Fətəli xan Xoyski

Azərbaycanın istiqlal mücahidlərindən Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini və Fətəli xan Xoyskini əbəs yerə “Azərbaycan triumviratı” adlandırmırlar. “Triumvira” sözü lüğəti mənasına görə iki anlam daşıyır: qədim Romada dövlətin üç şəxs tərəfindən idarə edilməsi və birgə hərəkət etmək üçün üç şəxs arasında siyasi uzlaşmanın mövcud olması. Doğrudan da bu ifadəni hər iki anlamda, hər üç dahi şəxsiyyətə şamil etmək olar. Bu yazıda müstəqil Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskidən söhbət açacağıq.

Fətəli xan Xoyski (Xoylu) Azərbaycan tarixində dərin iz buraxmış dünbülilər nəslinin nümayəndəsidir. Xoy xanlığının əsasını bu tayfanın başçıları qoymuşdur. Şah İsmayıl Xətainin “qızılbaşlar” ordusunun bir qolunu cəsur dünbülilər tayfası_təşkil edirdi. Fətəli xanın ikinci babası CəfXoiskiy_0ərqulu xan Dünbuli (ona Batmanqılınc da deyərmişlər) Fətəli şah rejimi ilə çəkişdiyinə görə, qohum-əqrabası və qoşunu ilə birgə Şimali Azərbaycana üz tutmuşdur. Cəfərqulu xan 1807-ci ildə Şəki xanı təyin edilmiş və ona general-leytenant rütbəsi verilmişdi. Xan Xoyski soyadını vaxtilə Cəfərqulu xana Sisianov vermişdi. Sisianov Peterburqa göndərdiyi raportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı Xan Xoyski kimi təqdim etmişdi. 1810-1819-cu illərdə isə Şəki xanlığını Cəfərqulu xanın oğlu İsmayıl xan idarə etmişdi. İsmayıl xanın ölümündən sonra onun oğlu İsgəndər xan Gəncəyə köçmüşdü. General-leytenant İsgəndər xan Xoyskinin 4 oğlu, bir qızı olmuşdur. Övladlarından Hüseynqulu xan Gəncə general-qubernatorunun müavini, Rüstəm xan müstəqil Azərbaycan Cümhuriyyətinin himayəçilik (sosial-təminat) naziri, Fətəli xan isə müstəqil Azərbaycanın ilk baş naziri olmuşdu. Digər övladı Cahangir isə ali hüquq təhsili almışdı.

Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də anadan olmuşdur. O, Gəncə klassik gimnaziyasını bildirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı bitirmişdir. Bir hüquqşünas kimi Fətəli xan Xoyski əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində andlı-müvəkkil, sonra isə Yekaterinodar dairə məhkəməsinin prokuror müavini olmuşdur.

F. Xoyski 1905-ci ilin avqustunda Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının I konqresində iştirak etmiş və “İttifaqül Müslimin”in (Rusiya Müsəlmanları İttifaqı) fəal üzvlərindən olmuşdu. 0, həmin təşkilatın hüquq və iqtisadiyyat komissiyasında, fəaliyyət göstərmişdir.

Yelizavetpol (Gəncə) quberniyasında böyük nüfuza malik olan Fətəli xan Xoyski 1907-ci ildə II Rusiya Dövlət Dumasına üzv seçilir. O, Durnada müsəlman fraksiyasının büro üzvü kimi azsaylı xalqlara mədəni muxtariyyət verilməsi, müsəlmanların hüquq bərabərliyi haqlarının tanınması, onların dilinə və dininə hörmət edilməsi kimi məsələlər qaldırırdı. O, Dumadakı çıxışlarında bildirirdi ki, yerli xalqların hüquqları qorunmalıdır və torpaqların imkanlı adamların əllərinə keçməsinə imkan vermək olmaz. F. Xoyski 1907-ci il mayın 18-də milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv edilməsi haqqında Dövlət Dumasına təqdim edilən layihəyə imza atmışdı. (

1917-ci ilin fevralında burjua inqilabının baş verməsindən sonra Rusiyanın ucqarlarında, o cümlədən də Cənubi Qafqazda milli oyanış dövrü başlamışdı. O, həmin il martın 17-də Bakıda yaradılmış Milli Müsəlman Şurası Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdi. F. Xoyski həmçinin 1917-ci ilin aprelində çağırılan Qafqaz müsəlmanları qurultayının fəal təşkilatçılarından olmuşdur. F. Xoyski heç bir partiyaya mənsub deyildi. Lakin o, 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci qurultayında çıxış edərək o dövr üçün aktuallaşan “Azərbaycan muxtariyyəti” ideyasını dəstəkləmişdi.

