kimi, 1934-cü ildə M. Ə. Rəsulzadə ilə birgə Qafqaz Konfederasiyası paktını imzalamışdır.

Görkəmli siyasi xadim, müstəqil Azərbaycanın ilk parlamentinin ilk sədri (bəzi sənədlərdə ona prezident deyə müraciət edilirdi) Ə. Topçubaşov 5 noyabr 1934-cü ildə Parisin Sen-Deni rayonunda vəfat etmiş, noyabrın 8-də St. Kloud qəbiristanlığında dəfn edilmişdir.

Ə. Topçubaşov Azərbaycanda olduğu müddətdə bütün siyasi partiyaların fövqündə dayandığı kimi, qürbətdə yaşadığı illərdə də mühacirlər arasında gedən intriqalardan uzaq olmuşdur. Xalqımız onun xatirəsıni daim böyük ehtiramla yad edir.

Nazim MUSTAFA,

“Xalq qəzeti”, №117, 24 may 2002-ci il.  

   Məqaləni PDF formatına çevir