O, 1917-ci ilin noyabrında keçirilən seçkilərdə Müəssislər Məclisinə seçilir. Noyabrın 15-də təsis edilən Cənubi Qafqaz Komissarlığında xalq maarifi naziri seçilir. Azərbaycanın müstəqilliyə qovuşacağını əvvəlcədən hiss edən F. Xoyski Cənubi Qafqaz Komissarlığının qarşısında Azərbaycan ordusu yaradılması məsələsini qaldırır. Komissarlığın sədri Y. Gegeçkori bununla bağlı F. Xoyskiyə qətnamə layihəsi hazırlamağı tövsiyə edir. Cənubi Qafqaz müsəlman korpusu yaradılması haqqında 11 dekabr 1917-ci ildə komissarlıq qərar qəbul edir. Dekabrın 19-da isə Cənubi Qafqaz qoşunlarının baş komandanı 5-ci və 7-ci nişançı bölmələrindən ibarət 6-cı ordu korpusunun müsəlman korpusuna çevrilməsi barədə əmrnamə imzalayır. Korpusun təşkilinə nəzarət general Əlağa Şıxlinskiyə həvalə edilir. Təsadüfi deyil ki, Azərbaycan ordusunun yaranmasının ilk təşəbbüskarı məhz F. Xoyski hesab edilir.

Xalqın maariflənməsini özünün əsas vəzifəsi sayan F. Xoyski Cənubi Qafqaz Komissarlığında maarif naziri olarkən Azərbaycanda ibtidai və ali məktəblərin açılmasına təşəbbüs göstərmişdir. O, Komissarlıq qarşısında Bakıda unitversitet açılması məsələsini qaldırmışdı. Lakin o, bu arzusuna müstəqil Azərbaycanın baş naziri olarkən nail oldu. Bakı Dövlət Universitetinin yaranmasının təşəbbüskarı da, təşkilatçısı da Fətəli xan olmuşdur.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlalı Tiflisdə elan edildi. Milli Şura ilk müstəqil hökumət təşkil etmək vəzifəsini Vətəninə və xalqına xidməti özünün müqəddəs amalı sayan Fətəli xan Xoyskiyə həvalə etdi. O, birinci hökumət kabinəsində həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini daşıyırdı.

Azərbaycan hökuməti iyunun 16-da Tiflisdən Gəncəyə köçdükdən sonra hökumət baş nazirin ata mülkündə yerləşmişdi. Gəncədə Milli Şura ilə Qafqaz türk ordusunun komandanı kimi bu şəhərə gələn Nuru paşa arasında ixtilaf yaranmışdı. Kompromis variant kimi Milli Şura buraxılmış, onun səlahiyyətləri parlament çağırılanadək Fətəli xan Xoyski hökumətinə həvalə edilmişdi. Həmin iclasda F. Xoyski demişdi: “Cənablar! Bu tarixi dəqiqədə mənim üzərimə qoyulan məsuliyyətin bütün ağırlığını dərk edərək mən Şura sədrinin təklifini qəbul edəndə ürəyim əsdi. Təşkil etdiyim hökumətin ətraflı deklarasiyasını indi sizə verə bilməyəcəyim üçün üzr istəyirəm. Ancaq qısaca olaraq bunu deyə bilərəm ki, bizim proqramımız Azərbaycanın şərəfini, azadlığını və istiqlaliyyətini qorumaqdır. Mənim yoldaşlarım bu platformada möhkəm və fəal işləməyi vəd edirlər. Etimadınıza görə sizə təşəkkür edir və sizin mənəvi dəstəyinizi gözləyirəm”

İyunun 17-də təşkil edilən ikinci kabinə həm qanunverici, həm də icraedici səlahiyyətlərə malik idi. /Məhz həmin dövrdə dövlət quruculuğunun əsas atributları (milli bayraq, dövlət dili) qəbul edilmişdi. Hökumətin Gəncədə yerləşdiyi dövrdə hərbi nazirlik təsis edilmiş, Milli Orduya çağırış elan olunmuş, gömrükxana xidməti təsis edilmiş, bütün ibtidai təhsil ocaqlarında tədrisin hökmən türk (Azərbaycan) dilində aparılması qərara alınmışdı.

Azərbaycan-türk qoşunları 1918-ci il sentyabrın 15-də Bakını erməni-rus işğalından azad etdikdən sonra hökumət paytaxta köçdü. Şəhərin azad edilməsi münasibətilə keçirilən təntənəli yığıncaqda Fətəli xan Xoyski demişdi: “Bizim də həyatda yaşamaq, bizim də azad yaşamaq hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bır ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”.

Lakin Fətəli xan hökuməti bir tərəfdən dövlət quruculuğunu möhkəmləndirir, digər tərəfdən Ermənistanın hərbi təcavüzünə və onun havadarlarına qarşı mübarizə aparırdı. Azərbaycanın müstəqilliyinin tanınması üçün dünya dövlətlərinə müraciət edilirdi.

Müstəqilliyə qovuşmuş Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri onun ilk parlamentinin çağırılması idi. Xan Xoyski 1918-ci il dekabrın 7-də çağırılan parlamentin ilk iclasında demişdi: “Möhtərəm Azərbaycan parlaman əzası! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görməzdik. Bu gün o gündür ki, milli müqəddəratımızı öz əlimizə almışıq. Hökumət məni vəkil etmişdir ki, bu bayram münasibətilə sizi təbrik edim”.

1918-ci il dekabrın 22-də üçüncü hökumət kabinəsi təşkil edilir. F. Xoyski bu kabinədə baş nazir və xarici işlər naziri vəzifəsini tutur. O, parlament qarşısında dövlətin müdafiə gücünün artırılması ilə bağlı tez-tez tələblər qoyurdu. Məhz onun tələbi ilə 1919-cu il üçün hərbi nazirliyə ümumi büdcənin altıda biri qədər (400 milyon manat) vəsait ayrılmışdı.

Lakin parlamentdə fraksiyalar arasında gedən çəkişmələr hökumətin işini iflic edirdi. 1919-cu ilin martında Fətəli xan Xoyski hökuməti istefa verir. Nəsib bəy Yusifbəyli aprelin 14-də dördüncü kabinəni təşkil edir. Bundan sonra parlament üzvü kimi F. Xoyski Cənubi Qafqaz respublikaları arasında münaqişələrin nizamlanması ilə məşğul olur. O, Tiflisdə və Bakıda keçirilən konfransların təşkilatçılarından biri olur. 1919-cu il dekabrın 22-də parlamentin iclasında beşinci və sonuncu hökumətin tərkibi təsdiq edilir. Nəsib bəy Yusifbəylinin sədri olduğu hökumətdə Fətəli xan Xoyski xarici işlər naziri vəzifəsini tutur. Bu dövr Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən gərgin anları idi. Rusiyanın xarici işlər naziri Çiçerin ardı-arası kəsilmədən təhdid dolu məktublar göndərirdi. Xan Xoyskinin cavab məktubları heç bir nəticə vermədi. Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanın istiqlalına son qoydular Cümhuriyyət qurucularının əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldılar. Xan Xoyski Tiflisdə qərar tutmuşdu. Lakin erməni terrorçuları onu izləyirdilər. Həmin il iyunun 19-da Xan Xoyski məsləkdaşı Xəlil bəy Xasməmmədovla Tiflisdə indiki Opera Teatrı binasının yanından keçərkən erməni terrorçuları Aram Yerkayan və Misaq Qriqoryan tərəfindən atəşə tutulurlar. Fətəli xan həlak olur, X. Xasməmmədov isə yaralanır. Xan Xoyski Tiflisdə M. F. Axundovun məzarının yanında dəfn edilir. DUz bir ay sonra parlament sədrinin müavini Həsən bəy Ağayev də Tiflisdə erməni terrorunun qurbanı olur. Onu dostu Fətəli xanın yanında dəfn edirlər. Uzun illər onların qəbirləri baxımsızlıq vəziyyətdə qalmışdı.

Yalnız Prezident Heydər Əliyevin Gürcüstana etdiyi səfərdən sonra onların qəbirlərinin üstü götürülüb. Fətəli xanın Murad, Ənvər və Tamara adında üç övladı olub. Onun oğlu Muradın qızı Tamara kim-a elmləri namizədidir və hazırda Bakıdakı 15 nömrəli məktəbdə müəllim işləyir.

Fətəli xan Xoyski həyatının son anına qədər xalqına sədaqətlə xidmət etmiş dövlətçiliyimiz tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi xadimdir. Onun həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir.

Nazim MUSTAFA,

“Xalq qəzeti”, 25 may 2002-ci il

   Məqaləni PDF formatına çevir